Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-528/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “13.11.2020-ci il tarixli **********1985 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: maliyyə sanksiyasına dair qərarın ləğvi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “13.11.2020-ci il tarixli **********1985 saylı qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli e-2-1(118)-537/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı MMC-i cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “13.11.2020-ci il tarixli **********1985 saylı qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “OUR ORCHARDS" Məhdud Məsuliyyətli Cəmiyyəti Qusar rayon ərazisində alma yetişdirilməsi və satışı ilə məşğul olur. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Qusar rayonu ərazisindəki alma bağında keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 29.09.2020-ci il tarixində 000090 saylı akt tərtib olunmuş və aktın əsasında 13.11.2020-ci il tarixində 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********1985 saylı qərar qəbul edilmişdir. Vergi orqanının qərarı ilə şirkətə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 28000 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyası tam əsassız və qanunsuzdur. Belə ki, şirkətin əmək müqaviləsi əsasında işləyən daimi heyəti var. Alma yığılması mövsümündə isə mövsümi əsasda və qısa (bir-iki ay müddətinə) almaların yığılması, yüklənməsi və boşaldılması üçün işçi qüvvəsinin cəlb olunmasına ehtiyac duyulur. Şirkət 2020-ci ilin sentyabr ayında bu sahədə xidmət göstərən fərdi sahibkar X5 ilə podrat müqaviləsi və sözügedən işlərin görülməsini podratçıya həvalə etmişdir. Vergi orqanının əmək müqaviləsi bağlanılmadan işçi kimi cəlb edildiyini iddia etdiyi işçilər şirkətin deyil, podratçının işçiləridir və onlarla əmək müqaviləsi bağlamaq şirkətin öhdəliyi deyildir. Şirkət podratçının göstərdiyi xidmət əvəzində yoxlamadan da əvvəl onun bank hesabına xidmət haqqını köçürmüşdür. Həmin şəxslərlə hesablaşmaq, onlar barəsində qanunverciliklə nəzərdə tutulan öhdəlikləri (o cümlədən, əmək müqaviləsi bağlamaq) yenə podratçının öhdəliyidir. Bu barədə vergi orqanının əməkdaşlarına məlumat verilmiş, podrat müqaviləsi təqdim olunmuş, lakin vergi orqanı buna məhəl qoymayaraq, şirkətin məsuliyyətə cəlb etmə barədə qərar qəbul etmişdir.
Cavabdehin etirazları:
3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, idarənin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 28.09.2020-ci il tarixli, **********7902 nömrəli qərarına əsasən 29.09.2020-ci il tarixdə İddiaçı MMC-yə məxsus Qusar rayonu Cağar kəndində yerləşən təsərrüfat subyektində (**********-47001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının müəyyən edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama ilə bağlı vergi ödəyicisinə məxsus obyektdə, özünü müəssisənin əməkdaşı kimi təqdim edən X6 yoxlamanın keçirilməsi üçün əsas olan “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" 28.09.2020-ci il tarixli **********7902 nömrəli qərar, 28.09.2020-ci il tarixli KY201500814 nömrəli “Sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarış və 28.09.2020-ci il tarixli **********7908 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş və onun tərəfindən qeyd edilmiş sənədlərlə tanış oldunduqdan və onlara imza edildikdən sonra o, həmin sənədlərin bir nüsxəsini qəbul etmişdir. X7 eyni zamanda, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 28.09.2020-ci il tarixli **********7907 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarla da tanış olmuşdur. Lakin, o, onda heç bir sənədin olmadığını qeyd etmiş və heç bir səbəb göstərmədən bu barədə tərtib edilmiş 29.09.2020-ci il tarixli aktı imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmişdir. Nəzarət tədbiri zamanı əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb olunan 14 nəfər fiziki şəxs müəyyən edilmiş və bu hal 29.09.2020-ci il tarixli, 000090 nömrəli Akt tərtib edilərək rəsmiləşdirilmişdir. Həmin fiziki şəxslərin hər birindən müvafiq izahat alınmış və yoxlama materiallarına əlavə edilmişdir. Tərtib edilmiş aktla tanış olmaq və bir nüsxəsini almaq üçün, akt yoxlamada iştirak edən müəssisənin nümayəndəsi X6 təqdim edilmiş, lakin o heç bir səbəb göstərmədən aktla tanış olmaqdan, onu imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmiş və bu barədə yoxlama aktında müvafiq qeydlər aparılmışdır. Tərtib edilmiş akta əsasən, müəssisəyə 3 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.11.2020-ci il tarixli, **********1985 nömrəli Qərarı əsasında 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, müəssisəyə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 13.11.2020-ci il tarixli **********1986 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə təqdim edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçı, özünün iddia ərizəsini onunla əsaslandırır ki, guya operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı onun obyektində aşkar olunmuş 14 nəfər əmək müqviləsi olmayan işçilərin ona heç bir aidiyyəti yoxdur və onlar guya ki, müəssisəyə podrat müqaviləsi əsasında xidmət göstərən fərdi sahibkar X1 işçiləridirlər. Halbuki, idddiaçının gətirdiyi bu dəlilin heç bir əsası yoxdur. Aşkar olunmuş 14 nəfər əmək müqviləsi olmayan işçilərin heç biri, yoxlamaya təqdim etdiyi izahatında belə bir şəxsin adını qeyd etməyib və xüsusi olaraq, qeyd ediblər ki, onlarla nə əmək və nə də ki, xidmət müqaviləsi bağlanmamışdır, yerinə yetirdikləri işin müqabilində hər bir gün üçün müəssisə tərəfindən onların hər birinə 13 manat haqq ödənildiyini bildirmişlər. Operativ vergi nəzarəti zamanı müəssisə tərəfindən vergi orqanı əməkdaşlarına hər hansı bir podrat müqaviləsi və bununla bağlı podratçıya müvafiq ödənişlərin edildiyini təsdiq edən sənədlər də təqdim edilməmişdir. Bu isə iddiaçının məhkəməyə təqdim etdiyi podrat müqaviləsinin saxta olmaqla məsuliyyətdən yayınmaq məqsədilə sonradan tərtib olunmuşdur. Vergi ödəyicisinə məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən, qanunvericiliyin bütün tələblərinə əməl edilmiş, faktiki aşkar olunmuş qanun pozuntusu rəsmiləşdirilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli e-2-1(118)-537/2021 saylı qərarı ilə (hakim V.E.Əzizova) iddia tələbi təmin edilməklə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 13.11.2020-ci il tarixli **********1985 saylı qərarı ləğv olunmuşdur.
5. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apelyasiya şikayəti verilərək Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2- 1(118)-537/2021 saylı qərarının ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsinin apelyasiya şikayətində vurğulanmışdır ki, məhkəmənin qənaətinə görə İdarə tərəfindən operativ vergi yoxlanasının nəticəsinə dair tərtib edilmiş akta baxılarkən mübahisələndirilən qərar qəbul edilərkən iddiaçının həmin proseslərdə iştirakı təmin edilməmişdir. Hesab edirlər ki, məhkəmə qərarı əsassızdır. Belə ki, məhkəmə qərarının əsaslandırma hissəsindən də görünür ki, iş üzrə sübutlar tam və hərtərəfli araşdırılmamış, nəticədə həqiqəti əks etdirməyən əsassız qərar qəbul edilmişdir. İddiaçının deməsinə görə aşkar olunan 14 nəfər işçinin ona deyil, podrat müqaviləsinə əsasən xidmət göstərən fərdi sahibkar İ.M.Balahmədova aid olmasına dair dəlillərin heç bir əsası yoxdur ona görə ki, vergi nəzarəti zamanı müəssisə tərəfindən vergi orqanı əməkdaşlarına hər hansı podrat müqaviləsi və bununla bağlı podratçıya müvafiq ödənişlərin edildiyini təsdiq edən sənədlər də təqdim edilməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının təqdim etdiyi podrat müqaviləsi saxtadır və məsuliyyətdən yayınmaq üçün sonradan tərtib edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, vergi ödəyicisinə məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən, qanunverciliyin bütün tələblərinə əməl edilmiş, faktiki aşkar olunmuş qanun pozuntusu rəsmiləşdirilmişdir. Vergi yoxlamasının aparılması və yoxlama ilə maliyyə sanksiyasının tətbiq edilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edildiyindən verilmiş iddia tələblərinin təmin edilməsi üçün məhkəmənin heç bir əsası olmamışdır.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, məhkəmə qərarının əsaslandırma hissəsindən göründüyü kimi, məhkəmə iş üzrə mövcud olan sübutları tam və hərtərəfli araşdırmamış, nəticədə mübahisənin həqiqi hallarını əks etdirməyən əsassız qərar qəbul olunmuşdur. Həmçinin, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız olması ilə bağlı geniş yazıldığından, əlavə olaraq həmin yazılanları təkrarlamaq istəmir. Həmçinin onu da qeyd etdi ki, podrat müqaviləsi saxtadır və məsuliyyətdən yayınmaq məqsədi ilə sonradan tərtib edilmişdir. Ödənişlərin saxta olmağını bilmir, amma onların hesabatı vardır ki, Baləhmədov İmranın tabeçiliyində 14 nəfər həmin şəxslər olmamışdır. Onların yoxlayıcıları şirkətdə qanunsuz işçiləri aşkar etmişlər. X2 bircə işçisi olmuşdur, o, da səhv etmirsə Zaqatala rayonundandır. Bank sənədlərindəki ödənişlərin ödənilməsi başqa məqsədlər üçün ola bilər. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «OUR ORCHARDS” MMCnin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, apelyasiya şikayətini qəbul etmirlər. Belə ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Əmək münasibətlərinin pozuntusu olduğunu qəbul edirlər, lakin həmin pozuntu şirkətə aid deyil, fiziki şəxsə aiddir. Belə ki, X3 xidmət haqqı üçün pulun ödənilməsinə dair ödəniş tapşırıqları olmuşdur. Həmçinin məhkəmənin tələb etdiyi bütün sənədləri - 09.09.2020-ci il, 06.10.2020-ci il tarixli «Ödəniş tapşırıqları»nı, 30.09.2020-ci il və 19.11.2020-ci il tarixli «Elektron Qaimə»ləri məhkəməyə təqdim etməklə hesab edirlər ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. Apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından qərarın ləğvinə əsas ola bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
10. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında iki dəfə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
17. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
18. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
19. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
20. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
22. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
23. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
25. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
26. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
27. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
28. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
29. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
30. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
31. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
32. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
33. Azərbaycan Respublikasının Konstitusiyasına görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi).
34. Konstitusiyanın 73-cü maddəsinə əsasən: İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
35. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir.
36. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.7-ci maddəsinin ikinci abzasına əsasən vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır.
37. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır.
38. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda.
39. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.
40. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir.
41. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.
42. “İnzibati icraat haqqında” Qanunun 36.1, 36.1.1, 36.1.2, 36.1.3-cü maddələrinə görə inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər inzibati icraatın iştirakçıları sayılırlar.
43. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hazırkı qərarın 12-27-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləməklə apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki: a) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-də növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır. b) 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 28.09.2020-ci il tarixli **********7902 nömrəli qərardan görünür ki, İddiaçı MMC-yə məxsus obyektdə 29.09.2020ci il tarixdən 28.10.2020-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. c) 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 28.09.2020-ci il tarixli **********7907 nömrəli qərardan görünür ki, İddiaçı MMC-dən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmış əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi barədə bildirişlər, bağlanmış xidmət müqavilələri, şəxsiyyəti təsdiq edən sənədlərin surəti və operativ vergi nəzarəti tədbiri ilə əlaqədar digər zəruri sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. ç) 3 saylı Ərazi Vergilər İdarəsinin 28.09.2020-ci il tarixli **********7908 nömrəli tələbnaməsindən görünür ki, İddiaçı MMC-dən bağlanmış əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi barədə bildirişlər, bağlanmış xidmət müqavilələri,şəxsiyyəti tədqi edən sənədlərin surəti,nəzarət kitabçası və operativ vergi nəzarəti tədbiri ilə əlaqədar digər zəruri sənədlər tələb edilmişdir. d) 29.09.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus Xaçmaz rayon Çağar kəndinə yerləşən meyvə bağında meyvə yığımı ilə məşğul olan 17 nəfər işçidən 14 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontrakt) olmadan işlədiyi müəyyən olunmuşdur. e) 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 13.11.2020-ci il tarixli **********1985 nömrəl vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10–cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. ə) 3 saylı Ərazi Vergilər İdarəsinin 13.11.2020-ci il tarixli **********1986 nömrəli tələbnaməsindən görünür ki, İddiaçı MMC–dən büdcəyə ödənilməli olan 28000 manat vəsaiti 23.11.2020-ci il tarixədək ödənilməsi tələb edilmişdir. f) Sifarişçi İddiaçı MMC-i ilə podratçı X5 arasında bağlanmış 05.09.2020-ci il tarixli 003 saylı podrat müqaviləsindən görünür ki, müqavilə, həmin müqavilənin qüvvədə olduğu 05.09.2020-31.12.2020-ci il müddət ərzində podratçı sifarişçi İddiaçı MMC–nin 19 hektar meyvə bağlarında (xidmətlər, işlər) görməyi öhdəsinə götürməsi, sifarişçinin isə podratçıya razılaşdırılmış müzdun ödəməsi barədədir.
46. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı MMC-i ilə X4 arasında 05.09.2020-ci il tarixdə podrat müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə podratçı İddiaçı MMC-nin 19 ha meyvə bağlarında xidmətlər, işlər görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. 09.09.2020-ci il tarixdə, yəni həmin müqavilə bağlandıqdan sonra və vergi orqanı tərəfindən aparılan yoxlamadan əvvəl MMC-i tərəfindən İmran Balahmədovun hesabına 6393,0 manat məbləğində və 06.10.2020-ci il tarixdə 6880.0 manat məbləğində pul vəsaiti ödənilmişdir. Vergi orqanı tərəfindən alınmış izahatlarda alma yığımında iştirak etmiş 14 nəfərdən heç biri iddiaçı müəssisənin işçiləri olması barədə izahat verməmişlər.
47. Məhkəmə kollegiyası hazırkı qərarın 6-cı bəndində öz əksini tapan cavabdehin apelyasiya şikayətinin dəlillərini aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. Əvvəla şikayətin müəllifi qeyd edir ki, bağ sahəsində işləyən şəxslərə dair podrat müqaviləsi vergi yoxlaması zamanı təqdim edilməmiş, hətta həmin müqavilə sonradan tərtib edildiyi üçün saxtadır. Məhkəmə kollegiyası bu fikirlə razılaşmır və qeyd edir ki, hazırkı qərarın 41-ci bəndində istinad edildiyi kimi vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keirilməsini təmin edən qurum olaraq inzibati orqan kimi öz fəaliyyətində hazırkı qərarın 42-43-ci bəndində istinad edilən Qanunun tələblərini pozmuş, hazırkı qərarın 45-ci bəndinin d) və f) yarımbəndində göstərilən halların yoxlanılıb dəqiqləşdirilməsi üçün müvafiq qanuni tədbirlərini görməmiş, bu baxımdan da həmin tələbləri əsas tutmaqla iddiaçı MMC-də aparmış olduğu yoxlamanın nəticələrinə dair tərtib edilmiş akta baxılarkən və mübahisələndirilən qərarın qəbul edildiyi zaman iddiaçının həmin proseslərdə iştirakı təmin edilməməsinin qanunun pozulması kimi qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır.
48. Eyni zamanda həmin məsələ ilə bağlı məhkəmə kollegiyası apardığı araşdırma zamanı da müəyyən olunmuşdur ki, işdə olan, iddiaçının müştərisi olduğu Paşa Bankda aparmış olduğu 02.03.2020-ci ildən 15.03.2021-ci ilədək bank əməliyyatlarının cədvəlindən də görünür ki, 09.09.2020-ci ildə MMC-i tərəfindən İmran Balahmədovun hesabına 6393,0 manat məbləğində, 06.10.2020-ci il tarixdə 6880.0 və 5315.0 manat məbləğlərində pul vəsaiti ödənilmiş, həmin ödənişlərin təyinatının müəyyən edilməsi üçün tələb edilən ödəniş tapşırıqları ilə təsdiq edilmişdir ki, hər üç ödəniş 05.09.2020-ci il tarixli müqavilə əsasında bağa qulluqla bağlı olmuşdur(i.v.90, 91 a.t., 143-147).
49. Beləliklə, cavabdehin iddia etdiyi kimi, 29.09.2020-ci ildə operativ vergi nəzarəti tədbirinin keçirilməsindən sonra tərtib edilməklə təqdim edilən podrat müqaviləsinin saxta olması barədə apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla yuxarıda göstərilən sənədlərə əsasən rədd edilməlidir.
50. Məhkəmə kollegiyası hazırkı qərarın 33-41-ci bəndlərində istinad edilən konstitusion, eləcə də qanun normalarının tələbləri baxımından hesab edir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, həmçinin vergilərin və başqa dövlət ödənişlərini vaxtında ödəmək hər bir kəsin borcu kimi müəyyən edilsə də, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan vergi və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Bu baxımdan vergi orqanının əməkdaşları tərəfindən aparılmış operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair tərtib edilmiş akta baxılarkən və mübahisələndirilən qərar qəbul edilərkən yuxarıda göstərilən qanun normalarının tələblərinin pozulması birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən müəyyən edildiyindən, haqlı olaraq iddia tələbi təmin edilərək iddiaçı tərəfindən mübahisələndirilən 28.000 manat məbləğində maliyyə sanksiyasına dair Qərarın ləğv edilməsi qənaətinə gəlinmiş, bu səbəbdən də apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-1(118)-537/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.