Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-528/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı iş üzrə (Açar sözlər: sayğacdan borcun silinməsi, elektrik enerjisinin istehlakına dair müqavilənin bağlanması, yeni sayğacın quraşdırılması və yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması, öhdəliyin icrası haqqında iddia növü, iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı “ünvan 1 ünvanında yerlşən mənzilin keçmiş istahlakçısı Xəlilova Qızbəsin adına abonent nömrəsi **********00407 olan sayğacda hesablanmış 305.37 manat borc abonent nömrəsi **********M0610811 olan sayğacdan borcun silinməsi, həmin ünvanda iddiaçı ilə elektrik enerjisinin istehlakına dair müqavilənin bağlanması, yeni sayğacın quraşdırılması və iddiaçının adına yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdeh Azərişıq ASC-nin üzərinə qoyulmasına dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2686/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ünvan 1 ünvanında yerlşən mənzilin keçmiş istahlakçısı Xəlilova Qızbəsin adına abonent nömrəsi **********00407 olan sayğacda hesablanmış 305.37 manat borc abonent nömrəsi **********M0610811 olan sayğacdan borcun silinməsi, həmin ünvanda iddiaçı ilə elektrik enerjisinin istehlakına dair müqavilənin bağlanması, yeni sayğacın quraşdırılması və iddiaçının adına yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdeh Azərişıq ASC-nin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən mənzili X1 alqı-satqı müqaviləsi əsasında almış, xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Mənzilə dair alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl cavabdehə müraciət edərək, elektrik enerjisinə görə borcun olubolmaması barədə bildiriş almış və bildirişdə borcun olmaması göstərilmişdir. Mənzildə istehlakçı kimi abonent nömrəsi **********00407 olmaqla, elektrik enerjisi ilə təmin edilmişdir. Həmin ünvana quraşdırılmış sayğac və elektrik enerjisinin verilməsi barədə müqavilə həmin mənzilin keçmiş sahibi Xəlilova Qızbəsin adına bağlanmış və sayğac onun adına olmuşdur. Lakin həmin sakin onda olan məlumata görə bir neçə il əvvəl ölmüşdür. O, həmin mənzili X1 almış və keçmiş sakini ümumiyyətlə tanımamışdır. Lakin mənzili aldıqdan sonra istehlak olunmuş elektrik enerjisinə görə 305.37 manat borcun yarandığı ona bildirilmişdir. Borc onun tərəfindən deyil, mənzilin keçmiş sakini tərəfindən yarandığından borcun ondan tələb edilməsi düzgün deyildir. O cavabdehə müraciət edərək, elektrik enerjisinin istehlakına görə yaranmış borcun silinməsi və mənzilə elektrik enerjisinin istehlakına görə yeni sayğac quraşdınlmasını xahiş etsə də, borc ödənilmədiyi və ya silinmədiyi təqdirdə yeni sayğac quraşdırılmasının mümkünsüz olduğu bildirilmişdir. Cavabdeh mənzilində quraşdırılmış sayğacda hesablanmış borcun tələb edilməyən borclar qrafasına aid olduğunu bildirsə də, həmin borcun silinməsindən imtina edir. Bu isə onun hüquqlarını pozur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2686/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili X1 almış, xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Həmin vaxtdan da mənzil onun tərəfindən istifadə olunmuşdur. O cavabdehə müraciət edərək elektrik enerjisinə görə müqavilənin onunla bağlanılması və abonent kodunun onun adına keçirilməsini xahiş etsə də, cavabdeh tərəfindən ionun müraciətinin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh bildirmişdir ki, alqı-satqı müqaviləsi bağlanılan tarixə **********00407 saylı abunə kodu üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında abunə vərəqinə əsasən mənzildə elektrik enerjisi sərfinə görə borc məbləği alqı-satqıdan əvvəl yaranmış və həmin borca görə hazırki mülkiyyətçinin hər hansı bir öhdəliyi olmamışdır. O həmin borcu qəbul etməyərək müqavilənin onunla bağlanılmasını xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh öz fəaliyyətində formallığa yol verərək onun xahişini təmin etməməklə onun tərəfindən elektrik enerjisi sərfinə ödənişlərin tutulmasına əngəllər yaratmışdır. İddia ərizəsinin mümkün hesab edilməsinə mane ola biləcək hər hansı prosessual pozuntuya yol verilmədiyindən, iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad ləğv olunmaqla, iddianın mümkün hesab olunması barədə qərardad qəbul edilməlidir. İddia ərizəsinin mümkün hesab edilməsinə mane ola biləcək hər hansı prosessual pozuntuya yol verilmədiyindən, iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad ləğv olunmaqla, iddianın mümkün hesab olunması barədə qərardad qəbul edilməlidir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etmiş, izahat vermiş, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 10 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satq müqaviləsinə əsasən Xudat şəhəri, H.Əliyev pr-ti, 29 saylı evin 6 saylı mənzili iddiaçıya satılmış və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının hazırki iş üzrə iddia tələbi sayğacdan borcun silinməsi, elektrik enerjisinin istehlakına dair müqavilənin bağlanması, yeni sayğacın quraşdırılması və yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması ilə bağlıdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-cı il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibatı orqanların Təsnifatında göstərilməmişdir. Digər tərəfdən, cavabdeh təbii inhisar subyektidir. Belə ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1.3-cü bəndinə əsasən, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən birinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən “...Dövlətin əsas sosial funksiyası insanların layiqli həyat səviyyəsini təmin etmək və cəmiyyətə xidmət etməkdir. “İctimai maraq” demokratik, hüquqi dövlətin qəti və son məqsədini təşkil edir, ictimai ehtiyacların ödənilməsinə yönələn ictimai xidmətlər inzibati, iqtisadi, sosial, elmi- texniki və mədəni xidmət növlərinə ayrılır. Onların hamısına davamlılıq və sabitlik, dəyişkənlik və keyfiyyət, obyektivlik və bərabərlik, qazanc məqsədinin güdülməməsi kimi prinsiplər xasdır. Elektrik enerjisindən istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir, ictimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su. qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Təbii inhisar müəssisələri bazara təklif etdikləri məhsulu aşağı istehsal xərcləri ilə əldə etməklə yanaşı, hamını həmin məhsulla əlçatan şərtlərlə, rəqabətsiz təmin etmək imkanına malikdirlər. Təbii inhisar müəssisələri sosial sifarişi və tələbatı rəqabətsiz təmin etdiklərinə görə dövlətin nəzarəti ilə tənzimlənən qaydada fəaliyyət göstərirlər... Təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir. Eyni zamanda, təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar... fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar... Təbii inhisar subyekti ilə bağlanan müştəri (abonement) müqaviləsi isə normativ xarakterli aktla tənzimləndiyindən hər bır şəxs üçün standart, yəni eyni müddəa və şərtlərlə müəyyən edilir. Bu növ müqavilənin tərəfləri müəyyən qədər qeyri-bərabər vəziyyətdə olurlar, istehlakçı müqaviləni olduğu kımı qəbul etmək məcburiyyətində olur, onun heç bır müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilmir. Xidmətlər daxili bazarda yalnız təbii inhisarçı tərəfindən verildiyindən şəxs iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyəti ilə üzləşir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, təbii inhisar subyekti də bu növ müqavilələrin bağlanması zamanı tam azad deyildir. Belə ki, “Təbii inhisarlar haqqında" Qanunun 10.3-cü maddəsində göstərilmişdir ki, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Bununla da, qanunverici təbii inhisar qarşısında tələbləri (xüsusi tarif qiymətləri, müqavilə bağlamaq məcburiliyi və s.) artıraraq onunla istehlakçılar arasında imkanları eyniləşdirir. Bu baxımdan ... elektrik enerjisi istehlakçısı ilə bağlanmış müqaviləni inzibati müqavilə ... hesab etmək düzgün olmaz... Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.” İstinad edilmiş Konstitusuya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş «müqavilə» anlayışından bır qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranır və fərdi (xüsusi) xarakter daşıyır. Hazırkı ış uzrə də iddiaçı ilə təbii inhisar subyekti olan “Azərişıq" ASC arasındakı münasibətlər mülki hüququ münasibətləri çərçivəsində yaranmışdır və fərdi xarakter daşıyır. Bu münasibət hakimiyyət - tabeçilik prinsipi əsasında qurulmamışdır. Odur ki, bu münasibətdən irəli gələn mübahisə inzibatı icraatın predmetini təşkil edə bilməz. Başqa sözlə, iddiaçının tələbinin qanuniliyinə qiymət verilməsi mülki hüquqi müqavilə üzrə tərəflərin (əvvəlki mülkiyyətçi və “Azərişıq" ASC-nın) öhdəliklərinin düzgün icra edilib-edilməməsınin araşdırılmasını zəruri edir kı, bu məsələ inzibati icraatın predmetini təşkil etmir. Odur ki, qeyd edilənlərə əsasən hazırkı iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid edilə bilməz. İddiaçı mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməklə, mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəmələrə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2686/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-528/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-528/2023
06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver