Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-517/2023 27.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “əlilliyə görə ödənilməmiş pensiyanın ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(118)-1247/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, iddiaçı ilk dəfə xx.xx.2014-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona “Polimielitin nəticələri. keçirilmiş polimielitin qalıqları sol tərəfli hemiparez” diaqnozu ilə ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixindən 5 il müddətinə xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 0530003AAHVQ nömrəli göndəriş verilmişdir. Həmin göndəriş əsasında iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı əlillik müddətinin bitdiyi 2021-ci ilin may ayından əlilliyinin bərpa edildiyi 2021ci ilin dekabr ayınadək olan dövr ərzində ona ödənilməli olan pensiya məbləğinin ödənilməsi ilə əlaqədar ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 13 sentyabr 2022-ci il tarixli, **********5 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçıya əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılmış, xx.xx.2021-ci il tarixdən əlilliyi və pensiyanın ödənişi bərpa edilmişdir. Qeyd olunan dövr ərzində əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əllik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyə ziddir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 2021-ci ilin may ayından dayandırılmış təqaüdün 2021-ci ilin dekabr ayından yenidən bərpa olunduğunu nəzərə alaraq, arada üzürlü səbəblərdən gecikdirilərək itirilmiş 7 aylıq ödənişin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya səhhətində olan xəstəliklər səbəbindən 2006-cı ildən üçüncü dərəcə, 2010-cu ildən isə ikinci dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Lakin, 2021-ci ilin may ayında əlilliyi müddəti bitdiyindən dayandırılmışdır. 2021-ci ilin noyabr ayında ona növbəsinin çatması və may ayında verilmiş göndərişin yenilənib müraciət edilməsi bildirilmişdir. Yeni göndəriş tərtib edilərək aidiyyəti orqana müraciət etdikdən sonra isə o, xəstəxanada müayinə və müalicələrinə davam etdirilmişdir. Bundan sonra TSEK-də müayinələrdən keçmiş, bu müddətdə gecikmələr olmuşdur. Hal-hazırda əlilliyi və bununla bağlı pensiyası 2021-ci ilin dekabr ayından təyin edilmişdir. Əlillik müddətinin bitdiyi 2021-ci ilin may ayından əlilliyinin bərpa edildiyi 2021-ci ilin dekabr ayınadək olan dövr ərzində ona ödənilməli olan pensiya məbləğinin ödənilməsi ilə əlaqədar ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək 20 may 2021-ci il tarixdən 29 dekabr 2021-ci il tarixədək ona əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(118)-1247/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, 20 may 2021-ci il tarixdən 29 dekabr 2021-ci il tarixədək iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək olan yeddi aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni, həmin dövr ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində onun ikinci əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin yeddi aylıq müddət ərzində iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İşin faktiki hallarına əsasən iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və xx.xx.2021-ci il tarixdə bərpa edilmişdir. İddiaçının əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (8 ay) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ona ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyə ziddir. İddiaçının əlillik statusu xx.xx.2021-ci il tarixdə təsdiqlənmiş, yəni əllilik müddətinin bitdiyi tarixdən (xx.xx.2021-ci il) əlilliyin bərpa olunduğu tarixədək (xx.xx.2021-ci il) o, əlillərə verilən hər hansı səlahiyyətə sahib olmamışdır. Yəni, əgər şəxs həmin dövrdə əlil sayılmırdısa, həmin dövrə münasibətdə pensiya ödənişinin edilməsi də hüquqaziddir. Lakin, qanunvericilikdə bu şəxslərə münasibətdə güzəşt nəzərdə tutulmuş və 6 aylıq müddət şəklində hədd qoyulmuşdur. Belə ki, həmin müddət ərzində əlillik bərpa edilərsə, o zaman əlilliyin bitdiyi müddətdən yenidən təyin olunduğu müddətədək olan pensiya ödənişinin məbləği vətəndaşa ödənilir. İddiaçının əlilliyi 8 aydan sonra bərpa edilmişdir, bu da 6 ayın keçdiyi anlamına gəlir. Bu baxımdan, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Lakin, birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddia təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının əlil olduğu dövrdə qüvvədə olan redaksiyası): Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırılan və tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçıya ilk dəfə 2014-cü ildən ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixindən 5 il müddətinə 2021-ci il tarixədək uzadılmış və buna müvafiq olaraq pensiya ödənişi həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bundan sonra, iddiaçıya xx.xx.2021-ci il tarixdən təkrar beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və pensiya ödənişinin həyata keçirilməsi bərpa edilmişdir. Hazırda iddiaçının tələbi və hüquqi marağı əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən əlilliyinin bərpa olunduğu xx.xx.2021-ci il tarixədək olan dövr, yəni 06 ay 28 günlük dövr üçün ödənilməmiş pensiyanın ödənilməsidir. Birinci instansiya məhkəməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsində göstərilən altı aylıq müddət ərzində əlilliyin təyin edilməməsinin iddiaçının təqsiri olmamasına istinadən iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əliliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018ci il tarixli, 213 nömrəli Fərmanına əsasən qanunun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, həmin maddədə “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur. Həmçinin, “Əlilliyin qiymətləndirilməsi qaydası” nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək şəxs əlilliyi olan şəxs hesab edilir. Bundan əlavə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna 24 iyul 2021-ci il tarixdən əlavə edilən 3.3-1-ci maddəyə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin yuxarıda qeyd olunan mübahisəsiz hallarından göründüyü kimi iddiaçıya təkrar əlillik onun bitdiyi tarixdən 6 aydan sonra - xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. İşə baxan məhkəmə 6 aylıq müddət ərzində əlilliyin təyin edilməməsinin iddiaçının təqsiri olmamasına istinadən ödənişin aparılmalı olması nəticəsinə gəlsə də, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan əlillik təyin edən qurumun qərarında göstərilən əlilliyin təyin tarixi ilə bağlıdır. Başqa sözlə, əlillik təyin edən qurumun qərarında qeyd olunan əlilliyin təyin tarixi cavabdehə pensiya ödənişinin hansı qaydada və hansı tarixdən həyata keçirilməli olması üçün əsasdır. Hazırda iddiaçı ona əlilliyin vaxtında təyin edilməməsində təqsirsiz olması halından çıxış edirsə, bu halda, ilk növbədə o, əlilliyin təyini ilə bağlı xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirməklə, həmin qərarla təyin edilmiş əlilliyin tarixinin dəyişdirilməsinə nail olduqdan sonra hazırkı iş üzrə cavabdehə qarşı əvvəlki dövr üçün pensiya ödənişinin həyata keçirilməsi ilə bağlı tələb irəli sürə bilər. Bundan əlavə, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 89-cü maddəsi Mülki Məcəllənin 1100-cü maddəsinə müvafiq olaraq əlilliyin gec təyin edilməsində təqsirli olan dövlət orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini də tələb edə bilər Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını araşdırmadan iddia tələbini təmin edərkən haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(118)-1247/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.