Məhkəmə qərarları › İş №2-1(105)-523/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-523/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-523/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X14 qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və işə bərpa olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2- 1(118)-762/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 03 dekabr 2001-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 25 avqust 2007-ci il tarixdən Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, 29 may 2021-ci il tarixdən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 26 may 2021-ci il tarixli, 013 nömrəli əmrinə əsasən İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. AR DİN-in 29 may 2021-ci il tarixli, Ə1751ş/h-001-21 nömrəli əmrinə əsasən polis mayoru İddiaçı - Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsanamə” nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) 29 may 2021-ci il tarixdən xidmətdən xaric edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, qüsursuz xidmətini nəzərə alaraq daxili işləri orqanlarında xidmətə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi 9 iyul 2021-ci il tarixli, 023-39541Q-4221 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Qusar RPŞ-nin Samur PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən ciddi nöqsanlara yol verdiyinə görə, iddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Qaldırılan vəsatət DİN-nin rəhbərliyi tərəfindən nəzərdən keçirilmişdir. Lakin, qəbahətləri baxımından DİO-da xidmətə bərpa edilməsinə razılıq verilməmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun daxili işlər orqanlarından xidmətdən xaric olunması barədə Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2021-ci il tarixli, 1751ş/h-001-21 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə daxili işlər orqanlarında xidmətə başlamış, 2007-2012-ci illərdə Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində çalışmış və serjant rütbəsində olmuşdur. 2012-ci ildə polis leytenantı rütbəsi almış, 2012-2015-ci illər ərzində Şəki Şəhər-Rayon Polis Şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, 2015-ci ildə Yevlax Rayon Polis Şöbəsində əməliyyat müvəkkili işləmişdir. 2015-2018-ci illərdə İmişli Rayon Polis şöbəsində X4 baş əməliyyat müvəkkili, Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, Post Patrul Xidməti Bölüyünün komandiri vəzifəsində işləmişdir. 2018-2019-cu illərdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 2019-2021-ci il may ayının 29-na kimi Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin baş əməliyyat müvəkkili və Samur Rayon Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Mayor rütbəsində olmuşdur. 2021-ci ilin may ayının 29-da daxili işlər orqanlarından xaric olunmuşdur. Orqandan xaric olunmasına səbəb kimi isə cavabdehin iddiasına görə məxfiçilik rejimini pozması olmuşdur. Qeyd edir ki, səbəb kimi göstərilən məxfiçilik rejimi onun tərəfindən pozulmamışdır. Xidmət dövründə bir neçə dəfə həvəsləndirilmiş, həmçinin, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Hesab edir ki, onun xidmətdən xaric olunması ilə bağlı DİN-nin xx.xx.2021-ci il tarixli, Ə1751ş/h-001-21 nömrəli əmri qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər nazirinin əmri ilə “Əməliyyat–axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, DİN-nin xx.xx.2019-cu il tarixli G3m nömrəli göstərişinin tələblərini pozaraq daxil olmuş əməliyyat tapşırığının icrası zamanı konspirasiya qaydalarına riayət etməyərək yoxlanılan şəxsin qohumu ilə birbaşa əlaqə yaratmaqla konfidensiallığı pozduğuna, xidməti fəaliyyətini DİN-in 001Q-17 nömrəli qərarının, 018-05 nömrəli əmrinin və digər normativ sənədlərin tələblərinə uyğun qurmadığına, göstərilən hərəkətləri ilə polis əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verdiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsanamə” nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əməliyyat marağı kəsb edən X11 barədə xx.xx.2021-ci il tarixdə Qusar RPŞ-yə göndərilmiş sorğunun icrası zamanı CAB-ın əməliyyat müvəkkili və polis sahə rəisi tərəfindən obyektin qohumu X6 ilə görüşüb yaxın qohumlarının anket məlumatlarının istənilməsi, habelə Qusar RPŞ-nin NHnin məsul növbətçisi, polis mayoru X3 araşdırma barədə məlumat əldə etməklə obyektin atası X5 bildirməsinə dair raporta baxılmışdır. Müəyyən edilmişdir ki, həmin sorğunun icrası DİN-in xx.xx.2019-cu il tarixli G3m nömrəli göstərişinin tələblərinə əsasən Qusar RPŞ-nin rəisi tərəfindən Samur PB-nin rəisi Elnur Məmmədova, sonuncu tərəfindən isə həmin PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili İddiaçı həvalə olunmuşdur. Polis mayoru İddiaçı sorğunun icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixdə dəftərxana müdiri Zahid Hüseynovla birlikdə Qusar rayonu Gilah oba kənd icra nümayəndəliyinə gedərək obyektin qohumu B.Vələdovla görüşmüş və obyekt barədə zəruri məlumatları ondan əldə edərək xx.xx.2021-ci il tarixdə sorğuya cavab göndərilmişdir. Baş əməliyyat müvəkkili İddiaçı izahatında Gilah oba kənd icra nümayəndəliyində obyektin qohumu B.Vələdovla görüşərək söhbət etdiyini, məsul növbətçi E.Rəhmanovun obyekt barəsində aparılan araşdırma ilə maraqlandığını göstərmişdir. Məsul növbətçi polis mayoru E.Rəhmanov izahatında xx.xx.2021-ci il tarixdə obyektin atası DİN-in təqaüdçüsü N.Zəkiyevin ona zəng edərək baş əməliyyat müvəkkili İddiaçı hansı məqsədlə onun ailə üzvləri barədə maraqlandığını və bu səbəblə sonuncu ilə əlaqə saxlayaraq araşdırma barədə öyrənərək N.Zəkiyevə ciddi problemin olmadığını bildirdiyini qeyd etmişdir. Obyektin qohumlarının yaşadığı inzibati ərazidə xidmət aparan polis sahə rəisi Şahmar Xəlilov izahatında araşdırma aparılmasından məlumatsız olduğunu və İddiaçı ilə birlikdə icra nümayəndəliyinə getmədiyini vurğulamışdır. Dəftərxana müdiri Z.Hüseynov izahat verərək xx.xx.2021-ci il tarixdə İddiaçı Gilah oba kənd icra nümayəndəliyinə apardığını, lakin orada heç kimlə görüşmədiyini bildirmişdir. Qusar RPŞ-nin rəisi Ziya Əliyev və ƏİÜ rəis müavini Hidayət Babayev izahatlarında DİN-nin xx.xx.2019-cu il tarixli G3m nömrəli göstərişinin tələblərinə əsasən sorğunun icrasının PB-nin rəisi E.Məmmədova həvalə edildiyini və obyektin duyuq düşməsinə gətirib çıxaran hərəkətlərə yol verməməsi ilə bağlı tabelikdəki əməkdaşların təlimatlandırıldıqlarını bildirmişlər. Polis polkovnik-leytenantı E.Məmmədov izahatında xx.xx.2021-ci il tarixdə daxil olmuş sorğunu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili İddiaçı həvalə edildiyini, xx.xx.2021-ci il tarixdən növbəti məzuniyyətə çıxması ilə əlaqədar icrasına nəzarət edə bilmədiyini qeyd etmişdir. Araşdırma zamanı Qusar RŞP-nin rəhbərliyi və Samur PB-nin rəisi tərəfindən nəzarət və tələbkarlığın zəiflədilməsi nəticəsində Samur PB-nin baş əməliyyat müvəkkili İddiaçı icraatında olan əməliyyat tapşırığının icrası zamanı məxfiçilik rejimi qaydalarına riayət olunmadığı, məsul növbətçi E.Rəhmanovun bilavasitə xidməti fuksional vəzifələrinə aid olmayan məsələyə müdaxiləsi nəticəsində konfidensiallığın pozulması aşkarlanmışdır. Birinci instansiya məhkəməsindəki birinci icraat: Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1619/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2-1(105)-190/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1619/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 2-1(102)-757/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2- 1(105)-190/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2-1(105)-540/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1619/2021 nömrəli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. e) Birinci instansiya məhkəməsindəki ikinci icraat: Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(118)-762/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim:L.Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı qanunvericiliyin tələblərini pozduğuna, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirmədiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı onun tərəfindən heç bir pozuntuya yol verilmədiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı bir sübutu təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının digər tələblərinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, digər tələblər birinci tələbdən asılı olduğuna və birinci tələbin təmin edilməsi mümkün olmadığına görə iddia tələbinin digər hissələrinin də təmin edilməsi mümkün deyildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən hər hansı hərəkətə yol verməmiş, müəyyən şəxs barəsində informasiya ələ etmək barədə daxil olmuş qeyri-məxfi tapşırıq əsasında həmin şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının nümayəndəliyinə daxil olmuş və məlumatlar istəmişdir. Həmin nümayəndə tərəfindən sözügedən şəxsə və ya başqa bir şəxsə polisin onun haqqında məlumat istəməsi barədə məlumat sızdırılmışdır. Bundan sonra daha yüksək polis əməkdaşı iddiaçı ilə əlaqə saxlayaraq həmin şəxs barəsində hansı səbəblə maraqlanmasını soruşmuş, o isə heç bir məlumat verməmişdir. Bu halda, hər hansı məxfiçilik rejiminin pozulmasından və DİO əməkdaşının adına xələl gətirən hərəkətdən söhbət gedə bilməz. İşə baxan məhkəmə qərarında onun dəfələrlə intizam məsuliyyətinə cəlb edildiyini, xidmətinin müsbət xarakterizə olunmadığını qeyd etsə də, bildirir ki, o, dəfələrlə intizam məsuliyyətinə cəlb edilməmiş, cəmi bir dəfə töhmət almış, əksinə dəfələrlə mükafatlandırılmışdır. Hesab edir ki, mübahisələndirilən əmrdə onun hansı əməlinin daxili işlər orqanları əməkdaşının adına xələl gətirən əməl olması göstərilməmiş, məhkəmə tərəfindən də bu əməlin nədən ibarət olması araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Polis haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur: polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; ... Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: 1) Hazırlanan cinayət və ya digər hüquqpozmaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görmək; 2) cinayət və ya digər hüquqpozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək; 3) cinayətin baş verdiyi hadisə yerinin mühafizəsini təşkil etmək və şahidlərin müəyyənləşdirilməsi üçün tədbirlər görmək; 4) cinayətdən və digər hüquqpozmalardan, bədbəxt hadisədən zərərçəkmişlərə, həmçinin köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək və ilk tibbi yardımın göstərilməsini təmin etmək; 5) tutulmuş və ya həbsə alınmış şəxsin hüquqlarının və qanuni mənafelərinin pozulmamasını təmin etmək; 6) təbii fəlakətlər, qəzalar və digər fövqəladə hallar baş verdikdə insanların və əmlakın xilasetmə tədbirlərində iştirak etmək; 6-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasına yönəldilmiş tədbirlər həyata keçirmək; 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. ... Maddə 15. Polis əməkdaşının məsuliyyəti İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; 2) xidmət və icra intizamını pozduqda; 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə: ... İİ. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. ... İV. Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. V. Polis əməkdaşı hüquqa zidd hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. Maddə 3 4 . Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: ... 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; ... İİ. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: Bənd 1. Daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Bənd 2. Daxili işlər orqanlarında xidmət keçmə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və "Polis haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Əsasnamədən, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından ibarətdir. Bənd 135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: ... 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; ... Bənd 148. Bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, tutduğu vəzifələrdən azad edilib aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarında xidmətdən xaric edilən əməkdaşlar müvafiq olaraq vəzifəyə və daxili işlər orqanlarında xidmətə bərpa edilməlidirlər. Bənd 149. Daxili işlər orqanlarında vəzifələrə, xüsusi rütbələrə və xidmətə bərpa olunma üçün əsaslar aşağıdakılardır: xidməti yoxlamaların nəticələri üzrə rəy, məhkəmənin qüvvəyə minmiş qərarı, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin xidmətə bərpa olunması barədə ərizəsi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 17. Məhkəmə baxışının aşkarlığı prinsipi 17.1. Məhkəmə iclasları, bu Məcəllənin 17.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ictimaiyyət üçün açıq keçirilir. Məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmaması qadağandır. ... 17.3. İnformasiyanın, qanunla qorunan hər hansı sirrin açıqlanmasının yolverilməz olduğu hallarda, proses iştirakçılarının şəxsi və ya ailə həyatının toxunulmazlığının təmin edilməsinin tələb olunduğu hallarda, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunmasının zəruri olduğu hallarda, habelə proses iştirakçılarının və ya digər şəxslərin həyatı, sağlamlığı və ya azadlığı üçün təhlükə yarandığı hallarda proses iştirakçılarının vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə məhkəmə iclası qapalı keçirilə bilər. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 60. İnzibati orqanların tələb olunan sənədləri və məlumatları təqdim etmək vəzifəsi İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçı 25 avqust 2007-ci il tarixdən 29 may 2021-ci il tarixədək Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət etmiş, Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmətdə olduğu dövrdə AR DİN-in 29 may 2021-ci il tarixli, Ə1751ş/h-001-21 nömrəli əmrinə əsasən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsanamə” nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) 29 may 2021-ci il tarixdən xidmətdən xaric edilmişdir. Hazırda iddiaçı həmin əmri mübahisələndirir və əlavə olaraq məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının xidməti vəzifəsinin icrası zamanı məxfiçilik rejiminin tələblərini pozması, bununla da daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verməsi əsası ilə qanuni olaraq xidmətdən xaric edildiyi qənaətinə gəlmiş və bu baxımdan, iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olmuş iddiaçının xidməti fəaliyyəti zamanı yol verdiyi hərəkətlərində daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hallar mövcuddur. Belə ki, mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olmuş müvafiq məxfi sənədlər cavabdehdən tələb olunaraq kollegiya tərəfindən İPM-nin 60-cı maddəsinin tələblərinə uyğun şəkildə qapalı məhkəmə iclasında baxış keçirilmiş və məzmunu ilə tanış olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xidməti araşdırma materiallarından müəyyən edilmişdir ki, Samur Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidməti zamanı iddiaçıya Qusar rayonu Haçatala kənd sakini X7 və onun qohumları barədə məlumatların öyənilməsi ilə əlaqədar məxfi əməliyyat tapşırığı həvalə edilmiş, tapşırığın icrası zamanı iddiaçı həmin şəxs barəsində Qusar rayonu Gilah oba kənd icra nümayəndəliyindən məlumatlar əldə edərkən onun qohumu X6 da həmin yerdə olmuş və S.N.Zəkiyev barəsində məxfi əməliyyat aparıldığı sonuncunun atası X5 məlum olmuşdur. İnzibati orqan tərəfindən aparılmış araşdırma zamanı iddiaçı özü də izahatında bildirmişdir ki, Qusar rayonu Haçatala kənd sakinləri barədə icraatına daxil olmuş sorğunun icrası ilə əlaqədar Qusar rayonu Gilah oba kənd icra nümayəndəliyinə getmiş, X2 bəzi ailə üzvləri haqqında məlumat əldə etmiş, digər ailə üzvləri haqqında məlumatı isə digər icra nümayəndəliklərindən əldə etmişdir. Əldə etdiyi məlumatlar əsasında üç gün müddətində sorğuya cavab göndərmişdir. O, X6 ilə Gilah oba kənd icra nümayəndəliyində rastlaşmış və onunla canlı və ya telefon danışığı olmamışdır. Qusar rayonu Polis şöbəsinin NH-nin məsul növbətçi Elman Rəhmanov mobil telefon vasitəsilə ona zəng edərək icra nümayəndəliyindən maraqlandığı adamın onun qohumu olduğunu və ona bununla bağlı köməklik edə biləcəyini bildirmiş, iddiaçı isə cavabında buna ehtiyac olmadığını və özünün həll edəcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona həvalə edilmiş əməliyyat tapşırığın icrası zamanı konspirasiya qaydalarına riayət etməmiş və məxfiçilik rejiminin qorunmasını təmin edə bilməmişdir. Nəticədə, əməliyyat tapşırığının icrasının həyata keçirilməsi mümkün olmamışdır. İddiaçının qeyd edilən hərəkəti cavabdeh inzibati orqan tərəfindən polis əməkdaşı adına ləkə gətirən hərəkət kimi qiymətləndirilərək o, həmin əsasla xidmətdən xaric edilmişdir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin yuxarıda sadalanan normalarının tələblərindən göründüyü kimi polis əməkdaşı adına ləkə gətirən hərəkət edilməsi xidmətdən xaric edilmə əsasıdır. Kollegiya daxili işlər orqanları əməkdaşlarının xidməti davranış qaydalarının tənzimləndiyi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun və “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” nin normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 6-cı maddəsinin 6-cı bəndinə görə əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən konspirasiya qaydalarına riayət edilməsi üçün müvafiq tədbirlər görmək əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələrinə aid edilmişdir. Eləcə də, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” nin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. 2-ci maddəsinə əsasən anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. 6-cı maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir. Öz xidməti vəzifələrinin icrasına buna səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını qətiyyətlə almalıdır. Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 7-ci maddəsinə əsasən yalnız yüksək peşəkarlığa və şəxsi keyfiyyətlərə malik əməkdaşın insanlara və cəmiyyətə fayda verə biləcəyini nəzərə alaraq, peşəkarlığının, təhsilinin və ümumi intellektual səviyyəsinin artırılması üçün mütəmadi olaraq öz üzərində çalışmalı, bilik və təcrübəsini, xidməti ənənələri gənc əməkdaşlara aşılamalıdır. 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir. 16-cı maddəsinə əsasən özünə və həmkarlarına qarşı tələbkar olmalı, Davranış Kodeksində müəyyən olunmuş qaydaların daxili işlər orqanlarının hər hansı əməkdaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. 20-ci maddəsinə əsasən xidməti vəzifələrindən və xidməti mövqeyindən şəxsi məqsədlərlə istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda daxili işlər orqanları əməkdaşı olmasını qabartmamalı, xidməti vəsiqəsini yersiz təqdim etməməlidir. 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi” ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunla və “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə üzərinə qoyulmuş konspirasiya qaydalarına riayət edilməsi, xidməti fəaliyyəti zamanı yüksək peşəkarlıq göstərilməsi və s. kimi öhdəliklərin yerinə yetirilmədiyi müəyyən edildiyindən, onun daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə xidmətdən xaric edilməsinə dair cavabdehin əmri qanunauyğun olmuşdur. İddiaçı apellyasiya şikayətinin qeyri-məxfi tapşırıq əsasında əməliyyat obyekti barəsində müvafiq məlumatlar əldə etdiyini, bu baxımdan, onun tərəfindən hər hansı məxfiçilik rejiminin pozulmadığını daxili işlər orqanları əməkdaşının adına xələl gətirən hərəkət edilmədiyini bildirmişdir. Kollegiya şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, müvafiq əməliyyat tapşırığının məxfi olmasının iddiaçıya məlum olmaması ilə bağlı iş materiallarında hər hansı sübut və dəlil mövcud deyildir, onun tərəfindən də təqdim edilməmişdir. Odur ki, hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Kollegiya iddiaçının digər - məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə münasibətdə qeyd edir ki, həmin tələblər birinci, yəni onun xidmətdən xaric edilməsinə dair əmrin ləğv edilməsi tələbindən asılı olduqlarından, hazırki halda həmin tələb təmin edilmədiyindən sözügedən tələblər də təmin edilməməlidir. Beləliklə, işin qeyd olunan xüsusatlarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(118)-762/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar