Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-524/2024 17.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünsüz sayılması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4987/2023 nömrəli qərarından üçüncü şəxs X22 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.1961-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.1958-ci il təvəllüdlü X12, xx.xx.1989-cu il təvəllüdlü X6, xx.xx.1988-ci il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X23, xx.xx.1986-cı il təvəllüdlü X22, xx.xx.1995-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X16 və xx.xx.1986-cı il təvəllüdlü X5 Abşeron rayonu, Masazır kəndi, Rəşad Hüseynov küçəsi, ev 6 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Rəşad Hüseynov küçəsi, ev 6 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən iddiaçının mülkiyyətindədir. Həmin mənzil onun mlükiyətində olmasına baxmayaraq mənzildə xx.xx.1961-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.1958-ci il təvəllüdlü X12, xx.xx.1989-cu il təvəllüdlü X6, xx.xx.1988-ci il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X23, xx.xx.1986-cı il təvəllüdlü X22, xx.xx.1995-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X16 və xx.xx.1986-cı il təvəllüdlü X14 qeydiyyatdadırlar. Onların qeydiyyatı formal xarakter daşıyır və onlar mənzildə yşamırlar. Onların formal qeydiyyatına görə iddiaçı əlavə xərclərlə qarşılaşır və mülkiyyətinə dair hüquqlarını sərbəst həyata keçirə bilmir. O, cavabdeh orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, üçüncü şəxslərin qeydyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4987/2023 qərarı ilə iddia təmin edilmiş, xx.xx.1961-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.1958-ci il təvəllüdlü X12, xx.xx.1989-cu il təvəllüdlü X6, xx.xx.1988-ci il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X23, xx.xx.1986-cı il təvəllüdlü X22, xx.xx.1995-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X16 və xx.xx.1986-cı il təvəllüdlü X5 Abşeron rayonu, Masazır kəndi, Rəşad Hüseynov küçəsi, ev 6 (Yeni qaydalarla ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslər X1, X11, X12, X6, X13, X23, X22, X7, X16 və X5 mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Üçüncü şəxs X22 qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun müvafiq evə dair çıxarışı var və həmin çıxarış ən azından bu gün də qüvvədədir və məhkəmə işi araşdırarkən hesab edir ki, elektron məhkəmə sistemi vasitəsilə bu halı görə biləcəyi halda, həmin sistemdə bu dediyi sənədlərə, məlumatlara baxmamış, bu halı araşdırmamışdır. Nəticə etibarilə mülkiyyətçi kimi bu gün onun hüquqlarını pozmuşdur. Ətraflı məhkəmə araşdırılması aparılamamışdır. Onun müvafiq evlə bağlı çıxarış daha öncə alınmış çıxarışdır (2017-ci il 04 iyul)..Hansı ki, bu çıxarış bu gün də qüvvədədir. Belə olan halda necə ola bilir ki, məhkəmə bu hallları araşdırmamış, hüquqi qiymət verməmişdir. Bundan başqa, müvafiq məhkəmə ilə bağlı məlumatı şəxsiyyət vəsiqəsilə bağlı problem yaşadıqda olmuşdur. Onda məlumatı olmuşdur ki, mülkiyyətçi kimi onun razılığı ilə qeydiyyata düşmüş ailə üzvləri məhkəmə qaydasında qeydiyyatdan çıxarılmışdır. Hazırda da o ünvanda yaşayır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X22 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayəti üçüncü şəxs tərəfindən verildiyindən və birinci instansiya məhkəməsinin qərarı ona (özü və ailə üzvlərinə) aid hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin şəxslərə münasibətdə yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxslər X22, X7 və onların övladları xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X18 münasibətdə ləğv edilməli və həmin şəxslərə münasibətdə iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi adları qeyd edilmiş şəxslərin yaşayış yeri üzrə Abşeron rayonu, Masazır kəndi, Rəşad Hüseynov küçəsi, ev 6 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması ilə bağlıdır Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərraından üçüncü şəxs X22 tərəfindən apellyasiya şikayəti verilsə də, həmin şikayətin məzmunundan üçüncü şəxs özü və digər üçüncü şəxs ailə üzvləri olan X7, X16 və X23 ilə bağlı halları da mübahisələndirmişdir. odur ki, indiki halda işin hallarına apellyasiya şikayəti verən üçüncü şəxs ilə yanaşı, onun ailə üzvləri ilə bağlı hissədə də hüquqi qiymət verilməsi zəruridir. İndiki halda iddiaçının hüquqi marağı ona məxsus olan yaşayış yeri üzrə daimi pasport qeydiyyatına düşmüş şəxslərin qeydiyyatdan çıxarılmasından ibarət olmuşdur. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, indiki halda apellyasiya baxışının predmeti olan hissədə hazırki mübahisənin yaranmasına səbəb məhz yaşayış yeri üzrə ünvanla bağlı anlaşılmazlığın mövcud olması olmuşdur. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi adları qeyd edilən şəxslərin ona məxsus olan ünvan 2 ünvanında qeydiyyatda olması halına istinad etmişdir. İndiki halda iş materiallarından görünür ki, iddia tələbində adları qeyd edilən şəxslərdən X22, X7, X16 və X3 rayonu, Masazır ə/d, Masazır kəndi, Rəşad Hüseynov küçəsi, ev 10 ünvanında qeydiyyatdadırlar. Bundan əlavə, məhkəmə araşdırması zamanı üçüncü şəxs X22 öz izahatında həmin halı qəbul etdiyini, hazırda da özünə aid yaşayış yeri üzrə (ev 10) qeydiyyatda olduqlarını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərdən X22, X7, X16 və X23 iddiaçıya məxsus olan yaşayış yeri üzrə qeydiyyatda olmadığından, onlara münaisbətdə iddiaçının hazırki iddia tələbi üzrə hüquqi marağı mövcud olmamışdır. Başqa sözlə desək, indiki halda həmin şəxslər iddiaçının iddia tələbində qeyd etdyi ünvan üzrə pasport qeydiyyatında olmadığından, bununla bağlı iddiaçının hüququnun pozulması və ya hüququna müdaxilə də mövcud olmamış, nəticə etibarilə hüquq haqqında mübahisə mövcud olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə mübahisə olmadığından, həmin hissədə iddia mümkün sayılmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, hazırki iş üzrə digər üçüncü şəxslər (X1, X14, X12, X6, X13) tərəfindən birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4987/2023 nömrəli qərarı üçüncü şəxslər X22, X7 və onların övladları xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X18 münasibətdə ləğv edilsin, həmin şəxslərə münasibətdə iddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-524/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-524/2024
17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver