Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-518/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi, borc üzrə tutulmuş məbləğlərin geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı “cavabdehin 3-17-1/3-3-7796/2023 №-li, xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, ondan ümumilikdə 30324.58 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi, eləcə də ondan həmin borc üzrə tutulmuş məbləğlərin ona geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-884/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954cu il təvəllüdlüdür. Cavabdeh tərəfində İddiaçı barəsində 3-17-1/3-3-7796/2023 №-li, xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul etmişdir. Cavabdehin imtina məktubundan görünür ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 34 il 2 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək onun İş stajına uyğun olaraq, "Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 40,15 manat (34,01 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-cİ il tarixinə indeksləşdirilib 65,76 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı İşlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9695,52 manat sığorta kapitalına uyğun 67,33 (9695,52:144) manat və 75 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci İl tarixinə 218,08 (65,76+67,33+85,00) manat (indeksləşdirilərək və sonrakı yenidən hesablamalar nəzərə alınmaqla xx.xx.2023-cü İl tarixinədək 1317, 49 manat) məbləğində əmək pensiyası müəyyən edilib."Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 30324,58 manat artıq pul vəsaiti ödənilib Həmin artıq ödənilmiş 30324,58 manat pul vəsaitinin 264,28 manat hissəsi cari ilin aprel və may aylarında tutularaq büdcəyə bərpa edilmiş, qalan 30060,30 manat hissəsinin isə cari aydan etibarən hissə-hissə hər ay (131,74 manat) əmək pensiyasından tutulur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “iddiaçıya 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək 57 yaşdan təyin edilməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsi, iddiaçıdan ümumilikdə 30324.58 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi, eləcə də iddiaçıdan həmin borc üzrə tutulmuş məbləğlərin ona geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin 3-17-1/3-3-7796/2023 №-li, xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, iddiaçıdan ümumilikdə 30324.58 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi, eləcə də iddiaçıdan həmin borc üzrə tutulmuş məbləğlərin ona geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1954-cü ildə doğulmuşdur. xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilə qədər orta ixtisas təhsili almış, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilə qədər Bakı Metropoliten İdarəsində elektrik maşinistinin köməkçisi vəzifəsində işləmişdir. May 1974-cü ildən İyun 1976-cı ilə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.2020-ci ilə qədər "xxxx" QSC də maşinist vəzifəsində işləmişdir. xx.xx.1997-ci ilə qədər 25 ildən çox ümumi, 12 il 6 aydan çox isə zərərli iş stajı mövcud olmuşdur. 55 yaşının tamam olduğu tarixdən yəni xx.xx.2009-cu il tarixdən DMF orqanı tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdıma zamanı ona 55 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmalı olduğu müəyyən edilmişdir. Bu əsasdan cavabdeh inzibati orqan ona 55 yaşdan təyin edilmiş əmək pensiyasını dayandırmış və onun təyinat tarixini 57 yaşa dəyişdirməklə pensiya ödənişini həyata keçirməyə başlamışdır. Bundan başqa cavabdeh orqan hesab etmişdir ki, ona düzgün təyin olunmayan pensiya nəticəsində ümumilikdə 30324.58 manat artıq pensiya məbləği hesablanmışdır. Həmin artıq ödənilmiş məbləğ hal-hazırda onun əmək pensiyasında hissəhissə hər ay 131.74 manat olmaqla tutulmaqdadır. Cavabdeh orqanın onun pensiya təyin olunma yaşının 55-dən 57-ə və eləcə də pensiyanın hesablanması qaydasını dəyişdirməkdə ifadə olunan hərəkətləri əsassız və qanunsuzdur. Belə ki, ilk növbədə cavabdeh orqan ona məxsus pensiya işində hər hansı bir nöqsana yol verildiyini iddia edirsə bu zaman “İnzibati icraat haqqında” AR Qanununun müvafiq maddələrinə uyğun olaraq inzibati icraatın başlanması barədə qərar qəbul etməli maraqlı şəxs kimi onu həmin icraata cəlb etməli və müvafiq izahatın alınmasını təşkil etməli və yekunda inzibati icraaatın sonlandırılması ilə əlaqədar inzibati akt formasında qərar qəbul etməli idi. Həmçinin qəbul edilmiş qərar barəsində onu məlumatlandırılmalı idi. Lakin bütün sadaladığımız bu prosedur qaydaların heç birinə cavabdeh orqan tərəfindən riayət edilməmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8, “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “B” bəndinə əsasən hər bir şəxs xx.xx.1997- ci ilə qədər 25 il ümumi 12 il 6 ay zərərli iş stajını topladıqda onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ mövcuddur. Bu zaman vətəndaşın 55 yaşının hansı tarixdən tamam olmasının bir önəmi yoxdur. Qeyd edilən qanunun məzmununa əsasən əsas iki vacib şərt mövcud olmalıdır. 1. Ümumi iş stajı, 2. Zərərli iş stajı. Hər iki şərtə hazırkı mübahisə üzrə əməl edilmişdir. Bu mövqe ilə bağlı mövcud məhkəmə praktikasında minlərlə məhkəmə aktları mövcuddur. Cavabdeh orqan isə heç bir hüquqi əsasa söykənməyən yeni inzibati praktika yaratmağa cəhd edir. Bu hal isə onun qanunla qorunan hüquq və maraqlarının əhəmiyyətli şəkildə pozulmasına gətirb çıxarır. Eyni zamanda onun pensiyasından artıq ödənilmiş məbləğlərin tutulması da qanunsuzdur. Belə ki, qeyd olunan Qanunun 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki variantı qeyd edilmişdir. 1 pensiyaçının razılığı, 2 məhkəmə qərarı. Göründüyü kimi hazırkı mübahisə üzrə hər iki hal mövcud deyildir. Bu əsasdan cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 34 il 2 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək onun İş stajına uyğun olaraq, "Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 40,15 manat (34,01 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-cİ il tarixinə indeksləşdirilib 65,76 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı İşlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9695,52 manat sığorta kapitalına uyğun 67,33 (9695,52:144) manat və 75 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci İl tarixinə 218,08 (65,76+67,33+85,00) manat (indeksləşdirilərək və sonrakı yenidən hesablamalar nəzərə alınmaqla xx.xx.2023-cü İl tarixinədək 1317, 49 manat) məbləğində əmək pensiyası müəyyən edilib."Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 30324,58 manat artıq pul vəsaiti ödənilib Həmin artıq ödənilmiş 30324,58 manat pul vəsaitinin 264,28 manat hissəsi cari ilin aprel və may aylarında tutularaq büdcəyə bərpa edilmiş, qalan 30060,30 manat hissəsinin isə cari aydan etibarən hissə-hissə hər ay (131,74 manat) əmək pensiyasından tutulur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-884/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- 17-1/3-3-7796/2023 №-li, xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, iddiaçıdan ümumilikdə 30324.58 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi, eləcə də iddiaçıdan həmin borc üzrə tutulmuş məbləğlərin ona geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. 3-17-1/3-3-7796/2023 №-li, xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qanunsuz və əlverişsiz inzibati akt olmaqla ləğv edilməlidir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunvericiliyin tələbindən görünür ki, artıq ödənilmiş pensiya məbləğinin qaytarılması üçün pensiyaçının razılığı olmalıdır, əks halda məhkəmə qaydasında tutulur. Lakin iddiaçı tərəfindən belə bir razılığın verilməsinə dair sübut müəyyən olunmur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respiblikası Qanunun (qüvvədən düşmüşdür): Maddə 13.Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, artıq ödəmə ilə bağlı pensiya məbləğindən tutulma aparılmasına dair hərəkətlərin qanunsuz hesab edilməklə, borc məbləğinin silinməsi və tutulmuş məbləğin ona geri qaytarılmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən pensiya kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq, təyin edilmiş, nəticədə 30324,58 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, 264,28 manat hissəsi cari ilin aprel və may aylarında tutularaq büdcəyə bərpa edilmiş, cari ilin iyun ayından başlayaraq hissəhissə hər ay 131,74 manat əmək pensiyasından tutularaq, büdcəyə bərpa edilir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1954-cu il təvəllüdlü olmaqla, ona 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan 1 avqust 1997-ci il tarixə iddiaçının 25 il ümumi iş stajına və 12 il 6 ay güzəştli iş stajına malik olduğunu qəbul etməklə, həmin halı mübahisələndirməmiş, mübahisələndirdiyi hal yalnız yaşla bağlı şərtə aid olan hal olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi zamanı yalnışlığa yol verilməsi halına istinad edərək, əmək pensiyası məbləğini yenidən hesbalayaraq, iddiaçıya artıq pensiya ödənişlərinin ödənilməsini müəyyən edərək, iddiaçıya ödənilən pensiya məbləğindən tutulmaları həyata keçirir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən bu qənatə iddiaçı barəsində güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı inzibati icraatı təzələməklə, inzibati icraat aparılmaqla gəlinməmişdir. Halbuki, yuxarıda istinad edilən inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati aktın dəyişdirilməsi üçün əsaslar müəyyən etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin dispozitiv şərtlərinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İndiki halda iş materiallarından görünür ki, artıq ödənilmiş pensiya məbləğinin iddiaçının əmək pensiyası məbləğindən tutulması onun razılığı əsasında həyata keçirilməmiş, bu barədə iddiaçının razılığı olması halı müəyyən edilməmişdir. Bundan əlavə, hazırki iş üzrə qeyd edilən halla bağlı cavabdeh inzibati orqan tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət etməsi və bu barədə məhkəmə qərarının olması halı da aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan onun əmək pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulması qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri ilə uzalaşmamaqla, qanunvericiliyin tələbinə zidd omuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin norma və prinsiplərinin tələbləri ətraflı qeyd edilməklə, həmin hallara istinad edilməklə cavabdeh inzibati orqanın əmək pensiyasının yenindən hesbalanması ilə bağlı hərəkətlərinin qanunazidd olmasının qeyd edilməsi əsaslı olmuşdur. Bundan əlavə, məhkəmə kolegiyası onu qeyd edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı qəbul etdiyi qərarın və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması halının da araşdırılması zəruridir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasının qanuni əsası qismində məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndi çıxış etmişdir. Qeyd olunan Qanunun 9.8-ci maddəsinin dispoztiv şərtlərindən görünür ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Göründüyü kimi, həmin şəxslərə münasibətdə həm yaşa, həm də staja aid tələblər məhz əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə tətbiq edilir. Həmçinin, digər qeyd edilən Qanunun 13-cü maddəsinin b bəndinə əsasən 55 yaşına çatmış kişilər 25 il ümumi və 12 il 6 ay güzəştli iş satjına malik olduqda, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yaranır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İşin mübahisəsiz hallarından görünür ki, 1 avqust 1997-ci il tarixə kimi iddiaçı 25 il ümumi iş stajına, 12 il 6 ay güzəştli iş stajına malik olmuşdur. Həmçinin, qeyd edilən qanunvericilik normalarının təhlilindən görünür ki, 1 avqust 1997-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tələbinə əsasən pensiya hüququnun yaranması üçün yaşa dair tələb olunan şərt 55 yaşın tamam olması ilə bağlı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesba edir ki, iddiaçıya münasibətdə 55 yaşının tamam olduğu vaxtda qanunla tələb olunan yaş şərti ilə yanaşı, digər şərtlər (ümumi və güzəştli iş stajına dair) də ödənildiyindən, həmin yaşda güzəştli şərtlərlə pensiya hüququ yarandığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 55 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlər pensiya hüququnun təyin edilməsi qanuni və əsaslı olmuşdur. Nəticə etibarilə indiki halda cavabdeh inzibati orqan iddiaçının yaşa görə pensiya hüququnun 55 yaşda deyil, 57 yaşının tamam olduğu vaxtda yaranması halına istinad edərək, əmək pensiyasını yenidən hesablamaqla, artıq ödəmə məbləğini müəyyən etməsi və tutulma aparması qanunvericiliyin tələbinə zidd olmuşdur. Başqa sözlə desək, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin yenidən hesbalanmasına dair qərarı və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanunazidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-884/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-518/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-518/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver