Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-521/2025 27.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: ƏDV və mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesablanması barədə vergi orqanı qərarlarının ləğvi, riskli vergi ödəyicisi, əmtəssiz əməliyyat) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-455/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli qərardan görünür ki, İddiaçı MMC-yə 18.194,89 manat əlavə vergi borcu hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********643800 nömrəli qərardan görünür ki, İddiaçı MMC-yə 36.492,30 manat əlavə vergi borcu hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SE-03 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya təhvil verməyi, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli təhviltəslim aktına əsasən 70587.6 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 2596 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 1023.89 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 67665.92 manat dəyərində mallar (qırmadaş, otsep) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Həmin aktlara əsasən eyni tarixli elektron qaimələr təqdim edilmiş və qaimələrə uyğun olaraq ödənişlər həyata keçirilmişdir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli 22.07.01-01 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya təhvil verməyi, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 33151.75 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 4800 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 9015 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 128960 manat dəyərində mallar (qırmadaş, otsep) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Həmin aktlara əsasən eyni tarixli elektron qaimələr təqdim edilmiş və qaimələrə uyğun olaraq ödənişlər həyata keçirilmişdir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli 22.07.20-01 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya təhvil verməyi, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli təhviltəslim aktına əsasən 434.52 manat dəyərində mallar (dolğu materialı) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Həmin akta əsasən xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim edilmiş və qaiməyə uyğun olaraq ödəniş həyata keçirilmişdir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli RS 65/08 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya təhvil verməyi, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli təhviltəslim aktına əsasən 1622.5 manat dəyərində mallar (qum) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Həmin akta əsasən xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim edilmiş və qaiməyə uyğun olaraq ödəniş həyata keçirilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsi xx.xx.2023-cü il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********293200 nömrəli qərar qəbul etmişdir. Qərarda 2023-cü ilin iyun ayı üçün 18194.89 manat ƏDV hesablandığı qeyd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBS seriyalı 148115 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsi xx.xx.2023-cü il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********683700 nömrəli qərar qəbul etmişdir. Qərarda 2022-ci il üçün 36492.30 manat mənfəət vergisi hesablandığı qeyd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən riskli əməliyyat üzrə 182461,50 manat dəyərində elektron qaimə fakturaların əldə edildiyi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsi və mənfəət vergisi bəyannaməsinin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.1-ci sətrindəki 18000,00 manat məbləğ, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) təqvim ili üzrə (4 rübün cəmi) 902-ci (Gəlirlər, cəmi) sətirlərinin "Rüb üzrə cəmi" sütunlarındakı 17276,66 manat məbləğindən böyük olması vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Həmin qərarlardan iddiaçı tərəfindən şikayət verilmiş, şikayətə baxan DVX-nin inzibati şikayətlərə baxılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarını qanunsuz və əsassız hesab edirlər. Həmin qərarlara münasibətdə bildirilir ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixli, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2023-cü il tarixli qərarlarla riskli vergi ödəyiciləri hesab edilmişdir. Halbuki iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatlar 2022-ci ilin avqust ayında, "xxxx" MMC ilə 2022-ci il mart ayında, "xxxx" MMC ilə isə 2022-ci ilin sentyabr ayında aparılmışdır. Göründüyü kimi iddiaçının apardığı bu əməliyyatlar riskli hesab edilə bilməz, çünki əməliyyatlar aparılan zaman həmin vergi ödəyicilərinin reyestr məlumatlarına baxılmış və belə bir fakta rast gəlinməmişdir. Həmin vergi ödəyiciləri aparılan əməliyyatlardan sonra onlar riskli vergi ödəyicisi hesab edilmişlər. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra AR VM-in) 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən AR VM-in 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakter bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Aparılan əməliyyatların əmtəəsiz olması da tərəflər arasında bağlanmış təhvil-təslim aktları ilə istisna edilir. Çünki iddiaçı müvafiq müqavilə bağlamaqla, təhvil-təslim aktı əsasında aldığı mala görə e-qaimə əsasında ödəniş etməklə həyata keçirdiyi əməliyyat, əmtəəsizəməliyyat hesab edilə bilməz. Həmçinin cavabdeh tərəfindən iddiaçıya kameral qaydada verginin hesablanması zamanı işin faktiki və hüquqi halları düzgün araşdırılmamışdır. İddiaçı ilə bağlanan müqavilələr (əqdlər) tam real olmaqla, onun əsasında real mallar alınmış, həmin mallar istifadə edilmiş və ya üçüncü şəxslərə satılmış və iddiaçı tərəfindən bütün əməliyyatlar üzrə vergilər ödənilmişdir. Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. AR VM ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (AR VM-in 24.0.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və yasubordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin Quba rayonu Qonaqkənd kəndində digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət ilə məşğul olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 2023-cü ilin iyun ayının ƏDV bəyannaməsində yaranan elektron uyğunsuzluğa əsasən riskli vergi ödəyicilərindən əldə edilmiş 18194,89 manat məbləğində eqaimələr mövcuddur. Vergi məcəlləsinin 175.11-ci maddəsinə əsasən riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əvəzləşdirməyə əsas vermir. Belə ki, əvəzləşməyə salınmış 18194,89 manat ƏDV məbləği 2023-cü ilin ƏDV bəyannaməsinin 324-cü sətrində əvəzləşdirilən əməliyyatların azaldılmasına görə bərpa edilən ƏDV məbləği 18194,89 manat qeyd edilərək hesablama aparılmış və xx.xx.2023- cü il tarixli **********293200 nömrəli qərar vergi ödəyicinə göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 2022-ci ilin MV bəyannaməsində qeyd edilmiş malın dəyərində 182461,5 manat məbləğində riskli vergi ödəyicilərindən əldə edilmiş eqaimələr mövcud olmuşdur. Vergi məcəlləsinin 109-cu maddəsinə əsasən riskli vergi ödəyicilərindən əldə edilmiş e-qaimələr gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. İşçilərə verilən əməkhaqqının məbləği 18000,0 manat qeyd edilməsinə baxmayaraq, il ərzində təqdim edilən vahid bəyannamə hesabatına görə 17276,66 manat olmuş və bu məbləğə uyğun olaraq 692,12 manat əlavə sosial ayırmalar xərcə aid edilmişdir. Buna müvafiq olaraq xərcə əlavə olaraq salınmış 723,34 manat əməkhaqqı və 692,12 manat sosial ayırmalar həmçinin 182461,5 manat riskli e-qaimələr xərclər hissəsindən silinmiş və nəticədə əlavə olaraq 36492,3 (182461,5+723,34+692,12)*20%)- 6412,26) manat vergi məbləği hesablanmış və bu hesablama ilə bağlı qəbul edilmiş qərar xx.xx.2023-cü il tarixli **********683700 nömrəli sənədlə vergi ödəyicisinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-455/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində qəbul edilmiş qərar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş digər hüquqi şəxslər ilə edilən alqısatqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar təqdim edilmişdir. Belə olan halda cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. "xxxx" MMC xx.xx.2022-ci il tarixli, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2023-cü il tarixli qərarlarla riskli vergi ödəyiciləri hesab edilmişdir. Lakin iddiaçı "xxxx" MMC ilə 2022-ci ilin avqust ayında, "xxxx" MMC ilə 2022-ci il mart ayında, "xxxx" MMC ilə isə 2022-ci ilin müqavilələr bağlamışdır. Göründüyü kimi, həmin vergi ödəyiciləri riskli vergi ödəyicisi olmadığından, iddiaçının apardığı bu əməliyyatlar riskli hesab edilə bilməz. Bundan başqa mübahisələndirilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati orqan qəbul etdiyi inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalı və inzibati aktda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, o cümlədən nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2023- cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar ləğv edilməli və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini düzgün təhlil etməmiş, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məcəllədə müvafiq icraatların bəzi ümumi prinsipləri mövcuddur. Bu prinsiplərə hakimlərin müstəqilliyi, qanun və məhkəmə qarşısında bərabərlik, sübut etmə vəzifəsi. çəkişmə prinsipi, məhkəmə baxışının aşkarlığı və dispozitivlik prinsipləri aiddir. Hazırkı mübahisədə nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə inzibatı məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibatı icraat materialları və ya işi) əsasında inzibatı orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-nin 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin bəmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibatı icraat aparılması anlamında təfsir oluna və qiymətləndirlə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. MPM və İPM-in müddəalarının qarşılıqlı tədqiqi göstərir ki, hər iki Məcəllədə müvafiq icraatların bəzi ümumi prinsipləri mövcuddur. Bu prinsiplərə hakimlərin müstəqilliyi, qanun və məhkəmə qarşısında bərabərlik, sübut etmə vəzifəsi, çəkişmə prinsipi, məhkəmə baxışının i aşkarlığı və dispozitivlik prinsipləri aiddir. Bununla belə, hər iki icraatın ümumi prinsipləri ilə yanaşı İPM-in spesifik, fərqli prinsipləri vardır. Belə ki, MPM-ə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, İPM-ə görə isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (MPM-in 14.2-ci və İPM-in 12.1 -ci | maddələri). Bununla yanaşı, İPM-nin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh e şərh edilməsinə "dair 17 sentyabr 2014-cü il tarixli qərarı). Hüquq nəzəriyyəsində əldə edilmə baxımından sübutların 2 (iki) növü fərqləndirilir; birbaşa sübutlar, dolayı sübutlar. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etirazda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt ... 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” (21 noyabr 2024-cü il tarixədək qüvvədə olan redaksiyada) 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş **********293200 nömrəli xx.xx.2023-cü il tarixli və **********683700 nömrəli xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd olunan qərarların qəbul edilməsini onunla əsaslandırmışdır ki, kameral vergi yoxlaması nəticəsində ƏDV-yə aid 2023-cü ilin iyun ayı hesabat dövrü üzrə iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə faktura üzrə aparılan əməliyyat riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi halda, həmin qaimə-faktira üzrə 6840 manat ƏDV məbləği əvəzləşdirildiyindən, ƏDV üzrə 6840 manat kənarlaşma aşkar edilmiş, Mənfəət vergisinə aid 2022-ci il hesabat dövrü üzrə iddiaçı tərəfindən riskli vergi ödəyicilərindən ümumi dəyəri 182461,5 manat məbləğində elektron qaimə-fakturalar əsasında əldə edildiyindən, xərc sənədi kimi tanınmamış, bu səbəbdən də mənfəət vergisi üzrə 36492,30 manat kənarlaşma aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı vergi ödəyicisi olmaqla, əmlakın icarəyə verilməsi üzrə fəaliyyətlə məşğuldur. İş materiallarından görünür ki, iddiaçı (alıcı qismində) ilə"xxxx" MMC (satıcı qismində) 25 fevral 2022-ci il tarixli alıq-satqı müqaviləsi bağlanılmış, malların təhvil-təslim aktları tərtib edilmiş, həmin aktlara əsasən 59820 manat dəyərində mal və 10767,6 ƏDV olmaqla, cəmi 70587,6 manat dəyərində mal, 2200 manat dəyərində mal, 396 manat ƏDV daxil olmaqla, cəmi 2596 manat, 867,70 manat 156,19 manat ƏDV daxi olmaqla, cəmi 1023,89 manat, 57344 manat mal və 10321,92 manat ƏDV daxi olmaqla, cəmi 67665,92 manat mal iddiaçıya təhvil verilmişdir. İş materiallarında olan Seriya nömrəsi EBBS №148115 xx.xx.2022-ci il tarixli elektron qaimənin məzmunundan görünür ki, təqdim edən "xxxx" MMC, alıcı iddiaçı,əsas 25 fevral 2022-ci il tarixli №SE-03 Müqavilə,vergi tutulan əməliyyatlardan ödənilməli olan ƏDV kimi 10767,60 manat, yekun məbləğ 70587,6 manat qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılmış digər əməliyyatlar üzrə də elektrom qaimə tərtib edilmişdir. İş materiallarından görünür ki, iddiaçı (alıcı qismində) ilə"xxxx" MMC (satıcı qismində) 01 iyul 2022-ci il və 20 iyul 2022-ci il tarixli alıq-satqı müqavilələri bağlanılmış, malların təhvil-təslim aktları tərtib edilmiş, həmin aktlara əsasən mallar iddiaçıya təhvil verilmiş, habelə həmin əməliyyatlar üzrə elektron qaimələr tərtib edilmişdir. İş materiallarından görünür ki, iddiaçı (alıcı qismində) ilə "xxxx" MMC (satıcı qismində) 01 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, malların təhvil-təslim aktı tərtib edilmiş, həmin akta əsasən 1375 manat dəyərində mal, 247.50 manat ƏDV daxil olmaqla, cəmi 1622,50 manat dəyərində mal iddiaçıya təhvil verilmiş, habelə həmin əməliyyat üzrə elektron qaimə tərtib edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2022-ci il üzrə "xxxx" MMC-dən ümumilikdə 182461,52 manat dəyərində, "xxxx" MMC-dən 141873,40 manat, "xxxx" MMC –dən ümumilikdə 1622,50 manat mallar əldə etmişdir. İş materiallarından görünür ki, cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunmaqla, riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Kollegiya cavabdeh tərəfindən iddiaçı barəsində ƏDV üzrə əlavə vergi məbləğinin hesablanması ilə bağlı hissədə aşağıdakıları qeyd edir. Bu hissədə işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 148115 nömrəli elektron qaimə üzrə əldə etdiyi malların dəyərinə münasibətdə ƏDV məbləğinin əvəzləşdirilməli olduğunu əsas gətirmişdir. Cavabdeh inzibati orqan isə həmin malların satıcısı qismində çıxış edən müvafiq MMC riskli vergi ödəyicisi olduğundan, həmin elektron qaimə fakturası üzrə aparılan əməliyyatın riskli hesab olunması halına istinad edərək, iddiaçı ilə müvafiq MMC arasında aparılmış həmin əməliyyatı əmtəəsiz əməliyyat hesab edərək, ƏDV əvəzləşdirilməsinə yol verilmədiyindən, ƏDV üzrə kənarlaşma aşkar etmişdir. Kollegiya bu hissədə işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən alqısatqı müqavilələri üzrə malların təhvil alınması, habelə malların dəyərinin ödənilməsi, elektron qaimələrin tərtib edilməsi halı iş materialları əsasında öz təsdiqini tapır. Belə olan halda, kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə sübutetmə yükün bilavasitə cavabdeh vergi orqanının üzərinə düşür. Başqa sözlə desək, cavabdeh iddiaçı ilə müvafiq MMC arasında aparılmış əməliyyatın əmtəəsiz əməliyyat hesab etdiyi halda, onun əsaslarını sübutetmək öhdəliyi daşıyır. İndiki halda isə cavabdeh inzibati orqan qeyd edilən halı yalnız müvafiq MMC-lərin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyicisi siyahısına daxil edilməsi (bu barədə qərar qəbul edilməsi) ilə bağlı hallarla əsaslandırmışdır. Kollegiya cavabdehin istinad etdiyi həmin əsasla bağlı onu qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında "xxxx" MMC xx.xx.2022-ci il tarixli qərar, "xxxx" MMC xx.xx.2023-cü il tarixli qərar, "xxxx" MMC isə xx.xx.2023-cü il tarixli qərar əsasında riskli vergi ödəyicisi hesab edilməklə, riskli vergi ödəyicisi siyahısına daxil edildiyi, iddiaçının isə həmin MMC-lərlə apardığı əməliyyatların tarixi isə 2022-ci ilin fevral, iyul və sentyabr ayları olmuşdur. Göründüyü kimi, iddiaçının müvafiq MMC-lərlə əməliyyatları apardığı vaxtda həmin MMC-lər riskli vergi ödəyicisi qismində çıxış etməmiş, həmin əməliyyatlardan sonrakı tarixlərdə qeyd edilən MMC-lər riskli vergi ödəyicisi hesab edilmişlər. Kollegiya qeyd edir ki, vergi qanunvericiliyinin normasında riskli vergi ödəyicisinin anlayışı verilmiş (VM-nin 13.2.82-ci maddəsi), həmin normanın dispozitiv şərtinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Göründüyü kimi vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi üçün müvafiq qərar qəbul edilməli, yalnız həmin qərardan sonra riskli vergi ödəyicisi ilə aparılmış əməliyyatlar da riskli hesab olunur. İndiki halda isə iddiaçı tərəfindən müvafiq əməliyyatlar aparılan zaman müvafiq müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməmiş, habelə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Başqa sözlə desək iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektrom qaimə fakturalar üzrə əməliyyatları aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələrlə aparmışdır. Nəticə etibarilə iddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, əməliyyat tarixində müəssisələrin riskli vegri ödəyicisi olmamasına əmin olmuş, vergi orqanı tərəfindən də bu barədə ona hər hansı xəbərdarlıq edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan istinad edilən hala əsaslanmaqla müvafiq qərar əsasında iddiaçı barəsində ƏDV üzrə əlavə vergi məbləğini hesablamaqda haqlı olmamış, həmin hissədə etiraz və şikayətinin dəlilləri əsassız olmuşdur. Kollegiya mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesablanmasına aid hissədə aşağıdakıları qeyd edir. Bu hissədə kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, cavabdeh vergi orqanı məhz 2022-ci il üzrə "xxxx" MMC-dən 182461,52 manat dəyərindən elektron qaimə fakturalar əsasında mal əldə edildiyi, həmin MMC tərəfindən təsdiqedici sənəd əsasında almadığı malları satdığının müəyyən edildiyini, həmin MMC-yə məxsus olan “X7 Vəlvələçay” adlı təsərrüat subtyektinin xx.xx.2022-ci il tarixdə vergi orqanında uçota alındığı, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarıldığının müəyyən edildiyi, bu səbəbdən də həmin MMC-nin xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməsi halına istinad edərək, riskli vegri ödəyicisindən əldə edilmiş mallara dair tərtib edilmiş elektron qaimələri xərc sənədləri kimi qəbul etməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, vergi qanunvericiliyinin tələbinə əsasən riskli vergi ödəyicisi ilə aparılmış əməliyyatlar üzrə müvafiq sənədlər xərc sənədləri kimi qəbul edilmir. İndiki halda isə qeyd edilən müəssisələr ilə iddiaçı tərəfindən müvafiq əməliyyatların aparıldığı tarixdə həmin müəssisələr riskli vergi ödəyicisi hesab olunmamış, bu barədə hər hansı qərar qəbul edilməmiş, habelə cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilməmişdir. Belə olan halda, kolegiya qeyd edir ki, cavabdehin həmin hissədə hərəkətləri qanunvericilik normasının dispoztiv şərtlərinə uyğun olmamışdır. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi hallarla bağlı qeyd edir ki tərəflər arasında alqı-satqı müqvailəsinin bağlanması, müqavilə üzrə malalrın təhvil verilməsi, ödənişinin həyata keçirilməsi, elektron qaimələrin tərtib edilməsi halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Belə olan halda, kolegiya qeyd edir ki, tərəflər arasında baş tutmuş əməliyyatın əmtəəsiz olduğunu, yəni faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri ilə sübuta yetirməlidir. İndiki halda isə cavabdehin yeganə dəlili iddiaçının riskli vergi ödəyicisi ilə əməliyyat aparılması ilə bağlı hal olmuş, həmin hal isə iş materialları əsasında təkzib olunmuşdur (əməliyyatın aparıldığı tarixdə vergi ödəyicisi riskli vergi ödəyicisi olmamışdır). Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər hallarla bağlı onu qeyd edir ki, digər vergi ödəyicisinin satdığı malların aldığı və ya idxal etdiyi malların həcminə uyğun olmaması iddiaçının məsuliyyət sferasına aid edilməməli,bu hallar onun hüququnu məhdudlaşdırmamalıdır. Başqa sözlə desək, iddiaçının malı satan vergi ödəyicisinin ona satılan mallar ilə satıcının aldığı malların həcminin uyğunluğunu yoxlamaq kimi bir səlahiyyəti olmamışdır. Bu hal məhz vergi orqanı tərəfindən həmin vergi ödəyicisinə münasibətdə araşdırılmalı olan hal kimi çıxış etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh vergi orqanı məhz riskli vergi ödəyicisi ilə əməliyyat aparılması halına istinad edərək, elektron qaimə sənədlərini xərc sənədi kimi nəzərə almamaqda və bu əsasla iddiaçı barəsində əlavə mənfəət vergi məbləğini hesablamaqda haqlı olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, indiki halda sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşsə də, cavabdeh tərəfindən iddiaçı barəsində qeyd edilən qərarların qəbul edilməsinin əsaslarına dair heç bir sübut təqdim edilməmiş, iddiaçı barəsində qəbul edilmiş qərar ehtimallara əsaslanmaqla, qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsi mövcud olduğundan (Azərbaycan Respublikası Ali X1 2-1(102)-2367/2023 saylı xx.xx.2023-cü il tarixli,2-1(102)-1234/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1651/2023 saylı xx.xx.2023-cü il tarixli və digər), həmin hal hazırki iş üzrə nəzərə alınmalıdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində əlavə ƏDV və mənfəət vergisinin hesablanmasına dair qəbul etdiyi qərarları əsassız və qanunsuz olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri (etirazın dəlilləri ilə eynilik təşkil etmişdir) iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-455/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-521/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-521/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver