Məhkəmə qərarları › İş №2-1(105)-522/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-522/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-522/2023 23.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, X6 ünvanında "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş “Ticarət mərkəzi” binası (qeyri-yaşayış sahəsi) üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb, torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlaka birgə vahid daşınmaz əmlak obyekti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-364/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Abşeron rayonu, X6 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan “Ticarət mərkəzi” binası (qeyri-yaşayış sahəsi) üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb, torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlaka birgə vahid daşınmaz əmlak obyekti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-364/2023 nömrəli qərardadı ilə 2-1(118)-364/2023 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisənin əsasını Bakı şəhərində yerləşən torpaq sahəsi təşkil etdiyindən, hazırkı mübahisəyə xüsusi norma rolunu oynayan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi tətbiq edilməli və işə daşınmaz əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin qərardaddan idddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və inzibati işi aidiyyatı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillər İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddəyə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Şikayət edilən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının (2-ci səhifə, 4-cü abzas) özündə qeyd edilir ki, “Hazırkı işdə mübahisənin əsasını Abşeron rayonu, X6 ünvanında yerləşən daşınmaz əmlak təşkil edir.” Birinci instansiya məhkəməsi bir tərəfdən qərardadda daşınmaz əmlakın ünvanının rəsmi sənədlərdə göstərildiyi kimi Abşeron rayonu olduğunu qeyd edir, sonra isə özünün gəldiyi həmin nəticəni heç bir rəsmi sənədə istinad etmədən, yalnız iş üzrə maraqlı tərəf olan cavabdehin yanlış və ziddiyyətli mülahizəsinə əsaslanmaqla təkzib edərək mübahisənin əsasını Bakı şəhərində yerləşən torpaq sahəsi təşkil etdiyini hesab edir. Sumqayıt İnzibati məhkəməsi tərəfindən mübahisənin əsasının Bakı şəhərində yerləşən torpaq sahəsi olduğunun hesab edilməsi əsassızdır. Belə ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, X6 ünvanında yerləşən torpaq sahəsi ilə əlaqədar hər hansı mübahisə yoxdur. Həmin torpaq sahəsi üzrə müvafiq Reyestrdən Çıxarış mövcuddur, Çıxarışda torpaq sahəsinin ünvanı Abşeron rayonu olaraq göstərilmişdir, mülkiyyətdə olan həmin torpaq sahəsi və onun ünvanı mübahisə predmeti deyildir. Cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinin məktubunda ərazinin Bakı şəhərinə aid olduğun göstərilməsini hüquqların qeydiyyatına dair müraciəti icraata qəbul etməklə və bu barədə ********** saylı bildiriş verməklə cavabdehin özü təkzib etmişdir. Müraciəti icraata qəbul edərkən cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə yönəltməmişdir. Hazırkı iş üzrə mübahisənin predmeti cavabdeh - 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkətidir (hərəkətsizliyidir). İddiaçı məhz inzibati orqan olan 4 saylı Abşeron Ərazi İdarəsinin müvafiq sənədləri qəbul edərək uzun müddət hərəkətsizlik göstərməsini, müraciət üzrə hər hansı cavab verməməsini, sənədləri hazırkı vaxtadək özündə saxlayaraq geri qaytarmaması qanunsuz hesab edərək mübahisələndirmiş və hərəkətsizliyə qarşı iddia qaldıraraq cavabdehdən müəyyən hərəkətlərin edilməsini tələb etmişdir. Cavabdeh inzibati orqanın yerləşdiyi yer və ünvanı isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 255-dir. İnzibati Prosessual Məcəllənin 8.1.2 və 8.1,4-cü maddələrinə əsasən qeyd ediən hallarda mübahisəyə cavabdeh inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır ki, hazırkı iş üzrə cavabdehin ünvanı Abşeron rayonunda olduğu üçün mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə predmetini iddiaçı “Abşeron rayonu, X6 ünvanında mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş “Ticarət mərkəzi” binası (qeyri-yaşayış sahəsi) üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb, torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlaka birgə vahid daşınmaz əmlak obyekti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il 2866 nömrəli sərəncamı ilə Abşeron rayonunun idarəçiliyində saxlanılmış keçmiş X6nun hüdudları daxilində yerləşdiyi və inzibati ərazi vahidi olaraq Bakı şəhərinə (Suraxanı rayonu) aid edildiyi qeyd edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İndiki halda mübahisə predmetini məhz daşınmaz əmlaka dair hüquqla bağlı inzibati hüquq münasibətləri təşkil edir və həmin daşınmaz əmlakı inzibati ərazi vahidi olaraq Bakı şəhəri, Suraxan rayonu ərazisində yerləşir. Qeyd olunan inzibati ərazi vahidi isə ərazi aidiyyətinə görə səlahiyyətli məhkəmə orqanı qismində Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, qeyd olunan qanunvericilik normalarında ərazi aidiyyətinin müəyyən edilməsinin meyarı kimi məhz daşınmaz əmlakın və ya ərazinin olduğu yer qeyd edilmiş və bu norma imperativ norma kimi müəyyən edilməklə, bununla bağlı hər hansı istisna norma nəzərdə tutulmamışdır. Bundan əlavə, qeyd olunmalıdır ki, inzibati ərazi vahidlərinin bölgüsü və sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələlər məhz müvafiq qanunvericilik normaları (“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunu) ilə müəyyən edilmiş qaydada tənzimlənir. İndiki halda mübahisə predmeti olan daşınmaz əmlak inzibati ərazi vahidi olaraq Bakı şəhəri ərazisində yerləşir və məhkəmə aidiyyəti üzrə Bakı inzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Nəticə etibarilə cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmaqla, mübahisə predmeti olan ərazinin inzibati ərazi vahidi olaraq məhz Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilməsini təkzib edilməsinin əsası kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, 2-1(118)-364/2023 saylı inzibati işi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-364/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar