Məhkəmə qərarları › İş №2-1(105)-526/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-526/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-526/2022 27.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi, qiymət sənədi və diplomun həqiqiliyi haqqında xarici ölkədə istifadəsi ilə əlaqədar müvafiq apostil üçün müvafiq arayışın möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə ödənilmiş 0,57 manat pulun cavabdehdən xeyrinə tutulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-1083/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi və müvafiq sənədin möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması və poçt göndərişinə ödənilmiş 0,57 manat pulun cavabdehdən xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi və qiymət sənədi və diplomun həqiqiliyi haqqında xarici ölkədə istifadəsi ilə əlaqədar müvafiq apostil üçün müvafiq arayışın möhürlə təsdiq edilmiş vəziyyətdə veriməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması və poçt göndərişinə ödənilmiş 0,57 manat pulun cavabdehdən xeyrinə tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 dekabr 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş diplomuna və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərinin verilməsini xahiş etmişdir. Həmin ərizə Təhsil Nazirliyinə xx.xx.2021-ci il tarixdə çatdırılmışdır. Lakin hazıradək onun ərizəsinə cavab verilməmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə qeyd etmişdir ki, iddiaçının müvafiq ərizəsi Təhsil Nazirliyində xx.xx.2021-ci il tarixdə Q18102 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı müraciəti ilə bağlı araşdırma aparılmış və 23 iş günü müddətində Azərbaycan Beynəlxalq Universitetini bitirdiyinə dair ətraflı arayış tərtib olunmuşdur. Bununla da cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etmişdir. İddiaçıya mobil telefon vasitəsi ilə dəfələrlə zəng edilməsinə baxmayaraq əlaqə saxlaya bilməmişlər və anlaşılmazlıq ucbatından o, gəlib arayışı götürməmişdir. Ümumi qəbul edilmiş qaydalara görə məktublardan fərqli olaraq arayışlar poçt vasitəsi ilə göndərilmir, vətəndaşlar özləri gəlib arayışı götürürlər. Cavabdehin nümayəndəsi diplomla bağlı müvafiq arayışı məhkəməyə təqdim edərək iddia tələbinin təmin olunmuş hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddiaçının cavabdehə qiymət sənədi və diplomla bağlı müraciət etdiyini və cavabdeh tərəfin təqdim etdiyi arayışın onun müraciətini tam əhatə etmədiyini bildirərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi izah etmişdir ki, cavabdehin nümayəndəsinin guya onunla telefon əlaqəsi saxlamağa çalışması barədə dəlilləri həqiqətə uyğun deyildir. Əksinə o, dəfələrlə “Whatsapp” vasitəsi ilə cavabdehə smslər yazıb ərizənin nəticəsi barədə məlumat almağa çalımış, xx.xx.2022-ci il tarixdə müraciətinin hələ araşdırıldığını, icra müddətinin bitmədiyi bildirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-1083/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verməməsinin qanunpozuntusu kimi tanınması, İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə cavab verilməsi və qiymət sənədi və diplomun həqiqiliyi haqqında xarici ölkədə istifadəsi ilə əlaqədar apostil üçün müvafiq arayışın möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən poçt göndərişinə görə ödənilmiş 0,57 manat pulun İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsini, iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və qiymət sənədinin möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması hissəsində iddia tələbinin qeyri-mümkün hesab edilərək, poçt göndərişinə görə ödənilmiş 0,57 manat pulun cavabdehdən tutulmasına dair iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassız olduğundan apellyasiya qaydasında qismən ləğv edilməlidir. İddia tələbinin predmetindən və məhkəmə qərarının nəticə hissəsindən göründüyü kimi, məhkəmə icraatında olan işi tam araşdırmamış və nəticədə iddia tələbinin təmin edilməsi öz əksini tapmışdır. Belə ki, iddiaçının Təhsil Nazirliyinə ünvanlandığı məktubun məzmunundan görünür ki, o, ABUnun ləğv olunduğunu qeyd edərək diplomu imzalamış şəxsin imzasının həqiqiliyinin müəyyən olunması barədə Təhsil Nazirliyindən sənəd istəyir. Bu əsasla müraciət etdiyini bildirmiş və ərizəsinə yalnız diplomun surətini əlavə etmişdir. İddiaçı diplomun əlavəsini ərizəyə əlavə etmədiyi halda iddia ərizəsində qiymət sənədinin də təsdiq edilməsini tələb etmiş və işə baxan məhkəmə bunu nəzərə almamış və yekunda tələbi tam təmin etmişdir. Baxmayaraq ki, iddiaçıya diplomun qanuni olması barədə arayış təqdim olunsa da, lakin o, əlavənin də təsdiq edilməsini tələb etmişdir. İddiaçı 2016-cı ildə diploma əlavənin verilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət etmiş və xx.xx.2016-cı il tarixli Q-957/11-24 saylı məktubla arxiv arayışı (diplomun əlavəsi) iddiaçıya təqdim olunmuşdur. Nazirlik tərəfindən təsdiq olunmuş diplomun əlavəsinin iddiaçının özündə olmasına baxmayaraq, heç bir əsas olmadan yenidən əlavənin təsdiqini məhkəmə qaydasında tələb etmişdir. İşə baxan məhkəmə iddia tələbinin əsaslılığını yoxlamalı olduğu halda, buna əhəmiyyət verməmiş və nəticədə iddia tələbini təmin etmişdir. Eyni zamanda iddiaçı müraciətində diplomu imzalayan şəxsin imzasının həqiqiliyinin müəyyən olunması barədə sənəd tələb etməsinə baxmayaraq, məhkəmə qərarında cavabdehin iddiaçıya cavab verilməsini də qeyd etmişdir. Lakin qərarın əsaslandırmasında cavabın hansı məzmununda və nə ilə bağlı olmasına dair heç nə qeyd etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu maddənin tələbindən göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia inzibatı icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüquq olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddia məhkəmə icraatında mümkün sayılsın. Hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilmiş zəruri şərtlərin mövcud olması müəyyən edilmir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Təhsil qanunvericiliyinin tələbinə əsasən, iddiaçının cavabdehlə hər hansı bir hüquqi münasibətlər zəminində nazirlik tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması birmənalı olaraq istisna olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi qiymətləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, habelə cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasının 2.6-cı bəndində qeyd edilir ki, bakalavr səviyyəsinin məzunlarına nümunədə göstərilən formada diploma əlavə verilir (1 və 2 nömrəli əlavələr). Diploma əlavə qoruyucu nişanlı xüsusi kağızda çap edilir. Diploma əlavənin birinci səhifəsinin yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur, “bakalavr diplomuna əlavə (diplomsuz etibarsızdır)” sözləri, əlavənin seriyası və nömrəsi yazılır, sonuncu səhifənin sol tərəfində möhür yeri saxlanılır. Daha sonra səhifələrdə mətn əlavələrin nümunəsində göstərilən formada yerləşdirilir. Qanunvericiliyin tələbinə görə, diplomun əlavəsi diplomsuz etibarsız hesab edilir, yəni diplomun əlavəsi yalnız diplomla birlikdə təqdim edildikdə hüquqi əsas yaradır. Qaydaların 4.2-ci bəndinə əsasən, diplom və diploma əlavə və ya onların dublikatları sahiblərinə şəxsən təqdim edilir. Diplomun məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, diplom məzunun qanuni nümayəndəsinə və ya məzunun adından çıxış edən digər şəxsə müəyyən olunmuş qaydada tərtib olunmuş etibarnamə əsasında verilir. Beləliklə, məhkəmə qərar qəbul edərkən istər maddi hüquq normalarını, istərsə də prosessual hüquq normalarını kobud şəkildə pozmuş və nəticədə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə həmçinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən poçt göndərişinə görə ödənilmiş 0,57 manat məlbəğində pulun iddiaçının xeyrinə tutulmasını qərar vermişdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasında iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasında iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Müraciət etmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. (...) Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 7.2. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. 7.3. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. 7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. 7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. (...) Maddə 10. Müraciətə baxılması müddəti 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. 10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. 10.3. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. 10.4. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. 10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüququ şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”:

1. Bu Təlimat dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında (bundan sonra - təşkilatlar) kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivə verilməsini tənzimləyir. Yerli icra hakimiyyəti orqanlarında kargüzarlıq “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat” əsasında aparılır. Bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir.

76. Vətəndaşların xahişi ilə verilən arayışlar ümumi blanklarda və ya trafaret mətnli blanklarda tərtib olunur, təşkilatın rəhbəri tərəfindən imzalanaraq təsdiq edilir və müvafiq kitabda qeydə alınır.

97. İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir.

98. Göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir. Kargüzarlıq xidməti tərəfindən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər icraçılara qaytarılır. Daimi ünvan sahiblərinə göndərilən sənədlər üçün üzərində mətbəə üsulu və ya operativ çoxaltma vasitələri ilə çap edilmiş ünvanlar olan zərflərdən istifadə olunur. Eyni zamanda bir ünvana göndərilən bir neçə sənəd bir zərfin içinə qoyula bilər Göndərilmək üçün verilən sənədlər elə həmin gün işlənib göndərilməlidir.

128. Sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə icra edilmiş sayılır. Əgər icra sənədləşdirilməmişdirsə, bu barədə nəzarət vərəqəsinin “icra haqqında qeyd” sütununda məlumat yazılır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Maddə 108. Prosessual xərclər

108.1. Prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. 108.3. Mübahisə ilə bağlı işə şikayət üzrə şikayət instansiyasında baxılmışdırsa, vəkilin və ya nümayəndənin haqqının ödənilməsinə, müvafiq səlahiyyətli şəxsin cəlb olunmasının məhkəmə tərəfindən zəruri sayıldığı hallarda yol verilir. 108.4. Prosesə cəlb edilmiş üçüncü şəxslərin zəruri xərclərinin ödənilməsinə, məhkəmənin ədalət mövqeyindən çıxış edərək həmin xərcləri xeyrinə qərar qəbul edilməyən tərəfin və ya dövlət büdcəsinin üzərinə qoyduğu hallarda yol verilir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-1083/2022 nömrəli qərarı qisməncavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən poçt göndərişinə görə ödənilmiş 0,57 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməli, ləğv edilən hissədə yeni qərar qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qərarı iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və qiymət sənədinin möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 0,57 manat pulun cavabdehdən tutulması hissəsində mübahisələndirilir. İddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı apostil sənədinin alıması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Poçt göndərişlərinin izlənməsi barədə çıxarışdan görünür ki, ərizə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə çatdırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin vətəndaş müraciətinə cavabın qeydiyyat vərəqindən elektron çıxarışdan görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış ərizə xx.xx.2021-ci ildə nazirliyə daxil olmuş, xx.xx.2022-ci ildə arayış elektron imza ilə imzalanmışdır. Vətəndaş müraciətinə cavabın qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı ərizəsi Təhsil Nazirliyinə xx.xx.2021-ci il tarixdə daxil olmuş, cavab Q-18102/11-24 qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Sənədin “göndərilməsi üsulu” və “göndərilmə tarixi” qrafaları boş saxlanılmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə cavab olaraq hazırladığı xx.xx.2022-ci il tarixli arayışı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinə təqdim edərək, sənədin həmin tarixdən hazır olduğunu, lakin poçt vasitəsi ilə göndərilmədiyini, iddiaçının və ya nümayəndəsinin gedib arayışı nazirlikdən şəxsən götürməli olduğunu izah etmişdir. İddiaçı tərəfin xx.xx.2021-ci il tarixli ərizəyə cavab olaraq cavabdeh inzibati orqanın hazırladığı xx.xx.2022-ci il tarixli arayışın nazirlikdən şəxsən götürməli olması ilə bağlı cavabdehin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, arayış xx.xx.2022-ci il tarixdə tərtib olunmaqla hazır olsa da, arayışdan görünür ki, sənədin göndərilmə üsulu və tarixi qrafaları boş qalmışdır və kargüzarlığın aparılması qaydalarında arayışın poçt vasitəsi ilə göndərilməsinə dair hər hansı məhdudiyyətlər və ya arayışın mütləq qaydada iddiaçı tərəfindən götürülməli olmasına dair hər hansı norma mövcud olmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunla nəzərdə tutulmuş müddətdə iddiaçının müraciətinə rəsmi qaydada cavab verilmədiyindən və arayış iddiaçıya təqdim edilmədiyindən onun müraciətini baxılmış müraciət hesab etmək olmaz. Apellyasiya qaydasında işə baxılarkən cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixli arayışın əslinin iş materiallarından götürülərək ona qaytarılmasını xahiş etmiş və həmin arayış cavabdehin nümayəndəsinə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Daha sonra, məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin arayış poçt vasitəsilə iddiaçının ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İddia tələbinin qiymət sənədinin həqiqiliyi haqqında xarici ölkədə istifadəsi ilə əlaqədar apostil üçün müvafiq arayışın möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı diplomuna və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərini, Azərbaycan Beynəlxalq Universiteti ləğv olunduğundan diplomu imzalamış şəxsin imzasının həqiqiliyinin müəyyən olunması barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyindən sənəd istəmiş və apostil sənədinin alınması üçün müvafiq sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan isə qeyd etmişdir ki, iddiaçı yalnız diplomu imzalamış şəxsin imzasının həqiqiliyinin müəyyən olunması barədə sənəd istəmişdir. Bununla bağlı isə arayış tərtib edilmiş və iddiaçının müraciətinə baxılmışdır. Məhkəmə kollegiyası qeyd edilən hal ilə bağlı qeyd edir ki, iddiaçının ərizəsinin məzmunundan görünür ki, o, yalnız diplomu imzalamış şəxsin imzasının həqiqiliyinin müəyyən olunması barədə sənəd deyil, həmçinin diplomuna və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərini istəmişdir. Diplomuna və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərinin təqdim edilməsi ilə bağlı iddiaçının müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli Q18102/11-24 saylı arayışında qeyd edilmişdir ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemindəki məlumata və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədlərinə əsasən tərtib edilmişdir. İddiaçı həqiqətən 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə (qiyabi təhsilalma forması) qəbul olmuş, 2006-cı ildə ABU-nu eyni adlı ixtisas üzrə bitirmişdir. Dövlət Attestasiya Komissiyasının xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı bakalavr dərəcəsi və B seriyalı № 058584 nömrəli dövlət nümunəli diplom verilmişdir. Mövcud qanunvericiliyə əsasən ali təhsil müəssisəsi tərəfindən verilmiş təhsil haqqında dövlət nümunəli sənəd (diplom) diplomun verilməsinə məsul olan şəxslər (rektor, dövlət attestasiya komissiyasının sədri) tərəfindən imzalanır. Fəaliyyəti dövründə (1997-2010) bu qeyri-dövlət ali təhsil müəssisəsinin rektoru vəzifəsini X4 icra etmişdir. “X1 sədrinin təsdiqi haqqında” Təhsil Nazirliyinin əmri ilə 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri kimi X2 təyin olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, diplomuna və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərinin təqdim edilməsi ilə bağlı iddiaçının müraciətinə cavab verilmədiyindən birinci instansiya məhkəməsi qeyd edilən hissədə iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən poçt göndərişinə görə ödənilmiş 0,57 manat pulun İddiaçı xeyrinə tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 108-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Birinci instansiya məhkəməsi poçt göndərişinə görə ödənilmiş məbləği prosessual xərclərə aid edərək, iddia tələbini həmin hissədə təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının poçt göndərişinə görə ödədiyi məbləğ iş üzrə prosessual xərclərə aid deyil. Belə olan halda, poçt göndərişinə görə ödənilmiş 0,57 manat pulun cavabdehdən tutulması barədə iddia tələbi əsaslı deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)- 1083/2022 nömrəli qərarı qismən - cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən poçt göndərişinə görə ödənilmiş 0,57 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməli, ləğv edilən hissədə yeni qərar qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-1083/2022 nömrəli qərarı qismən – cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən poçt göndərişinə görə ödənilmiş 0,57 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin. Ləğv edilən hissədə yeni qərar qəbul edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar