Məhkəmə qərarları › İş №2-1(105)-518/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-518/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-518/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “21.12.2018-ci il tarixli **********172370 saylı qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: iddianın müddətlə bağlı mümkünlüyü Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəsad Nəbi oğlunun katibliyi ilə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “21.12.2018-ci il tarixli **********172370 saylı qərarın ləğv edilməsi” tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2-1(118)-148/2021 saylı qərardadından iddiaçının vəkili və nümayəndəsi X1 verdiyi apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı "xxxx" MMC cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş **********735 saylı aktın etibarsız hesab edilməsi və onun nəticəsində hesablanmış 27517,42 manat vergi hesablanmasının, 15318,73 manat maliyyə sanksiyasının silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr vermiş və sonuncu ərizədə iddiaçı 21 dekabr 2018-ci il tarixli **********172370 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdehin nümayəndəsi X4 vəsatətlə məhkəməyə müraciət edərək iddia müddətinin ötürüldüyünü bildirərək iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh vəsatətini onunla əsaslandırmışdır ki, 21.12.2018-ci il tarixli **********172370 saylı qərar 24.12.2018-ci il tarixli məktubla iddiaçı müəssisənin dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla göndərilmiş və vergi ödəyicisi həmin məktubu 08.01.2019-cu ildə şəxsən qəbul etmiş və bunu poçt xəbərnaməsində öz imzası ilə təsdiq etmişdir. Bundan başqa mübahisələndirilən qərar 24.12.2018-ci il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və 03.01.2019-cu il tarixdə oxunmuşdur.

5. İddiaçıya mübahisələndirdiyi qərar 08.01.2019-cu il tarixdə şəxsən təqdim edilmiş, iddia ərizəsi isə 13 mart 2020-ci ildə məhkəməyə verilmişdir.

6. İddiaçının nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək iddia müddətinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi vəsatətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar bu günədək vergi ödəyicisi olaraq MMC-yə təqdim olunmamış, cavabdeh tərəfin istinad etdiyi poçt xəbərnaməsində və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatda sənədin nömrəsi **********992500 kimi qeyd edilsə də, mübahisələndirilən qərarın nömrəsi **********172370-dir. Prosessual müddət vergi ödəyicisinin təqsiri olmadan buraxıldığından iddia müddəti bərpa edilməlidir.

İddianın əsaslandırılması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin 3 saylı Ərazi İdarəsinin "xxxx" MMC-ə ünvanladığı 31.10.2019-cu il tarixli **********934400 saylı məktubda göstərilir ki, cəmiyyət 29.03.2015-ci il tarixdə vergi ödəyicisinin, onun filialının, nümayndəliyinin və ya digər təsərrüfat subyektinin fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən cəmiyyətin sahibkarlıq fəaliyyəti 01.04.2015-ci il tarixdən - 01.04.2020-ci il tarixədək dayandırılmışdır. Sonradan cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş 11.08.2018-ci il tarixli vergi ödəyicisinin onun filialının nümayəndəliyinin və digər təsərrüfat subyektlərinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatının bərpası haqqında arayışa əsasən cəmiyyətin sahibkarlıq fəaliyyəti 11.09.2018-ci ildən aktivləşmişdir. Son olaraq 25.09.2019-cu il tarixdən 24.09.2024-cü ilədək yenidən dayandırılmışdır. Hətta həmin dövrdən işıq pulu (yəni boş dayanma istisna olmaqla) ödənilməmişdir. "xxxx" MMC-nin fəaliyyəti ancaq 11.09.2018-25.04.2019-cu ilədək olmuşdur. Əvvəlki dövrdə fəaliyyət göstərmədiyi üçün akt əsasında əsassız vergi hesablanması və maliyyə sanksiyası tətbiq edilməsinə dair olan akt etibarsız hesab edilməli və onun nəticələri ləğv edilməlidir. Odur ki, 3 saylı Ərazi Vergilər İdarəsinin səyyar vergi yoxlamasına dair tərtib edlmiş **********735 saylı aktın etibarsız hesab edilməsinə və onun nəticəsində hesablanmış 27517.42 manat vergi hesablanmasını, 15318.73 manat maliyyə sankiyasının silinməsinə dair qərar qəbul edilməsini xahiş edilmiş, sonradan iddia tələbi dəqiqləşdirilərək tələb onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin 3 saylı Ərazi İdarəsi 16.08.2018-ci il tarixli **********160300 saylı qərarına əsasən "xxxx" MMC üzrə iyul 2015-ci ildən iyun 2018-ci il tarixədək növbədənkənar VM-nin 38.3.5, 38.3.6-cı maddələrinə əsasən (yəni məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlaması keçirməsi barədə müvafiq qərarına əsasən) müsadirəçilərin iştirakı olmadan səyyar vergi yoxlaması aparılmış, yoxlama 17.08.2018-ci il tarixdə başlamış, 30.10.2018-ci il tarixdə başa çatmışdır. 6 gün sonra, yəni 06.11.2018-ci il tarixdə akt tərtib edilmişdir. VM-nin 39.4-cü maddəsinə əsasən tərtib edilmiş akt 5 gündən gec olmayaraq vergi ödəyicisinə verilməlidir. Lakin VM-nin 39.4-cü maddəsinin tələbi pozularaq 03.12.2019-cu il tarixdə səyyar vergi yoxlaması aktının surəti cəmiyyətə göndərilməmişdir. Ərazi Vergilər İdarəsi isə həmin aktın 08.01.2019-cu il tarixdə vergi ödəyicisinin şəxsən qəbul etdiyini göstərir. 02.12.2012-ci il tarixli **********704400 saylı məktubla yoxlama aktının surətinin təqdim edilməsini göstərirlər. VN-nin 3 saylı Ərazi Vergilər İdarəsinin 31.10.2019-cu il tarixli **********0704400 saylı məktubundan görünür ki, "xxxx" MMC vergi orqanına təqdim etdiyi 29.03.2015-ci il tarixli arayışına əsasən 01.04.2015-ci ildən 01.04.2020-ci il tarixədək fəaliyyəti dayandırılmışdır, yəni göstərilən dövrdə qum-çınqıl istehsalı və satışı ilə məşğul olmamışdır. Həmçinin istehsalın həcmi, satış, işçilərin əmək tutumu qanuni əsasla müəyyən edilməmişdir. Bunlar "xxxx"ASC tərəfindən təqdim olunmuş **********0 saylı abunə haqqında məlumatlarda təsdiq olunmuşdur. VN-nin 3 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" MMC-nə ünvanladığı 31.10.2019-cu il tarixli **********0704400 saylı məktubda göstərilir ki, cəmiyyət 29.03.2019-cu il tarixdə vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektiin fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən cəmiyyətin sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən cəmiyyətin sahibkarlıq fəaliyyəti 01.04.2015-ci il tarixdən 01.04.2020-ci il tarixədək dayandırılmışdır. Sonradan cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş 11.08.2018-ci il tarixli vergi ödəyicisinin onun filialının nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatın bərpası haqqında arayışa əsasən cəmiyyətin sahibkarlıq fəaliyyəti 11.09.2018-ci ildə aktivləşmişdir. Son olaraq 25.09.2019-cu il tarixdən 24.09.2024-cü il tarixədək yenidən dayandırılmışdır. Hətta həmin dövrdən işləməyən qum-çınqıl karxanasının işıq pulu (yəni boş dayanma istisna olmaqla) ödənilmişdir. "xxxx" MMC ancaq 11.09.2018-ci ildən 25.04.2019-cu ilədək fəaliyyətdə olmuşdur. Əvvəlki dövrdə fəaliyyət göstərmədiyi halda akt əsasında, əsassız vergi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin bank əməliyyatının, işçi olub-olmaması, işçilərə əmək haqqı hesablanması müəyyən edilməmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə fəaliyyəti dayandırılmış qum-çınqıl karxanasında, istehsal, satış olmaması, işçi çalışmaması nəzərə alınmamış və "xxxx" MMC tərəfindən ayrılmş mütəxəssisisin fərziyəsi əsasında guya istehsalda çalışan işçilərin əmək tutumu 27500 manat təşkil etmişdir. Bununla da "xxxx" MMC tərəfindən VM-nin 44,45 maddələri aşkar pozulmuşdur. Belə ki, aktın 3-cü səhifəsində 1.9.3 bəndində vergi ödəyicisçinin təsərrüfat subyektinə (obyektinə) baxış keçirildiyi qeyd edilmiş, baxış zamanı vergi ödəyicisinə məxsus obyektin fəaliyyət göstərmədiyi, mal qalığının olmadığı müəyyən edilmişdir. Baxışın keçirilməsi 08.09.2018-ci il tarixli **********162768 saylı protokolla rəsmiləşdirilmişdir. Eyni zamanda aktın 11-ci səhifəsində, «Mədən vergisi» bölməsində qeyd edlmişdir ki, vergi ödəyicisi çınqıl, otsep və qum istehsalı ilə məşğul olduğuna görə yerli (bələdiyyə) vergisinin (yerli əhəmiyyətli tikinti msaterialları üzrə mədən vergisinin) ödəyicisidir. Quba rayonu, Vəlvələ bələdiyyəsindən 3 saylı ƏVİ-nə daxil olmuş 06.09.2018-ci il tarixli **********709400 saylı məktubla bildirilmişdir ki, 01.07.2015-ci il tarixdən 01.07.2018-ci il tarixədək vergi ödəyicisi "xxxx" MMC tərəfindən mədən vergisi bəyannaməsi təqdim edilməmiş və yerli büdcəyə heç bir vergi ödənişi aparılmamışdır. Qum-çınqıl hasilatı üzrə mədən vergisi bəyənnamələrinin yoxlanılması yerli bələdiyyələrin səlahiyyətindədir. Bununla yanaşı, mütəxəssis rəyinin 6-cı bölməsində qeyd edilmişdir ki, müstəqil tədqiqatın məqsədlərinə çatmaq üçün qiymətləndirici ekspert 27.08.2018-ci il tarixdə müəssisəsinin yerləşdiyi ünvana yollanmışdır. Mütəxəssis karyerə baxış keçirərkən istehsal prosesi ilə yaxından tanış olmaq istəsə də bu baş tutmamışdır. Baş tutmamasının səbəbi qum-çınqıl karyerinin həmin anda işləməməsi olmuşdur. Aparılan araşdırma zamanı qiymətləndirici enerji sərfiyyatı göstəricilərini əsas götürərək ümumi elektrik enerjisi sərfiyyatına əsasən istehsal həcmini müəyyən etmişdir (Enerji sərfiyyatı məlumatı və əmək tutumunun hesablanması haqqında mənbələr rəydə öz əksini tapmışdır). Eyni zamanda rəyin 2-ci bölməsinin 3-cü bəndində qeyd edilmişdir ki, hesabatda foto görüntülərinin əks etdirilməsinə səbəb qum-çınqıl karyeri haqqında kifayət qədər geniş təsəvvür yaratmaq olmuşdur. Karyerə baxış zamanı çəkilmiş fotoşəkillər mütəxəssis hesabatına əlavə edlmişdir. Beləliklə, "xxxx"MMC tərəfindən fəaliyyət göstərməməsinə (01.04.2015-ci ildən 01.04.2020-ci il tarixədək) dair vergi orqanına təqdim olunmuş arayışa, Quba rayonu, Vəlvələ bələdiyyəsinin vergi orqanına təqdim etdiyi məktuba, "xxxx"MMC-nin hesabatında baxış zamanı karyerin fəaliyyət göstərməməsi barədə qeydlərinə, eyni zamanda hesabata əlavə olunmuş fotoşəkillərə əsasən həqiqətən də 01.04.2015-ci il tarixdən 01.07.2018-ci il tarixədək "xxxx" MMC həmin karyerdə fəaliyyətini dayandırmışdır. Belə ki, fotoşəkillərdən də göründüyü kimi, həmin ərazidə qum-çınqılın çıxarıldığı yer öz əksini tapmır və ərazidə hər hansı bir qazıntı işlərinin aparıldığı yer görünmür. Qeyd olunanlara əsaslanararaq yalnız mənbəyi bəlli olmayan (mütəxəssis hesabatında göstərilməmişdir) enerji sərfiyyatına əsasən istehsalın həcminin müəyyənləşdirilməsini əsassız hesab etmişlər. VM-nin 89.1-ci maddəsində göstərilir ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmş vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həimçinin faizlərin və tətbiq elmiş maliyyə sanksiyasınını 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Baxmayaraq ki, vergi ödəyicisinə belə bildiriş göndərilməmişdir. 16.09.2019-cu il tarixdə vergi ödəyicisinin əmlakı siyahıya alınmasına dair **********14 nömrəli protokol tərtib etmiş və həmin protokolda vergi ödəyicisinin əmlakı (aktivi) 1 ədəd daş doğrayanın qiyməti 25000 manat, 1 ədəd daş qıranın qiyməti isə 35000 manat göstərilmişdir. Həmin əmlakların qiyməti isə vergi ödəyicisinin Z.Namazovun şifahi məlumatı əsasında, yəni heç bir rəsmi sənədə və qiymətləndirməyə istinad olmadan göstərilmişdir. 07.10.2019-cu il tarixli aktla həmin əmlak saxlanılması üçün Z.Namazova təhvil verilir. VM-nin 89.7-ci maddəsində göstərilir ki, əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keirilir. Həmin Məcəllənin 89.8-ci maddəsində göstərilir ki, əmlakın siyahıya alnması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəsislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Həmçinin həmin şəxslərə hüquq və vəzifələri izah edilir. Baxmayaraq ki, bu da edilməmişdir. Vergi orqanının rəhbəri qərarı da vergi ödəyicisinə təqdim etməmişdir. "xxxx"MMC-nin qanuni təmsilçisi Z.Namazovun ünvan ünvanladığı məktubdan görünür ki, siyahıya alınmış daş doğrayanın və daş qıranın ilkin sənədləri olmadığı üçün qiymətləndirmə təqdim edə bilmir. Belə olan halda əsas vəsait olan əmlakın (aktivlər) qiymətinin müəyyən edilməsi üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs mütəxəssis (ekspert) qismində dəvət edilib rəy alınmalı idi. İPM-nin 54.1-ci maddəsində göstərilir ki, inzibati məhkəmə icraatının başqa işttirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Odur ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 21.12.2018-ci il tarixli **********172370 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edlməsini xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

9. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il № 2-1(118)-148/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Ş.Kərimovun iddia müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməyərək, iddiaçı "xxxx" MMC-nin cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 21.12.2018-ci il tarixli **********172370 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

10. Qərardaddan narazı qalan iddiaçı "xxxx" MMC-nin vəkili X3 apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-148/2021 saylı qərardadının tamamilə ləğv edilməklə iddia müddətinin bərpa edilməsinə dair vəsatətini və "xxxx" MMC-nin cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 21.12.2018-ci il tarixli **********172370 saylı qərarın ləğv edilməsi tələbinə dair iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

11. İddiaçı "xxxx" MMC-nin apelyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunun tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qərardad maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatda sənədin nömrəsi və alınma tarixi 29.04.2020-ci il göstərilmişdir. Həmin hesabatda 2018-ci ildə tərtib olunmuş **********992500 nömrəli sənəd (qərar) göstərilmişdir. Poçt şöbəsi vasitəsi ilə göndərişin verilmə tarixi barədə zərfin üzərində məktubun şəxsən kim tərəfindən alınması da göstərilmişdir. Bütün bunlara baxmayaraq hazırda mübahisləndirilən sənədin nömrəsi **********172370-dir. Mübahisə predmeti vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqındakı qərardan gedir. Göstərilən qərardad bu günədək vergi ödəyicisinə təqdim edilməmişdir. Prosessual müddət proses iştirakçısının təqsiri olmadığından buraxıldığından prosessual müddətin bərpa olunması haqqında qərardad qəbul edilməsinə dair vəsatət verilmişdir. Məhkəmə iddiaçınını nümayndəsinin göndərilən sənədlərin nömrəsinin mübahisələndirilən qərarın nömrəsi ilə uyğun gəlməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, təqdim olunan sənədlər arasında «**********992500» nömrəli sənəd yoxdur və göndərilən sənədlərin reyestrində həmin nömrə səhv olaraq göstərilə bilərdi. Mübahisələndirilən qərardan 3 gün sonra hər hansı başqa sənədin iddiaçıya göndərilməsi ağlabatan deyildir. Bununla bağlı məhkəmə iddiaçının nümayəndəsinin həmin dəlilini normal hesab etmişdir. Məhkəmə qənaətə gəlmişdir ki, guya vergi orqanı mübahisələndirilən inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə təqdim etmiş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı isə üzürlü səbəb olduğundan iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddiaçının apelyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildlirmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin 21.12.2019-cu il tarixli **********172370 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görəməsuliyətə cəlb edilməsi haqqında» Qərarı 24.12.2018-ci il tarixli **********992500 nömrəli məktubla iddiaçı müəssisənin dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edldiyinə dair bildiriş yazılan sifarişli məktubla göndərilmişdir. Vergi ödəyicisi həmin məktbu 08.01.2019-cu il tarixində şəxsən qəbul etmiş və bunu poçt göndərişinin verilməsi barədə xəbərnamədə öz imzası ilə təsdiq etmişdir (poçt qəbzi əlavə olunmuşdur). Həmçinin, qərar 24.12.2018-ci il tarixirndə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və həmin qərar ilə 03.01.2019-cu il tarixində tanış olmuşdur. İddiaçıya iddia ərizəsində mübahisələndirilən qərarı 08.01.2019-cu il tarixində təqdim olunmuşdur. Bununla da iddiaçı "xxxx" MMC-nin apelyasiya şikayətinin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş edirlər. c) məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Ə.K.Əsədov izahatında iddiaçının apellyasiya şikayətinə etirazda göstərilən xüsusatları təsdiq etdiyini bildirərək apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

17. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

18. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

19. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

20. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

25. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

26. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

27. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

28. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

29. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

30. Azərbaycan Respiblikası Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hazırkı qərarın 16-18 və 22-24-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia tələbi 21 dekabr 2018-ci il tarixli **********172370 saylı qərarın ləğv edilməsi barədədir. Məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, vergi orqanı mübahisələndirilən inzibati aktı elektron qaydada vergi ödəyicisinə 24.12.2018-ci il tarixdə göndərmiş və həmin qərar 03.01.2019-cu il tarixdə oxunmuşdur. Eyni zamanda həmin qərar vergi ödəyicisi tərəfindən oxunmasa belə, yuxarıda göstərilən qanunun tələbinə uyğun olaraq təqdim edilmiş hesab edilir. Bundan başqa vergi orqanı həmin qərarı poçt vasitəsi ilə göndərərək bu barədə poçt xəbərnaməsini təqdim etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin göndərilən sənədlərin nömrəsinin mübahisələndirilən qərarın nömrəsi ilə uyğun gəlməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, təqdim olunan sənədlər arasında “**********992500” nömrəli sənəd yoxdur və göndərilən sənədlərin reyestrində həmin nömrə səhv olaraq göstərilə bilərdi. Mübahisələndirilən qərardan 3 gün sonra hər hansı başqa sənədin iddiaçıya göndərilməsi ağlabatan deyildir. Bununla bağlı məhkəmə iddiaçının nümayəndəsinin həmin dəlilini formal hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, vergi orqanı mübahisələndirilən inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə təqdim etmiş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı isə üzürlü səbəb olmadan iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərardadın 19-21ci bəndlərində istinad edilən müddəaların tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması və müddətlərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Mübahisələndirmə iddia növü ilə iddiaçı onun hüquq və vəzifələrinə müdaxilə edən inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv və ya dəyişdirilməsini xahiş edir. Mübahisələndirilən inzibati akt maraqlı şəxsə təqdim olunmasından qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir.

34. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin hazırkı qərardadın 11-ci bəndində əksini tapan apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz, ona görə ki, iddiaçı tərəf istinad etdiyi **********992500 nömrəli məktubla göndərilən sənədi məhkəmələrə təqdim etməmiş, bununla da şikayətinin həmin dəlilinin əsaslı olmasını sübut edə bilməmişdir. Cavabdeh tərəfin isə məhkəməyə təqdim etdiyi vergi ödəyicilərilə yazışmalar barədə hesabatından göründüyü kimi 24.12.2018-ci il tarixdə iddiaçı MMC-yə ünvanlanmış **********992500 nömrəli sənəd iddiaçının elektron poçtunda 03.01.2019-cu ildə saat 17:24-də oxunmuşdur (i.v.154).

35. Vergi hasabatlarının elektron sənəd formasında göndərilməsi haqqında 14.02.2008-ci il tarixli müqavilənən də təsdiq edilir ki, vergi orqanı ilə MMC arasında elektron sənəd mübadiləsi 2008-ci ildən həyata keçirilir. Cavabdeh İdarənin iddiaçı MMCyə qarşı 06.11.2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə “siyahıya alınmış əmlakın açıq hərracda satılması haqqında” ərizəsinin də Vergi İdarəsi tərəfindən "xxxx" MMC-yə elektron poçt qutusuna göndərilməsi və MMC tərəfindən uzun müddət keçdikdən sonra, yəni 06.11.2019-ci il tarixdə iddiaçı MMC-yə ünvanlanmış **********232000 nömrəli sənəd iddiaçının elektron poçtunda 02.12.2019-cu ildə saat 17:13-də oxunması özüözlüyündə "xxxx" MMC-də elektron poçt qutusuna vaxtlı-vaxtında baxış aparılmaqla müvafiq tədbirlərin görülməməsinin şərhə ehtiyacı olmayan təzahürüdür. Bu qənaətə gəlinməsi məhkəmə kollegiyasına həm də o hal əsas verir ki, hazırkı mübahisə ilə əlaqədar apelyasiya şikayəti vermiş "xxxx" MMC-nin nümayəndəsi və direktoru iki dəfə teleqram göndərərək birinci halda başqa məhkəmədə işlərinin olması səbəbindən, ikinci halda isə nümayəndənin xəstələnməsi ilə əlaqədar işin baxılmasının təxirə salınmasını xahiş etmişlər, üçüncü dəfə 21.10.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə xəbərnaməli poçt göndərişilə, eləcə də telefon vasitəsilə MMC-nin təsisçisi Z.Namazova bildirilmiş olsa da, yenə də üzürlü səbəblər olmadan MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməyərək şikayətlərinin əsaslı olmasına dair sübutlarını təqdim etməmişlər.

36. Yuxarıda qeyd edilən hallar, eləcə də hazırkı qərardadın 29-30-cu bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının göndərilən sənədlərin nömrəsinin mübahisələndirilən qərarın nömrəsi ilə uyğun gəlməməsi barədə dəlili qəbul edilmir ona görə ki, təqdim olunan sənədlər arasında “**********992500” nömrəli sənəd yoxdur və göndərilən sənədlərin reyestrində həmin nömrə səhv olaraq göstərilə bilərdi. Mübahisələndirilən qərardan 3 gün sonra hər hansı başqa bir sənədin iddiaçıya göndərilməsi ağlabatan deyildir, bu həmdə onunla təsdiq edilir ki, iddiaçı başqa sənəd dediyi “**********992500” saylı sənədi məhkəməyə təqdim etmir. Bununla bağlı iddiaçının apelyasiya şikayətinin həmin dəlili formal hesab edilir. Vergi orqanı mübahisələndirilən inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə təqdim etmiş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, iddiaçı isə üzürlü səbəb olmadan iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda sadalanan hallarına əsasən birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı mübahisələndirdiyi qərardan qanunla müəyyən edilmiş vaxt ərzində iddia qaldırmamış, buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar üzrlü səbəblərə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfin apelyasiya şikayəti təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-148/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar