Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-521/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “ünvanlı sosial yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin ona ayrılan sosial müavinətin dayandırılmasını qanunsuz hesab edərək, üzərinə ünvanlı sosial yardım ödənilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəsatət verərək, inzibati işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tələb üzrə cavabdeh orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıdır. Filialın səlahiyyəti isə birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Buna görə də, hazırkı iddia tələbinə baxılması İPMin 8.1.2-ci maddəsində göstərilən (inzibati orqanın yerləşdiyi yer üzrə) aidiyyətin təsir dairəsinə düşmür. Qanunvericilik fiziki şəxsin eyni vaxtda bir neçə yaşayış yerinə sahib olmasını mümkün hesab etsə də, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı bir yaşayış yeri üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Belə olan halda hazırkı iş üzrə məhkəmənin ərazi aidiyyəti məsələsi iddiaçının şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat ünvanı üzrə müəyyən edilməlidir. İddiaçının şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, Göyçay rayonu, Göyçay şəhəri, H.B.Əliyev küçəsi, ev 4-də qeydiyyatdadır. Bundan əlavə, iddiaçı da iddia ərizəsində də həmin ünvanı qeyd etmişdir. İş materialına əlavə edilmiş DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışda iddiaçının qeydiyyat ünvanı ünvan 1 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış ərizədən görünür ki, o, özünün ünvanı kimi ünvan 2tmişdir. Abşeron rayon, İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 7 noyabr 2019-cu il tarixli arayışından görünür ki, iddiaçı Saray qəsəbəsi, Q.B.Zakir küçəsində qeydiyyatsız yaşayır. İddiaçı ərizəsinə qoşma şəklində “Müvəqqəti qeydiyyat vəsiqəsi”nin təsdiq olunmuş surətini əlavə etmişdir. Həmin sənəddə onun Saray qəsəbəsi, Yeni məhəllə ünvanında 20 dekabr 2014-cü il tarixdən 30 dekabr 2015-ci il tarixədək qeydiyyatda olduğu göstərilmişdir. Hazırki iş üzrə iddiaçının Saray qəsəbəsi, Yeni məhəllə ünvanında müvəqqəti qeydiyyatının müddəti 30 dekabr 2015-ci il tarixdə bitmişdir. İddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşadığı yer üzrə səlahiyyətli məhkəmə olan Şəki İnzibati Məhkəməsidir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxışa təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillər İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardad həm Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası haqında qanunun tələblərinə ziddir. İnzibati işə onun yaşadığı yer üzrə baxılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, 2-1(118)-3181/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi “cavabdehin ona ayrılan sosial müavinətin dayandırılmasını qanunsuz hesab edərək, üzərinə ünvanlı sosial yardım ödənilməsi öhdəliyinin qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanı əsas götürərək, hazırki işə baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul emişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materialllarından görünür ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Göyçay rayonu, H.B.Əliyev küçəsi, 4 saylı evdir. İddiaçının faktiki yaşayış yeri ünvan 5 ünvan üzrə müvəqqəti qeydiyyata alınmış, bu barədə müvəqqəti qeydiyyat vəsiqəsi veirlmiş, 28 fevral 2025-ci ilədək də etibarlı olduğu qeyd edilmişdir. Göründüyü kimi, indiki halda iddiaçının pasport qeydiyyatında olduğu ünvan ilə onun faktiki yaşayış yeri fərqli ünvanlardan ibarət olmuş, habelə iddiaçı məhz faktiki yaşayış ünvanı üzrə müvəqqəti qeydiyyata alınmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən inzibati prosessual qnaunvericiliyinin müvafiq normasının dispozitiv şərtlərinə əsasən hazırki iddia tələbinə münasibətdə aidiyyət qaydalarına əsasən iddiaçının yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İndiki halda iddiaçının faktiki yaşayış yerinin olması halı müəyyən edilmişdir (Abşeron rayonu, Saray qəsəbəsi). Belə olan halda həmin normanın dispozitiv şərtlərinə əsasən hazırki iddia tələbinə münasibətdə aidiyyət qaydalarına əsasən işə iddiaçının yaşayış yerinin yerləşdiyi yerin yurisdiksiyasına aid məhkəmə tərəfindən baxılmalıdır. Mülki qanunvericiliyin tələbinə əsasən iddiaçının yaşayış yeri adətən yaşadığı yer onun yaşayış yeri sayılır, şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmçinin, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qnaunvericiliyin tələbinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi şəxsin bir neçə yaşayış yeri ola bilər. İddiaçının faktiki yaşayış yerinin onun yaşayış yeri kimi əsas götürülməsi ilk növbədə şəxsin məhkəməyə müraciət imkanının asanlaşdırılmasına xidmət etməklə, məhkəməyə əlçatımlığın, çəkişmə, prosessual qənaət, işə ağlabatan müddətdə baxılması və şəxsin pozulmuş hüquqlarının daha səmərəli şəkildə müdafiəsinin təmin edilməsi prinsiplərinin mahiyyətindən və həmin prinsiplərin tələblərinə riayət edilməsindən irəli gəlir. Bununla bağlı qeyd edilməlidir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi:- şəxslərin məhkəməyə əlçatanlığının;işlərə ağılabatan müddətdə baxılmasının;- prosessual qənaət prinsipinin;- ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqlarının daha səmərəli şəkildə müdafiəsinin, məhkəməyə əlçatımlığın təmin edilməsi və digər yuxarıda istinad edilən prinsiplərin və inzibati prosessual qanunvericiliyin normasının tələbləri əsas götürülməklə, hazırki iddiaya münasibətdə ərazi aidiyyətinin müəyyən edilməsi zamanı İPM-in 8.1.2-cü maddəsinin tələbi baxımından iddiaçının yaşayış yeri qismində məhz onun faktiki yaşayış yerinin əsas götürülməsi məqsədəmüvafiqdir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının faktiki yaşayış yeri Abşeron rayonu, Saray qəsəbəsi olduğundan, müvafiq qanunvericiliyin tələbinə əsasən qeyd edilən ünvan məhz Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan, hazırki işə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydalarının müəyyən edilməsi zamanı qeyd olunan norma və prinspilərin tələbləri nəzərə alınmamış, formal yanaşma tətbiq edilməklə, iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətinin məzmununda məhkəmə qərardadının ləğv edilməsi ilə yanaşı, iş üzrə işin baxışa təyin edilməsini xahiş etmişdir. İndiki halda işə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alındığından, iddiaçının şikayəti qismən-məhkəmə qərardadının ləğv edilməsi hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, 2-1(118)-3181/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərardadı ləğv edilsin. 2-1(118)-3181/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-521/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-521/2024
10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver