Məhkəmə qərarları › İş №2-1(105)-528/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-528/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-528/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional ərazi filialına qarşı xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-216/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 27 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional ərazi filialı ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlüdür. Əmək pensiyasının təyin olunması məqsədi ilə xx.xx.2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun əmək stajının yetərli olmadığını əsas götürərək əmək pensiyası təyin olunmasından imtina etmişdir. İddiaçı həmin imtinanı əsassız hesab edir. Belə ki, o, xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək Sumqayıt Üst Geyimləri Tikiş fabrikində müxtəlif vəzifələrdə işləmişdir. Bu barədə müvafiq olaraq əmək kitabçasında qeydlər aparılmışdır. Həmin müəssisənin mülkiyyətçisi dəfələrlə dəyişmiş və özəlləşdirilmişdir. Bütün bu dəyişikliklər zamanı sənədlərin, o cümlədən arxiv sənədlərinin təhvil-təslim prosesi həyata keçirilməmişdir. Bu səbəbdən bütün bu arxiv sənədləri itmişdir. Amma iddiaçının əmək kitabçası ilə onun həmin dövrdə göstərilən müəssisədə işləməsi təsdiq edilir. Cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməmiş bildirmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı 01 il 02 ay 27 gün təşkil edir. İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illər mübahisələndirilən sosial sığorta stajıdır. Həmin illərdə onun Sumqayıt Üst Trikotaj Fabrikində işlədiyi qeyd edilsə də, müəssisə tərəfindən arxiv sənədlərinin təqdim edilməməsi səbəbindən sosial sığorta stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Əlavə olaraq, Dövlət Sosial Müdafiə Fondunun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi fillialda saxlanılan hüquqi şəxslərin MDSS üzrə hesabatlarında Sumqayıt Üst Trikotaj Fabrikinin hesabatları aşkar olunmadığı üçün müəssisənin həmin dövrdə fəaliyyətinin olubolmaması, məcburi dövlət sosial sığorta haqlarının ödəyib-ödəməməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırkı işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********766200 nömrəli məktubunda Sumqayıt şəhəri Üst Trikotaj Fabrikinin xx.xx.1995-ci il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığı qeyd olunmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-216/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının işə qəbul edildiyi Sumqayıt Üst Trikotaj Fabrikinin bazasında xx.xx.2000-ci il tarixdə "xxxx" ASC-nin yaradıldığı müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçının əmək kitabçasında işdən azad edilməsi barədə qeydin üstünə "xxxx"nin möhürü vurulmuşdur. Müəssisənin adının və ya mülkiyyətçisinin dəyişdirilməsi barədə hər hansı qeyd aparılmamışdır. İddiaçıya aid əmək kitabçasında onun xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 68-ci maddəsinin 2a bəndi ilə öz xahişinə əsasən işdən azad edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi xx.xx.1999-cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.1999-cu ildən qüvvədən düşməsi müvafiq qanunla təsdiq edilmiş, həmçinin qüvvədə olan Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarında “öz xahişi ilə” işdən azad edilmə əsası yoxdur. Bundan başqa iddiaçının həmin müəssisədə işləməsini təsdiq edən əmrlər və əmək haqqı cədvəlləri arxiv sənədlərində aşkar edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 25ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İş dövrləri ümumi sosial sığorta stajının əsaslarından biridir. Əmək kitabçasından da göründüyü kimi, mübahisə edilən dövrlərdə rəsmi qaydada müəssisələrin müvafiq əmrləri ilə işə qəbul edilib, işdən azad edilmişdir. İşdə olduğu dövrlərlə bağlı əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq edilir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olmağı, həmin müəssisədə işləməyi və əmək haqqı almağı, o cümlədən müəssisələrinin fəaliyyətinin olması tam sübuta yetirilir. Müəyyən olunur ki, işə daxil olmağı və işdən xaric olduğu dövrdə müəssisələr mövcud olmuş, həmin müəssisələrdə müvafiq əmrlərlə işə daxil olmuş və işdən xaric olmuşdur, o cümlədən əmək haqqı almışdır. Sadəcə olaraq qeyd olunan dövrlərdə müəssisələrin sənədləri arxivə təhvil verilmədiyindən həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı 01 il 02 ay 27 gün təşkil edir. İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illər mübahisələndirilən sosial sığorta stajıdır. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Sumqayıt Üst Trikotaj Fabrikində işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, müəssisə tərəfindən arxiv sənədlərinin təqdim edilməməsi səbəbindən sosial sığorta stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Əlavə olaraq, Dövlət Sosial Müdafiə Fondunun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialda saxlanılan hüquqi şəxslərin MDSS üzrə hesabatlarında Sumqayıt Üst Trikotaj Fabrikinin hesabatları aşkar olunmadığı üçün müəssisənin həmin dövrdə fəaliyyətinin olub-olmaması, məcburi dövlət sosial sığorta haqlarını ödəyib-ödəməməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırki işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, iddiaçı X3 xx.xx.1979-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Sumqayıt Üst Trikotaj Fabrikində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab olunmur. Belə olan halda iddiaçının əmək kitabçasında formal olaraq qeyd olunmuş fəaliyyət dövrləri sosial sığorta stajına daxil edilə və ona bu əsasla pensiya təyin oluna bilməz. Beləliklə, qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edirlər ki, inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin qərarı qanuni və əsaslı olmuş, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçıya lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin iş üzrə qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti... Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti... “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh imtina məktubunda göstərmişdir ki, xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrün qarşılıqlı yoxlanılması zərurəti yaranmışdır. Lakin arxiv sənədlərinin təqdim edilməməsi səbəbindən iş stajının yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Mübahisələndirilən dövr ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş stajının müəyyən edilməsi üçün əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olduğu halda iş stajının təsdiq edilməsi üçün hər hansı digər sənəd və ya arxiv arayışının olmasına ehtiyac yoxdur. Əmək kitabçası olmadıqda isə şəxsin iş stajı arxiv arayışına əsasən müəyyən edilə bilər. İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2005-ci il tarixədək müxtəlif işlərdə və vəzifələrdə işləmişdir. İş materiallarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. İİİ-ЖГ № 407850 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Ramiz Kərəm oğlu ilə rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. İddiaçının adına açılmış xx.xx.1980-ci il tarixli ИТ № ******* saylı əmək kitabçasından görünür ki, Həmzəyeva (İbrahimova) Rəhilə Şiralı qızı xx.xx.1978-xx.xx.1979-cu illərdə Sumqayıt şəhər 85 saylı peşə məktəbində oxumuş, xx.xx.1979-cu ildə Sumqayıt Üst Trikotaj Fabrikində əmək fəaliyyətinə başlamış və xx.xx.2002-ci il tarixədək həmin müəssisədə, xx.xx.2005-xx.xx.2005-ci illərdə isə “Sumqayıt Çörək” ATSC-də işləmişdir. Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 237 saylı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt Üst Trikotaj fabrikinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı iş stajı və əmək haqqı barədə məlumat verilməsi mümkün olmamışdır. İsmayıllı rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 59 saylı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, X5 xx.xx.1974-cü ildə 54 nömrəli əmrlə müvəqqəti olaraq azyaşlı kimi İsmayıllı rayon Keyvəndi kənd Ə.Bayramov adına sovxoza fəhlə qəbul olunmuş,xx.xx.1978-ci ildə işdən azad edilmişdir (əmək haqqı cədvəli əlavə edilmişdir). Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş **********61 saylı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 335 nömrəli sərəncamı ilə “Xalq üçün mallar” Dövlət konserninin tabeliyində olmuş, ünvan 1 ünvanında yerləşən Sumqayıt Üst Trikotaj fabrikinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2006-cı il tarixdə cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 335 nömrəli sərəncamı ilə keçmiş “Xalq üçün mallar” Dövlət Konserninin tabeliyində olmuş Sumqayıt Üst Trikotaj fabrikinin bazasında "xxxx" ASC təsis edilmiş və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq onun səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi xx.xx.2006-cı il tarixində başa çatmışdır. "xxxx" ASC-nin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Sumqayıt Üst Trikotaj fabriki olan işçilərin siyahısında Həmzəyevə Rəhilənin adı qeyd edilmişdir. Eyni zamanda hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunur. Məhkəmə kollegiyası iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi barədə cavabdehin mövqeyi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X16) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Beləliklə, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş və notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, "xxxx" ASC-nin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Sumqayıt Üst Trikotaj fabriki olan işçilərin siyahısında X3 adı da qeyd edilmişdir. Beləliklə də, iddiaçının işlədiyi illəri cəmlədikdə onun 25 ildən çox sığorta stajı yaranmış olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, ona yaşa görə pensiya təyini üçün zəruri yaş həddinə çatdığından və 25 ildən artıq sosial sığorta stajına malik olduğundan, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, işə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-216/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar