Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-522/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə açar sözlər: torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi Dostəliyev Elnur Dostəli oğlunun iştirakları ilə, İddiaçı nümayəndəsi X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(118)- 464/2021 saylı qərarından iddiaçının nümayəndəsi X3 verdiyi apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı nümayəndəsi X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair qərarın çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli, 5(001)-676/2019 nömrəli, “Əmlak üzərinə həbs qoyulması barədə” qərarı ilə ********* №-li cinayət işi üzrə İddiaçı adına qeydiyyata alınmış Abşeron rayonu Novxanı kəndində 0,25 ha torpaq sahəsi üzərinə həbs qoyulmuş, qərarın icrası Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 5(103)-26/2020 nömrəli Qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli qərarı İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində 0,25 ha torpaq sahəsi üzərinə həbsin qoyulması hissəsində ləğv edilmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin qərarını və İddiaçı məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyət barədə 31.08.2020-ci il tarixli ərizəni cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh 07.09.2020-ci il tarixli, **********86 nömrəli məktubla bildirmişdir ki, İddiaçı məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli ********* saylı məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Cavabdehin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin məktubu ilə daşınmaz əmlak üzərinə məhdudiyyət qoyması qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. İstinad olunan normanın tələbinə görə məhkəmənin qərarı olmadan daşınmaz əmlak üzərinə məhdudiyyət qoyula bilməz. İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Eyni zamanda bildirir ki, 14.09.2020-ci il tarixdə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş, 02.11.2020-ci il tarixdə hakim Elvin Əliyevin məsləhəti ilə iddia ərizəsi geri götürülərək aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmiş, buna görə hesab edir ki, cavabdehin 07.09.2020-ci il tarixli, **********86 nömrəli məktubuna dair iddia ərizəsinin müddəti ötürülməmişdir. Cavabdehin etirazları:
3. Cavabdeh iddiaya etirazında qeyd edir ki, araşdırma zamanı İddiaçı məxsus, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli, ********* saylı məktubuna əsasən məhdudiyyət qoyulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə uyğun olaraq cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq iddianı təmin etmə tədbirlərindən biri kimi müəyyən edilmişdir. Məcəllənin 159.2-ci maddəsinə uyğun olaraq iddianı təmin etmək tədbiri ilə bağlı məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 249-cu maddəsinə görə, əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoya bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Sözügedən əmlak üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli, ********* saylı məktubunda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işinin istintaq zərurəti ilə əlaqədar İddiaçı adına olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikili üzrə məhkəmə qərarı alınanadək sərəncam vermək hüquqlarının məhdudlaşdırılması qeyd edilib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(118)-464/2021 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir.
5. Qərardan narazı qalan iddiaçının nümayəndəsi X4 və vəkili Vəkil birlikdə apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2- 1(118)-464/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı tərəf apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli 5(001)-676/2019 nömrəli, “Əmlak üzərinə həbs qoyulması barədə” qərarı ilə 152026125№-li cinayət işi üzrə İddiaçı adına qeydiyyata alınmış Abşeron rayonu Novxanı kəndində 0,25 ha torpaq sahəsi üzərinə həbs qoyulmuş, qərarın icrası Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21.07.2020-ci il tarixli 5(103)-26/2020 nömrəli qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli qərarı İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində 0,25 ha torpaq sahəsi üzərinə həbsin qoyulması hissəsində ləğv edilmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin məktubu əsasında daşınmaz əmlak üzərinə məhdudiyyət qoyulması qanuna ziddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq məhkəmənin qərarı əsasında qoyulur. İstinad olunan normanın tələbinə görə məhkəmənin qərarı olmadan daşınmaz əmlak üzərinə məhdudiyyət qoyula bilməz. Sumqayıt İnzibati Məhkəməsinin qərarında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 249.2-ci maddəsi təhrif edilmişdir. Məhkəmə qərarında göstərilir ki, “qeyd olunan normanın (CPM-nin 249.2-ci maddəsinə istinadən) tələbindən göründüyü kimi bu halın istisnaları ola bilər.” Lakin Azərbaycan Respublikası CPM-nin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq məhkəmənin qərarı əsasında qoyulur. Normada “bir qayda olaraq cümləsi” əmlak üzərinə həbsin məhkəmə qərarı əsasında qoyulmasından başqa hala istisnaya yol vermir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətində qeyd edilən hüquqi mövqeyini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş edərək əlavə olaraq bildirdi ki, məhdudiyyətin aradan qaldırılması barədə Reyestr Xidmətinə bir daha müraciət edilmiş, həmin ərizənin surəti də məhkəməyə təqdim edilmiş, lakin yenə də xahişləri nəzərə alınmamışdır. Hesab edir ki, məhdudiyyətin qoyulması qanuna ziddir və bunun hüquqi tərəfini vəkili izah edəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apelyasiya şikayətində qeyd edilən hüquqi mövqeyini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş edərək bildirdi ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin məktubu ilə daşınmaz əmlak üzərinə məhdudiyyət qoyulması qanuna zidd olması onunla təsdiq edilir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulmalıdır. Yəni qeyd olunan normanın tələbinə görə məhkəmənin qərarı olmadan daşınmaz əmlak üzərinə həbs və ya məhdudiyyət qoyula bilməz. Birinci instansiya məhkəməsinin qərarında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 249.2-ci maddəsi təhrif edilərək göstərilir ki, “qeyd olunan normanın tələbindən göründüyü kimi bu halın istisnaları ola bilər.” Hesab edirlər ki, istinad edilən normada “bir qayda olaraq” cümləsi normada əmlak üzərinə həbsin məhkəmə qərarı əsasında qoyulmasından başqa hala istisnaya yol vermir. Çünki Cinayət-Prosessual Məcəlləsinin 249.6-cı maddəsinə əsasən Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Lakin göründüyü kimi, daşınmaz əmlak üzərinə məhdudiyyət qoyula bilməsi üçün nə müstəntiqin, nə də ki, məhkəmənin qərarı vardır. Qeyd edilənləri nəzərə alaraq, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edərək onu da bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, sözügedən daşınmaz əmlak üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin ilkin olaraq 09.08.2019-cu il tarixli məktubuna əsasən qadağa qoyulmuş, sonradan məhkəmə qərarı olmuş, sonra isə İdarəyə 22.07.2020-ci il tarixli məktub daxil olmuş və əmlak üzərinə məhdudiyyət qoyulmuş, lakin bu məktubdan sonra digər məhkəmə qərarı olmamış, bu barədə sorğuya dair cavabı da təqdim etmişik. Hesab edirik ki, məhdudiyyətin qoyulması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.1.1, 159.2-ci maddələrinə, Cinayət- Prosessual Məcəlləsinin 249-cu maddəsinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə görə əsaslıdır.
11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tədbiq edilən hüquq
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
16. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
17. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
18. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
19. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
21. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
22. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: Maddə 18.1. Cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Maddə 18.3. Cinayət təqibi gedişində pul cəriməsinin tətbiqi, habelə əmlak üzərinə həbs qoyulması məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: Maddə 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; Maddə 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Maddə 249.5. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2-177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Maddə 249.6. Bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hazırki qərarın 13-25-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin dinlənilmə hüququnu təmin edib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(118)-464/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin edilməlidir.
33. Hazırki işin hallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli, 5(001)-676/2019 nömrəli, “Əmlak üzərinə həbs qoyulması barədə” qərarı ilə ********* №-li cinayət işi üzrə İddiaçı adına qeydiyyata alınmış Abşeron rayonu Novxanı kəndində 0,25 har torpaq sahəsi üzərinə həbs qoyulmuş, qərarın icrası Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 5(103)-26/2020 nömrəli Qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli qərarı İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində 0,25 ha torpaq sahəsi üzərinə həbsin qoyulması hissəsində ləğv edilməklə təqdimat həmin hissədə təmin edilməmişdir.
34. Məhkəmə kollegiyası hazırkı qərarın 6-cı bəndində öz əksini tapan apelyasiya şikayətinin dəlillərilə razılaşaraq qeyd edir ki, cavabdehin hərəkətləri ona görə qanuni sayıla bilməz ki, hazırkı qərarın 30-cu bəndində istinad edilən maddi hüquq normalarının tələbləri də mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulması zamanı mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilməsi, bu cür hərəkətlərin davam etdirildiyi təqdirdə isə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilməsini özündə əks etdirir.
35. Digər tərəfdən cavabdeh hərəkətlərinin qanuniliyini mülki və cinayət qanunvericiliyinin tələbləri çərçivəsində olmasını vurğulamış olsa da, hazırki qərarın 31-ci bəndində istinad edilən cinayət-prosessual qanunvericiliyinin tələblərinin məhz hansı halda əmlak üzərinə həbs qoyulmasının əsaslarını dəqiq müəyyən etməsi, həmçinin qanunvericilikdə əmlak üzərinə həbs qoyulmasının ümumiyyətlə məktub əsasında qoyulmasının mümkünlüyü anlayışının olmaması özü-özlüyündə iddiaçının tələbinin əsaslı olmasını təsdiq edir.
36. O da nəzərə alınmalıdır ki, məhkəmə kollegiyasının da iclasında müəyyən edildiyi kimi hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsinin üzərinə Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli qərarı ilə qoyulmuş həbs, Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, bundan sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 22.07.2020-ci il tarixli məktubu cavabdeh İdarəyə daxil olduqdan sonra həmin əmlakla bağlı hər hansı bir həbs qərarı cavabdeh İdarəyə daxil olmamışdır.
37. Beləliklə, sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıya məxsus torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyət əsassız hesab edilməli, bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(118)-464/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməklə iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(118)-464/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.