Məhkəmə qərarları › İş №2-1(105)-520/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-520/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-520/2021 26.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinə qarşı iş üzrə açar sözlər: “50 ha torpaq sahəsinin 50 il müddətinə atasının icarəsinə verilməsi barədə Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin 25.06.2004-cü il tarixli qərarının ləğv edilməsinə dair 27.01.2021-ci il tarixli, 2 saylı qərarın ləğv edilməsi” Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinə qarşı “cavabdehin torpaqlarından 50 ha torpaq sahəsinin 50 il müddətinə atasının icarəsinə verilməsi barədə Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin 25.06.2004-cü il tarixli qərarının ləğv edilməsinə dair 27.01.2021-ci il tarixli, 2 saylı qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-845/2021 saylı qərarından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı İddiaçı Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin torpaqlarından 50 ha torpaq sahəsinin 50 il müddətinə X2 icarəsinə verilməsi barədə Niyazoba Bələdiyyəsinin 25.06.2004-cü il tarixli qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 27.01.2021-ci il tarixli, 2 saylı qərarının ləğv edilməsini xahiş etmişdir .

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanun üzrə vərəsəlik hüququ haqqında 29.08.2019-cu il tarixli şəhadətnaməyə əsasən 22.06.2017-ci il də vəfat etmiş atası-X1 miras qalmış JN 5781 saylı, 30218018 kodlu şəhadətnamə üzrə ünvan 1ində yerləşən ümumi sahəsi 50 ha olan torpaq sahəsi istifadəsinə keçmişdir. Mərhum atası X6 ilə Niyazoba Bələdiyyəsi arasında bağlanmış 25.02.2004-cü il tarixli, 61 saylı icarə müqaviləsinə əsasən atasına 50 il müddətinə 50 hektar torpaq sahəsi icarəyə verilmişdir. Qanuna müvafiq olaraq həmin torpaq sahəsinə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 5781 saylı, 30218018 kodlu şəhadətnamə işlənərək verilmişdir. Tərəflərin razılaşmasına uyğun olaraq icarə haqqı hər hektar üçün hər il 20 manat müəyyən edilmişdir. Son vaxtlara qədər torpaqdan istifadə ilə bağlı bələdiyyə ilə aralarında hər hansı mübahisə olmamışdır. Sonuncu bələdiyyə seçkilərindən sonra Niyazoba bələdiyyəsinə seçilmiş yeni sədr tərəfindən torpaqdan istifadədə müəyyən çətinliklər yaradılmış, torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən istifadə edilməsinə şərait yaradılmışdır. Bununla əlaqədar icarədə olan torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etdikdən sonra göstərişə əsasən torpaq sahəsinin sərhədlərinin yerində müəyyən olunması üçün əraziyə mütəxəssis göndərilmiş, lakin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını yerində təyin etmək və tanıtmaq mümkün olmamışdır. Bu barədə Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzinin Xaçmaz Layihə Tədqiqat İdarəsinin mütəxəssisi Mübariz Kərimov tərəfindən 7 noyabr 2017-ci il tarixli Akt tərtib edilmişdir. Respublikada tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar əraziyə mütəmadi olaraq gedib-gələ bilməmişdir. Ötən ilin sonlarında ona məlum olmuşdur ki, Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin 24.07.2020-ci il tarixli iclasının qərarına əsasən icarədə olan 50 ha torpaq sahəsinin icarə haqqı bir tərəfli qaydada dəyişdirilərək bir hektar üçün 100 manat müəyyən edilmişdir. Bu barədə ona rəsmi qaydada xəbərdarlıq göndərilməmiş, icarə haqlarının birdən birə beş dəfə qaldırılmasının əsası müzakirə olunmamış, yenə birtərəfli qaydada iştirakı və xəbəri olmadan Xaçmaz rayonu Niyazoba Bələdiyyəsi tərəfindən mərhum atası X4 torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsinə dair 25.04.2014-cü il tarixli qərar ləğv edilmişdir. Bələdiyyənin göstərilən qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir.

Cavabdehin etirazları:

3. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, Xaçmaz rayonunun Niyazoba bələdiyyəsi İddiaçı iddia tələbini qəbul etmir və iddia ərizəsinə qarşı aşağıdakı məzmunda etirazını bildirir. Belə ki, iddiaçı iddia ərizəsində göstərir ki, mərhum atası X6 ilə Niyazoba bələdiyyəsi arasında bağlanmış 25.02.2004-cü il tarixli, 61 saylı icarə müqaviləsinə əsasən atasına 50 il müddətinə 50 ha torpaq sahəsi icarəyə verilmiş, qanuna müvafiq olaraq həmin torpaq sahəsinə “torpaqdan müvəqqəti istifadəyə dair” JN 5781 saylı, 30218018 kodlu şəhadətnamə verilmişdir. Atası 22.06.2017-ci ildə vəfat etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında 29.08.2019-cu il tarixli şəhadətnaməyə əsasən həmin 50 ha torpaq sahəsi onun istifadəsinə keçmişdir. Xaçmaz rayon Niyazoba bələdiyyəsinin 27.01.2021-ci il tarixli 2 saylı qərarı ilə bələdiyyənin 50 ha torpaq sahəsinin 50 il müddətinə X2 icarəsinə verilməsinə dair 25.06.2004-cü il tarixli qərarı ləğv edilmişdir. İddiaçı xahiş edir ki, Niyazoba bələdiyyəsinin 27.01.2021-ci il tarixli 2 saylı qərarı ləğv edilsin. Hesab edirik ki, Xaçmaz rayonu Niyazoba bələdiyyəsinin 27.01.2021-ci il tarixli 2 saylı qərarı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin qərar Xaçmaz rayonu Niyazoba bələdiyyəsinin 27.01.2021-ci il tarixli ümumi iclasında qəbul edilmişdir. İclas protokolunda qeyd olunur ki, 25.06.2004-cü il tarixli qərarı ilə 50 ha torpaq sahəsinin 50 il müddətinə X2 icarəsinə verilərkən qüvvədə olan qanunveciliyinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində əsasən fiziki və hüququ şəxslərin icarəsinə verilmiş torpaq sahələri 15 ildən artıq müddətinə verilə bilməz. X7 icarəsinə verilmiş 50 ha torpaq sahəsi Niyazoba bələdiyyəsinin ehtiyat fonduna aid örüş torpaqlarıdır. Bu hallar bələdiyyə şurasının iclasında müzakirə edilmiş və məsələ səsə qoyularaq iclasda iştirak etmiş bütün üzvlər Niyazoba bələdiyyəsinin 25.06.2004-cü il tarixli, 08 saylı qərarın ləğv edilməsinin lehinə səs vermişlər.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-845/2021 saylı qərarı (hakim İ.R.Quliyev) ilə iddianın rədd edilməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-845/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunu 2003-cü ildə qəbul edilmiş, Xaçmaz rayonu Niyazoba bələdiyyəsinin məlum qərarı isə 2004-cü ildə qəbul edilmişdir. Keçmiş 15-16 il ərzində Xaçmaz rayonu Niyazoba bələdiyyəsinin məlum qərarı 2004-cü il tarixli qərarı əsasında bağlanmış icarə müqaviləsi əsasında fəaliyyət göstərmiş vətəndaşa (hazırkı halda iddiaçıya) heç bir pretenziya bildirilməmiş, onun icarəsindəki torpaq sahəsinin qanunsuz olaraq ona verildiyi mübahisələndirilməmiş, inzibati nəzarət həyata keçirilməmiş, bu hal yalnız 2020-ci ildə mübahisə predmeti olmuşdur. Bununla da əlverişli qanunsuz aktın (fərz edilsə ki, bu belədir) ləğvi üçün qanunda nəzərdə tutulmuş 1 illik müddət ötürülmüşdür, lakin birinci instansiya məhkəməsi qeyd edilən məsələni də araşdırmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən Torpaq Məcəlləsinin 16-cı maddəsinə istinad etməklə hesab etmişdir ki, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Hesab edir ki, məhkəmə hüquq normasını düzgün tətbiq etməmiş, digər hüquqmüəyyənedici normalara, o cümlədən, Torpaq icarəsi haqqında qanunun və Torpaq Məcəlləsinin normalarını nəzərə almadan iddia üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, Torpaq icarəsi haqqında qanunun 13cü maddəsinin tələbinə görə torpaq icarəsinin müddətləri, Torpaq Məcəlləsinin 51-ci maddəsinin tələbinə görə isə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən olunmuş qaydada bağlanan müqavilədə təsbit edilir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək əlavə olaraq göstərdi ki, İddiaçı atası mərhum X6 ilə Niyazoba Bələdiyyəsi arasında bağlanmış 25.06.2004-cü il tarixli, 61 saylı icarə müqaviləsinə əsasən iddiaçının atasına 50 il müddətinə 50 ha torpaq sahəsi icarəyə verilmişdir. Qanuna müvafiq olaraq torpaq sahəsinə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 5781 saylı, 30218018 kodlu şəhadətnamə işlənərək verilmişdir. Tərəflərin razılaşmasına uyğun olaraq icarə haqqı hər hektar üçün hər il 20 manat müəyyən edilmişdir. Atası vəfat etdikdən sonra “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən və torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin şəhadətnamə üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 50 ha olan torpaq sahəsi İddiaçı istifadəsinə keçmiş və bələdiyyə ilə mülki hüquqi münasibətləri davam etdirmişdir. Bu illər ərzində aralarında heç bir narazılıq olmamış, ödənişlər vaxtlı vaxtında edilmişdir. İcarəyə götürülmüş həmin torpaq sahəsi üzərində həmçinin qeyri-yaşayış obyekti (malqara tövləsi və köməkçi sahələr) iddiaçı tərəfindən özəlləşdirilmiş və hazırda da iddiaçının mülkiyyətindədir. Lakin sonradan Niyazoba Bələdiyyəsinin sədri əvəzlənmiş, yeni sədr əvvəlcə iddiaçının istifadəsində olan torpaq sahəsinin bir hissəsini zəbt etmiş, guya ki, həmin hissə atasına məxsusdur, daha sonra isə icarə haqqını qaldırmaqla hədələmiş, sonda isə mübahisələndirilən qərarı qəbul etmişdir. Xaçmaz rayon Niyazoba Bələdiyyəsinin 27.01.2021-ci il tarixli, 2 saylı qərarının ləğv edilməsi barədə iddiaçının məhkəməyə verdiyi iddia isə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbəini rədd edərkən hesab etmişdir ki, iddia tələbi əsassızdır. Birinci isntansiya məhkəməsinin gəldiyi qənaətə görə Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3 və 4-cü bəndlərinin tələblərinə əsasən bələdəiyyələrin mülkiyyətində olan torapqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüququ və fiziki şəxslərin icarəsinə bir qayda olaraq 10 ildən 15 ilədək verilə bilər. Hesab edirlər ki, “Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50 və 51-ci maddələrinin tələblərinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanununvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur, həmçinin torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Yəni torpaqdan müvəqqəti istifadə qısamüddətli - 15 ilədək və uzunmüddətli 15 ildən 99 ilədək müəyyən oluna bilər. Göründüyü kimi, Xaçmaz bələdiyyəsinin 25.06.2004-cü il tarixli qərarı qəbul edilərkən torpaq qanunvericiliyi uzunmüddətli icarə müqaviləsinin 50 il müddətinədək bağlanmasını istisna etməmişdir. Birinci isntansiya məhkəməsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə hüquqi yanaşması əsaslı deyil, bu yanaşma (tövsif) digər oxşar Qanunlarda nəzərdə tutulmuş və icra edilən hüquqi mövqeylərlə üst-üstə düşmür. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-845/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.

9. Cavabdeh Xaçmaz rayon Niyazoba bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında vurğuladı ki, 27.01.2021-ci il tarixli 2 saylı qərar Xaçmaz rayonu Niyazoba bələdiyyəsinin 27.01.2021-ci il tarixli ümumi iclasında qəbul edilmişdir. İclas protokolunda qeyd olunur ki, 25.06.2004-cü il tarixli qərarı ilə 50 ha torpaq sahəsinin 50 il müddətinə X3 icarəsinə verilərkən qüvvədə olan qanunvericiliyin tələbləri pozulmuş, yəni Fərəməz Rüstəmovun icarəsinə verilmiş 50 ha torpaq sahəsi Niyazoba bələdiyyəsinin ehtiyat fonduna aid örüş torpaqları olduğundan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələblərinə əsasən də fiziki və hüququ şəxslərin icarəsinə verilmiş torpaq sahələri 15 ildən artıq müddətinə verilə bilməz. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən olunur. Həmin Qanunun 29-cu maddəsinə əsasən Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Beləliklə, Xaçmaz rayonu Niyazoba bələdiyyəsi yuxarıda göstərilən hüquq normalarını rəhbər tutaraq həmin bələdiyyənin 25.06.2004-cü il tarixli qərarını ləğv etmişdir. Eyni zamanda icarə müqaviəsinin ləğvinə səbəb Xaçmaz Regional Ədliyyə İdarəsinin tövsiyyə məktubu olmuşdur. İddiaçıya torpağın icarəyə verilməsi ilə bağlı yenidən təklif də irəli sürülmüşdür. Belə ki, bugünki gündə həmin ərazidə torpağın hektarı 250 manatdan icarəyə verilməsinə baxmayaraq, iddiaçı köhnə icarədar olduğu üçün ona 100 manatdan yeni icarə müqaviləsi bağlanmasına dair təklif irəli sürülmüşdür, o, isə bu təklifi qəbul etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apelyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Göstərilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

19. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

20. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

22. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

24. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

25. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

26. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 16.

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Maddə 51.

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir.

8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

29. Maddə 73.

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda xitam verilir.

30. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

31. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 6. Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Maddə 29. Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.

32. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 11. 11.1. Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. 11.2. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. 11.5. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 11.12. İcarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir. 11.13. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir.

33. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanunu: 5.0. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda. 8.1. İnzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. 8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. 8.6. Hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini (dəyişdirilməsini) və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 iş günü müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hazırkı qərarın 12-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, işdə olan sənədlərdən görünür ki: - Torpaq sahəsinin icarəyə verilməsi haqqında 25 iyun 2004-cü il tarixli, 08 saylı qərarından və eyni tarixli 61 nömrəli Müqaviləyə əsasən Xaçmaz rayonu Niyazoba Bələdiyyəsini tərəfindən Niyazoba kəndinin ərazisində yerləşən 50 hektar torpaq sahəsini (örüş torpağını) 50 il müddətinə, hər il üçün illik icarə haqqı məbləği ******* (iki milyon manat) olmaqla heyvandarlığın inkişaf etdirilməsi üçün X5 icarəyə verilmişdir (i.v.68-69). - Torpaqdan müvəqqəti istifadə hüququna dair JN 5781 saylı, 30218018 kodlu şəhadətnaməyə əsasən 25 iyun 2004-cü il tarixli 61 nömrəli Müqavilə əsas götürülməklə heyvandarlığın inkişaf etdirilməsi üçün X5 01 noyabr 2004-cü il tarixli Şəhadətnamə verilmişdir (i.v.70-71). - Xaçmaz rayon Dövlət Arxivinin 20 noyabr 2020-ci il tarixli, 740 nömrəli cavab məktubuna əsasən Niyazoba bələdiyyəsinin arxivə təhvil verdiyi 2004-cü il üzrə sənədlər arasında X5 aid heç bir qərar aşkar edilməmişdir (i.v.62). - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12 aprel 2021-ci il tarixli, **********31 nömrəli məktubu ilə Xaçmaz rayonu Niyazoba Bələdiyyəsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, iddiaçının hazırda məhkəməyə təqdim etdiyi JN 5781 saylı, 30218018 kodlu Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə X3 istifadə hüquqları Dövlət reyestrində qeydiyyata alınmadığı üçün ərazi idarəsi tərəfindən istifadə hüquqlarının ləğvi mümkün olmamışdır (i.v.61).

36. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandımışdır ki, iddiaçı ilə cavabdeh arasında torpaq icarə qiymətlərinin yenidən müəyyən olunması ilə bağlı mübahisələr olsa da, hazırda mübahisələndirilən qərarın əsasını X5 örüş torpağı 50 il müddətinə icarəyə ayrılarkən Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndi bu növ müqavilələrin müddətinin bir qayda olaraq 10 ildən 15 ilədək müddət müəyyən etdiyi halda, qanunun bu tələbini pozması təşkil edir. Məhkəmə ilk növbədə bu məsələyə münasibət bildirməyi vacib sayır. “Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər” norması inzibati orqana istədiyi formada diskression səlahiyyət verilməsi kimi başa düşülməməlidir. Bu isə örüş torpaqlarının əhəmiyyətinin vacib olmasından, həmin torpaqların düzgün istifadə edilməsindən və bu hallara nəzarət imkanları mexanizminin asanlaşdırılması kimi başa düşülməlidir. Qanunvericilikdə “yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər” norması olduğu halda digər hüquqmüəyyənedici normalara istinad etmədən həmin kateqoriya torpaqların 50 il icarəyə ayrılması qanuni hesab oluna bilməz. Bu baxımdan iddia əsaslı deyil və mübahisələndirilən qərarın ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməz.

37. Məhkəmə kollegiyası hazırkı qərarın 6-cı bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlili kimi qeyd etdiyi uzun illərdən sonra əlverişli qanunsuz aktın (fərz edilsə ki, bu belədir) ləğvi üçün qanunda nəzərdə tutulmuş 1 illik müddət ötürülməsinə baxmayaraq məhkəmənin qeyd edilən məsələni də araşdırmamasına dair fikirlərini əsassız hesab edir ona görə ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olan Xaçmaz regional Ədliyyə İdarəsinə Niyazoba kənd sakini Ş.A.Abuzərovun daxil olmuş müraciəti araşdırılarkən Niyazoba Bələdiyyəsinin 25 iyun 2004-cü il tarixli, 08 saylı qərarının mövcud qanunvericiliyə uyğun olmaması müəyyən edildiyindən hazırkı qərarın 33-cü bəndində istinad edilən qanun normalarına əsasən Xaçmaz regional Ədliyyə İdarəsi 22.01.2020-ci il tarixli məktubu ilə Niyazoba Bələdiyyəsinə müraciət edilərək X5 50 il müddətinə 50 hektar torpaq sahəsinin (örüş torpağını) icarəyə verilməsinə dair 25 iyun 2004-cü il tarixli, 08 saylı qərarının ləğv edilməsi və torpağın bələdiyyə mülkiyyətinə qaytarılması üçün qanunamüvafiq tədbirlərin görülməsi təklif edilmişdir (i.v.64-65).

38. Apelyatorun apelyasiya şikayətinin məhkəmə tərəfindən Torpaq Məcəlləsinin 16cı maddəsinə istinad edilməklə gəldiyi nəticənin həmin məcəllənin 51-ci maddəsinin və Torpaq icarəsi haqqında qanunun 13-cü maddəsinin normalarını nəzərə almadan iddia üzrə səhv nəticəyə gəlməsi barədə dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir ona görə ki, hazırkı qərarın 27-30-cu bəndlərində istinad edilən Torpaq Məcəlləsinin müddəalarına əsasən hansı kateqoriya torpaqların icarəyə verilmə qaydaları və müddəti, eləcədə, icarə hüquqlarına xitam verilmə əsasları müəyyən edilmiş, həmçinin hazırkı qərarın 31-32-ci bəndlərində istinad edilən Torpaq icarəsi haqqında və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunların tələblərinə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilə bilməsi qaydaları və bu qanunun tələblərinin pozulması ilə bağlanmış əqdlərin etibarsızlığı müəyyən olunduğundan Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələblərinə görə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilməsi müddəası əsas götürülərək iddiaçının mərhum atası ilə bağlanılmış 25 iyun 2004-cü il tarixli, 08 saylı qərarının mövcud qanunvericiliyə uyğun olmaması müəyyən edildiyindən ləğv edilməsinin düzgün olması barədə məhkəmənin qənaəti əsaslı olmuşdur.

39. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)- 845/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-845/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar