Məhkəmə qərarları › İş №2-1(105)-524/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-524/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-524/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba rayon Polis şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(118)-878/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 adına torpaq qeydi olan sahədə inşa edilmiş evdə qeydiyyatda olan və yaşadığı Quba şəhəri, Hikmət Hüseynov küçəsində (keçmiş Yusifzadə küçəsi) yerləşən 22 nömrəli mənzildən cavabdehlər - sabiq həyat yoldaşı X1, oğlu - X3, onun oğlanları X4, X5, oğlu - X6 qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etmiş olduğu 10 noyabr 2021-ci il tarixli müraciəti ilə əlaqədar, öz təşəbbüsü ilə 06 yanvar 2022-ci il tarixdə aldığı 10 dekabr 2021-ci il tarixli 1xx-xx/284016-3221 nömrəli Cavabdeh şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsi tərəfindən qəbul edilmiş cavab məktubu ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 avqust 1983-cü il tarixdə X7 ilə ailə qurmuş və birgə nikahlarımdan xx.xx.1984-cü il təvəllüdlü oğlu Ramin, xx.xx.1987-ci il təvəllüdlü oğlu Samir dünyaya gəlmişdir. X7 ilə aralarında bağlanmış nikah müqaviləsi 14 avqust 1997-ci il tarixdə pozulduqdan sonra, Təranə Həmidova iki oğlunu özü ilə götürüb yaşadığı evdən çıxmış və hal-hazırda Quba rayonunun Zərdabi qəsəbəsində yaşayırlar. X8 ailəlidir və Zərdabi qəsəbəsində mənzil inşa etmiş və orada yaşayır. Buna baxmayaraq adları qeyd edilmiş şəxslər, mərhum atası X2 adına torpaq qeydi olan sahədə inşa edilmiş və hal-hazırda onun yaşadığı mənzildə 25 ildir ki, qeydiyyatda qalmışlar. Cavabdeh şəxslər- X7, X8, X9 və onların az yaşlı övladları olan X10, X11, mərhum atasının adına torpaq qeydi olan sahədə inşa edilmiş evdə qeydiyyatda olsalar da, adları qeyd edilmiş şəxslərin hamısı uzun müddətdir ki, Quba rayonunun Zərdabi qəsəbəsində yaşayırlar. Cavabdehlərin qeydiyyatının yaşadığı mənzildə olması formal xarakter daşıyır. Bu qonşular tərəfindən tərtib edilərək 09 sentyabr 2021-ci il tarixdə təsdiq edilmiş aktla da öz təsdiqini tapır. Cavabdehlərin onun yaşadığı mənzildə qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi də, cavabdehlərin onun yaşadığı və atasının adına torpaq qeydi olan sahədə inşa edilmiş mənzildə qeydiyyatda qalması, onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Mənzilə dair çıxarış aldıqda, atasının adına torpaq qeydi olan sahədə inşa edilmiş mənzili atasının adından öz adına qeydiyyata salmaq istədikdə, cavabdehlərdən razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(118)-878/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Leyla Mirzəyeva) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 10/146-19159-1222 nömrəli məktub ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq qərardadında göstərmişdir ki, məhkəmə iclasında iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş və ona izah edilmişdir ki, üçüncü şəxlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsi qəbul olunduqdan sonra cavabdeh inzibati orqana həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müraciət edə bilər. İddiaçı iddia ərizəsinə məhkəməyə təqdim edildiyi qaydada mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki işdə də iddiaçı ilə qeydiyyatdan çıxarmaq istədiyi şəxslər arasında sonuncuların yaşayış sahəsindən istifadə hüququnun olubolmaması ilə bağlı mübahisə vardır. Şəxsin mənzildə yaşayış sahəsindən istifadə hüququnun mövcud olmasının müəyyən edilməsi inzibati deyil, mülki məhkəmə icraatının araşdırma predmetinə aid edildiyindən məhkəmə hesab edir ki, proses iştirakçıları ilk növbədə həmin hüququn mövcud olub-olmamasını mülki məhkəmə icraatı qaydasında müəyyən etdirməlidirlər. Hazırki işdə yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisə olduğundan və qanunvericilikdə belə olan halda cavabdeh orqana yalnız həmin hüquqa xitam verilməsinə dair məhkəmə qətnaməsinin təqdim edildiyi halda şəxsi qeydiyyatdan çıxarma səlahiyyəti verildiyindən, onun hər hansı bir hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının pozulduğu müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd edilmişdir ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qərarın məzmunundan da göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Hazırkı işdən isə görünür ki, birinci instansiya məhkəməsi X1, X3, X4, X5 və X6 mənzildən istifadə hüququnun olub-olmadığını müəyyən etmədən, yalnız istifadə hüquqa xitam verilməsinə dair məhkəmə qətnaməsinin olmamasına, cavabdehin hər hansı bir hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının pozulduğunun müəyyən edilməməsinə əsaslanaraq iddianı mümkün saymamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olub-olmadığını müəyyən etmək imkanı nəzərdə tutulduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(118)-878/2022 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar