Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-523/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “24.11.2006-cı il tarixli 4ə-996 saylı alqı-satqı müqaviləsi ilə əldə etdiyi Quba rayonu Əski-İqrik kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı ilə bağlı mübahisə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “24.11.2006-cı il tarixli 4ə-996 saylı alqı-satqı müqaviləsi ilə əldə etdiyi Quba rayonu Əski-İqrik kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2-1(118)-419/2021 saylı qərarından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “24.11.2006-cı il tarixli 4ə-996 saylı alqı-satqı müqaviləsi ilə əldə etdiyi Quba rayonu Əski-İqrik kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Əski-İqrik kənd bələdiyyəsinin 10.04.2006-cı il tarixli qərarı ilə kənd ərazisindən fərdi yaşayış evinin tikilməsi ilə bağlı Quba rayonu, Əski-İqrik kənd sakini E.Məmmədova 0,10 ha torpaq sahəsi ayrılmış və 25.09.2006-cı il tarixli Torpaqların alqı-satqısına dair aktla həmin torpaq sahəsi E.Məmmədova ayrılmaqla Quba rayon Torpaq şöbəsində 1258 nömrə ilə qeydiyyata alınmışdır. 24.11.2006-cı il tarixdə qeyd olunan torpaq sahəsi Quba rayon Notariat kontoru vasitəsi ilə ona satılmışdır. Bundan sonra onun tərəfindən qeyd olunan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və Quba RİH Başçısının 28.03.2007-ci il tarixli Sərəncamı ilə təqdim etdiyi lahiyə əsasında fərdi yaşayış evinin tikilməsinə razılıq verilmişdir. 2007-ci ilin sentyabr ayında qəbul komissiyası tərəfindən inşa edilmiş evin istismara verilməsi barədə akt da hazırlanmışdır. Hazırda, mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin idarənin 25.10.2020-ci il tarixli məktubu ilə evinin və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri ona verilməkdən imtina edilmişdir.
Cavabdehin etirazları:
3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək iddia tələbinin əsassız olduğundan rədd edilməli olmasını xahiş edərək əlavə olaraq qeyd etmişdir ki, İddiaçı səlahiyyətli nümayəndəsi X5 rayonu Əski-İqriq kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 08.10.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və müraciətə 15.10.2020-ci il tarixli **********81 nömrəli məktubla cavab verilərək göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edildiyi kimi 0.10 ha torpaq sahəsi X2 Quba rayon dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş 24.11.2006-ci il tarixli 4Ə-996 reyestr nömrəli yarımçıq tikilinin alqı-satqı müqaviləsi əsasında alınmış olsa da, E.M.Məmmədov 0.10 ha torpaq sahəsini Quba rayon Əski-İqriq bələdiyyəsinin 10.04.2006-ci il tarixli 04 saylı qərarı əsasında əldə elmiş və mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmadan iddiaçıya satmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Bu səbəblərdən iddiaçının müraciətinin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və iddiaçının ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2021-cı il tarıxlı 2-1(118)-419/2021 saylı qərarı ilə (hakim İ.R.Quliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “24.11.2006-cı il tarixli 4ə-996 saylı alqı-satqı müqaviləsi ilə əldə etdiyi Quba rayonu Əski-İqrik kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilmişdir.
5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(118)-419/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edlməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba rayonu Əski-İqriq kənd ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin X4 adlı şəxsdən satın almış və torpağı satan şəxsin nümayəndəsi ilə Quba rayon Notariat kontorunda alqı-satqı müqaviləsini 24.11.2006-cı il tarixdə rəsmiləşdirərkən notariat kontorunda satıcının torpağa dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmamasını tələb edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin iddianın rədd edilməsi üçün əsası da satıcının hüquqlarnın dövlət reyestrində qeydiyyata alınmamasını göstərilmişdir. O, özü və satıcı 24.11.2006-cı il tarixdə Quba rayon Dövlət Notariat Kontoruna müraciət edərək alqısatqını rəsmiləşdirməyi tələb etmişlər, əgər sənədlərdə uyğunsuzluq, ziddiyyət var idisə notariat kontoru alqı-satqını rəsmiləşdirməkdən imtina etməli idi. Belə bir vəziyyətdə Dövlət Notariusunun səhvinə görə o, niyə əziyyət çəkməlidir, çünki dövlət orqanı səhv etməməli idi. O da, 15 ildən sonra məhkəmələrə müraciət edib əziyyət səkməli deyildi. 2006-cı ildə torpaq sahəsini qanuni yolla əldə edərək hüquqmüəyyənedici sənədləri Quba Rayon İcra Hakimiyyətinə təqdim edərək həmin torpaq sahəsində tikinti aparılmasına icazə alaraq ev tikmiş, həmin torpaq və evdən istifadə edərək sahiblik edir. Belə bir vəziyyətdə formal əsaslarla iddianın rədd olunması qanunsuz və ədalətsizdir. Halbuki, onun 24.11.2006-cı il tarixli alqı-satqı müqaviləsi Notariat Ofisinin arxiv sənədlərində öz əksini tapmış, bu da onun alqı-satqı müqaviləsinin şübhə altında olması faktını aradan qaldırır və təqdim etdiyi sənədlər mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün kifayət edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuzdur.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz verilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
8. İddiaçı və savabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi dəfələrlə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına üzürlü səbəblər olmadan gəlməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
15. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
19. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
20. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
22. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
23. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
24. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
25. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
26. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
27. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
28. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Maddə 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
30. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
31. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hazırkı qərarın 10-23-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı 24.11.2006-cı il tarixli 4ə-996 saylı alqı-satqı müqaviləsi ilə əldə etdiyi Quba rayonu Əski-İqrik kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və reyestrdən çıxarışın verilməsini istəyir. Cavabdeh tərəfindən aparılan araşdırma zamanı isə müəyyən edilmişdir ki, X4 0.10 ha torpaq sahəsini Quba rayon Əski- İqriq bələdiyyəsinin 10.04.2006-ci il tarixli 04 saylı qərarı əsasında əldə etmiş və mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmadan İddiaçı satmışdır. Belə ki, Quba rayon Əski-İqriq bələdiyyəsi ərazisində 0.10 ha torpaq sahəsinin X1 barədə 10 aprel 2006cı il tarixli “04” saylı qərar qəbul edilmiş və Quba rayon Notariat Kontoru tərəfindən təsdiqlənmiş 24.11.2006-cı il tarixli 4Ə-996 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.10 ha torpaq sahəsində yerləşən yarımçıq tikili X4 tərəfindən İddiaçı satılmış, lakin iddiaçıya daşınmaz əmlak satmış X4 mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmamışdır. İddiaçı tərəfindən təqdim edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.
34. Məhkəmə kollegiyası hazırkı qərarın 6-ci bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, həmin dəlillərdə əsasən iddia ərizəsində göstərilən hallar təkrarlanmaqla yanaşı torpaq sahəsinin alqı-satqısı zamanı notariat orqanında ona həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində torpağı satan şəxsin adına rəsmiləşdirilməməsi bildirilməmiş, o da bunu bilmədiyi üçün belə bir problemlə üzləşərək cavabdeh tərəfindən əsassız olaraq torpagın və üzərində tikilən evin rəsmiləşdirilməsindən imtina edilməsi barədə dəlili hazırkı qərarın 29-31-ci bəndlərin istinad edilən qanun normalarının tələbləri baxımından əsaslı hesab edilə bilməz ona görə ki, əvvəla qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz, digər tərəfdən daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
35. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi alqısatqı müqaviləsinin məzmunundan da göründüyü kimi tərəflər arasında olan alqı-satqının predmeti yarımçıq tikili olmuş, hətta müqavilənin 2-ci bəndində də “tərəflər satılan yarıtikilini üç min manat qiymətləndirdilər” qeydi aparılması da onu ehtiva edir ki, iddiaçının torpaq sahəsini almasına istinad etdiyi alqı-satqı müqaviləsi ilə torpağın alqı-satqısı belə rəsmiləşdirilməmişdir(i.v.9).
36. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı təqdim edilən sənədlər qeydiyyat üçün əsas təşkil etmədiyi üçün, iddiaçının vahid əmlak kimi torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətilə bağlı cavabdeh inzibati orqanın imtinasının əsaslı olması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgündür.
37. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi əsaslı olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Bu baxımdan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(118)-419/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.