Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-523/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu, Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən ona məxsus B-4628q saylı 0,12 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(118)-1598/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışında inzibati məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt Şəhər XDS İK-nın nəzdində bağlar təsərrüfatı idarəsi tərəfindən “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 9496 nömrəli, xx.xx.1989cu il tarixli icarə müqaviləsi əsasında İddiaçı Sumqayıt şəhəri, bağ massivi, B-4628 ünvanı ərazisində 0.12 ha torpaq sahəsi ayrılmışdır və torpaq sahəsi hazırdada iddiaçının istifadəsindədir. Qeyd edilən torpaq sahəsinə xx.xx.2015-cil tarixdə səlahiyytli qurum olan Azərbaycan Respulikasının Dövlət Torpaq və Xərtəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan ölçü sənədi verilmiş, bağ sahəsinin ünvanı B-4628q saylı bağ evi olaraq dövlət torpaq kadastr kitabında 7882 saylı nömrə ilə qeydə alınmışdır. İddiaçı həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin, cavabdeh orqan onun xahişini təmin etməkdən imtina etmişdir. İddiaçı torpaq sahəsinə dair zəruri hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etməsinə baxmayaraq onun müraciəti müsbət həll edilməmişdir. Cavabdeh təşkilat imtinanın əsası kimi iddiaçıya aid “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” icarə müqaviləsinin arxiv qovluğunun idarədə olmaması göstərilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən ona məxsus B-4628q saylı 0,12 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-cu ildə Sumqayıt şəhər Soveti icraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən Novxanı bağ massivi ərazisində bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi məqsədi ilə ona 0.12 ha torpaq sahəsi vermişdir.Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə 1989-cu il tarixli, 9496 nömrəli icarə müqaviləsi əsasında ona verilmiş torpaq sahəsi halhazırda da onun istifadəsindədir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmış və ona torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Bu torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə 3-21-3-31/2-M-0036-8/2023 nömrəli cavab məktubu ilə ona imtina edilmişdir. İmtina məktubunda müraciət etdiyi sözügedən 0.12 ha torpaq sahəsinə dair təqdim edilmiş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” bağlanılmış 1989-cu il tarixli, 9496 nömrəli icarə müqaviləsinin arxiv qovluğunun aşkar edilmədiyi qeyd edilmişdir. Cavabdehin imtina məktubu qanunsuz olduğundan hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B- 4628q saylı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçı 29 mart 2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və onun müraciəti qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, Sumqayıt bələdiyyəsi tərəfindən icarə müqavilələrinin idarəyə təhvil verilmiş arxiv məlumatlarında sözügedən torpaq sahəsinə dair təqdim olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” bağlanılmış 1989-cu il tarixli, 9496 nömrəli icarə müqaviləsinin arxiv qovluğu aşkar edilməmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilməsinə tərəfinizdən şərait yaradılmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 saylı sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(118)-1598/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, “Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən iddiaçıya məxsus B4628q saylı 0.12 ha ibarət torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə havalə olunmuşdur (hakim C.Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın sələfi olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq torpaq sahəsi qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçü sənədi iddiaçının adına rəsmiləşdirilmişdir. Həmçinin məhkəmə tərfindən torpaq sahəsinə yerli baxışın keçirilməsi təmin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan məlum olmuşdur ki, torpaq sahəsinə dair naturada və faktiki istifadə vəziyyətinə dair heç bir mübahisəli hal aşkar edilməmişdir. Qeyd olunan torpaq sahəsinə dair bağlanmış bağ sahələrinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi barədə 9496 nömrəli, 01 may 1989-cu il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanılmış və cavabdehin göstərdiyi iradə ifadəsi, yəni iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaması İddiaçı konstitusion hüquqlarının pozulmasına səbəb olduğuna görə iddia tələbi təmin edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, Sumqayıt bələdiyyəsi tərəfindən icarə müqavilələrinin idarəyə təhvil verilmiş arxiv məlumatlarında sözügedən torpaq sahəsinə dair təqdim olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün bağlanılmış 1989-cu il tarixli, 9496 nömrəli icarə müqaviləsinin arxiv qovluğu aşkar edilməmişdir”. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram: Bənd 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4628q ünvanında yerləşən 0,12 hektardan ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Sumqayıt bələdiyyəsi tərəfindən icarə müqavilələrinin idarəyə təhvil verilmiş arxiv məlumatlarında sözügedən torpaq sahəsinə dair təqdim olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün bağlanılmış 1989-cu il tarixli, 9496 nömrəli icarə müqaviləsinin arxiv qovluğu aşkar edilməmişdir”. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, Sumqayıt Bağlar təsərrüfatı idarəsi mülkiyyətində olan torpaq sahəsi üzərində fiziki şəxs ilə icarə müqaviləsinin rəsmiləşdirilməsində diskression səlahiyyətə malikdir və onun bu səlahiyyəti qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan 0,12 ha torpaq sahəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 01 may 1989-cu il tarixli 9496 saylı müqavilə əsasında İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsinə dair müqavilənin inzibati orqanın arxivinə təhvil verilməməsi iddiaçının təqsiri üzündən olmamış və onun mülkiyyət hüququ cavabdeh inzibati orqan tərəfindən məhdudlaşdırılmamalıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqumenti əsassızdır. Bağlar Təsərrüfatı idarəsinin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi, həmin bağ sahəsinin uzun müddət mübahisəsiz iddiaçının istifadəsində olması və eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsininin tələblərinə uyğun həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dəlalət edir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh inzibati orqanının sələfi olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq torpaq sahəsi qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədi iddiaçının adına rəsmiləşdirilmişdir. Həmçinin, məhkəmə tərfindən torpaq sahəsinə yerli baxışın keçirilməsi təmin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli məktubdan məlum olmuşdur ki, torpaq sahəsinə dair naturada və faktiki istifadə vəziyyətinə dair heç bir mübahisəli hal aşkar edilməmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Kollegiya birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə razılaşaraq hesab edir ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün bağlanılmış 1989-cu il tarixli, 9496 nömrəli icarə müqaviləsinin arxiv qovluğunun aşkarlanmaması iddiaçının təqsiri üzündən baş verən hal deyildir. Birininci instansiya məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, hər hansı bir mübahisəli hal müəyyən edilmir. Qeyd edilənlərə əsasən cavabdehin dəlili təkzib edilmiş olur, iddiaçının icarəsinə verilmiş müvafiq torpaq sahəsinə dair 1989-cu il tarixli, 9496 nömrəli müqavilənin mötəbərliyini şübhə altına alan hər-hansı hal müəyyən edilmir. İddiaçı tələbində haqlı olmuş, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Sumqayıt şəhər İcraiyyə Komitəsinin “Bağlar təsərrüfatı idarəsi” ilə onun arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 9496 nömrəli, xx.xx.1989-cu il tarixli müqaviləyə əsaslanır. İstinad olunan həmin normada 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 9496 nömrəli, xx.xx.1989-cu il tarixli müqavilə iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Həmçinin, iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, “torpaq sahəsində vətəndaşın iştirakı ilə inventarlaşma işləri aparıldı. Boş torpaq sahəsidir. Torpaq sahəsi üzərindən YGEX keçmir. Elektron baza məlumatlarında sözügedən torpaq sahəsi qeydiyyata alınmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılaraq sahə yerində müayinə edilmiş və müayinə nəticəsində torpaq sahəsinin sənəd üzrə və faktiki sahəsinin 0,12 ha olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(118)-1598/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-523/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-523/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver