Məhkəmə qərarları › İş №2-1(105)-513/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-513/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-513/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayının 20-də 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3836/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayının 20-də 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X5 və X6 arasında olan qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2004-cü il tarixdə dünyaya gəlmişdir. Hazıra kimi şəxsiyyət vəsiqəsi və başqa sənədləri alınmamışdır. O, şəxsiyət vəsiqəsini almaq məqsədi ilə qeydiyyat şöbəsinə müraciət etdikdə məlum olmuşdur ki, doğum haqqında şəhadətnaməsi olsa da, doğum haqqında akt qeydi mövcud deyildir. Bu səbəbdən ona şəxsiyyət vəsiqəsi də verilmir. O, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3836/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsində inzibati məhkəmə icraatında baxılan iddiaların növləri qeyd edilmişdir. Lakin «doğum akt qeydinin bərpa edilməsi» tələbi həmin iddia növlərinə daxil edilməmişdir. Bu tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmə tərəfindən xüsusi icraatı qaydasında “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi kimi baxıla bilər. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh tərəfindən ona “Doğum haqqında şəhadətnamə" verilsə də, Qeydiyyat şöbəsində akt qeydi aşkar olunmadığından şəxsiyyət vəsiqəsi ala bilmir, müvafiq olaraq bir vətəndaş kimi nə hüquqlarından istifadə edə bilir, nə də vəzifələrini icra edə bilir. Sumqayıt şəhər Qeydiyyat şöbəsi akt qeydini bərpa etməkdən imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsi İnzibati Prosessual Məcəlləsinin normasını düzgün təfsir etməmiş, bununla da məhkəmə müdafiəsi hüququndan istifadəyə maneə törətmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hüquqi marağı doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayının 20-də 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsində inzibati məhkəmə icraatında baxılan iddiaların növləri qeyd edilmişdir. Lakin “doğum akt qeydinin bərpa edilməsi” tələbi həmin iddia növlərinə daxil edilməmişdir. Bu tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmə tərəfindən xüsusi icraatı qaydasında “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” kimi baxıla bilər. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.1-ci bəndində qeyd olunur ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki iş üzrə materiallardan görünür ki, iddiaçının doğum haqqında şəhadətnaməsi mövcuddur, lakin doğum haqqında akt qeydi mövcud olmadığından şəxsiyyət vəsiqəsi əldə edə bilmir. Məhkəmə kollegiyası tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən işin hallarının hərtərəfli araşdırılması məqsədilə zəruri sorğular edilərək aşağıdakı məlumatlar əldə olunmuşdur. Cavabdeh 10 may 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı doğumu haqqında akt qeydi 2009-2013-cü illər Cavabdeh üzrə Cavabdeh arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar edilmədi. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Ə.D.Məlikov adına X11” publik hüquqi şəxsinin 02 iyun 2025-ci il tarixli, 18-1-18/2- 438/2025 nömrəli məktubundan görünür ki, İddiaçı doğumu ilə bağlı sənədlərin təqdim olunması barədə bildirilir ki, xx.xx.2004-cü il tarixində “Ə.D.Məlikov adına X11” publik hüquqi şəxsdə doğuş həyata keçirilmiş, müvafiq məlumatlar doğum qeydiyyat jurnallarında qeyd edilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, uşağın valideynləri arasında rəsmi nigah sənədi təqdim olunmamış, doğum zamanı yalnız ananın təqdim etdiyi məlumatlar əsasında qeydiyyat aparılmışdır. Doğum zamanı ata adı qeyd edilmiş olsa da, bu qeyd rəsmi nigah sənədinə deyil, valideyn tərəfindən şifahi və ya yazılı təqdim olunan məlumata əsasən daxil edilmişdir. Cavabdeh 03 iyun 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı xx.xx.2011-ci ildə verilmiş AZ-İİ 714413 nömrəli doğum haqqında şəhadətnamənin etibarlı sənəd olub-olmamasının müəyyən edilməsi üçün sorğu ilə əlaqədar aşağıdakılar bildirilir: 1. Cavabdehndə 2011-ci ilə aid doğum haqqında akt qeydləri kitabları mövcuddur və Cavabdeh arxivində saxlanılır.

2. xx.xx.2011-ci ildə 544 nömrə ilə Cavabdeh tərəfindən qeydiyyat aparılmamış, lakin xx.xx.2011-ci il tarixdə 544 nömrə ilə X2 doğumu Cavabdeh tərəfindən qeydə alınmış, həmin şəxsin adına xx.xx.2011-ci il tarixdə AZ-İİ 714415 nömrəli doğum haqqında şəhadətnamə tərtib edilmişdir. 3. Cavabdeh arxivində 2011-ci ilə aid şəhadətnamələrin mədaxil və məxaric reyestr jurnalları aşkar edilməmişdir. 4. Şəhadətnamələr Vətəndaşlıq vəziyyəti aktlarının arxivindən 50 ədəd birlikdə alındığı üçün AZ-İİ 714413 nömrəli doğum haqqında şəhadətnamədən əvvəlki və sonrakı şəhadətnamələr Cavabdeh tərəfindən vətəndaşların adına tərtib edildiyi üçün AZ-İİ 714413 nömrəli şəhadətnamənin Cavabdehnə verildiyinə əmin olmaq olar. İddiaçı şəxsiyyət vəsiqəsi olmadığı üçün Cavabdeh həmin şəxsin doğumu haqqında bərpa akt qeydi tərtib edə bilməmiş, vətəndaşa məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 02 iyul 2025-ci il tarixli, 3-16-5/2- 47857/2025 nömrəli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktlarının arxivində mühafizə edilən Şamaxı rayonu üzrə 2011-ci ilə dair qeydiyyat kitabları nəzərdən keçirilərkən sentyabr ayının 20-də tərtib edilmiş doğum haqqında akt qeydi aşkarlanmamış, 544 nömrəli doğum haqqında akt qeydinin isə sentyabr ayının 21-də X3 adlı digər şəxsin adına rəsmiləşdirildiyi və ona həmin tarixdə AZ-İİ seriyalı 714415 nömrəli doğum haqqında şəhadətnamənin verildiyi müəyyən edilmişdir. Həmçinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan şəhadətnamə blanklarının istifadə olunması haqqında məxaric qeydiyyat kitabına baxış keçirilərkən AZ-İİ seriyalı 714151- 714550 nömrə aralığında doğum haqqında şəhadətnamə blanklarının xx.xx.2011-ci il tarixdə Cavabdeh istifadəsinə verildiyi müəyyən edilmiş, lakin şöbədə həmin dövrə dair məxaric qeydiyyat kitabı aşkarlanmadığından AZ-İİ seriyalı 714413 nömrəli doğum haqqında şəhadətnamənin kimə verilməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda AZ-İİ seriyalı, 714413 nömrəli doğum haqqında şəhadətnamənin surəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, həmin şəhadətnamə xx.xx.2011-ci ildə xx.xx.2004-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş və həmin şəhadətnamədə onu imza və möhürlə təsdiq edən şəxs kimi vaxtilə Cavabdehnə rəhbərliyi həyata keçirmiş X4 göstərilmişdir (şöbənin sabiq aparıcı məsləhətçisi Z.Kərimovanın öz arzusu ilə xx.xx.2013-cü ildə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyinə görə məsələyə onun münasibətini öyrənmək mümkün olmamışdır). Göstərilənlərlə bağlı Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan doğum haqqında şəhadətnamələrin məxaric uçot kitabından çıxarış və Şamaxı rayonu üzrə 2011-ci ildə qeydə alınmış 541- 549 nömrə aralığında doğum haqqında akt qeydlərinin kserosurəti məhkəməyə təqdim edilmişdir. Sorğuya cavab olaraq daxil olan məktublardan da göründüyü kimi iddiaçıya məxsus doğum haqqında şəhadətnamənin mövcudluğu və cavabdeh inzibati orqan tərəfindən verilməsi inkar edilmir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən ünvanlanan məktubdan da görünür ki, AZ-İİ 714413 nömrəli doğum haqqında şəhadətnamədən əvvəlki və sonrakı şəhadətnamələr Cavabdeh tərəfindən vətəndaşların adına tərtib edildiyi üçün AZ-İİ 714413 nömrəli şəhadətnamənin Cavabdehnə verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən məlumatların mövcudluğu hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkün edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə istinad etmiş, iddiaçıya məxsus doğum haqqında şəhadətnamənin mövcudluğu və mötəbərliyi barədə zəruri araşdırılma aparmamış, beləliklə də, iş üzrə yalnış hüquqi nəticəyə gəlmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki halda iddiaçıya məxsus doğum haqqında şəhadətnamənin mövcudluğu və yuxarıda qeyd olunan müvafiq məlumatlar mübahisəyə ümumi məhkəmə tərəfindən xüsusi icraat qaydasında “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” kimi baxılmasını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü əsasları yoxlanılarkən yanlışlığa yol verilmiş, iddiaçının hüquq müdafiə imkanları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan hallarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hazırki şərtlərdə iddia tələbinin mümkün sayılmaması üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi ilə yanaşı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən - birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3836/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayının 20-də 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar