Məhkəmə qərarları › İş №2-1(105)-52/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-52/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-52/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-539/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (bundan sonra iddiaçı) yaşa görə pensiyanın təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdıqdan sonra xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə (bundan sonra cavabdeh) ərizə ilə müraciət edərək, pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli məktubla iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, şöbəyə təqdim edilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 17245,00 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabının sığorta hissəsində 12703,36 manat pensiya sığorta kapitalının olması səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. Eyni zamanda bildirilmişdir ki, onun əmək kitabçasında qeyd olunan xx.xx.1997-ci il il tarixdən xx.xx.2005-ci il tarixədək sosial sığorta stajının yoxlanılması mümkün olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilə Ağsu rayon İstehlak Cəmiyyəti üzrə 2 nömrəli mağazada satıcı vəzifəsində işlədiyi sığorta stajına daxil edərək, hüququ yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il il tarixdən xx.xx.2005-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyəti üzrə 2 nömrəli mağazada satıcı vəzifəsində işləmişdir.Cavabdeh tərəfindən aparılan yoxlama zamanı onun həmin müəssisədə işləmək faktı təsdiq olunmadığı ücün yoxlanılmasının mümkün olmaması onun təqsiri deyildir, o, həmin sənədlərin saxlanılması və yoxlanılmasına məsul olan şəxs deyildir. O işləmiş və əmək kitabçası var. Şəxsə əmək pensiyası təyin edilməsi üçün isə əmək kitabçası əsasdır. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-539/2020 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı əmək kitabçasında qeyd olunan müəssisələrdə və Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli arayışında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək, ona hüququn yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Qərarın nəticə hissəsində xx.xx.2019 əvəzinə xx.xx.2019-cu il qeyd edildiyindən, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə yol verilmiş yanlışlıq aradan qaldırılmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin xx xxxx 2020-ci il tarixli, **********8 saylı qərarına əsasən Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonları üzrə Fondun 1 saylı regioanl ərazi filialı yaradılmış və həmin filialı mərkəzi Sumqayıt şəhəri olmaqla Fondun Sumqayıt şəhər, Abşeron və Qubadlı rayon şöbələrinin hüquqi varisidir, bu şöbələrin bütün hüquq və öhdəlikləri, habelə əmlakı aiddiyyəti üzrə onlara keçmişdir. Odur ki, məhkəmə kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işi hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi arxiv arayışında qeyd olunan məlumatlar əmək kitabçasında qeyd olunan məlumatlara tam şəkildə üst-üstə düşmür. Əmək kitabçasında və arxiv arayışında iddiaçının işlədiyi müəssisənin adı Ağsu rayon İstehlak Cəmiyyəti qeyd edilsə də, müəssisənin möhüründə isə müəssisənin adı Ağsu rayon Kooperativ Cəmiyyəti adlanır. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 12 saylı arxiv arayışında iddiaçının Ağsu rayon İstehlak Cəmiyyətində işləməsi qeyd edilsə də, iddiaçıya işlədiyi Ağsu rayon İstehlak Cəmiyyətində qeyd olunan illər üzrə əmək haqqı hesablanıb ödənilməsinə dair heç bir məlumat (illər üzrə hesablanan əmək haqqı) əks olunmur. Bundan başqa iddiaçının əmək kitabçasında möhürü olan Ağsu rayon Kooperativ Cəmiyyəti bu gün fəaliyyət göstərməkdədir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, Ağsu rayon Kooperativ Cəmiyyəti xx.xx.1995-ci ildə, ********** (VÖEN) nömrə ilə dövlət qeydiyyatından keçmiş və 4 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Məhkəmə öz xidməti vəzifəsinə görə həmin Cəmiyyətə sorğu göndərərək iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Ağsu rayon Kooperativ Cəmiyyətində həqiqətən işləyib-işləməsi, iddiaçıya həmin dövrlər üzrə əmək haqqı hesablanıb ödənilməsinə dair müvafiq əmək haqqı cədvəllərindən çıxarış (əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri), əmrlərdən çıxarışlar, yazılı əmək müqavilələri və s. sənədləri tələb etməli idi. Lakin məhkəmə sadəcə iddiaçının təqdim etdiyi sənədlərlə kifayətlənmiş işdə olan sənədləri hərtərəfli, tam araşdırmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin DSMF Ağsu Rayon Şöbəsinin DSMF Sumqayıt rayon şöbəsinə ünvanlanan xx.xx.2019-cu il tarixli, **********8 nömrəli cavab məktubunda deyilir ki, vətəndaş İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək Ağsu Rayon Kooperativ Cəmiyyətində işləməsi faktı təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının xeyrinə “xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində işlədiyi müddətdə Cəmiyyət tərəfindən sığorta haqlarının ödənilməsinə dair heç bir mötəbər sübut mövcud olmamış, məhkəmə bu zaman iş üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmasına dair xidməti vəzifəsinin tələblərini də verinə yetirməmişdir. Bundan əlavə məhkəmə qərarında iddianı təmin edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı hazırkı işdə “xx.xx.1997-cl il tarixdən xx.xx.2005-ci il tarixədək “Ağsu rayon İstehlak Cəmiyyəti” üzrə 2 nömrəli mağazada satıcı vəzifəsində işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, iş stajına hesablanması və hüququn yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinə" dair qərar qəbul edilməsini məhkəmədən xahiş etsə də, birinci instansiya məhkəməsi isə iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi müddətlərdə və Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli arayışda qeyd olunan müəssisələrdə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoymuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlkin olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin hallarından görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş (61) yaş həddinə çatmış, 25 ildən artıq sığorta stajı olduğunu nəzərə alaraq pensiyanın təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci ilədək “Ağsu rayon İstehlak Cəmiyyəti” üzrə 2 nömrəli mağazada satıcı vəzifəsində işlədiyi dövrün yoxlanılmasının mümkün olmadığnı əsas tutaraq həmin dövrü staja daxil etməmişdir. Həmin müddət nəzərə alınmadığından ümumi sığorta stajı 25 ildən az olmuş, iddiaçının topladığı pensiya kapitalı isə tələb edilən miqdarda olmadığından iddiaçıya pensiyanın təyinindən imtina edilmişdir. Beləliklə işin mübahisə edilən məqamı edilən xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci ilədək olan dövrün sığorta stajına daxil edilməsidir. Birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərkən iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrdə və Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli arayışına əsasən ümumi iş stajının 25 ildən çox təşkil etməsinə, eyni zamanda onun qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmasına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və tərəflər arasında yaranmış mübahisə ilə bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx xxxx 1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmiş, əmək fəaliyyətini xx xxxxxx 2005-ci il tarixədək davam etdirmişdir. Kitabçadan həmçinin görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci ilədək “Ağsu rayon İstehlak Cəmiyyəti” üzrə 2 nömrəli mağazada satıcı vəzifəsində işləmişdir. Ümumilikdə 28 ilə yaxın sığorta stajına malik olmuşdur. Mübahisələndirilən illərdə (xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci ilədək) iddiaçının həqiqətən də həmin müəssisədə işləməsi barədə məlumat əldə etmək üçün birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 may və 01 iyun 2020-ci il tarixli arxiv arayışlarından görünür ki, həqiqətən də, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Ağsu rayon İstehlak Cəmiyyətinin xx xxxx 1997-ci il tarixli, 10 nömrəli sərəncamına əsasən 2 nömrəli mağazaya satıcı təyin edilmiş və xx xxxxxx 2005-ci il tarixdə 34 nömrəli sərəncamla ərizəsinə əsasən işdən azad edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri odur ki, arxiv arayışında qeyd olunan məlumatlar əmək kitabçasında qeyd olunan məlumatlarla üst-üstə düşmür. Əmək kitabçasında və arxiv arayışında iddiaçının işlədiyi müəssisənin adı Ağsu rayon İstehlak Cəmiyyəti qeyd edilsə də, müəssisənin möhüründə müəssisənin adı Ağsu rayon Kooperativ cəmiyyəti qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən hala aydınlıq gətirilməsi məqsədilə Ağsu rayon Dövlət Arxivinə, eyni zamanda Ağsu rayon Kooperativ Cəmiyyətinə sorğu ünvanlayaraq, arxiv idarəsindən arayışın verilməsinə əsas olmuş sənədlərin-1997- 2005-ci illərə dair Ağsu rayon İstehlak Cəmiyyəti üzrə əmrlər (sərəncamlar) kitabının əslinin məhkəməyə təqdim edilməsi, kooperativ cəmiyyətdən isə Ağsu rayon İstehlak Cəmiyyəti ilə Ağsu rayon Kooperativ Cəmiyyəti arasında nə kimi əlaqənin olması barədə ətraflı məlumat verilməsi xahiş edilmişdir. Ağsu rayon Kooperativ Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Ağsu rayon İstehlak Cəmiyyəti Azərittifaq İdarə Heyətinin sərəncamına əsasən xx xxxxxx 1998-ci il tarixdən Ağsu rayon Kooperativ Cəmiyyəti adlandırılmışdır. Həmin tarixdən idarənin möhürü dəyişdirilmiş və sənədlər həmin möhürlə möhürlənir. Ağsu rayon Kooperativ Cəmiyyəti əvvəlki rayon İstehlak Cəmiyyətinin varisidir. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən Ağsu rayon Dövlət Arxivindən tələb edilmiş 1996-1997-1998-ci illərə dair Ağsu rayon İstehlak Cəmiyyəti üzrə əmrlər kitabının əslinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, səhifə 10-da qeyd edilən 10 nömrəli sərəncamın 3-cü paraqrafına əsasən, İddiaçı xx.xx.1997-ci il tarixdən Ağsu rayon İstehlak Cəmiyyəti üzrə 2 nömrəli mağazaya satıcı təyin edilmişdir. Həmçinin Ağsu rayon Kooperativ Cəmiyyəti üzrə 1999-2005-ci illər üzrə sərəncamlar kitabının əslinə keçirilmiş baxış zamanı müəyyən edildi ki, kooperativ cəmiyyəti üzrə xx.xx.2005-ci il tarixli 34 saylı sərəncama əsasən, İddiaçı ərizəsinə əsasən işdən azad edilmişdir. Beləliklə, müəyyən edildi ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci ilədək “Ağsu rayon İstehlak Cəmiyyəti” üzrə 2 nömrəli mağazada satıcı vəzifəsində işləməsi əmək kitabçasındakı qeydlərlə yanaşı arxiv arayışı, həmçinin arxivdən tələb edilərək baxış keçirilmiş əmrlər kitabının əsli ilə də sübuta yetirildi. Cavabdeh, imtina məktubunda iddiaçının müəssisədə işləməsinin təsdiq edilmədiyini bildirsə də, işdən görünür ki, cavadeh inzibati orqan aidiyyəti orqanlara sorğu vermədən formal olaraq imtina cavabı yazmaqla kifayətlənmişdir. İddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X5) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. (1997-2005-ci illər) Beləliklə, inzibati orqan apellyasiya şikayətinin dəlili kimi - iddiaçının qeyd edilən iş dövrünün qarşılıqlı yoxlanılmasının mümkün olmadığını göstərsə də, hansı səbəbdən bu nəticəyə gəlməsini əsaslandırmamışdır. Halbuki, iş dövrünün qarşılıqlı yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüquq olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1997ci il tarixdən xx.xx.2005-ci ilədək “Ağsu rayon İstehlak Cəmiyyəti” üzrə 2 nömrəli mağazada satıcı vəzifəsində sosial sığorta stajına daxil etməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrdə və Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli arayışında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilməklə hüququn yarandığı tarixdən yaşa görə pensiyanın təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayətində bu halı tələbdən kənara çıxma olaraq qeyd etsə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini iddia tələbindən kənara çıxma kimi qiymətləndirmir və qeyd edir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. İddiaçının tələbi cavabdeh tərəfindən mübahisələndirilən dövrün 1997-2005-ci illərdə işlədiyi dövrü sığorta stajına daxil edilməsi olmuş, əmək kitabçasındakı digər iş illəri cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmiş, sığorta stajına hesablanmışdır. Arxiv arayışına gəldikdə isə, arxiv arayışı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci ilədək “Ağsu rayon İstehlak Cəmiyyəti” üzrə 2 nömrəli mağazada satıcı vəzifəsində işləməsi ilə bağlı olmuşdur. Belə olan təqdirdə, birinci instansiya məhkəməsi ümumilikdə əmək kitabçasındakı və arxiv arayışındakı iş illərini sığorta stajına daxil etməklə iddia tələbindən kənara çıxmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-539/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-539/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar