Məhkəmə qərarları › İş №2-1(105)-52/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-52/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-52/2022 06.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tikiliyə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021- ci il tarixli, 2-1(118)-510/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. RX seriyalı № ******* saylı Çıxarışına əsasən Quba şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində kateqoriyası “yaşayış məntəqələrinin torpaqları”, məqsədli istifadə növü “həyətyanı” kimi xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır.

2. Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli № 253 saylı Sərəncamı ilə Quba şəhərinin Heydər Əliyev prospektində yerləşən, İddiaçı mülkiyyətinə aid olan 0.12 ha torpaq sahəsində tikintisi iki mərhələdə aparılması nəzərdə tutulmaqla, tikinti sahəsi 800 kv.m olan zirzəmili və bir mərtəbəli qeyri-yaşayış binasının layihələndirilməsinə, sənədləşdirilməsinə razılıq verilmişdir.

3. xx.xx.2020-ci il tarixli 11/A saylı Tikinti obyektinin istismarına icazəyə əsasən İddiaçı məxsus Quba rayonu, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 1188 kv.m. olan 1 girişli, 1 mərtəbə+zirzəmili binanın (1-ci mərtəbənin sahəsi 594,08 kv.m., zirzəmi mərtəbənin sahəsi 594,08 kv.m.) qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Həmin icazə sənədində göstərilir ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq 10 avqust 2020-ci il tarixindən İddiaçı məxsus Quba rayonu, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış (ticarət) obyektinin istismarına icazə verilsin.

4. İddiaçı Quba şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2020-ci il tarixli **********98 saylı məktubu ilə iddiaçının müraciətinə cavabı olaraq bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin məqsədli istifadə növü ərizəyə əlavə edilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən həyətyanıdır. Bildirilmişdir ki, həmin növ torpaq sahələrinin digər məqsədlə istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məktubda Mülki Məcəllənin 240.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və 15-ci maddələrinə istinad edilməklə ərizənin icrasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin RX seriyalı № ******* saylı çıxarışına və AA-003356 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən xüsusi mülkiyyətində olan Quba şəhəri Heydər Əliyev prospektində yerləşən 0.12 ha torpaq sahəsində müvafiq icazə alınmaqla inşa olunmuş 800 kv.m-dən ibarət birmərtəbəli zirzəmili tikiliyə onun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı №0327768 saylı Çıxarışına əsasən Quba şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli №253 saylı Sərəncamı ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı №0327768 saylı Çıxarışında və AA-003356 saylı plan və ölçü sənədində göstərilən 0,12 ha torpaq sahəsində tikinti sahəsi 800 kv.m olan zirzəmili bir mərtəbəli qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. İddiaçı tərəfindən həmin tikintinin layihələndirilməsi, şəhərsalma və tikinti norma və qaydalarında nəzərdə tutulmuş bütün tələblərə uyğun aparılması və tikilinin istismara qəbul edilməsi ilə bağlı icazəsi tələb olunan bütün müvafiq icra hakimiyyəti orqanlarından lazımi icazələrin alınması ilə tam yerinə yetirilmiş və tikinti başa çatdırılıb obyekt istifadəyə verilmişdir. Xüsusi mülkiyyətində olan 800 kv.m zirzəmili bir mərtəbəli tikiliyə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciətinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən baxılmış və mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı №0327768 saylı Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Quba şəhəri H.Əliyev prospektində qanuni icazə almaqla və tikinti norma və qaydalarına əməl etməklə inşa etdiyi tikiliyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası əsassızdır və qanunvericiliyin tələblərinə ziddir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyi qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin məqsədli istifadə növü ərizəyə əlavə edilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən həyətyanıdır. Həmin növ torpaq sahələrinin digər məqsədlə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 240.1-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər. Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri; Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: “torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək...” Etirazda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 9-cu və 11.1-ci maddələrinə istinad edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021- ci il tarixli, 2-1(118)-510/2021 nömrəli qərarı ilə iddia təmin edilərək DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı № ******* saylı çıxarışına və AA-003356 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Quba şəhəri Heydər Əliyev prospektində yerləşən 0.12 ha torpaq sahəsində müvafiq icazə alınmaqla inşa olunmuş 800 kv.m-dən ibarət birmərtəbəli zirzəmili tikiliyə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, müəyyən olunmuşdur ki, Quba Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 253 nömrəli sərəncamı ilə memarlıq-planlaşdırma bölməsi və aidiyyatı qurumların rəyləri nəzərə alınmaqla 800 kv.metr olan qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. Lakin, iddiaçı tərəfindən tikintiyə icazə sənədində göstərilən 800 kv.metr ümumi sahədən kənar olaraq 1188 kv.metr ölçüdə tikili aparılmışdır və bununla da ümumi sahədə 388 kv.metr fərq mövcuddur. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən binanın faktiki olan 1188 kv.metr ölçüsündən sənəd üzrə tanınmış 800 kv.metr hissəsini müəyyən etməmişdir. Şikayətdə göstərilir ki, tikili vahid daşınmaz əmlak kimi qeydiyyata alınır və yerdə qalan 388 kv.metr hissəsi tikilinin müəyyən olunmayan tərkib hissəsidir. Göstərilən 800 kv.metr ölçüdə olan hissə (tikili) binada ayrılıqda mövcud deyildir və müstəqil şəkildə naturada ayrılaraq həmin hissəyə mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması mümkün deyildir.

Apellyasiya şikayətinə etirazın dəlilləri

12. İddiaçının vəkili apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tikilinin müayinəsinin aparılmasını və bununla əlaqədar hər hansı bir sənədin tərtib olunmasını təsdiq edən heç bir yazılı sənədə istinad olunmamışdır. Məhkəmə zəruri hesab edərsə, tikilinin layihə icazə sənədlərinə baxış keçirib iş üzrə məhkəmə tikinti-ekspertizasının keçirilməli olması barədə əsaslandırılmış qərar qəbul edə bilər. Hazırkı halda iş materiallarında tikilinin layihə icazə sənədlərində göstərilən tələblər daxilində inşa edildiyini təsdiq edən səlahiyyətli bütün dövlət orqanlarının müvafiq qaydada verilmiş rəyləri mövcuddur. Hesab edirlər ki, cavabdehin apellyasiya şikayəti əsassızdır, Qarabağ müharibəsi veteranı İddiaçı mülkiyyətçi kimi hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməməsini, habelə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini Quba şəhəri Heydər Əliyev prospektində yerləşən 0,12 ha torpaq sahəsində müvafiq icazə alınmaqla 800 kv.metr sahədə zirzəmi və bir mərtəbədən ibarət ümumi sahəsi 1188 kv.metr olan tikiliyə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar olunsa da, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 71 İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 3. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 3.0.23. tikinti ərazisi – tikinti üçün ayrılmış və nişanlanmış torpaq sahəsi; 3.0.25. tikinti sahəsi – tikinti ərazisində tikinti obyektlərinin altındakı torpaq sahəsi; Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 101.4. Tikinti obyektinin istismarına icazənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

17. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

21. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

23. Belə ki, RX seriyalı № ******* saylı Çıxarışına əsasən Quba şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Quba rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2014-cü il tarixli № 253 saylı Sərəncamı ilə həmin 0,12 ha torpaq sahəsində tikinti sahəsi 800 kv.m olan zirzəmili bir mərtəbəli qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir.

24. İş materiallarına əlavə olunmuş tikiliyə dair müvafiq layihələrdən və digər sənədlərdən, habelə xx.xx.2020-ci il tarixli 11/A saylı Tikinti obyektinin istismarına icazədən görünür ki, iddiaçı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun olaraq həmin qeyri-yaşayış binasının inşasını başa çatdırmışdır.

25. Cavabdeh özü də ilkin imtinasında müvafiq qeyri-yaşayış binasının şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunsuzluğu barədə hər-hansı hala istinad etməmişdir.

26. Cavabdehin ilkin imtinasının qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin məqsədli istifadə növünün həyətyanı olması və həmin növ torpaq sahələrinin digər məqsədlə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmaması ilə bağlı dəlillərinin əsassızlığı barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçı mülkiyyətində olan həmin torpaq sahəsində müvafiq qeyri-yaşayış binasını tikintiyə icazə verilməsinə səlahiyyəti olan dövlət orqanlarının icazəsi və nəzarəti altında müvafiq normalara və qaydalara uyğun inşa etmişdir. Bundan əlavə qanunvericilikdə məqsədli istifadə növü həyətyanı olan torpaq sahəsində qeyri-yaşayış binasının inşa edilməsini qadağan edən hər-hansı norma mövcud deyildir. Cavabdehin etirazında istinad etdiyi Mülki Məcəllənin 240.1-ci və Torpaq Məcəlləsinin 58-ci maddəsi də bunu birbaşa qadağan etmir. Əksinə yuxarıda istinad olunan Konstitusiyanın 71-ci maddəsi hər kəsin qanunla qadağan olunmayan hərəkətləri etməsini nəzərdə tutur. Buna görə də cavabdehin ilkin imtinasında istinad etdiyi müvafiq əsas iddia tələbinin təmin olunmasını istisna edən hal kimi çıxış edə bilməz.

27. Cavabdehin apellyasiya şikayətinin müvafiq qeyri-yaşayış binasının ölçülərinin uyğunsuzluğu – yəni Quba Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 253 nömrəli sərəncamı ilə 800 kv.metr olan qeyri-yaşayış binasının tikintisinə icazə verildiyi halda iddiaçı tərəfindən tikintiyə icazə sənədində göstərilən 800 kv.metr ümumi sahədən kənar olaraq 1188 kv.metr ölçüdə tikilinin aparılmasına dair dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, iddiaçı apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iş üzrə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, iddia ərizəsində 800 kv.m. tikintialtı sahə göstəricisini əks etdirən rəqəm həm də tikilinin ümumi sahəsi kimi qəbul edilmiş və həmin səhv birinci instansiya məhkəməsinin qərarında da əks olunmuşdur. iddia ərizəsinə əlavə olunmuş tikintiyə icazə, layihə-smeta, tikilinin istismarına icazə, şəhərsalma kodlaşdırılması və bütün müvafiq icazə sənədlərində 800 kv.metr rəqəminin tikintinin deyil, tikintialtı sahənin göstəricisiidir, tikiləcək binanın zirzəmi hissəsinin 594 kv.m. və bir mərtəbəsinin 594 kv.m. olmaqla ümumi sahəsinin 1188 kv.metr olduğu təsdiq edilir.

28. Kollegiya ilk növbədə ərizənin icraata qəbulu ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

29. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Belə ki, iddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən tələblə bağlı da cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh apellyasiya şikayətində istinad etdiyi dəlillərə əsaslanmaqla həmin ərizənin təmin edilməsindən də imtina etmişdir. Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə də münasibət bildirməklə eyni əsaslarla onun da təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

30. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə kollegiya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə tikintinin sahəsi ilə bağlı istinad edilən hallara qiymət verərək qeyd edir ki, rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli № 253 saylı Sərəncamı ilə tikinti sahəsi 800 kv.m olan qeyri-yaşayış binasının tikintisinə razılıq verilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda istinad edilən normasının tələblərinə əsasən isə tikinti sahəsi – tikinti ərazisində tikinti obyektlərinin altındakı torpaq sahəsidir. Yəni, həmin sahə cavabdehin istinad etdiyi kimi, tikintinin ümumi sahəsi deyildir. Əksinə, xx.xx.2020-ci il tarixli 11/A saylı Tikinti obyektinin istismarına icazəyə əsasən İddiaçı məxsus Quba rayonu, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 1188 kv.m. olan 1 girişli, 1 mərtəbə+zirzəmili binanın (1-ci mərtəbənin sahəsi 594,08 kv.m., zirzəmi mərtəbənin sahəsi 594,08 kv.m.) qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq istismarına icazə verilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli müayinə aktında da tikilinin ümumi sahəsi sənəd üzrə 1188 kv.m., faktiki isə 1188,3 kv.m. göstərilmişdir.

31. Göründüyü kimi, layihə və icazə sənədlərinə, müayinə aktına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış binasının ümumi sahəsi 800 kv.m. deyil, 1188 kv.m. olmuşdur ki, bu hal da cavabdehə əvvəlcədən məlum olmuş, ilkin imtinada bununla bağlı hər hansı əsasa istinad edilməmişdir.

32. Qeyd olunanlara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından kollegiya hesab edir ki, iddiaçı Quba şəhəri Heydər Əliyev prospektində yerləşən, mülkiyyətində olan 0,12 ha torpaq sahəsində 800 kv.metr sahədə inşa etdiyi zirzəmi və bir mərtəbədən ibarət ümumi sahəsi 1188 kv.metr olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş bütün sənədləri (RX seriyalı № ******* saylı Çıxarış, Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli № 253 saylı Sərəncamı, memarlıq-planlaşdırma bölməsi və xx.xx.2020-ci il tarixli 11/A saylı Tikinti obyektinin istismarına icazə) təqdim etdiyindən həmin sənədlər qanunun 8.0.10 və 10.2.1-ci maddələrinə əsasən müvafiq qeyri-yaşayış binası üzərində iddiaçının hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatdı aparmaqdan imtina edilməsi ilə bağlı imtinasında, apellyasiya şikayətində, həm də xx.xx.2020-ci il tarixli müayinə aktında göstərilən hallar həmin qanunun 15.1-ci maddəsinin tələbləri baxımından cavabdeh inzibati orqanın qeyd edilən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz.

33. İPM-nin istinad edilən 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. Odur ki, kollegiya hesab edir ki, qeyd edilən səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, RX seriyalı №0327768 saylı çıxarışı əsasən İddiaçı xüsusi mülkiyyətində olan Quba şəhəri Heydər Əliyev prospektində yerləşən 0,12 ha torpaq sahəsində 800 kv.metr sahədə zirzəmi və bir mərtəbədən ibarət ümumi sahəsi 1188 kv.metr olan tikiliyə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021- ci il tarixli, 2-1(118)-510/2021 nömrəli qərarı dəyişdirilsin. Quba şəhəri Heydər Əliyev prospektində yerləşən 0,12 ha torpaq sahəsində 800 kv.metr sahədə zirzəmi və bir mərtəbədən ibarət ümumi sahəsi 1188 kv.metr olan tikiliyə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X1 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar