Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-515/2021 26.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı iş üzrə (açar sözlər: doğum haqqında şəhadətnamənin dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi almaq üçün onun adına 1962-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(118)-1001/2021 saylı qərarından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi almaq üçün onun adına 1962-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 yanvar 1955-ci ildə Kəlbəcər rayonunun Kəlbəcər kəndində anadan olmuş, valideyləri ona “Məlahət“ adı vermişlər. 1962-ci ildə birinci sinifə gedərkən atasının istəyi ilə adı dəyişdirilib “Hədiyyə” qoyulmuşdur. Cari ilin yanvar ayında şəxsiyyət vəsiqəsi almaq üçün Sumqayıt “ASAN xidmət”inə müraciət etmiş, şəxsiyyətinin təsdiqi üçün ondan “doğum haqqında şəhadətnamə” tələb olunduğundan və “doğum haqqında şəhadətnamə”sini naməlum şəraitdə itirdiyinə görə şəhadətnamənin dublikatını almaq üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə yazılı müraciət etmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin ona ünvanladığı 01 aprel 2021-ci il tarixli, 05/Q-81/62 saylı cavab məktubunda bildirilmişdir ki, Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 13 saylı, 24.01.1955-ci il tarixli doğum haqqında akt qeydində uşaq adı “Məlahət” kimi qeyd edilmiş, 1962-ci ildə “Məlahət” adının “Hədiyyə” adı ilə dəyişdirilməsi haqqında Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş akt tapılmamışdır. Lakin 08.09.1978-ci il tarixdə İV-JQ №705345 nömrəli SSRİ vətəndaşı olması haqqında verilən pasportunda adı “Hədiyyə” kimi göstərilmişdir. O, Hədiyyə adı ilə 1982-ci ildə ADU-nu bitirmiş və 25 yanvar 1990-cı ildə “Nigahın bağlanması haqqında” şəhadətnamədə adı Hədiyyə qeyd olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməlidir.
Cavabdehin etirazları:
3. iddiaya qarşı cavabdeh etiraz təqdim etməmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestri verdiyi cavabda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən M.Xəlilovanın soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. M.Xəlilovanın 24.01.1955-ci ildə Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən onun adının dəyişdirilməsinə dair hər hansı məlumatın olmadığı müəyyən edilmişdir. Qeydiyyat orqanlarında X1 qeydiyyatına dair verilən ilkin şəhadətnamələrin surətləri X1 reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır.
Birinci instansiya məhkəməsində icraat:
5. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(118)-1001/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
6. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(118)-1001/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
7. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 16 il müəllimə işləmiş olsa da, hazırda heç bir yerdə işləmir, şəxsiyyət vəsiqəsi olmadığı üçün təqaüdə də çıxa bilmir. Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi almaq üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, 20 yanvar 1955-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, ilkin olaraq ona “Məlahət” adı verilmiş, sonradan məktəbə gedərkən 1962-ci ildə atasının istəyi ilə adı dəyişdirilərək ona “Hədiyyə” adı qoyulmaqla doğum şəhadətnaməsi alınmışdır. O, 1975-1982-ci illərdə universtitetdə təhsil alıb, 1988-ci ildən Sumqayıt şəhərində yaşayır və 1990-cı ildə ailə qurarkən də istifadəsində olan SSRİ pasportunda adı “Hədiyyə” kimi qeyd edilmiş, lakin cari ilin yanvar ayında şəxsiyyət vəsiqəsi almaq üçün Sumqayıt “ASAN xidmət”inə müraciət edən zaman şəxsiyyətinin təsdiqi üçün ondan “doğum haqqında şəhadətnamə” tələb edilmiş, lakin şəhadətnaməni naməlum şəraitdə itirdiyi məlum olmuşdur. Doğum şəhadətnaməsinin dublikatını almaq üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə yazılı müraciət etsə də, ona imtina edilərək onun yalnız “Məlahət” adlı 24.01.1955-ci il tarixli doğum haqqında akt qeydinin olduğu, 1962-ci ildə adının “Hədiyyə” adı ilə dəyişdirilməsi haqqında isə akt qeydinin olmadığı bildirilmişdir. Hesab edir ki, 08.09.1978-ci ildə onun adına verilmiş İV JQ №705345 saylı SSRİ vətəndaşı olması haqqında pasportunda, 1982-ci ildə institutu bitirməsi barədə diplomda, 25.01.1990-cı ildə nikah bağlanması haqqında şəhadətnaməsində adının Hədiyyə olması göstərildiyindən məhkəmənin qərarı ilə onun pozulmuş hüquqları bərpa olunmadığından məlum məhkəmə qərarı ləğv edilməklə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
Tədbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
15. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
16. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
17. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
18. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
20. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
21. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
22. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
24. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
25. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
26. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hazırkı qərarın 10-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçı tərəfin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Əvvəla, birinci istansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən qərarını onunla əsaslandırmışdır ki, İddiaçı Kəlbəcər rayonunun Kəlbəcər kəndində anadan olması, valideylərinin ona “Məlahət“ adı verməsi, iddiaçının bildirdiyinə görə 1962ci ildə birinci sinifə gedərkən atasının istəyi ilə adının dəyişdirilib “Hədiyyə” qoyulması səbəbində hazırda iddiaçı 1962-ci il tarixdə ona verilmiş doğum haqqında şahadətnaməsinin dublikatını almaq fikrindədir, lakin Sumqayıt şəhər qeydiyyat şöbəsi iddiaçının təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğundan onun tələbinin təmin edilməsindən imtina edir. Belə ki, Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 13 saylı, 24.01.1955-ci il tarixli doğum haqqında akt qeydində uşaq adı “Məlahət” kimi qeyd edilmiş, 1962-ci ildə isə, Məlahət adının Hədiyyə adı ilə dəyişdirilməsi haqqında Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş akt tapılmamışdır. M.Xəlilovanın 24.01.1955-ci ildə Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən iddiaçının adının dəyişdirilməsinə dair hər hansı məlumatın olmadığı müəyyən edilmişdir. Həmçinin qeydiyyat orqanlarında X1 qeydiyyatına dair verilən ilkin şəhadətnamələrin surətləri X1 reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır. Məhkəməyə təqdim edilmiş Doğum aktı qeydi vərəqinin surətindən müəyyən olunur ki, iddiaçının doğum tarixi və adı “24.01.1955ci il təvəllüdlü X2” kimi qeyd olunduğundan İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi almaq üçün onun İddiaçı adına 1962-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Qanunvericiliyin tələbləri baxımından doğum haqqında şəhadətnamənin dublikatı akt qeydində mövcud olan müvafiq qeydə əsasən hüquq sahibinə verilir. Hazırkı, iddia tələbi üzrə müraciət edən İddiaçı 1962-ci ildə adının dəyişdirilməsi doğum qeydi barədə X1 avtomatlatlaşdırılmış qeydiyyat informasiya sistemində hər hansı bir məlumat mövcud deyildir. Bu baxımdan inzibati orqanın imtinası əsaslıdır.
30. Kollegiya hazırkı qərarın 7-ci bəndində öz əksini tapan apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının özünün qeyd etdiyi kimi, 1962-ci ildə atası tərəfindən adı dəyişdirilərək Hədiyyə adı qoyularaq yeni doğum haqqında şəhadətnamə almış olsalar da, sonralar naməlum səbəblərdən həmin şəhadətnaməni itirməsi, lakin həmin şəhadətnamə əsasında 1978-ci ildə SSRİ pasportu alması, həmin pasporta əsasən instituta daxil olmaqla institutu bitirib diplom alması, sonradan nikaha daxil olması və s. bu kimi hallara görə məhz 1962-ci il tarixdə doğum akt qeydində düzəliş aparılmaması onun iradəsindən asılı olmaması o zaman hüquqi baxımdan dəyərləndirilə bilərdi ki, məhz iddiaçının özünün iddia etdiyi 1962-ci il tarixli doğum haqqında şəhadətnamə məhkəməyə faktiki olaraq təqdim edilmiş olsun. Əks təqdirdə, iddiaçı məhkəməyə təqdim edilmiş Doğum aktı qeydi vərəqində qeyd edilən “24.01.1955-ci il təvəllüdlü X2” kimi göstərilənlərin səhv olması barədə X1 dövlət qeydiyyatını aparan orqana müraciət etməklə aradan qaldırılmasına nail ola bilər.
31. Belə ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) X1 dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.
32. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddia mümkün iddia olmasına baxmayaraq əsassızdır. İddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də, Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(118)-1001/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(118)-1001/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.