Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-52/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(118)-1071/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamına əsasən İddiaçı mağaza binasının tikintisi üçün Qusar şəhəri ərazisindən - Qusar - Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən 30 kv.m. torpaq sahəsi satılması qərara alınmışdır.
2. 14 sentyabr 1998-ci il tarixli, 2 nömrəli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri olaraq icra hakimiyyəti orqanının hesabına 60.000 (altmış min) manat məbləğində pul ödənilmişdir.
3. İddiaçı 11 may 2023-cü il tarixində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Qusar şəhərində yerləşən 30 kv.m. torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdeh 23 may 2023-cü il tarixli, 3-21-3-34/2-A-0198-8/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə müraciət olunmuş 30 kv.m. torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamı ilə mağaza binasının tikintisi üçün ayrılmış 30 kv.m. torpaq sahəsinə icarə müqaviləsi təqdim edilməmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır.
5. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün Qusar şəhəri ərazisindən Qusar-Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən ona satılmış 30 kv.m. torpaq sahəsinə onun adına mülkiyyət sənədinin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh orqana ünvanlanmış ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, o qeyd olunan torpaq sahəsini Qusar şəhəri ərazisində yerləşən torpaq sahələrinin satışını həyata keçirmək səlahiyyəti olan Qusar Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən dəyərini ödəməklə qanuni əsaslarla almışdır. Həmin torpaq sahəsinin ona satılması üçün ayrılması Qusar şəhərinin baş planından çıxarışda və torpaq sahəsinin seçilməsinə dair daimi fəaliyyət göstərən komissiya tərəfindən tərtib edilmiş aktda da qeyd edilmişdir. Ona görə də cavabdeh orqana ərizə ilə müraciət edərək, qeyd olunan 30.0 kv.m. torpaq sahəsinə onun adına mülkiyyət sənədinin verilməsini xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Məhkəmənin 05 fevral 2024-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamı ilə mağaza binasının tikintisi üçün Qusar şəhəri ərazisindən Qusar-Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdə ona ayrılmış 30 kv.m. torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(118)-1071/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamı ilə mağaza binasının tikintisi üçün Qusar şəhəri ərazisindən Qusar-Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdə iddiaçıya ayrılmış 30 kv.m. torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov).
10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamından görünür ki, iddiaçıya mağaza binasının tikintisi üçün Qusar şəhəri ərazisindən Qusar-Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdə iddiaçıya 30 kv.m. torpaq sahəsi ayrılmış və həmin dövrdə səlahiyyətli bütün müvafiq dövlət orqanları tərəfindən həmin torpaq sahəsinin ayrılmasının məqəsdəmüvafiq olduğu təsdiqlənmişdir. Cavabdehin imtinasında göstərdiyi Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün ayrılmış 30 kv.metr torpaq sahəsinə icarə müqaviləsi təqdim edilməməsinə münasibətdə bildirilir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsinə deyil, mülkiyyətinə ayrılmışdır. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə edir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 0,08 ha torpaq sahəsi (mübahisəli torpaq sahəsi 30 kv.m.-dir) üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilməmişdir. Bununla da, torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. Məhkəmə tərəfindən həmin torpaq sahəsinin mülkiyyət növü müəyyənləşdirilməmişdir. Belə ki, həmin torpaq sahəsi dövlət mülkiyyəti olduğu təqdirdə onun mülkiyyətinə verilməsi (özəlləşdirilməsi) Azərbaycan Respublikasının torpaq qanunvericiliyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. İddiaçı apellyasiya şikayətinə yazılı etirazında qeyd etmişdir ki, mübahisəli 30 kv.m. torpaq sahəsinin ona məsus olması Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(105)-200/2021 nömrəli qətnaməsində də öz əksini tapmışdır. Həmin torpaq sahəsi onun tərəfindən satın alınmış, icarəyə götürülməmişdir. Bu baxımdan, həmin torpaq sahəsinə dair icarə müqaviləsinin olmamasına dair cavabdehin dəlili əsassızdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs izahatında bildirmişdir ki, ona məxsus torpaq sahəsinin koordinatları ilə iddiaçının torpaq sahəsinin koordinatları tam fərqlidir, iddiaçının torpaq sahəsinin onun torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi 1998-ci ildə iddiaçı ilə yanaşı bir neçə şəxsə də satılmışdır. Həm o, həm də iddiaçı hazırda faktiki olaraq öz torpaq sahələrindən istifadə edirlər. Üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
20. İnzibati Prosessual Məcəllə: Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. ... 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. ...
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Hazırkı mübahisənin predmetini cavabdehin Qusar şəhərində yerləşən 30 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir.
25. Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardır: 1) Torpaq sahəsinə dair icarə müqaviləsinin təqdim edilməmişdir; 2) Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin mülkiyyət növü müəyyənləşdirilməmişdir, torpaq sahəsi dövlət mülkiyyəti olduğu təqdirdə onun mülkiyyətinə verilməsi (özəlləşdirilməsi) Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilməlidir; 3) Torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir.
26. Birinci instansiya məhkəməsi torpaq sahəsinin iddiaçıya hüquqmüəyyənedici sənəd əsasında ayrıldığını, eləcə də, iddiaçının hazırkı tələbinin torpaq sahəsi üzərində istifadə deyil, mülkiyyət hüququnun qeydə alınması olduğundan cavabdehin torpaq sahəsinə dair icarə müqaviləsinin təqdim edilməməsi ilə bağlı imtinasının dəlilini əsassız hesab edərək iddianı təmin etmişdir.
27. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq cavabdehin şikayətinin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir:
28. İşin hazırkı qərarın 1-2-ci bəndlərində qeyd olunan hallarından göründüyü kimi mübahisəli 30 kv.m. torpaq sahəsi iddiaçıya Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamına əsasən mağaza binasının tikintisi üçün ayrılmış və torpaq sahəsinin satışına görə iddiaçı tərəfindən həmin orqanın hesabına pul ödənilmişdir. Eləcə də, həmin torpaq sahəsində ticarət obyektinin tikintisinə aidiyyəti orqanların razılıqları barədə müvafiq rəylər və arayışlar verilmişdir.
29. Yəni, göründüyü kimi torpaq sahəsi yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında iddiaçıya icarə hüququ əsasında verilməmiş, mülkiyyət hüququ əsasında onun adına özgəninkiləşdirilmişdir.
30. Cavabdeh iddiaçının müraciətinə verdiyi 23 may 2023-cü il tarixli, 3-21-3-34/2-A- 0198-8/2023 nömrəli imtina məktubunda iddiaçının “torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması” ilə bağlı müraciətinə baxıldığını qeyd etsə də, iddiaçının cavabdehə mübahisəli torpaq sahəsi ilə bağlı iş materiallarında olan (səhifə 49) müraciətindən görünür ki, müraciətin məzmunu torpaq sahəsi üzərində icarə deyil, mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə olmuşdur.
31. Hazırda da iddiaçı torpaq sahəsi üzərində məhz mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
32. Kollegiya hesab edir ki, torpaq sahəsi iddiaçıya mülkiyyət hüququ əsasında verildiyindən onunla Qusar RİH arasında torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasına zərurət olmamışdır.
33. Odur ki, cavabdehin imtinasının bu dəlili özü-özlüyündə əsassızdır.
34. Şikayətin 2-ci dəlilinə münasibətdə isə kollegiya ilk növbədə mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini qeyd etməyi zəruri hesab edir.
35. Belə ki, torpaq sahəsinin ayrılmasına dair sərəncamın qəbul edildiyi dövrdə (1998-ci ildə) qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (1991-ci ildən – 2001-ci ilədək qüvvədə olmuş): - 10-cu maddəsinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: .... 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; ... Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. - 11-ci maddəsinə əsasən torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir.
36. Azərbaycan Respublikasının Konstitusiyasının keçid müddəalarının 6-cı bəndində qeyd edilmişdir ki, Konstitusiya qüvvəyə mindiyi gündən (1995-ci il noyabrın 27-dən) Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir.
37. Torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan normaların tələbindən göründüyü kimi qanunvericilik yerli icra hakimiyyəti orqanlarına vətəndaşlara hazırkı işdə olduğu kimi sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün torpaq sahəsinin ayrılması səlahiyyəti vermişdi.
38. Hazırkı iş üzrə də iddiaçıya 1998-ci ildə həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin müddəalarına uyğun olaraq yerli icra hakimiyyəti orqanı tərəfindən sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılmış, hətta iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri də ödənilmişdir.
39. Bundan başqa, məhkəmə araşdırması nəticəsində torpaq sahəsinin hazırda dövlət mülkiyyətində olan daşınmaz əmlak olmadığı da müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyanın sorğusu əsasında mübahisəli torpaq sahəsi yerində müayinə edilərək müayinə aktı tərtib edilmişdir. Müayinə aktından görünür ki, iddia olunan torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirdikdə (təqribən 0,087 ha) bələdiyyə mülkiyyətinə aid “yaşayış məntəqələrinin torpaq sahələri”, aqrar islahat uqodiyası “tikinti altında olan torpaqlar” dır, həmin koordinatlar yolun mərkəzi oxundan “10 m” aralıda yerləşir, digər kommunikasiya xətləri keçmir, mübahisəlidir.
40. Göründüyü kimi iddia olunan torpaq sahəsi cavabdehin bildirdiyi kimi dövlət deyil, bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələrinin torpaqlarına aiddir.
41. Cavabdehin şikayətinin sonuncu dəlili torpaq sahəsinin yerləşdiyi yerin sənəd üzrə məlum olmadığı, işə baxan məhkəmə tərəfindən daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməməsidir.
42. Şikayətin bu dəlilinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir:
43. İş materiallarından görünür ki, Qusar rayonunda daimi fəaliyyət göstərən aidiyyəti orqanların nümayəndələrindən ibarət komissiyanın üzvlərinin iştirakı ilə yerində baxış keçirilməklə mağaza binasının tikintisi məqsədi ilə Qusar şəhərinin baş planına uyğun olaraq Qusar-K/Xudat yolu ilə Ş.Piroğlanov küçəsinin kəsişdiyi yerdən 5,0 x 6,0 metr ölçülərində olmaqla, cəmi 30,0 kv.m. torpaq sahəsi seçilmiş və iddiaçıya ayrılması məqsədə uyğun hesab edilməklə bu barədə akt tərtib edilmiş və bütün komissiya üzvləri tərəfindən təsdiq edilmişdir. Sözügedən 30 kv.m. torpaq sahəsi Qusar Rayon İcra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş Qusar şəhərinin baş planından çıxarışda (1:500 miqyasında) göstərilmişdir.
44. Qeyd olunan sənəddə torpaq sahəsinin yerləşmə mövqeyi göstərilmişdir ki, bu sənəd torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verir.
45. Odur ki, cavabdehin bu dəlili də əsassızdır.
46. Bundan başqa, işdən görünür ki, iddiaçı ilə üçüncü şəxs X2 arasında hazırkı mübahisə predmeti olan 30 kv.m. torpaq sahəsi ilə bağlı bundan əvvəl mülki qaydada məhkəmə mübahisəsi olmuşdur. İddiaçının cavabdeh qismində N.N.Rzaxanova qarşı özbaşına tutulmuş sözügedən torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası Qusar Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(029)-32/2020 nömrəli qətnaməsi ilə rədd edilmişdir.
47. Həmin mülki iş üzrə apellyasiya məhkəməsində icraat zamanı isə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və "xxxx" MMC-nin 16 mart 2021-ci il tarixli, 20 nömrəli mütəxəssis rəyi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 05 aprel 2021-ci il tarixli, 2(105)-1995/2020 nömrəli ekspert rəyi verilmişdir. Həmin ekspert rəyindən görünür ki, Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamına əsasən mağaza binasının tikintisi üçün iddiaçıya ayrılmış torpaq sahəsi X5 yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən 30 kv.m. torpaq sahəsi ilə üst-üstə düşür və həmin sahə bütövlükdə cavabdeh tərəfindən istifadə olunur, cavabdehin faktiki istifadəsində 0,11 ha torpaq sahəsi vardır.
48. Qeyd olunan ekspert rəyində sadalananlar nəzərə alınaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(105)-200/2021 nömrəli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 2(029)-32/2020 nömrəli qətnaməsi ləğv edilərək, iddia təmin edilmiş, N.N.Rzaxanovun iddiaçıya məxsus Qusar şəhərində Qusar - Köhnə Xudat yolunun Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən 30 kv.m. kommersiya məqsədilə satılmış torpaq sahəsindən çıxarılması və həmin sahənin iddiaçıya qaytarılması qət edilmişdir.
49. Məhkəmə kollegiyasının sorğusu əsasında Qusar Rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt Apellyasiya Məhkəmənin 01 sentyabr 2021-ci il tarixli, 2(105)-200/2021 nömrəli icra sənədi üzrə icra işindən görünür ki, həmin məhkəmə tərəfindən 2(105)-200/2021 nömrəli qətnamənin icrası ilə əlaqədar icra vərəqəsi verilmiş, bundan sonra Qusar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 19 noyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, keçirilmiş icra tədbirləri nəticəsində icra sənədində göstərilən 30 kv.m. torpaq sahəsi 03 iyun 2022-ci il tarixdə iddiaçıya təhvil verilmiş və bununla bağlı icra məmuru, ekspert, aidiyyəti orqanın nümayəndəsi, eləcə də, iş üzrə tərəflərin iştirakı ilə akt tərtib edilmişdir.
50. İşdən görünür ki, 2(105)-200/2021 nömrəli icra sənədi üzrə icraata xitam verildikdən sonra da üçüncü şəxs iddiaçıya məxsus 30 kv.m. torpaq sahəsini hasara alaraq ondan faktiki istifadə etməyə başlamışdır.
51. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(105)-200/2021 nömrəli qətnaməsinin icra edilməsi üçün icra və probasiya şöbəsinə göndərilməsini xahiş etmiş, həmin məhkəmənin 06 may 2025-ci il tarixli, 2(105)-200/2021 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi icra edilməsi üçün Qusar rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.
52. Göründüyü kimi torpaq sahəsinin faktiki istifadəsi ilə bağlı üçüncü şəxslə iddiaçı arasında olmuş mülki məhkəmə icraatı zamanı üçüncü şəxsin torpaq sahəsini zəbt etdiyi müəyyən edildiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən onun torpaq sahəsindən çıxarılması qət edilmiş, qətnamə icra edildikdən sonra üçüncü şəxs tərəfindən torpaq sahəsi yenidən zəbt edildiyindən iddiaçının ərizəsi əsasında qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir.
53. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı ilə üçüncü şəxs arasında məhkəmə qətnaməsinin icrasından irəli ilə mübahisələrin olması iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına maneə ola bilməz.
54. Belə ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.
55. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
56. Qusar Rayon İcra Hakimiyyəti başçısının həmin sərəncamının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
57. Başqa sözlə, həmin inzibati akt qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
58. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
59. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(118)-1071/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.