Məhkəmə qərarları › İş №2-1(105)-515/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-515/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-515/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “1992, 1993, 1994 və 1996-cı illərdə istifadə edə bilmədiyi əmək məzuniyyətlərinə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(118)-3343/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 1992, 1993, 1994 və 1996-cı illərdə istifadə edə bilmədiyi əmək məzuniyyətlərinə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində baş leytenant rütbəsində bölük komandir vəzifəsində xidmət etmiş, ondan asılı olmayan səbəbdən 1992, 1993, 1994, 1995 və 1996-cı illərdə əmək məzuniyyətlərindən istifadə edə bilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli sərəncamına əsasən, bu Qanun qüvvəyə minənədək işçi tərəfindən iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə (məzuniyyətlərinə) görə, işçiyə AR Əmək Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş kompensasiya ödənilir. Qeyd olunanlara əsasən, hərbi xidmətdə olduğu xidmət illəri üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul kompensasiyasının ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilmiş 3-25/2-İ5xxxx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla mənə N saylı hərbi hissəyə müraciət etməyi tövsiyə edilmişdir. xx.xx.2024-cü il tarixdə ərizə ilə N saylı hərbi hissəyə müraciət etmiş, lakin müraciətinin xx.xx.2024-cü il tarixdə alınmasına baxmayaraq, bu günə kimi ona cavab verilməmişdir. Bununla bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 30 iyun 2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in 2011- ci il 30 iyun tarixədək qüvvədə olan 298-ci maddəsi şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir). Lakin qeyd olunan iddialar üzrə 01 aylıq müddət tələbinin MPMin 298-ci maddəsinə əsasən, tətbiq edilməsi üçün, "məlum olma" halı da baş verməlidir. Məlumolduğu gün dedikdə, şəxsin hüquqlarının pozulduğunu həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından şəxsin ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM- in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Buna görə də, qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq, cavabdeh müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İnzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1992, 1993, 1994 və 1996-cı illərində istifadə edilməmiş məzuniyyət günlərinə görə, pul kompensasiyasının ödənilməsini tələb edir. Məlum olur ki, iddiaçı onun istifadə etmədiyi məzuniyyət günlərinin olması barədə ən azından 1996-cı ildən məlumatlı olmuşdur. İddiaçı 1992, 1993, 1994 və 1996-cı illərində istifadə edilməmiş məzuniyyət günlərinə görə pul kompensasiyasını barədə 1996-ci ildən məlumatlı olsa da, məhkəməyə iddia ərizəsi ilə 28 il sonra, 15.11 2024-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(118)-3343/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, arayışda qeyd olunan digər məzuniyyətlər növbəti məzuniyyət günləri olmadığı üçün və növbəti məzuniyyətdən istifadə edilmənin aşkar edilməsi cavabdeh tərəfindən sübut edilmədiyi üçün iddiaçının tələb etdiyi günlərdə istifadə olunmayan məzuniyyətə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi təmin edilməlidir. İddiaçının mübahisəli dövrlərdə əmək məzuniyyətindən istifadə etdiyi günlərin müəyyən olunması inzibati orqanın məsuliyyəti kimi müəyyən olunduğuna, bu halın inzibati orqan tərəfindən sübut edilməsi müəyyən olunmadığına görə, həmin dövrlərdə iddiaçının qanunvericiliklə müəyyən olunmuş əmək məzuniyyətindən istifadə etməməsi əsas götürülərək müvafiq hesablama aparılmalı və iddiaçıya ödənilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsi və iddianın mümkünsüz hesab edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, belə ki, iddia apellyasiya şikayətinin hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 dekabr 2014-cü ild tarixdə "1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" 399 nömrəli Qərar qəbul etmişdir. Qərarın 2-ci hissəsi müəyyən edilmişdir ki, 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə, 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, rütbǝyǝ görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir. Mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Nazirlər Kabineti Qanunla və Fərmanla ona tapşırılmış vəzifəni yerinə yetirmiş, həqiqi hərbi xidmətdə olduğu dövrdə növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etmişdir. "1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikası Müdafiə nazirinin 18 mart 2015-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmişdir. Qaydalara əsasən 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanması onların ərizələri (müraciətləri) əsasında sənədlərin toplanması və kompensasiya məbləğinin hesablanması yaradılmış komissiyalar tərəfindən həyata keçrilir. Məhkəmə tərəfindən cavabdehin üzərinə 1992-1993-cü illər üzrə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi normativ hüquqi aktı qəbul etmiş subyektin iradəsi ziddinə hərəkət edə bilməz, onu əvəzləyə bilməz. Çünki 2010-cu ilin iyunun 12-dək hərbi xidmətdən buraxılmış şəxslərə Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli Qərarında 1992-1993-cü illər üzrə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın nəzərdə tutulmaması Azərbaycan Respublikası Müdafiə nazirinin 19 mart 1994-cü il 78 nömrəli əmri ilə əlaqədardır. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsini (istirahət hüququnun) yaranmış vəziyyətlə əlaqədar təmin edə bilməyən Müdafiə Nazirliyi həmin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına 1992 və 1993-cü illər üçün istifadə edə bilmədikləri növbəti məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsinə qərar vermişdir. Həmin əmrlə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçu statusunda olmuş şəxslərə 1992-1993-cü illər üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya ödənildiyindən həmin illərə görə kompensasiyanın təkrar verilməsi qanunsuzdur. İddia tələbi mümkünsüz sayılmalıdır, çünki iddiaçı yuxarda qeyd edilən komissiyanın rəyi almadan, hər hansı imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. İddiaçı hərbi xidmətdə olduğu xidmət illəri üçün istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi barədə ərizə ilə cavabdeh təşkilata müraciət etdiyini iddia edir. Belə ki, AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilmiş 3-25/2-i- 5xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla ona N saylı hərbi hissəyə müraciət etməyi tövsiyə edilmişdir. xx.xx.2024-cü il tarixdə ərizə ilə N nömrəli hərbi hissəyə müraciət etdiyini məhkəməyə iddia etmişdir. Lakin onun müraciəti N nömrəli hərbi hissəyə daxil olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazının dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq iddiaçı qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilmiş 3-25/2-1-5xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla mənə N saylı hərbi hissəyə müraciət etməsi tövsiyyə edilmiş və o, xx.xx.2024-cü il tarixdə ərizə ilə N saylı hərbi hissəyə müraciət etmişdir. Lakin, müraciətin xx.xx.2024-cü il tarixdə alınmasına baxmayaraq ona cavab verilməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanladığı məktubunda 2017-2028-ci illərdə iddiaçıya hərbi xidmət dövründə istifadə edilməmiş məzuniyyətə görə 1231.86 manat pul vəsaitinin ödənildiyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 1992, 1993, 1994 və 1996-cı illərdə istifadə edə bilmədiyi əmək məzuniyyətlərinə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquqdan qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə edilə bilər. Şəxsin bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməməsi onun şəxsi mülahizəsi ilə əlaqədar məsələdir. Yuxarıda qeyd olunan Əmək Məcəlləsinin 296-ci maddəsindən görünür ki, pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilərdi. İşdən isə görünür ki, iddiaçı 1992, 1993, 1994 və 1996-cı illərdə istifadə edə bilmədiyi əmək məzuniyyətlərinə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 dekabr 2014-cü ild tarixdə "1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" 399 nömrəli Qərar qəbul etmişdir. Qərarın 2-ci hissəsi müəyyən edilmişdir ki, 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə, 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, rütbǝyǝ görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Cavabdehin nümayəndəsi apellyaisya şikayətində həmçinin iddiaçının N saylı hərbi hissəyə müvafiq müraciətinin daxil olmadığını qyed etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edərək, iddia ərizəsinə iddiaçının müraciətinin N saylı hərbi hissəyə daxil olmasını təsdiq edən xəbərnamə əlavə edilmişdir. Bununla yanaşı iddia tələbi iddia müddətinin ötürülməməsi səbəbindən mümkün sayılmamalıdır. Kollegiya həmçinin qeyd edir ki, iddia müddəti ötürüldüyündən apellyasiya şikayətinin digər dəlillərinin, o cümlədən yəni istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi ilə bağlı yaradılmış komissiyanın rəyinin alınmaması ilə bağlı dəlilinin yoxlanılmasına zərurət görmür. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə əsassız olmuş, apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş birinci instansiya məhkəməsi iddianı təmin edərək səhv nəticəyə gəldiyindən, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğvi üçün əsas hesab edilməli, nəticə etibarilə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(118)-3343/2025 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar