Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-525/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: cavabdehin imtinasının əsassız hesab edilməsi və torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin qoyulması Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab olunması və Abşeron rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, 21 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2- 1(118)-526/2021 saylı qərarından cavabdehin verdiyi apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “cavabdehin imtinasının əsassız hesab olunması və Abşeron rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, 21 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərarın çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, 21 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi Sabunçu rayon İcra hakimiyyəti başçısının 12/45 saylı, 15.05.1992-ci il tarixli sərəncamına əsasən ona ayrılmış və torpaq sahəsi həmin vaxtdan hazıradək onun qanuni istifadəsindədir. Müvafiq əmlakı adına rəsmiləşdirmək üçün DƏDRX-in 1 saylı və 4 saylı Ərazi İdarələrinə müraciət etmiş, ancaq müsbət nəticə ala bilməmişdir. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin imtina məktubunda qeyd olunmuşdur ki, göstərilən 0.12 ha torpaq sahəsinə çıxarışın verilməsi üçün lazım olan sənədlər tam deyildir.
Cavabdehin etirazları:
3. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərin idarə tərəfindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən İddiaçı məxsus 0.12 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Sabunçu rayon İHB-nin 15 may 1992-ci il tarixli, 12/45 nömrəli qərarına dair torpaq sahəsinin yerləşmə vəziyyətini özündə əks etdirən ilkin baş planı və təsdiq edilmiş ayrıc aktı ərizəyə əlavə edilməmişdir. Bundan başqa torpaq sahəsinin yerləşmə sxeminin müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilməmiş, sözügedən sxemdə qeyd edilən döngə koordinatları ilə faktiki torpaq sahəsinin döngə koordinatları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-526/2021 saylı qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, 21 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
5. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DGDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-526/2021 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya məhkəmə icraatı iştirakçılarının izahatı:
6. İddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə 25.08.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə göndərmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsinin, həmçinin iddiaçının ərizəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tədbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.
11. Həmin Məcəllənin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir.
12. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
14. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
15. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
16. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
17. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
18. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hazırkı qərarın 10-14-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iş materiallarını nəzərdən keçirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-526/2021 saylı qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
20. Belə ki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Lakin birinci instansiya məhkəməsi işə müstəsna aidiyyət qaydalarını pozaraq mahiyyəti üzrə baxmışdır.
21. İş materiallarından müəyyən olunduğu kimi, mübahisələndirilən torpaq sahəsi Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, 21 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsidir və həmin sahəyə dair Sabunçu rayon İcra hakimiyyəti başçısının 12/45 saylı, 15.05.1992-ci il tarixli sərəncamı verilmişdir. Sabunçu Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsi Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, 21 saylı sahədə yerləşir. İddiaçı da məhz həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələblə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddiası öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla inzibati məhkəmələrdə baxılmalı olan mübahisə olsa da, birinci instansiya məhkəməsi işə müstəsna aidiyyət qaydalarını pozaraq mahiyyəti üzrə baxmışdır. Halbuki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir.
23. Belə ki, mübahisələndirilən torpaq sahəsinin idarəçiliyinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə verilməsi, həmin torpaq sahəsinin yerləşdiyi ərazinin Bakı şəhəri, Sabunçu rayonunda olmasını istisna etmir. Birinci instansiya məhkəməsi isə hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə İPM-nin 8.1.1-ci maddəsinin tələblərinə uyğun baxılmalı olmasına, mübahisənin predmet və ya ərazi aidiyyətini müəyyənləşdirmək xidməti vəzifəsi olduğu halda diqqət yetirməmiş, beləliklə də İPM-in 8.1.1-ci və 8.2-ci maddələrinin tələblərini pozmuşdur.
24. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 15.9-cu bəndinə əsasən Bakı şəhəri, Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.
25. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarına uyğun olaraq hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli idi. Lakin iddiaçı aidiyyət qaydalarını pozmaqla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə isə buna əhəmiyyət vermədən işə mahiyyəti üzrə baxmışdır.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilərək mahiyyəti üzrə baxıldığından, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-526/2021 saylı qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
NƏTİCƏVİ HİSSƏ
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8, 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(118)-526/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab olunması və Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, 21 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 120) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.