Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-518/2025 27.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “X5 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə İcbari Tibbi Sığorta Fonduna 9363.92 manat borcuna görə 10.000 manat dəyərində siyahıya alınmış əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2-1(118)-1341/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Cavabdeh hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınaraq adına ********** VÖEN verilmişdir. İş materiallarına əlavə edilmiş əmlakın siyahıya alınması haqqında xx.xx.2024-ci il tarixli qərarın surətindən görünür ki, “X5 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının siyahıya alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli, **********3 nömrəli protokolun surətindən görünür ki, 10.000 manat dəyərində “İsuzu” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə İcbari Tibbi Sığorta Fonduna 9363.92 manat borcuna görə 10.000 manat dəyərində siyahıya alınmış əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vergi ödəyicisi “X5 LTD” MMC” Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə cavabdehə bildirişlər verilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliyin yerinə yetirilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli qərarlar çıxarılmışdır. Qərarlar əsasında cavabdehin xx.xx.2024-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 9363.92 manat borcuna görə 10000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024-cü il tarixli **********3 saylı protokol tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı protokollara əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləği ödənilmədiyi halda siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 9363.92 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2-1(118)-1341/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş və “X5 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə İcbari Tibbi Sığorta Fonduna 9363.92 manat borcuna görə 10000 manat dəyərində siyahıya alınmış əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması və satışdan əldə edilən vəsait hesabına borc çıxıldıqdan sonra yerdə qalan vəsaitin “X5 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması qərara alınmışdır. (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2024cü il tarixə qeyd olunan borc məbləğindən ödənilməmiş 10.000 manat məbləğində borc ödənilmədiyi üçün 14 mart 2024-ci il tarixli protokol əsasında siyahıya alınmış cavabdeh “X5 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlakın satılması ilə əlaqədar verilmiş iddia tələbi həmin əmlakın satılması hissəsində əsaslıdır. Vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılmalıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən sübutları tam araşdırmamışdır. Belə ki, müəssisənin İcbari Tibbi Sığorta Fonduna borcu tam ödənilmiş, buna baxmayaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən əsassız iddia qaldırılmışdır. Eyni zamanda siyahıya alınmış əmlak 2003-cü ildən LPO “Bank Standart” KB-yə ipoteka ilə yüklü olduğu nəzərə alınmamışdır. Ona görə də mübahisənin ədalətli həlli üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirlib hüquqi qiymət verilməlidir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin ("xxxx" ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi izahatında bildirdi ki, siyahıya alınmış əmlak cavabdehlə "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviəsi əsasında ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə borcun tutulmasına dair məhkəmə qətnaməsi vardır, lakin hələ icra edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:nağd pul vəsaitləri;bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir.Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir. 89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. ..... Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydaları: 6.10. siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün aşağıdakı məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir: ... 6.10.5. Vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanin mümkünlüyü, apellyasiya baxişinin hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qəradadı ilə "xxxx" ASC-nin ("xxxx" ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki iş üzrə iddia tələbi vergi ödəyicisi qismində çıxış edən cavabdehin vergi borcunun ödənilməməsi ilə əlaqədar ona məxsus olan müvafiq əmlakın satılması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilir ki, vergi orqanı cavabdehin barəsində əmlakın siyahıya alınması barədə qərar qəbul etmiş və qeyd edilən qərarın qəbul edilməsi əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti aşağıdakı dəlillərdən ibarətdir : 1) Vergi borcunun tam ödənilməsi 2) Əmlakın ipoteka ilə yüklü olmasının araşdırılmaması Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibət bildirirərək qeyd edir ki, məhkəmənin sorğusuna əsasən cavabdehin xx.xx.2025-ci il tarixə icbari tibbi sığorta üzrə 26628,83 manat (o cümlədən 20358,81 manat əsas, 6270,02 manat faiz borcu) borc məbləğinin mövcud olması müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2-1(102)-1617/2024 nömrəli qərarı ilə əmlakın siyahıya alınması barədə tələblərlə əlaqəli yeni məhkəmə təcrübəsi formalaşdırılmışdır. “...Belə ki, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Nəzərə almaq lazımdır ki, siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qayda və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, vergi orqanı tərəfindən belə iddia verilənədək siyahıya alınma barədə qərar qəbul edilməli, həmin qərarın qəbul edilməsindən 30 gün keçməsinə baxmayaraq büdcə qarşısında olan öhdəlik yenə də yerinə yetirilməmiş olmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarının 6.10.5-ci bəndinə əsasən, 6.10 və 6.10.1-ci bəndlərinə əsasən siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Qaydaların 6.19-cu bəndinə görə daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir”. Məhkəmə kollegiyası cavabdehin ikinci dəlilinə münasibətdə qeyd edir ki, əmlakın ipoteka ilə yüklü olub-olmaması halının araşdırılması ilə bağlı verilmiş sorğu əsasında "xxxx" ASC ilə “X5 LTD” MMC arasında 2010-cu ildə ipoteka və kredit müqavilələrinin bağlandığı, 10 ədəd nəqliyyat vasitəsinin, o cümlədən hazırda mübahisə predmeti olan “İsuzu” markalı **-AC-*** nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi müəyyən edilmişdir. Daha sonra "xxxx" ASC “X5 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 35599 ABŞ dolları əsas borcun, 3182 ABŞ dolları faiz borcun, 5776 ABŞ dolları artırılmış faiz borcunun, ümumi olaraq 44559 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinin tutulmasına dair iddia qaldırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-407/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən “X5 LTD” MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2010cu il tarixli K-4736 saylı kredit müqaviləsi üzrə 35.599,00 ABŞ dolları əsas borc, 3.182,00 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları artırılmış faiz borcu, cəmi 39.781,00 ABŞ dolları məbləğində borcun borc ödənildiyi gün üçün manat məzənnəsi ilə və 20 manat dövlət rüsumunun “X5 LTD” MMC-dən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hazıradək həmin qətnamə icra edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edimiş sənədlərdən mübahisə predmeti olan avtomobil də daxil olmaqla 10 ədəd nəqliyyat vasitəsinin cavabdeh tərəfindən ipoteka ilə yüklü edilməsi müəyyən edilsə də, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırılması və bununla bağlı qətnamə çıxarılması aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən və iş üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2-1(118)-1341/2025 nömrəli qərarı dəyişidirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.