Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-520/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2023-cü ilin sentyabr-oktyabr ayları üçün aylıq 541,96 manat pul məbləğində olan ümumilikdə 1083,92 manat pul məbləğinin və əvvəlki iddia ərizəsi üzrə 2022-ci ilin may, iyun, iyul, avqust ayları üzrə olmaqla ümumilikdə 1600 manat pul məbləğinin və cəm olaraq da 2683,92 manat pul məbləğinin cavabdehdən tutulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-287/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciət etdiyi tarixdən, yəni 2022-ci ilin iyul ayından 400 manat pul məbləğində ailəsinə ünvanlı sosial yardımın təyin olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “2023 cü ilin sentyabr-oktyabr ayları üçün aylıq 541,96 manat pul məbləğində olan ümumilikdə 1083,92 manat pul məbləğinin və əvvəlki iddia ərizəsi üzrə 2022-ci ilin may, iyun, iyul, avqust ayları üzrə olmaqla, ümumilikdə 1600 manat pul məbləğinin və cəm olaraq da 2683,92 manat pul məbləğinin cavabdehdən tutulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-287/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, apellyasiya şikayəti, qanunvericiliklə müəyyən olunmuş 30 gün müddət ərzində verilməmişdir. Məhkəmə qərarı 18 mart 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmaqla iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirilsə də, iddiaçı həmin qərardan 24 aprel 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 15 may 2025-ci il tarixə, saat 12:10-a məhkəmə iclası təyin edilmişdir. Bununla əlaqədar, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsinə əsasən, məhkəmə kollegiyası tərəfindən iddiaçıya 06 may 2025ci il tarixli məktub göndərilərək, buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi hüququnun olması ona izah olunmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarından şikayət müddətini ötürməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin qərarından qərar tərəflərə rəsmi qaydada təqdim olunduqdan sonra 1 ay müddətində şikayət verilir. Belə ki, qərar ona rəsmi qaydada elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixində, kağız daşıyıcı vasitəsilə xx.xx.2025-ci il tarixində təqdim olunmuşdur. (Azərpoçt MMC-nin arayışı məktuba əlavə olunur). Hər iki faktlardan da görünür ki, birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətdə qanunvericiliyə əsasən müəyyən olunmuş müddət ötürülməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Belə ki, kollegiya iddiaçı tərəfindən ünvanlanan ərizəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə iddiaçı ərizəsində qeyd etmişdir ki, qərar ona rəsmi qaydada elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixində təqdim olunmuşdur. Lakin iş materiallarından da görünür ki, məhkəmə qərarı “Elektron məhkəmə” informasiya sistemində yaradılmaqla iddiaçıya məxsus olan elektron kabinetə 18 mart 2025-ci il tarixdə yerləşdirilmişdir. Əlavə olaraq iddiaçı qərarın kağız daşıyıcı vasitəsilə xx.xx.2025-ci il tarixində təqdim olunduğunu iddia etmiş, bununla əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X7 Filialının 13-27- 109/5600/13-7 nömrəli, 13 may 2025-ci il tarixli məktubunu təqdim etmişdir. Həmin məktubdan görünür ki, iddiaçının adına göndərilən SX050786806AZ saylı məktub xx.xx.2025-ci il tarixdə Müştəri xidmətləri şöbəsinin poçtalyonu X4 tərəfindən F-8 jurnalına MXŞ-də iddiaçıya imza etdirilərək təqdim edilmişdir. Məhkəmə həmin dəlili əsassız hesab etməklə ilk növbədə qeyd edir ki, sözügedən məktubda qeyd olunan məlumatlar əlavə sənədlə təsdiq edilməmiş, o cümlədən iddiaçıya göndərilmiş məktubun nədən ibarət olması, ümumiyyətlə, hər hansı məhkəmə mübahisəsi ilə əlaqəli olması aydın olmamışdır. İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qərarı iddiaçıya məxsus elektron kabinetə yerləşdirilməklə ona təqdim edilmiş, ünvana poçt vasitəsilə göndərilməmişdir. Əlavə olaraq kollegiya qeyd edir ki, məhkəmə qərarı ünvana poçt vasitəsilə də göndərilmiş olsa belə, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin axımı qərarın iddiaçıya məxsus elektron kabinetə yerləşdirildiyi tarixdən başlamışdır. Qeyd edilməlidir ki, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya inzibati məhkəmə icraatının aparılması qaydası ilə bağlı seçim imkanı verir. İPM-in 9-1.3-cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yəni, əgər iddia “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəməyə, iddiaçının (ərizəçinin) seçiminə əsasən, elektron icraat qaydasında verilibsə, bu halda, inzibati icraat elektron məhkəmə icraatı qaydalarının tələblərinə uyğun olaraq aparılmalı, məhkəmə sənədləri də işdə iştirak edən şəxslərə həmin tələblərə uyğun (elektron üsulla) çatdırılmalıdır. Hazırki halda da işdən görünür ki, iddia ərizəsi elektron kabinet vasitəsilə verilmiş, bununla da iddiaçı məhkəmə icraatının elektron qaydada aparılmasında maraqlı olduğunu nümayiş etdirmiş, birinci instansiya məhkəməsində icraat da bu icraat qaydalarına uyğun aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İşdən görünür ki, iddiaçı 30 noyabr 2020-ci il tarixdən “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmışdır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Sumqayıt İnzibati Məhkəməsi də mübahisələndirilən məhkəmə qərarını iddiaçının elektron kabinetində 18 mart 2025-ci il tarixdə yerləşdirmişdir. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra verilmişdir. İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 18 aprel 2025-ci il tarixdə başa çatmışdır, bununla da şikayətin verilməsi müddəti ötürülmüşdür. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-287/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-520/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-520/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver