Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-519/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X2, X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(118)-82/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, **********45 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli, **********41 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, **********44 reyestr nömrəli çıxarışlara əsasən, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha, 0,0973 ha və 0,06 ha torpaq sahələri (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Ayrılmış torpaq sahəsində tikintisinə icazə verilən qeyri-yaşayış obyektinin Memarlıqplanlaşdırma layihəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Abşeron rayon İcra hakimiyyəti başçısının 29 dekabr 2021-ci il tarixli, 65 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinə əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən tikinti obyektinin keyfiyyət zəmanət müddəti 2 (iki) il müəyyən edilmiş, tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq 29 dekabr 2021-ci ü il tarixdən obyektin istismarına icazə verilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən və onun mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 16 mart 2022-ci il tarixli, **********19 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Xırdalan şəhərində yerləşən yeni layihələndirilmiş əmlak kompleksi kimi müəssisənin tikintiyə icazə verilməsi barədə sənədlərin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi və torpaq sahəsinə münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, həmçinin, tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Bundan başqa sözügedən əmlak kompleksi kimi müəssisənin “A" və “B" tikilisinin ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda, həmçinin, yüksək gərginlikli elektrik xəttinin (10 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən və onun mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,2173 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin torpaq sahəsində o, tərəfindən ümumi tikinti sahəsi 1026,30 kv.m tikintialtı sahəsi 1180,41 kv.m olan əmlak kompleksi kimi müəssisə inşa etdirmiş və sahə onun istismarına verilmişdir. Sözügedən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, istismara icazə sənədində torpaq sahəsinin ölçüsü əksik (0,1573 ha) qeyd edilmiş, tikinti obyektinə dair tərtib edilmiş eskiz layihə rayon icra hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(118)-82/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə tikintiyə icazə verilməsi barədə sənədlərin təqdim edilməməsi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi imtina üçün əsas təşkil edir. Belə ki, təqdim edilən istismara icazə sənədində qanunvericiliklə tələb edilən iki qrafada müvafiq qeydiyyatlar aparılmamışdır. Birincisi istismara icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Məhkəmə araşdırması zamanı belə bir kodun verilməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, bu kodun olmaması aparılan tikintinin qanunvericiliklə müəyyən edilmiş norma və tələblərə uyğun aparılmasını müəyyən edən əsas sayılmasa da, digər qrafada qeyd edilən əsasların olmaması və bununla bağlı zəruri sənədlərin təqdim edilməməsi imtina üçün əsas təşkil edir. Belə ki, tikintinin istismarına icazə sənədində tikitintiyə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən tikintinin istismara hazırlığını təsdiq edən istismara hazırlıq aktının tarixi və qeydiyyat nömrəsi göstərilməmişdir. Eyni zamanda tikintinin istismara icazə sənədindən başqa tikintinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını və başa çatdırılmasını təsdiq edən hər hansı sənəd və ya səlahiyyətli qurumların rəyləri təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respulikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.1.2-ci maddəsində göstərilən sənədlərin təqdim edilməməsi və bunların istismara icazə sənədində göstərilməməsi qeyd edilən sənədin verilməsində güdülən məqsədə ziddir, ona görə də cavabdeh inzibati orqanın qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş istismara icazə sənədinin etibarlı sübut kimi qəbul edilməsindən imtinası əsaslı olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mövcud tikinti obyektinin layihəsinin bütün səhifələri Abşeron rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. Abşeron RİH tərəfindən təsdiq edilmiş 29 dekabr 2021-ci il tarixli 65 saylı “Tikinti obyektinin istismarına” icazədən göründüyü kimi ona məxsus torpaq sahəsində tikilmiş ümumi tikinti sahəsi 1026,30 kv.m olan tikinti obyektinin istismarına icazə verilmişdir. Həmçinin, Abşeron RİH tərəfindən müvafiq vəkil sorğusuna cavab olaraq verilmiş 30 dekabr 2023-cü il tarixli məktubdan da göründüyü kimi ona məxsus 0,2173 ha torpaq sahəsində tikilmiş 1026,3 kv.m əmlak kompleksi kimi tikinti obyektinin mövcud qaydada sənədləşdirilərək, tikinti obyektinin istismarına icazə sənədlərinin verildiyi, həmçinin, sözügedən tikinti obyektinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış və texniki pasportun verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Əmlak kompleksi kimi müəssisənin yüksək gərginlikli elektrik xəttinin (10KVT) mühafizə zolağında yerləşdiyinə dair cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, bu xüsusatı təsdiq edən hər hansı bir sübutun olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq, həmin sahənin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında olması qənaətinə gəlmişdir. Halbuki, tərəflərindən məhkəməyə təqdim edilmiş müvafiq vəkil sorğularına cavablardan da göründüyü kimi əvvəla elektrik xətti 10KVT deyil, 6 KVT-luqdur, digər tərəfdən, həmin sorğulara cavablarda əmlak kompleksinin həmin elektrik xəttinin mühafizə zolağında yerləşdiyi qeyd edilməmiş, elektrik xəttinin tikintinin qarşısından keçdiyi göstərilsə də, hansı məsafədən keçdiyi göstərilməmişdir. Belə olan halda, sözügedən əmlak kompleksinin həmin xəttə maneçiliyi aşkar edilmir. Bununla yanaşı, qeyd edilən elektrik xətti torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən Hüquqların Dövlət Qeydiyyatı haqqında Reyestrdən çıxarış verildikdən 6-7 il sonra ona məlumat verilmədən çəkilmişdir. Birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməyərək, mülkiyyət hüququnun pozulmasına səbəb olan olan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. ... Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə:
3. Yerli icra hakimiyyəti başçısının vəzifələri ... 3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; ...
“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: 6-cı bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. 12-ci bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.
İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, işə baxan məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu isə qərarın ləğv edilməsi üçün əsas təşkil edir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iddiaçının xüsusi mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində inşa edilmiş qeyriyaşayış sahəsi üzərində idiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası təşkil edir. Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazının dəlilləri hissədən ibarətdir: 1) Tikintiyə icazə verilməsi barədə sənədlərin ərizəyə əlavə olunmaması; 2) Tikinti obyektinin istismarına icazə sənədində istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsinin, həmçinin, tikinti obyektinə verilmiş kodun qeyd edilməməsi; 3) Tikinti obyektinin istismarına icazə sənədində torpaq sahəsinin ölçüsünün əksik (0,1573 ha) göstərilməsi; 4) Qeyri-yaşayış sahəsinin “A" və “B" tikilisinin ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşməsi; 5) Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus ərazinin hüdudları daxilində yerləşməsi; 6) Qeyri-yaşayış sahəsinin “A" və “B" tikilisinin ümumi tikintialtı sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 KVT) mühafizə zolağında yerləşməsi; 7) Tikinti obyektinə dair tərtib edilmiş eskiz layihənin rayon icra hakimiyyəti tərəfindən təsdiq edilməməsi. Birinci instansiya məhkəməsi cavabdehin 1-ci və 2-ci dəlillərini əsaslı hesab edərək tikintiyə icazə verilməsi barədə sənədlərin təqdim edilməməsi və tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsinin imtina üçün əsas təşkil etdiyini qeyd etmiş və bu baxımdan, iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq cavabdehin 1-ci dəlilinə münasibətdə qeyd edir ki, hazırkı halda, mübahisəli qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinin qərarı təqdim edilməsə də, işdən görünür ki, qeyri-yaşayış sahəsinin memarlıq plandırma layihəsi həmin orqan tərəfindən tərəfindən təsdiq edilmiş, həmin layihə əsasında iddiaçı tərəfindən müvafiq torpaq sahəsində qeyri-yaşayış obyekti inşa edilmiş, tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq Abşeron rayon İHB tərəfindən 29 dekabr 2021-ci il tarixdən obyektin istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından Tikinti obyektinin istismarına icazənin məqsədi də nəzərə alınmalıdır. Belə ki, Məcəllənin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Hazırkı halda da inşa edilmiş tikinti obyekti qeyd olunan maddədə göstərilən məqsədlərə cavab verdiyindən yerli icra hakimiyyətinin qərarı əsasında istismara qəbul edilmişdir. Bu baxımdan, kollegiya cavabdehin həmin dəlilini əsassız hesab edir. 2-ci dəlilə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda istinad olunan hüquq normalarından göründüyü kimi, tikilinin layihəsinin təsdiq edilməsi və onun istismara qəbuluna razılıq verilməsi yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aid edildiyindən hazırkı iş üzrə də qeyd olunan məsələlər Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmuş və sonuncu qeyri-yaşayış sahəsinin istismara qəbuluna razılıq vermişdir. Göründüyü kimi, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aparılmalı olan icraata görə Abşeron Rayon İcra Hakimiyyəti cavabdehlik daşımışdır. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək isə Abşeron RİH-nin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi, tikinti obyektinin istismarına qəbul aktı ötən müddət ərzində mübahisələndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyri-yaşayış sahəsinin istismara qəbul aktının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin inzibati akt qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Koda münasibətdə isə nəzərə almaq lazımdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə görə, tikintiyə icazə verildikdə, bu icazədə nəzərdə tutulmuş məlumatların şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qadaları”nın 4.2-ci bəndinə əsasən, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə görə, tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Həmin Məcəllənin 102-ci maddəsi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı məsələləri, o cümlədən istismara icazə üçün müraciətə əlavə olunan sənədlərin tərkibini tənzimləyir. Həmin norma baxımından tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: tikinti sənədləri; şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. İstinad olunan Məcəllənin 103-cü maddəsinə əsasən, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. İstinad olunan normaların məzmunundan göründüyü kimi, tikintiyə icazə verilməsi ilə bağlı müvafiq sənəd və məlumatları Reyestrə məhz tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində təqdim edir. Həmin məlumatlar Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Yəni, tikinti obyektinə kodun verilməsi inzibati orqanlar arasında sənəd mübadiləsi qaydasında və şəxsin iştirakı olmadan həll edilməli olan məsələdir. Bu baxımdan kodun verilməsi üçün müvafiq sənədlərin təqdim olunmamasının və koda dair şəhadətnamənin verilməməsinin məsuliyyəti iddiaçının üzərinə qoyula və onun ziyanına təfsir oluna bilməz. Şəxsin üzərinə bununla bağlı mütləq öhdəliyin qoyulması və ya inzibati icraatın müvafiq səlahiyyətli orqan tərəfindən inzibati aktın mahiyyətinə təsir etməyən şəkildə qüsurlu həyata keçirilməsinin neqativ nəticələrinin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamışdır. Tikinti obyektinin istismarına icazə sənədində torpaq sahəsinin ölçüsünün əksik (0,1573 ha) göstərilməsinə dair cavabdehin 3-cü dəlilini də əsassız hesab edən kollegiya bildirir ki, istismara icazə sənədində qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,1573 ha, tikintialtı sahə 1180,412 kv.m ümumi tikinti sahəsi isə 1026.30 kv.m olaraq göstərilmişdir. İstismara icazə sənədində qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,1573 ha göstərilsə də, kollegiya hesab edir ki, bu hal qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş 12 yanvar 2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” ndan görünür ki, iddiaçı tərəfindən 0,1573 ha torpaq sahəsinin sənədlərinin təqdim edilməsinə baxmayaraq, əmlak kompleksi kimi tikililər baş planda göstərildiyi kimi 0,2173 ha torpaq sahəsi üzərində yerləşir. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində yerləşməsi cavabdehin özü tərəfindən müəyyən edilmişdir. Cavabdehin 4-cü dəlili ilə bağlı isə birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 may 2023-cü il tarixli, 10/7964 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iddiaçının mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin təqdim olunan “A” və “B" tikilisinin ümumi tikintialtı sahəsi torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin “A” və “B" tikilisinin ümumi tikintialtı sahəsinin 0,2173 ha torpaq sahəsindən kənarda yerləşdiyinə dair cavabdehin istinad etdiyi hal ekspet rəyi ilə təkzib olunmuşdur. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus ərazinin hüdudları daxilində yerləşməsinə dair cavabdehin növbəti dəlili də özlüyündə əsassızdır. Belə ki, işdən göründüyü kimi Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,2173 ha torpaq sahəsi cavabdehin özü tərəfindən yaşayış məntəqələri torpaqları kimi artıq iddiaçının xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Digər tərəfdən, yuxarıda qeyd edilən ekspertiza tədqiqatı zamanı sözügedən 0,2173 ha torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus ərazinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Cavabdehin qeyri-yaşayış sahəsinin “A" və “B" tikilisinin ümumi tikintialtı sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 KVT) mühafizə zolağında yerləşməsinə dair növbəti dəlilinə münasibətdə isə kollegiya bildirir ki, birinci instansiya məhkəməsi cavabdehin bu dəlilini də əsaslı sayaraq iddia tələbinin rədd edilməsi əsaslarından biri olaraq qəbul etmişdir. Belə ki, işə baxan məhkəmə tikinti sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi halda, müvafiq səlahiyyətli qurumun etiraz etmədiyi halın istisna olaraq tikintinin istismara qəbulu və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə zidd olduğu halına istinad etmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, bununla bağlı iş materiallarında ziddiyyətli məlumatlar vardır. Belə ki, "xxxx" ASC birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 30 avqust 2023-cü il tarixli, 13-9/2-17xx/xx/2023 və məktubunda sözügedən tikililərin yerləşdiyi ərazidən "xxxx" ASC-yə məxsus elektrik verilişi xəttinin keçmədiyini qeyd etmiş, "xxxx" ASC isə daha sonra iddiaçının vəkilinə ünvanlanan 08 fevral 2024-cü il tarixli məktubunda qeyd olunan ünvandan 6kV-luq elektrik verilişi xəttinin keçdiyini və xəttin "xxxx" ASC-nin balansında olduğunu bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan ziddiyyətli məlumatlara aydınlıq gətirməyiniz, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşib-yerləşmədiyi, yerləşdiyi təqdirdə, həmin elektrik xəttinin 10 kV. yoxsa 6kV-luq olması, habelə həmin elektrik xəttinin hansı tarixdə çəkilməsi barədə məlumatların əldə edilməsi üçün "xxxx" ASC-yə sorğu verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq isə "xxxx" ASC-nin 22 avqust 2024-cü il tarixli 13-13/2-1/16-11774/2024 nömrəli məktubu ilə iddiaçıya məxsus qeyd olunan qeyri-yaşayış sahəsinin sadəcə olaraq 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zolağında yerləşdiyini bildirməklə kifayətlənmiş, sorğuda qeyd edilən digər suallar barədə məlumat verməmişdir. Kollegiyanın bununla bağlı təkrar sorğuları da cavabsız saxlanılmışdır. Digər tərəfdən, ekspertiza tədqiqatı zamanı da ərazidən keçən elektrik xəttinin gərginliyi barəsində hər hansı bir məlumat aşkar edilmədiyindən əmlak kompleksi kimi müəssisənin “A” və “B” tikilisinin ümumi tikintialtı sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, hazırkı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin hətta 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zolağında yerləşdiyi qəbul edilsə belə, nəzərə almaq lazımdır ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın yuxarıda sadalanan normalarında qeyd edilən halın daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilməmişdir. Bu baxımdan, həmin dəlil də əsassızdır. Cavabdeh sonuncu dəlilində tikinti obyektinə dair tərtib edilmiş eskiz layihənin rayon icra hakimiyyəti tərəfindən təsdiq edilməmədiyini bildirir. Halbuki, iş materiallarında olan iddiaçının mülkiyyətindəki 0,2173 ha torpaq sahəsində tikintisinə icazə verilən qeyriyaşayış obyektinin Memarlıq-planlaşdırma layihəsindən görünür ki, layihə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Odur ki, cavabdehin bu dəlili formal olmaqla, əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu və 8.0.10.1-ci maddəsini hazırki mübahisəyə tətbiq etdikdə, mübahisələndirilən qeyri-yaşayış sahəsi üzərində iddiaçının müllkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, - tikintiyə icazə verilməsi barədə qərar, - tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, - tikinti obyektinin istismarına icazə. İşin yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Qeyriyaşayış binasının Memarlıq və Planlaşdırma layihəsi Abşeron rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır, qeyri-yaşayış sahəsi inşa edilərək həmin orqan tərəfindən istismarına icazə verilmişdir. İstismara icazə sənədindən müəyyən edilir ki, binanın tikintialtı sahəsi 1180,412 kv.m., ümumi sahəsi isə 1026,30 kv.m. təşkil edir. Həmçinin, qeyri-yaşayış binasının hazırkı faktiki ölçülərinin tikinti layihəsinin memarlıq-planlaşdırma layihəsində göstərilən ölçülərə uyğun olduğu işin mübahisəsiz halıdır. Göründüyü kimi qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericiliklə nəzərdə tutulan bütün hüquqmüəyyənedici sənədlər mövcuddur. Beləliklə, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtina və etirazının dəlilləri əsassızdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarının nəzərə almadan iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(118)-82/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən və iddiaçının mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisə üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.