Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-527/2021 25.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı Regional Ərazi Filialına qarşı iş üzrə Açar sözlər: yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin X5 1 saylı regional ərazi filialına qarşı “18.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və hazıradək yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, e-2- 1(118)-1141/2021 saylı qərardadından İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil elektron qaydada göndərilən apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin X5 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 64 yaşı tamam olduğu tarixdən, yəni 18.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və hazıradək yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif peşə sahələrində çalışmış, ümumilikdə 25 il 10 ay ümumi iş stajına malik olmuşdur. Onun 64 yaşı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh inzibati orqan 22.10.2020-ci il tarixli, **********6 №-li imtina məktubu ilə ona pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, onun tələb olunan iş stajı və fərdi hesabında pensiya kapitalı mövcud deyildir. Hesab edir ki, cavabdeh tərəfindən onun pensiya hüququ pozulmuşdur.
Cavabdehin etirazları:
3. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF iddiaya qarşı etirazında qeyd etmişdir ki, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, e-2-1(118)-1141/2021 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
5. Qərardaddan narazı qalan İddiaçı və onun vəkili Vəkil elektron qaydada apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli e-2- 1(118)-1141/2021 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq mahiyyəti üzrə işə baxılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişlər.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, e-2-1(118)-1141/2021 saylı qərardadı ilə onun cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin X5 1 saylı regional ərazi filialına qarşı 18.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və hazıradək yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Qanunvericilikdə öhdəliyin icrası haqqında iddia növlərində məhkəməyə müraciət etmək üçün müddət nəzərdə tutulmadığından məhkəmə əsassız olaraq belə bir qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadında guya onun iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə müraciət etdiyi qeyd edilmişdir. Onun iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan öhdəliyin icrası haqqında iddialarda məhkəməyə müraciət etmək üçün müddət nəzərdə tutulmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət yalnız mübahisələndirmə və məcburetmə haqqında iddia növlərinə şamil edilir ki, həmin müddət 1 aydır. Ona görə qərardadı əsassız hesab edir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdehin nümayəndəsi X1 iddiaçının apelyasiya şikayətinə qarşı etirazında vurğulanır ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və həmin iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 №-li qərarının tələblərinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.2.2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Kostitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28.12.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliytinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM - maddə 35.) və iddia qaldırmaq müddətinə (İPM - maddə 38.1) əməl olunmalıdır. Digər tərəfdən İnzibati icraaat haqqında Azərbaycan Respublikası Qanunun 59.1.5 və 59.1.6-cı maddələrinə əsasən inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat və inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İş materiallarından məlum olduğu kimi, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı tərəfindən təqdim edilmiş 22.10.2020-ci il tarixli, **********6№-li məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Həmin məktubda Qanunun 73.2-ci maddəsində qeyd edilən mümkün hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddət nəzərdə tutulmadığından sözügedən inzibati aktdan şikayət verilməsi üçün 6 ay müddət müəyyən edilmişdir. Lakin İddiaçı 07.05.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə həm qanunvericiliklə müəyyən edilmiş 30 gün, həm də 6 aylıq şikayət vermə müddətini də ötürmüşdür. Birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddia tələbinini mümkünüzlüyü ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. İddiaçı apelyasiya şikayəti formal mülahizələrə əsaslandığından qərardadın ləğvinə əsas ola bilməz. İddiaçının apelyasiya şikayəti əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, e-2- 1(118)-1141/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsi xahiş edilir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinin əsassız olmasını vurğulayaraq, əlavə olaraq göstərdi ki, apelyasiya şikayətinə dair təqdim etdikləri etirazda göstərilənləri müdafiə etməklə məlum məhkəmə qərardadının qüvvədə saxlanılmasını xahiş edirlər.
9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iş üzrə İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İddiaçı və onun vəkili Vəkil iştirakları olmadan baxılmasını mümkün hesab edir.
Tədbiq edilən hüquq
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
12. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
13. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
14. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
15. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: - 38.3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); - 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
16. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
17. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
18. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: - 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
19. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
20. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
21. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
22. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
23. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
24. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
25. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 30.1. Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Maddə 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırkı iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir.
27. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni onunla əsaslandırmışdır ki, öhdəliyin icrası növündə iddiaların baxılması üçün mümkünlük şərtlərindən biri iddiaçının cavabdeh inzibati orqanın qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etməsidir. Cavabdeh tərəfindən iddiaçıya imtina cavabının 22.10.2020-ci il tarixdə verildiyini nəzərə alınsa, İddiaçı 07.05.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş 6 aylıq iddia müddətini də ötürmüşdür. Bu səbəbdən iddia mümkün sayılmamalıdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı qərardadın 24-cü bəndində istinad edilən konstitusiyanın müvafiq maddəsinin tələbi baxımından hər kəs qanunla müəyyən edilmiş sosial təminat hüququndan istifadə edə bilər, o cümlədən hazırkı qərardadın 25-ci bəndində istinad edilən əmək pensiyaları haqqında qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları əmək pensiyası təminatı hüququna malikdirlər.
29. Bununla əlaqədar kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərardadın 11-12, 16-cı bəndlərində qeyd edilən prosessual hüquq normalarının tələblərinə görə işin baxılması zamanı çatışmamazlıqların aradan qaldırılması bilavasitə məhkəmənin xidməti vəzifəsi olmağına baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının hətta belə desək, müvafiq iddianı verməsilə əlaqədar iddia müddətini ötürməsinə görə müddətin bərpası ilə bağlı müvafiq hüquqi yardımı göstərməli olduğu halda bunu da etməmişdir.
30. Digər tərəfdən hazırkı qərardadın 13-15-ci bəndlərində qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından da müəyyən olunduğu kimi, qanunvericiliklə mübahisələndirmə və məcburetmə haqqında iddialar üzrə inzibati aktlardan şikayət vermə müddətləri müəyyən edilmiş olsa da, öhdəliyin icrası ilə bağlı iddia tələbləri üzrə iddia müddəti müəyyən edilməmiş, lakin birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianı mümkün saymayarkən iddia müddətinin ötürülməsinə əsaslanmışdır.
31. Bununla da mübahisəyə baxılması ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
32. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3-cü bəndinin tələblərində görünür ki: - 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. - 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər.
33. Hazırkı qərardadın 16-cı bəndində qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından, eləcə də 32-ci bənddə vurğulanan Plenum qərarının 3-cü bəndinin tələblərinə əsasən yardım etmək vəzifəsi ondan ibarət olmalıdır ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
34. Lakin hazırkı işin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halları iddiaçının diqqətinə çatdırmamış, onunla müzakirə aparmamış, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmiş, işin baxılmasının təxirə salınmasına dair iddiaçının vəkilinin elektron qaydada göndərmiş olduğu ərizəsini müzakirə etmədən işin baxılmasını yekunlaşdıraraq nəticədə prosessual qanunla məhkəmənin üzərinə qoyulan vəzifələri yerinə yetirməmiş, beləliklə də, iş üzrə iddiaçı tərəfin dinlənilmə hüququ pozulmuşdur.
35. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur.
36. Məhkəmə kollegiyası hazırkı qərardadın 6-cı bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlillərinə ümümilikdə hüquqi qiymət verərək həmin dəlillərin əsaslı olması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır ona görə ki, məhkəmə proses iştirakçısı olan yalnız cavabdehin izahatı və təqdim etdiyi etirazla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunu etməyərək iddiaçının tələbinin əsasını və işin faktiki hallarını tam aydınlaşdırmadan, iddiaçıya tam dolğun hüquqi yardım göstərmədən iddianı mümkün saymamışdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli e-2-1(118)-1141/2021 saylı qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 80, 87, 89, 90 və 94-cü maddələrinə əsasən məhkəmə kollegiyası, QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, e-2-1(118)-1141/2021 saylı qərardadı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Məhkəmə qərardadı təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, 1193-cü məhəllə, Yusif Səfərov küçəsi 14) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.