Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-517/2021 28.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı «X5 İdarə Heyətinin 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən X8 Sumqayıt şəhəri, “Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı «X5 İdarə Heyətinin 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən X8 Sumqayıt şəhəri, “Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli 2-1(118)-42/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək «X5 İdarə Heyətinin 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən X8 Sumqayıt şəhəri, “Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması»na dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X13 ilə 1988-ci il tarixdə nikaha daxil olmuş, yoldaşı X13 29 mart 2008-ci il tarixdə vəfat etmişdir. X3 23 avqust 1988-ci il tarixdə 511 saylı ünvanda yerləşən torpaq sahəsinə bağçılıq kitabçası var, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışa əsasən əri X10 həmin torpaq sahəsi verilmişdir. “Kauçuk” Bağçılıq yoldaşlığın İdarə Heyətinin 01 saylı Protokolundan çıxarışdan da görünür ki, X13 “Kauçuk" Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul edilmişdir. İllərdi ki, həmin torpaq sahəsində tikdikləri evdə yaşayırlar. Yoldaşı öləndən sonra həmin torpaq sahəsini öz adına keçirtmək üçün birinci növbəli vərəsə kimi müvafiq torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün Sumqayıt şəhər 4 saylı Notariat ofisinə müraciət etmişdir. Sumqayıt şəhər 4 saylı Notariat ofisində aparılan V-32/2009 saylı vərəsəlik işi üzrə birinci növbəli vərəsələr arasında olduğundan 29 mart 2008-ci ildə vəfat etmiş əri - X8 ünvan 1 ünvanda yerləşən torpaq sahəsi ilə bağlı, həmin əmlakın X10 məxsus olub-olmaması, müsbət olduğu halda daşınmaz əmlakın dövlət reyestrindən texniki pasport, kadastr, çıxarış və əmlakın yüklü olub-olmaması barədə arayış verilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu göndərilmişdir. Daha sonra Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən mərhum X8 “Kauçuk” Bağçılıq yoldaşlığın İdarə Heyətinin 01 saylı Protokolundan çıxarış ilə əldə etdiyi 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 29 avqust 2019-cu il tarixdə müraciət etmişdir. Müraciətinə cavab olaraq ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərərək - 2 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus 522 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü aşkar edildiyindən və buna görə də ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəlarına əsasən ərizəsinin icrasından imtina edilmişdir. Halbuki, həmin torpaq sahəsi artıq 31 ildir ki, onların istifadəsindədir, onlar orda tikdikləri evdə uzun illərdir ki yaşayırlar, yəni ki, faktiki olaraq onların mülkiyyətindədir. Yoldaşı vəfat edəndən sonra vərəsəlik qaydasında torpaq sahəsini öz adına keçirmək və müvafiq hüquqmüəyyənedici sənədlər almaq istəsələrdə, yuxarıda qeyd etdiklərinə əsasən mümkün olmamış, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
Cavabdehin etirazları:
3. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, "Kauçuk" X6 Heyətinin 23 avqust 1988-ci il tarixli 01 nömrəli protokolundan çıxarışa əsasən mərhum X10 ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsinə dair 29 avqust 2019-cu il tarixli ərizə ilə Cavabdehnə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus 511 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, mərhum X10 "Kauçuk" X6 Heyətinin 23 avqust 1988-ci il tarixli 01 nömrəli protokolundan çıxarışa əsasən ayrılmış 0,06 ha torpaq sahəsi onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə İddiaçı 18 sentyabr 2019-cu il tarixli **********42 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də xahiş edirlər ki, iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmasın.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-cı il tarıxlı 2-1(118)-42/2021 saylı qərarı ilə (hakim C.B.Məmmədov) İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı «X5 İdarə Heyətinin 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən X8 Sumqayıt şəhəri, “Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması»na dair iddiası təmin edilmişdir.
5. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-42/2021 saylı qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri bağlar ərazisində yerləşən «Kauçuk» X6 Heyətinin 23 avqust 1988-ciiltarixli 01 nömrəli protokolundan çıxarışa əsasən mərhum X10 ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsinə dair 29 avqust 2019-cu il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus 522 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü aşkar edilmışdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, mərhum X10 "Kauçuk" X6 Heyətinin 23 avqust 1988-cı 1 tarixli 01 nömrəli protokolundan çıxarışa əsasən ayrılmış 0,06 ha torpaq sahəsi onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə İddiaçı 18 sentyabr 2019-cu il tarixli **********42 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göstərilənlərdən aydın olur ki, qeydiyyat orqanı haqlı olaraq mərhum X1 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Lakın işə baxmış məhkəmə işin hallarına düzgün qiymət verməmiş və iddianın təmin edilməsi haqqında qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd olunmalıdır kı, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən cavabdeh idarə bir xidmət orqanıdır və qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü İdarə tərəfindən araşdırılır. Lakin göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas (torpaq sahəsinin digər şəxsə məxsus 522 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşməsi) mövcud olduğu halda həmin torpaq sahəsi üzərində mərhum X8 mülkiyyət huququnun qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi isə nədənsə bunu nəzərə almayaraq, idarə tərəfindən sözügedən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının mümkün olmaması ilə bağlı İdarənin gətirdiyi arqumenti əsassız hesab etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Lakın iddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun "Ümumi müddəalar" adlanan 1-cı fəslində qeyd edilir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələgəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Qanunun 2.1-ci maddəsində təsbit olunur ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra—hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu huquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kımı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özluyündə bır hüquqi aktdır, başqa sozlə huquqı hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur kı, məhkəməyə müraciət edən şəxs hüquqların qeydiyyatı üçün əsas mövcud olduğu halda qanunsuz olaraq hüquqların qeydiyyata alınmamasından müdafiə üçün deyil, yəni mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqların qeydiyyatı üçün məhkəmə tərəfindən əsas yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazı İdarəsini cavabdeh qismində işə cəlb etmişdir. Göründüyü kımı, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsinə dair sənədlərdə çatışmazlıq olmasına baxmayaraq formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, işə baxmış məhkəmə tərəfimizdən verilmiş etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarnın pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamış, eyni zamanda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 12-ci, 29-1-ci maddələrinin tələbləri də pozulmuşdur. İddiaçının mərhum həyat yoldaşına ayrılmış 511 saylı torpaq sahəsi «Kauçuk» Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən idarəyə təqdim olunan, “Kauçuk” bağçılıq yoldaşlığının ərazisinin sxematik planına əsasən 522 nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Sxematik plana əsasən 511 nömrəli torpaq sahəsi vətəndaşın istifadə etdiyi faktiki torpaq sahəsindən Bakı-Quba magistral yoluna tərəf 20 metr məsafədə yerləşir. Qeyd olunanları nəzərə alaraq torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Sumqayıt şəhəri, Yaşma bağları, “Kauçuk” bağçılıq yoldaşlığı ərazisində yerləşən 522 nömrəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin bağ torpaq sahəsinin kimə ayrılması ilə bağlı Sumqayıt Bələdiyyəsinin nəzdində olan “Kauçuk” Bağçılıq Yoldaşlığı Cəmiyyətinə sorğu ünvanlanması məhkəməyə tövsiyyə olunsa da, məhkəmə bununla bağlı “Kauçuk” Bağçılıq Yoldaşlığı Cəmiyyətinə müraciət etməmişdir. Bütün bu hallar özü-özlüyündə məhkəmənin mövqeyinin tamamilə qərəzli olduğunu və hansısa maraqlara əsaslanaraq hazırkı qərarı qəbul etdiyini bır daha sübut edir. Bundan başqa, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Belə kı, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.1-ci bəndində məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-cı maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilir. Qərarın 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin ış üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qərarın 17-cı bəndində göstərilir ki, kassasiya və apellyasıya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək yeni qərar qəbul edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bütün bu halları nəzərə alaraq, Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli 2-1(118)- 42/2021 saylı qərarının ləğv edilməsim və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı iddiaçı və üçüncü şəxs tərəfindən etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, "Kauçuk" X6 Heyətinin 23 avqust 1988-ci il tarixli protokolundan çıxarışa əsasən mərhum X10 ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsinə dair 29 avqust 2019-cu il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus 522 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Baza xəritəsi ilə müəyyən olunmuşdur ki, 511 nömrəli bağ sahəsi ilə 522 saylı bağ sahələri üst-üstə düşür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, mərhum X10 "Kauçuk" X6 Heyətinin 23 avqust 1988-ci il tarixli protokolundan çıxarışa əsasən ayrılmış 0,06 ha torpaq sahəsi onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə İddiaçı 18 sentyabr 2019-cu il tarixli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Lakin birinci instansiya məhkəməsi bütün qeyd edilənləri nəzərə almadan, məhkəminin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmadan qərar qəbul etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər.
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin digər nümayəndəsi X4 da öz izahatında qeyd etmişdir ki, əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndə Q.Əliyevin verdiyi izahatla tanışdır və özü də həmin mövqedədir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X12 öz izahatında qeyd etmişdir ki, X1313 avqust 1988-ci ildə “Kauçuk” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və ona 511 saylı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən o, istifadə etmiş, yəni müxtəlif ağaclar əkmiş və təsərrüfat aparmışdır. X13 vəfat etdikdən sonra həmin torpaq sahəsi onun arvadının sahibliyindədir. Belə ki, torpaq vergisi Qulu Ağayevin arvadı İddiaçı tərəfindən mütamadi olaraq ödənilir. 522 saylı torpaq sahəsi başqa şəxsə ayrılmışdır. Qeyd olunan 511 saylı torpaq sahəsi 522 və 489 saylı torpaq sahələrinin arasında yerləşir və hər birinin sahəsi 0,6 ha təşkil edir. DƏDRX-in əməkdaşları tərəfindən Qulu Ağayevin ailə üzvlərinin istifadə etdiyi faktiki torpaq sahəsinin 522 saylı torpaq sahəsi olmasına dair gətirdiyi arqument anlaşılan deyil. Belə ki, həmin torpaq sahəsinin plan sxemi cəmiyyət tərəfindən tərtib edilib və cəmiyyətin sədri kimi o, Qulu Ağayevin ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsinin məhz 511 saylı torpaq sahəsi olmasını təsdiqləyir. 522 nömrəli bağ sahəsi Qurbanov Yadigara, 511 nömrəli bağ sahəsi isə X10 məxsus olmuşdur. 522 nömrəli bağ sahəsində yaşayış yoxdur, bu bağ sahəsi ilə bağlı onlarda çox az məlumat var. Belə ki, yalnız bağ sahəsinin sahibinin adı, soyadı və uzun illər əvvəl idarədə saxlanılmış olan məlumatlardan əldə etdiyi (018) 654 11 48 telefon nömrəsi vardır. Ona görə də qeyd edilənlərin nəzərə alınmasını xahiş edir.
11. İddiaçı dəfələrlə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
18. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
19. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
20. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
22. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
23. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
25. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
26. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
27. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
28. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
29. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
30. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
31. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-).
33. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-). Apellyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hazırkı qərarın 13-26-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin rədd olunmalıdır.
35. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-2-ci bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 4-cü bəndində şərh edilən nəticəyə gəlinmişdir.
36. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, “Kauçuk” X6 Heyyətinin 01 saylı Protokolundan çıxarışa əsasən X10 Bağçılıq Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, “Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsi ayrılmışdır. X13 mütamadi olaraq həmin torpaq sahəsi üçün nəzərdə tutulmuş torpaq vergisi ödəmiş və 29 mart 2008-ci ildə vəfat etdikdən sonra həmin torpaq sahəsinə dair torpaq vergiləri onun arvadı İddiaçı tərəfindən ödənilmişdir. 09 avqust 2019cu ildə İddiaçı notariat kontoruna müraciət edərək mərhum ərindən miras qalmış 511 saylı torpaq sahəsini vərəsəlik qaydasında adına rəsmiləşdirmək istəyərkən, DƏDRX-in 2 saylı Ərazi İdarəsi həmin torpaq sahəsinin digər şəxsə verilmiş 522 saylı torpaq sahəsi ilə üst üstə düşməsini əsas gətirmiş və 511 saylı torpaq sahəsinə dair mərhum X8 adına mülkiyyət hüququna dair çıxarış verilməsindən imtina etmişdir. Buna görə də İddiaçı məhkəməyə hazır ki, iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən mübahisə predmeti olan 511 saylı torpaq sahəsinin koordinatlarının 522 saylı torpaq sahəsinin koordinatları ilə üst üstə düşüb-düşməsinin aydınlaşdırılması məqsədi ilə bir neçə dəfə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət olunmuş, lakin qeyd olunan müraciətlər heç bir nəticə verməmişdir. Belə ki, mübahisəli əraziyə iddiaçının vəkilinin iştirakı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən bir neçə dəfə baxış keçirilməsinə baxmayaraq, qeyd olunan təşkilat 511 və 522 saylı torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbindən müvafiq rəyi məhkəməyə təqdim etməkdən imtina etmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı o da məlum olmuşdur ki, 522 saylı torpaq sahəsi üzrə hüquqlar DƏDRX-də dövlət qeydiyyatına alınmamışdır. DƏDRX-in 2 saylı Ərazi İdarəsi məhkəməyə ünvanladığı 21 noyabr 2019- cu il tarixli **********24 saylı məktub ilə 522 saylı torpaq sahəsinin kimə ayrılması ilə bağlı “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinə müraciət olunmasını məhkəməyə tövsiyyə etmişdir. “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri X12 məhkəmədə verdiyi izahatdan məlum olmuşdur ki, 522 saylı bağ sahəsinin Yadigar Qurbanov adlı şəxsə ayrılmasına baxmayaraq, həmin şəxsin ata adı və ünvanı barədə hər hansı bir məlumat yoxdur. Ona görə də məhkəmə tərəfindən Yadigar Qurbanov adlı şəxsin iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə tərəfindən Yadigar Qurbanovun iş üzrə 3-cü şəxs qismində cəlb edilməsinin təmin edilməsi məqsədi ilə cəmiyyətin sədri Qulam Bayramov tərəfindən 522 saylı torpaq sahəsi ayrılmış Yadigar Qurbanov adlı şəxsin “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng vurulmasına baxmayaraq, həmin nömrənin abonenti tərəfindən Yadigar Qurbanov adlı şəxsin həmin ünvanda yaşamadığı və onun barəsində hər hansı bir məlumatın olmaması müəyyən olunmuş və məhz bu səbəbdən məhkəmə tərəfindən 522 saylı bağ sahəsinin sahibinin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi mümkün olmamışdır. “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri Qulam Bayramovun məhkəmədə verdiyi izahatdan o da məlum olmuşdur ki, mübahisə predmeti olan 511 saylı torpaq sahəsi mərhum Qulu Ağayevin ailə üzvlərinin istifadəsindədir və həmin torpaq sahəsi faktiki olaraq sxematik planda göstərilən yerdə yerləşir, yəni mərhum Qulu Ağayevin ailə üzvlərinin istifadə etdikləri torpaq sahəsi 522 saylı deyil 511 saylı torpaq sahəsidir. Məhkəmə qeyd edir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının mərhum ərinə ayrılmış 511 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır.
37. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, cavabdeh təşkilat hazırkı iddia tələbi üzrə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin 511 deyil 522 saylı torpaq sahəsi olması, 511 saylı torpaq sahəsinin Bakı-Quba magistral yoluna tərəf 20 metr məsafədə yerləşdiyi və buna görədə 511 saylı torpaq sahəsi üzrərində Qulu Ağayevin mülkiyyət hüquqlarını qeydə alınmasının mümkün olmaması ilə bağlı gətirdiyi arqument əsassızdır. İlk öncə nəzərə alınmalıdır ki, “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin tərtib etdiyi sxematik plana əsasən 511, 522 və 498 saylı torpaq sahələri bir-biri ilə yanaşı eyni ölçülü sahələrdir və həmin sahələr paralel şəkildə Bakı-Quba yolunun yaxınlığında yerləşir. Yəni cavabdeh təşkilatın məhkəməyə ünvanladığı 21 noyabr 2019-cu il tarixli **********24 saylı məktubda göstərdiyi arqument baxımından hazırkı mübahisəyə yanaşdıqda 511 saylı torpaq sahəsinin Bakı-Quba magistral yolundan 20 metr məsafədə yerləşdiyi tədqirdə digər qonşu sahələr olan 522 və 498 saylı torpaq sahələridə magistral yoldan 20 metr məsafədə yerləşməsi müəyyən olunur. Bundan başqa həmin sxematik plandan o da məlum olur ki, 511 saylı torpaq sahəsi 522 və 498 saylı torpaq sahələrinin aralarında yerləşir. Digər tərəfdə o da nəzərə alınmalıdır ki, 522 saylı torpaq sahəsi üzrə DƏDRX-də mülkiyyət hüquqları qeydə alınmadığı və koordinatları məlum olmadığı tədqirdə cavabdeh təşkilat tərəfindən mərhum Qulu Ağayevin ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsinin 511 deyil 522 saylı torpaq sahəsi olmasının hansı normalar əsasında müəyyən edildiyi aydın olunmur.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmır və qeyd edir ki, cavabdeh İdarənin imtinasının “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri baxımından əsassız olmasına dair məhkəmənin arqumenti qəbul edilə bilməz ona görə ki, qeyd edilən maddənin 15.1.1-ci bəndi məhz dövlət qeydiyyatı barədə müraciət olunan hüququn həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması onu özündə ehtiva edir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün istinad edilən qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, həmçinin torpaq sahəsinin planı və ölçüsünün əlavə olunması zəruridir ki, iddiaçının təqdim etdiyi sənədlərdə 511 saylı bağ sahəsi 522 və 498 saylı bağ sahələrinin ortasında yerləşsə də, məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdeh İdarə tərəfindən təqdim olunan kadastr xəritəsindən çıxarışdan açıq-aydın görünür ki, 511 saylı bağ sahəsi kimi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 522 saylı torpaq sahəsinin yerində olmaqla Bağçılıq cəmiyyətinin sxematik planına uyğun olaraq 522 saylı torpaq sahəsilə deyil, 535 saylı torpaq sahəsilə həmsərhəd olmudə yerləşir. Bu da öz növbəsində onu ehtiva edir ki, iddiaçı özünə məxsus 511 saylı bağ sahəsinin yerini deyil, 522 saylı bağ sahəsinin ərazisini qanuni əsaslar olmadan tutmuşdur.
39. Məhkəmə kollegiyasının iclası zamanı da 522 saylı bağ sahəsinin kimə məxsusluğunun müəyyən edilməsi məqsədilə edilən araşdırmalar zamanı “X7 Cəmiyyəti”nin sədri Qulam Bayramovun məhkəmədə verdiyi izahatatlarına əsasən 522 saylı torpaq sahəsi ayrılmış Yadigar Qurbanov adlı şəxsin Bağçılıq Cəmiyyətində olan ***- ***-**-** saylı telefon nömrəsindən başqa məlumatların olmaması səbəbindən həmin telefon nömrəsinin 2000-ci ildən hansı mənzildə quraşdırılmasının və bununla da 522 saylı bağ sahəsinin məxsus olduğu Yadigar Qurbanovun müəyyən edilməklə mübahisəli məsələyə aydınlıq gətirilməsi istiqamətində hərəkətlər edilsə də, Sumqayıt Telekommunikasiya Qovşağının 21.09.2021-ci il tarixli MXS-8/1543 saylı məktubu ilə müəyyən edilmişdir ki, 2000-ci ildə (018)654-11-48 saylı telefon olmamış, (018)654-11-48 saylı telefon ilk dəfə 06.05.2011-ci ildə "xxxx" MMC-nin istifadəsinə verilmiş, 01.03.2018-ci ildə həmin nömrə "xxxx" MMC-i tərəfindən qovşağa təhvil verilmiş, 10.04.2019-cu ildə isə həmin nömrə İnşaatçılar Qəsəbəsi, 5 saylı yataqxanada yaşayan A.A.Yəhyayevanın adına rəsmiləşdirilərək hazırda da həmin ünvanda işləyir.
40. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 32-33-cü bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən iddiaçının mübahisələndirdiyi bağ sahəsinə dair təqdim etdiyi sənədlərlə, bağ sahəsi kimi istifadə olunan faktiki torpaq sahəsinin uyğun olmaması səbəbindən həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni hesab edilməli, bu səbəbdən də, apelyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-42/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı «X5 İdarə Heyətinin 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən X8 Sumqayıt şəhəri, “Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması»na dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.