Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-515/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər X1 və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs Xızı rayon X7 sədri X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı rayon X7 28 mart 2005-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-1195/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xızı rayonu Yeni Yaşma bələdiyyə ərazisindən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xızı rayon X7 28 mart 2005-ci il 01 saylı qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 13 aprel 2005-cü il tarixdə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Xızı rayon Yeni Yaşma bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin 28 mart 2005-ci il tarixli 01 saylı qərarı ilə ona Yeni Yaşma ərazisində bələdiyyə fondunun kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,12 ha torpaq sahəsi alqı-satqı qaydalarına müvafiq olaraq satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən müvafiq rəy alınmışdır. Torpağın dəyəri olaraq 660.000 manat məbləğində haqq ödənilmiş və alqı-satqı aktı bağlanmışdır. Hazıradək həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etdikdə, ona imtina cavabı verilmişdir. Həmin ərazidən qızına və kürəkəninə də eyni əsaslarla torpaq sahəsi ayrılmış və onlar artıq mülkiyyət hüququnu təsdiq edən çıxarışlarını almışlar. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Xızı rayon X7 28 mart 2005-ci il 01 saylı qərarından görünür ki, İddiaçı 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xızı rayonu Yeni-Yaşma bələdiyyəsinin 28 mart 2005-ci il 01 saylı qərarına əsasən Xızı rayonu Yeni Yaşma bələdiyyəsi İddiaçı 0.12 torpaq sahəsi satmışdır. Xızı rayonu Yeni-Yaşma bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.12 torpaq sahəsinə dair tərtib edilmişdir. DTXK-nin Xızı Rayon Şöbəsinin rəyindən görünür ki, idarə İddiaçı torpaq sahəsinin satılmasına etiraz etməmişdir. 25 aprel 2005-ci il tarixli 072170 seriyalı qəbzdən görünür ki, İddiaçı Xızı rayonu X7 hesabına 660.000 manat torpaq pulu ödəmişdir. Məhkəmənin sorğusuna əsasən Xızı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Xızı rayon Yeni-Yaşma Bələdiyyə sədrinin 28 mart 2005-ci il tarixli 01 saylı qərarı Xızı rayon Dövlət arxivində aşkarlanmadığından həmin qərarın surətinin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 01 avqust 2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, iddiaçıya Xızı rayonu X7 qərarı ilə ayrılmış Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Xızı rayonu, X7 eyni nömrəli və eyni tarixli qərarı ilə digər şəxsə torpaq sahəsi ayrılmış, təqdim edilən bələdiyyə qərarında tarix, alqısatqı aktında bələdiyyə qərarının tarixi və nömrəsi qeyd olunmamış, həmçinin torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xızı rayon X7 28 mart 2005-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh etirazında bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı aktı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında aşkar edilməmişdir. Bundan əlavə Xızı rayon X7 eyni nömrəli və eyni tarixli qərarı ilə digər şəxsə torpaq sahəsi ayrılmış, təqdim edilən bələdiyyə qərarında tarix, alqı-satqı aktında bələdiyyə qərarının tarixi və nömrəsi qeyd olunmamış, həmçinin torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-1195/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Xızı rayonu X7 28 mart 2005-ci il 01 saylı qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ b) Apellyasiya şikayətinin dəlilləri Etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilir ki, təqdim edilmiş alqı-satqı aktı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında aşkar edilməmişdir. Bundan əlavə bildirilmişdir ki, Xızı rayon X7 eyni nömrəli və eyni tarixli qərarı ilə digər şəxsə torpaq sahəsi ayrılmış, təqdim edilən bələdiyyə qərarında tarix, alqı-satqı aktında bələdiyyə qərarının tarixi və nömrəsi qeyd olunmamış, həmçinin torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. Həmçinin müvafiq torpaq sahəsinə baxış keçirilməsi də, vətəndaşın müvafiq torpaq sahəsinin harda yerləşdiyini bilmədiyindən mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Eyni zamanda cavabdehin nümayəndəsi qeyd etdiki, torpaq sahəsinin yeri müəyyən olmadığı üçün birinci instansiya məhkəməsinin qərarı əsaslı hesab edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq faktiki istifadələrində torpaq sahəsinin olmadığını, ilkin torpaqayırma zamanı onlara tanıdılan ərazilərdə digər şəxlərin evlər tikdiyini, cavabdeh inzibati orqandan müraciət etməmişdən əvvəl prokraturaya müraciət etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Xızı rayon X7 sədri torpaqayırma sənədlərinin mötəbərliyini mübahisələndirməsədə, ayrılmış torpaq sahəsinin yerinin göstərilməsinin cavabdehin səlahiyyətində olduğunu bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDRK-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi işin araşdırılan hallarına mövcud qanunvericiliyin tətbiqini düzgün qiymətləndirməmiş və nəticədə əsassız qərar qəbul etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Xızı rayon Yeni Yaşma bələdiyyəsi ərazisindən 28 mart 2005-ci il tarixli 01 saylı qərar ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir . Birinci instansiya məhkəməsi sözügedən torpaq sahəsinin alqı-satqı aktının sonradan tərtib edilməsi, alqı- satqı aktında bələdiyyə qərarının tarixi və nömrəsinin qeyd olunmaması, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilməməsi, həmçinin eyni tarixli və nömrəli bələdiyyə qərarı ilə ayrı-ayrı şəxslərə torpaq sahəsinin ayrılmasının iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər dəlil hesab edilmədiyi və həmin sənədlərin tərtibatının bələdiyyənin və müvafiq dövlət orqanlarının vəzifəsi olması, o cümlədən iddiaçının məsuliyyət dairəsinə aid olmaması əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar hazırkı iddianın təmini üçün yetərli deyil. Belə ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün təqdim edilən qanuni sənədlərlə bərabər, ayrılan torpaq sahəsinin yeri müəyyən olmalı, mülkiyyət hüququ qeydə alınmalı olan torpaq sahəsi naturada mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının faktiki istifadəsində torpaq sahəsi olmamaqla bərabər, ayrılan torpaq sahəsinin yerini müəyyən etməkdə mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 06 aprel 2023-cü il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, vətəndaş İddiaçı torpaq sahəsinin harada yerləşdiyini bilmədiyini, bələdiyyə sədri isə sənədin icrasında iştirak edə bilməyəcəyini bildirmişdir və torpaq sahəsinin faktiki yeri mütəxəssis tərəfindən müəyyən edilə bilməmişdir. Məhkəmə kollegiyasının mübahisəli 0.12 ha torpaq sahəsinin hazırda İddiaçı istifadəsində olub-olmaması və torpaq vergisinin ödənilib-ödənilməməsi barədə məlumatın, o cümlədən iddiaçıya ayrılmış və istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının qeyd olunduğu yerquruluşu planından çıxarışın məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Xızı rayonu Yeni-yaşma bələdiyyəsi 29 may 2024-cü il tarixli məktubla bildirmişdir ki, X7 elektron xəritəsi və bütün torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarını müəyyən edən cihaz DƏDKR publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məxsusdur və torpaqla bağlı səlahiyyətlər sözügedən idarəyə aiddir. İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinə məhkəmə qərarından sonra DƏDKR publik hüquqi şəxsi tərəfindən çıxarış verildiyi zaman CPS vasitəsilə 0.12 ha fərdi mənzil tikmək üçün torpaq sahəsinin yeri və ölçüləri dəqiqləşdirilib mülkiyyətçinin istifadəsinə veriləcəkdir. Məhkəmə prosesinə üçüncü şəxs kimi cəlb edilmiş torpaqayırmanı həyata keçirən qurumun nümayəndəsi torpaqayırma sənədlərinin mötəbərliyini mübahisələndirməsə də, ayrılmış torpaq sahəsinin yerinin göstərilməsinin cavabdehin səlahiyyətində olduğunu bildirmiş, məhkəmə tərəfindən edilən hüquqi yardımın nəticəsi olmamışdır. İddiaçı isə məhkəmənin suallarına cavab olaraq faktiki istifadəsində torpaq sahəsinin olmadığını, ilkin torpaqayırma zamanı ona tanıdılan ərazilərdə digər şəxlərin evlər tikdiyini, cavabdeh inzibati orqana müraciət etməmişdən əvvəl prokraturaya müraciət etdiyini bildirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi yeri müəyyən olmayan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyini cavabdehin üzərinə qoymuş, icrası mümkün olmayan bir qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yerinin cavabdeh inzibati orqana göstərilmədiyi, eyni zamanda ilkin torpaqayırma sənədləri və ayrılmış torpaq sahəsinin yeri barədə cavabdeh inzibati orqanda məlumat olmadığı üçün, hazırkı şərtlərdə onun üzərinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyi qoyulması qanunsuz olmuşdur. Kollegiya hesab edir ki, iddiaçı düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir. İddiaçıya Xızı rayonu Yeni-Yaşma bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin yeri həmin bələdiyyə tərəfindən göstərilə bilər. İddiaçıya torpaq sahəsinin ayrılması işin mübahisə olunmayan halıdır. Lakin iddiaçı ona ayrılmış torpaq sahəsinə faktiki sahiblik etməmiş, torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını həyata keçirməmiş, nəticədə hazırkı vəziyyət yaranmışdır. İddiaçı digər əlverişli hüquq müdafiə vasitələri seçmək əvəzinə, əsassız olaraq cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Hər bir halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının faktiki istifadəsində olmayan və yeri müəyyən olmayan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciəti əsaslı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı iddianın təmini üçün faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-1195/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-515/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-515/2024
09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver