Məhkəmə qərarları › İş №2-1(105)-526/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-526/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-526/2025 03.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı iş üzrə (X1 və X8 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Əmlak Məsələləri Dövlət Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 (xx.xx.1988-ci il təvəllüdlü), X8 (xx.xx.1986-cı il təvəllüdlü), X7 (xx.xx.2015-ci il təvəllüdlü) və X9 (xx.xx.2021-ci il təvəllüdlü) ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Abşeron Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına dair müraciətinə baxılmış, müraciətinin təmin edilməsindən imtina edilmiş və göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3516/2024 nömrəli qətnaməsi ilə X6, X3, X8 və azyaşlı ailə üzvləri X7, X4 ünvan 3 ünvandakı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 15 yanvar 2025-ci il tarixli, 18/2-1183/25 nömrəli məktubundan görünür ki, X3 xx.xx.2015-ci il tarixdən, X7 xx.xx.2017-ci il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. Həmçinin xx.xx.2024-cü il tarixdən göstərilən ünvanda qeydiyyatda olan X9 həmin ünvanda qeydiyyatda olan anası Dürnisə Əhmədovanın yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş azyaşlıdır. Əlavə olaraq bildirilir ki, müraciətdə adı qeyd edilən X8 barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 05 fevral 2025-ci il tarixli, 3-21-3-32/2-1807/2025 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinə dair istifadə hüququnun qeydiyyata alınması 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğu üçün qeyd olunan sualın cavablandırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X3, X8 və onların azyaşlı ailə üzvləri X7 və X4 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanda yerləşən ev onun xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq, evinə dair sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Ona məxsus evində qanunsuz olaraq yaşayan X3, X8 və onların azyaşlı ailə üzvləri X7 və X9 pasport qeydiyyatındadırlar. Həmin şəxslərin onun fərdi yaşayış evindən çıxarılmaları barədə qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamə mövcuddur. Üçüncü şəxslərin onun fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etsə də, onların pasport qeydiyyatından çıxarılmalarının onların səlahiyyətində olmadığını bildirərək müraciətinin müsbət həll edilməsindən imtina etmişlər. Belə ki, həmin şəxslərin mülkiyyətində olan evdə qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun hüquqlarını kobud surətdə pozur və həmin əmlak üzərində sərbəst sərəncam vermək hüquqlarının həyata keçirilməsinə mane olur. İddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki,məhkəmənin qəbul etdiyi qərarla razılaşırlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, X3, X8, X7 və X4 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Abşeron Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdəndə, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qərardan narazı qalan üçüncü şəxs X8 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qərar əsassızdır, məhkəmə iclas günləri barədə ona rəsmi bildiriş göndərilməmişdir. Həmçinin yekun məhkəmə qərarı yalnız öz ərizəsi əsasında təqdim edilmişdir. Mənzildən istifadə hüququ mülkiyyət hüququnun əsas təməlidir və həmin mənzilə istifadə hüququnu ehtiva edən qeydiyyatın onun iştirakı olmadan qəbul edilməsi Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş imperativ normalara ziddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 İ və İİ bəndi. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. ... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: .... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); .... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən daimi pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müvafiq yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı həmin mənzili hərracın yekunlarına dair protokol və müqavilə əsasında əldə etmişdir. Hazırda inzibati iş üzrə üçüncü şəxs qismində çıxış edən şəxslər həmin mənzildə pasport qeydiyyatındadırlar. İstinad edilən qanunvericilik normalarına görə inzibati məhkəmə icraatı qaydasında şəxsin yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin mənzilə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir. Birinci hal, yəni şəxsin yaşayış evində yaşamaması ilə bağlı kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında üçüncü şəxslərin sözügedən mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bu hal özlüyündə üçüncü şəxslərin həmin mənzildə yaşamaması halının müəyyən edilməsi üçün əsas qismində çıxış edir. Belə ki, həmin məhkəmə qətnaməsinin məzmununda “...Cavabdehlər iddiaçının mənzilində qanunsuz şəkildə yaşamaqla, onun həmin əmlak üzərində mülkiyyət hüququnu məhdudlaşdırmışlar....fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.....” qeyd edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında üçüncü şəxslərin sözügedən mənzildən çıxraılması qət edilmişdir, nəticə etibarilə həmin qətnamənin icrası üçüncü şəxslərin həmin ünvanda yaşamasına gətirib çıxardır. İkinci hal olan şəxsin mənzilə dair əmlak hüququnun mövcud olub-olmaması ilə bağlı hissədə kollegiya qeyd edir ki, üçüncü şəxslərin mənzilə hər hansı əmlak hüquqları mövcud olmaması halı da məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, iş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (Abşeron Rayon Məhkəməsini 2(012)-3516/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi) əsasında üçüncü şəxslərin sözügedən mənzildən çıxarılması və mənzilin boşaldaraq, iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsinin məzmununda qeyd edilmişdir ki, “iddia tələbinin cavabdehlərin istifadə hüququna xitam verilməsi” hissəinəmünasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.Belə ki, cavabdehlərin mübahisəli mənzildən qanunla müəyyən edilmiş qaydada istifadə hüquqları mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, olmayan istifadə hüququna xitam verilməsi mümkün deyildir....”. Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, şəxsin yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisənin həlli zamanı müəyyən edilməli olan ikinci hal, yəni şəxsin həmin mənzilə əmlak hüququnun olmaması da öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, üçüncü şəxslərin sözügedən mənzildən çıxarılması və istifadə hüququnun olmaması halı müəyyən edildiyi halda, həmin şəxslərin mülkiyyətçinin iradəsinə zidd olaraq pasport qeydiyyatında qalması halı özlüyündə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxardır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçı üçüncü şəxslərin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuşdur. Göstərilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, üçüncü şəxsin şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsində icraat zamanı iştirakının təmin edilməməsi ilə bağlı hissədə onu qeyd edir ki, üçüncü şəxsin istinad etdiyi hallar heç bir dəlilə əsaslanmamaqla (apellyasiya instansiya məhkəməsində icraat zamanı da üçüncü şəxs iştirakını təmin etməmişdir), iş materialları əsasında təkzib olunduğundan, şikayət həmin hissədə də əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, həmin apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı üçüncü şəxs X5 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar