Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-529/2021 16.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0046 KOD 30102018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dairiş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0046 KOD 30102018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2-1(118)-174/2020 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Sumqayıt Ərazi İdarəsinin apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0046 KOD 30102018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu Samur bələdiyyəsi tərəfindən 01 dekabr 2005-ci il tarixdə 15 saylı qərar qəbul edilmiş və bələdiyyənin qərarına əsasən Qusar rayonu Samur qəsəbəsi ərazisindən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqlarından kənd təsərrüfatına az yararlı olan 30.66 hektar torpaq sahəsikənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ona satılmışdır. Ona torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktı da verilmiş və mülkiyyətində olan torpaq sahəsini aldığı 2005-ci ildən bu günə qədər hər il kənd təsərrüfatı məhsulları (buğda, arpa və s.) əkir. Hazırda isə torpaq sahəsini icarəyə vermək istədikdə mülkiyyətində olan torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN:0046 KOD 30102018 saylı X6 İdarəsinin əməkdaşlarının dediyinə görə elektron bazada və qeydiyyat kitabında yoxdur. O, ilkin hüquq müəyyənedici sənədlərin əsilləri (torpaqayırma sənədləri qərar, rəy, alqı-satqı aktı), arxiv arayışını və “ Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının” əslini təqdim etməsinə baxmayaraq onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etmişlər. O, 2005-ci ildə bələdiyyəyə müraciət edərək torpaq sahəsini almış və torpaqayırma sənədləri bələdiyyə və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən tərtib olunaraq onun mülkiyyətinə dair dövlət aktı verilmişdir. Hazırda isə həmin sənədin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron bazada və qeydiyyat kitabında olmaması onun təqsiri deyil. Reyestr İdarəsinin gətirdiyi dəlillər qanunvericiliyə görə torpaq sahələri üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Ona görə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir. Cavabdeh əsassız və qanunsuz olaraq onun müraciətini təmin etməkdən imtina etmiş, ona görə də mülkiyyət hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Cavabdehin etirazları:
3. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Qusar rayonu, Samur kəndi ərazisində yerləşən 30.66 ha torpaq sahəsinə JN:0046 KOD 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. JN:0046 KOD 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ayrılmış torpaq sahəsi koordinantlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3 bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1680/2019 saylı 16 dekabr 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-174/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarı(hakim C.B.Məmmədov) ilə iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 10 mart 2006cı il tarixli JN:0046 KOD 30102018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qusar rayonu Samur bələdiyyəsi ərazisində yerləşən 30.66 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-174/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.İ.Bəktaşi – sədrlik edən və məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə, 2-1(105)-38/2021 saylı iş) 25 fevral 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər İ.K.Hüseynov – sədrlik edən və məruzəçi, N.İ.Rəsulbəyova və K.N.Bədəlov, 2-1(102)- 904/2021 saylı iş) 08 iyun 2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-38/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarı ləğv edilməklə işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
9. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Qusar rayonu Samur kəndi ərazisində yerləşən 30.66 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, JN 0046 KOD 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamış, qeyd edilən JN 0046 KOD 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən torpaq sahəsi koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət sərhəd zolaqlarının yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. İddiaçıya satılan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan Torpaq Məcəlləsinin 56-cı maddəsinin tələblərinə görə alqı-satqı predmeti ola bilməz, bələdiyyə həmin kateqoriyalı torpaq sahəsin yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq icarəyə verə bilər. Qeyd olunanlar nəzərə alınmaqla müraciətin icrasının tərəflərindən mümkün olmaması bildirilmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında qeyd etdi ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olan hallar ətraflı qeyd edilmişdir. Eyni zamanda onu da qeyd edir ki, əvvəlki məhkəmə iclası zamanı Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N №-li hərbi hissə komandirinin 16.01.2020-ci il tarixli məktubuna və Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 23.02.2021-ci il tarixli məktubuna dair İdarənin münasibəti soruşulduğundan deyə bilər ki, torpaq sahələrinin koordinatları xüsusi avadanlıqla yoxlanılmaqla sərhəd zolağına aid olub-olmaması müəyyənləşdirilməklə rəy verilə bilməsi baxımından, nə hərbi hissə komandirinin, nə də ki, İstintaq və Təhqiqat İdarəsinin torpaq sahəsi ilə bağlı məsələyə münasibət bildirmək səlahiyyətləri yoxdur. İş üzrə də ekspertiza keçirilmiş və səlahiyyətli orqan tərəfindən verilmiş ekspert rəyilə də müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi sərhəd zolağına düşdüyündən qanunvericiliyə əsasən alqı-satqı predmeti ola bilməzdi. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, apelyasiya şikayətinə etiraz edir və bildirir ki, apelyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, apelyasiya şikayəti tamamilə formal mülahizələrdən ibarətdir, çünki Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin 16.01.2020-ci il tarixli məktubundan göründüyü kimi iddiaçının 30,66 ha torpaq sahəsi Dövlət Sərhəd Xidmətinin mühafizə zolağında yerləşmir və həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olması Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən dövlət sərhədinin mühafizəsinin təşkilində hər hansı maneəçilik törətmir. Qeyd olunan əraziyə mülkiyyətə dair dövlət reyestrindən çıxarışın verilməsinə və həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olunmasına etiraz etmirlər. Eyni zamanda Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 23.02.2021-ci il tarixli məktubunda da İddiaçı satılmış 30,66 ha torpaq sahəsi sərhədboyu zolağa düşmədiyi qeyd edilmişdir. Bundan başqa iş üzrə keçirilmiş ekspert rəyinə əsasən Sərhəd Xidmətinin faktiki 2-ci qoruma zolağının mübahisələndirilən torpaq sahəsi ilə ən yaxın məsafəsi 78 metrdir. Cavabdehin imtina məktubunda göstərdiyi torpaq sahəsinin elektron baza kadastr xəritə materiallarında əks olunmaması və qeydiyyat kitablarında qeydə alınmaması barədə dəlili ilə bağlı onu qeyd edə bilər ki, elektron baza kadastr xəritə materiallarının tərtib olunması və hər hansı məlumatın həmin materiallara daxil edilməsi vətəndaşın səlahiyyəti və ya vəzifələrinə aid deyildir. Qeyd etdiyi hallar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarında da göstərmişdir. Lakin Ali Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarında bir sıra hallara toxunmuşdur ki, həmin halların aydın olmadığı və araşdırma tələb olunduğu bildirilmişdir. Belə ki, həmin qərarın 23-cü abzasında qeyd edilmişdir ki, apelyasiya məhkəməsi iş materiallarında olan Dövlət Sərhəd Xidmətinin məktubunda yazılmış məlumatlarla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə aid olan ziddiyyətləri araşdırmamışdır. Bundan başqa məhkəmədən kənar qaydada əldə etdiyimiz sənədlər əsasında müəyyən etmişik ki, əsas yoldan mübahisəli torpaq sahəsinə baxdıqda həmin torpaq sahəsinin sağ tərəfində 1.92 ha torpaq sahəsi "xxxx" MMC-nin adına 23 oktyabr 2010-cu il tarixli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmiş, sol tərəfində isə 10.5 ha torpaq sahəsi X1 03 iyul 2015-ci il tarixli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Hazırda yaranmış vəziyyət ondan ibarətdir ki, mübahisəli torpaq sahəsinin sağı və solu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilmiş, iddiaçıya imtinada isə bildirilmişdir ki, Sərhəd Xidmətinin mühafizə zolağına düşür. Əgər iddiaçının torpağı mühafizə zolağına düşürsə, bəs necə olur ki, ona məxsus mübahisəli torpaq sahəsinin sağ və sol tərəfləri həmin mühafizə zolağına düşmür. Ona görə də qeyd edilənlərin nəzərə alınmasını və apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
13. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
16. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
17. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
18. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
19. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
20. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
22. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
23. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
24. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
25. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
27. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
28. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
29. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
30. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
31. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
32. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
33. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-).
35. Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-); hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; (-); öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; (-). Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: (-); dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; (-).
2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. (-).
3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
36. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; (-); 4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; (-). Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. (-). 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiya).
37. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: (-). İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. (-).
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. (-)
38. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanı: (-).
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
39. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 saylı Fərmanı: (-).
2. Müəyyən edilsin ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər; həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) həyata keçirir; həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; (-).
40. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-); 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (-). Apellyasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hazırkı qərarın 15-28-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilən hüquqi mövqeyini əsas tutaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd olunmalıdır.
42. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-2-ci bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 5-ci bəndində şərh edilən nəticəyə gəlinmişdir.
43. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, Qusar rayonu Samur bələdiyyəsinin 01.12.2005-ci il tarixli, 15 nömrəli saylı qərarı ilə Qusar rayonu Samur bələdiyyəsi ərazisində yerləşən 30.66 hektar torpaq sahəsi iddiaçıya ayrılmış və həmin torpaq sahəsi iddiaçının adına qeydə alınaraq JN:0046 KOD 30102018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. İddiaçı 30.66 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 19 iyun 2019-cu il tarixli, **********82 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Qusar rayonu Samur bələdiyyəsi ərazisində yerləşən, JN:0046 KOD 30102018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 30.66 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Qusar rayonu Samur bələdiyyəsinin 105 saylı 05.08.2019-cu il tarixli məktubundan məlum olur ki, həmin torpaq sahəsi təyinatı üzrə istifadə olunur, faktiki istifadəsi ilə bağlı sərhəd mübahisəsi yoxdur. Həmçinin cavabdehin etiraz ərizəsində qeyd etdiyi iddiaçıya ayrılmış torpaq sahəsi aktın koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşməsi ilə bağlı arqumentə münasibətdə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 16.01.2020-ci il tarixli, 121 nömrəli məktubuna əsasən həmin torpaq sahəsi Dövlət Sərhəd Xidmətinin mühafizə zolağında yerləşmir və iddiaçının həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olması Dövlət Sərhəd Xidməti Qoşunları tərəfindən dövlət sərhəddinin mühafizəsinin təşkilində heç bir maneçilik törətmir. Belə olan halda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Bundan əlavə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyni adlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparıılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
44. İşdə olan sənədlərdən aşağıdakılar müəyyən olunur: - “Torpağa mülkiyyət hüququna dair” JN:0046 KOD 30102018 saylı Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Samur bələdiyyəsinin 01.12.2005-ci il tarixli 15 nömrəli qərarı ilə Qusar rayon Samur qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 30.66 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 10.03.2006-cı ildə DT və XK Qusar rayon şöbəsində 056 saylı nömrə ilə qeydiyyata alınmışdır. - Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin 16.01.2020-ci il tarixli 121 saylı məktubundan görünür ki, Şirvanlı-Samur yolunun sağ tərəfində Dövlət Aktı ilə iddiaçının 30,66 ha torpaq sahəsi Dövlət Sərhəd Xidmətinin mühafizə zolağında yerləşmir və həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olması mülkiyyətində olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən dövlət sərhədinin mühafizəsinin təşkilində hər hansı maneəçilik törətmir. Qeyd olunan əraziyə mülkiyyətinə dair dövlət reyestrindən çıxarışın verilməsinə və həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olunmasına etiraz etmirlər. - Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 23.02.2021-ci il tarixli 16/815 saylı məktubundan görünür ki, JN:0046 KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarına əsasən Qusar rayon Samur bələdiyyəsinin 01.12.2005-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı satılmış 30,66 ha torpaq sahəsi sərhədboyu zolağa düşmür. - Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2020-ci il tarixli 10/2172 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19.11.2020-ci il tarixli, **********75 №-li mütəxəssis rəyinə əsasən JN:0046 KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” X7 elektron baza və arxiv materiallarında qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş JN:0046 KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatları baza məlumatlarında DWJ xəritəsi üzərində yığdıqda həmin ərazi bütünlüklə sərhəd zolağında yerləşir. Lakin Sərhəd Xidmətinin faktiki 2-ci qoruma zolağının mübahisələndirilən torpaq sahəsi ilə ən yaxın məsafəsi 78 metrdir.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmır və qeyd edir ki, cavabdeh İdarənin imtinasının “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından əsassız olmasına dair məhkəmənin arqumenti qəbul edilə bilməz ona görə ki, qeyd edilən Qanunun 15-ci maddəsinin 15.1.1-ci bəndi məhz dövlət qeydiyyatı barədə müraciət olunan hüququn həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması onu özündə ehtiva edir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün istinad edilən Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, həmçinin qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlaka dair qəbul edilmiş aktın əlavə olunması zəruridir ki, iddiaçının təqdim etdiyi sənədlərdən isə müəyyən olunur ki, Qusar rayonu Samur bələdiyyəsi qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ olduğu halda, dövlət mülkiyyətində olan torpaqlara aid edilən dövlət sərhəd zolaqlarının yerləşdiyi torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul etmiş, həmin qərar əsasında iddiaçının adına dövlət aktı tərtib olunmuş, bununla da bələdiyyə hazırkı qərarın 35 və 36-cı bəndlərində istinad edilən qanunun tələblərini, eyni zamanda hazırkı qərarın 37-39-cu bəndlərində istinad edilən direktiv sənədlərin tələblərini pozmuşdur.
46. Belə ki, İnzabati icraat haqqında Qanunun 65.1.2-ci maddəsinin tələbləri baxımından Qusar rayon Samur bələdiyyəsi 01.12.2005-ci il tarixli qərarı ilə mübahisələndirilən torpaq sahəsini iddiaçıya satarkən səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş akt olduğundan həmin inzibati akt etibarsız sayılır və həmin Qanunun 64.4-cü maddəsinin tələbinə uyğun olaraq da etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tələbinin əsaslı olmasını hazırkı qərarın 44-cü bəndində qeyd edilən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissəsinin və Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin müvafiq məktubları ilə əsaslandırsa da, Azərbaycan Respublikasında dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti olmaqla həmin Xidmətin elektron baza məlumatlarında iddiaçıya məxsus olduğu iddia olunan Dövlət aktındakı torpaq sahəsinin koordinatlarının sərhəd zolağında yerləşən torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməsi faktı ekspert rəyilə təsdiq edilir. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarına aid hərbi hissəsinin və Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilən məktublara gəldikdə isə həmin məktublarda torpaq sahəsinin sərhəd zolağına düşməməsinin konkret hansı mənbələrə əsaslanaraq ifadə olunması təsdiqini tapmadığından məhkəmə kollegiyası həmin məktublardakı cavabları hüquqi əsas kimi qəbul edilməsini mümkün saymır ona görə ki, Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən normasının tələblərindən də göründüyü kimi, dövlət sərhəd zolaqlarının torpaqları dövlətin müstəsna mülkiyyətində olmaqla həmin torpaqlar Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.
48. Məhz kassasiya məhkəməsinin qərarında da Dövlət Sərhəd Xidmətinin məktublarında göstərilənlərdən fərqli olaraq ekspertiza rəyindəki məlumatlarda iddia olunan torpaq sahəsinin bütünlüklə sərhəd zolağında yerləşdiyinin qeyd olunması ilə yanaşı, həm də həmin rəyə əlavə olunmuş torpaq sahəsinin ölçü planında (koordinatlarla) aşkar göstərilməsi vurğulanmış ki, bu halla bağlı aparılmış araşdırma zamanı da adı çəkilən məktublarda torpaq sahəsinin sərhəd zolağına düşməməsinin konkret hansı mənbələrə əsaslanması göstərilməmişdir.
49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
50. Kollegiya onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın etibarsız olması qeyd edilməklə, etibarsız inzibati aktın isə qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılaraq heç bir hüquqi nəticə yaratmaması vurğulandığından, Qusar rayon Samur bələdiyyəsinin 01.12.2005-ci il tarixli 15 nömrəli qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə dair qəbul etdiyi inzibati akt etibarsız inzibati akt olmaqla qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır.
51. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 34 və 40-cı bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair təqdim etdiyi sənədlərə əsasən torpaq sahəsinin mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni hesab edilməli, bu səbəbdən də, apelyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2-1(118)-174/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0046 KOD 30102018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.