Məhkəmə qərarları › İş №2-1(105)-529/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-529/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-529/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 188 saylı sərəncamına əsasən ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahəsi 600 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2-1(118)-1154/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahəsi 600 kv m olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınıb bu barədə onun adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 188 saylı sərəncamı əsasən ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahəsi 600 kv m olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyəti Başçısının 14 oktyabr 1999-cu il tarixli 715 saylı sərəncamına əsasən Corat qəsəbəsində yerləşən 600 kv m torpaq sahəsi X4 ayrılmışdır. Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 188 saylı sərəncamına əsasən əvvəlki sərəncamda dəyişiklik edilərək “X5” sözləri “İddiaçı” sözləri ilə əvəz edilmiş və həmin torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsi zamanında xx.xx.1999-cu il tarixdə şəhərin baş memarı tərəfindən təsdiq edilmiş akta əsasən vətəndaşa təhvil verilmiş və orada iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmişdir. İddiaçı həmin torpağa dair mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə ərizəni təmin etməkdən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmuəyyənedici sənədlərin (torpaq sahəsinin ayrılmasına dair) iddiaçının adına olmadığı müəyyən olunmuşdur. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Həmçinin bildirilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı Sərəncamı qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, yerli icra hakimiyyətlərinin torpaq ayırmaq, eləcə də ona dəyişiklik etmək səlahiyyəti qanunvericilikdə 1 yanvar 2001-ci ilədək nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamından görünür ki, fərdi yaşayış evi tikintisi məqsədilə Corat qəsəbəsi ərazisində 600 kv m torpaq sahəsi X4 ayrılmışdır. Sumqayıt şəhər İH Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilmiş 21 oktyabr 1999cu il tarixli aktdan görünür ki, Corat qəsəbəsi, 28A nömrəli torpaq sahəsi X4 ona təhvil verilmişdir. X3 27 aprel 2004-cü il tarixli ərizəsindən görünür ki, o, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 715 saylı sərəncamı ilə ona ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 600 kv m torpaq sahəsinin vətəndaş İddiaçı adına keçirilməsinə etiraz etmir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamına dəyişiklik edilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı sərəncamından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamında “X8” sözləri çıxarılaraq “İddiaçı” sözləri ilə əvəz edilmişdir. Məhkəmə sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 715 saylı və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı sərəncamları və onlara əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, müraciətin araşdırılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin (torpaq sahəsinin ayrılmasına dair) iddiaçının adlna olmadığı müəyyən olunmuşdur. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2-1(118)-1154/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəsi gedən torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 715 saylı sərəncamı ilə X4 ayrılmış, daha sonra isə sonuncunun da razılığı alınmaqla həmin sərəncamda dəyşiklik edilərək torpaq sahəsinin İddiaçı ayrılması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, ilkin torpaqayırma barədə sərəncam qüvvədə olduğu dövrdə yerli icra hakimiyyəti orqanlarının fiziki şəxsin istifadəsinə, icarəsinə və s.torpaq sahəsi ayırmaq səlahiyyəti olsa da, 01 noyabr 1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına görə yerli icra hakimiyyəti orqanları tərəfindən vətəndaşa həyətyanı torpaq sahəsinin ayrılması səlahiyyəti nəzərdə tutulmamışdır. Bu səlahiyyət yalnız bələdiyyələrə verilmişdir. xx.xx.2004-cü il tarixli, 188 saylı sərəncamda əvvəlki sərəncamda göstərilən vətəndaşın ad, soyad və ata adının dəyişdirilməsi barədə qeyd olunsa da, faktiki olaraq torpaq sahəsinin İddiaçı ayrılması barədədir. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi üzərində hüququmüəyyənedici sənəd kimi təqdim edilən yerli icra hakimiyyəti orqanının sərəncamı qanunvericiliyin tələblərinə zidd verildiyindən mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 31,05.2004-cü il tarixli 188 saylı Sərəncamına əsasən, Sumqayıt şəhər İHB-nın xx.xx.1999-cu il tarixli 715 saylı Sərəncamına dəyişiklik edilərək,həmin Sərəncamdan “X5” sözləri çıxarılaraq “İddiaçı” sözləri ilə əvəz edilmişdir. Həmin Sərəncama əsasən Corat qəsəbəsi ərazisində 600 kv.metr fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi ona verilmişdir. Həmin torpaq sahəsi zamanında xx.xx.1999-cu il tarixdə Şəhərin baş memarı tərəfindən təsdiq edilmiş Akta əsasən vətəndaşa təhvil verilmiş və orada onun tərəfindən fərdi yaşayış evi tikilmişdir. O, həmin torpağa dair mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə ərizəni təmin etməkdən imtina etmişdir.Cavabdehin imtinasını qanunsuz hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, guya hüquqmüəyyənedici sənədlər onun adına deyil. Hansı ki, cavabdehə təqdim etdiyi sərəncamdan da görünür ki, İHB-nın sərəncamı ilə həmin torpaq sahəsi ona verilmişdir. Bu sərəncam mövcud olduğu halda, cavabdehin hazırkı imtinası qanunsuzdur və ona görə də cavabdehin üzərinə onun mülkiyyət hüquqlarını qeydə alıb, bu barədə onun adına çıxarış verilməsi öhdəliyi qoyulmalıdır. Cavabdeh məhkəmədə etirazda göstərilməyən başqa bir dəlil gətirərək bildirmişdir ki, bu torpağa dair İH-nin 2004-cü ildə sərəncam vermək səlahiyyəti olmamışdır. Hansı ki, bu torpaq ilkin olaraq 1999-cu ildə sərəncam verilmiş və həmin torpaq vətəndaşa verilmişdir. 2004-cü ildə isə sadəcə olaraq sərəncama dəyişiklik edilmişdir. Belə olan təqdirdə həmin sərəncamı qəbul etməməkdə cavabdeh haqlı olmamışdır. Buna baxmayaraq məhkəmə də cavabdehlə eyni mövqedən çıxış edərək belə hesab etmişdir ki, İH-nin 2004-cü ildə sərəncamda dəyişiklik etmək səlahiyyəti olmamışdır. Məhkəmənin gəldiyi bu nəticə isə hüquqi cəhətdən haqlı olmamışdır. Belə ki, həmin torpaq dövlət mülkiyyətində olmuş, 1999-cu ildə İH öz səlahiyyəti daxilində bu torpağa sərəncam verərək vətəndaş üçün ayırmışdır və vətəndaşın qanuni istifadəsində olan bu torpaq artıq bələdiyyə torpağı hesab edilə bilməz. Çünki Bələdiyyə torpaqlarına dövlətdə qalan və vətəndaşların qanuni istifadəsində olan torpaqlardan kənar torpaqlar aiddir. Belə olduğu təqdirdə vətəndaşın öz ərizə və xahişi ilə İH-nin həmin sərəncamda dəyişiklik etməsi tam qanuni olmuşdur və bu halda məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmək olmaz. O tək qadındır, bu torpaq 20 ildir ki, mübahisəsiz olaraq onun qanuni istifadə və sahibliyindədir. Nə dövlət, nə də Bələdiyyə tərəfindən bu torpağa dair hər hansı bir iddia və ya etiraz mövcud deyildir. Belə olan təqdirdə vəzifəsi hüquqları qeydə almaq olan cavabdehin onun hüquqlarını qeydə almaqdan imtina etməsi və məhkəmənin də bu qanunsuz imtina ilə razılaşması onun mülkiyyət hüquqlarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Maddə 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 188 saylı sərəncamına əsasən ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahəsi 600 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmuəyyənedici sənədlərin (torpaq sahəsinin ayrılmasına dair) iddiaçının adına olmadığı müəyyən olunmuşdur. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Həmçinin bildirilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı Sərəncamı qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, yerli icra hakimiyyətlərinin torpaq ayırmaq, eləcə də ona dəyişiklik etmək səlahiyyəti qanunvericilikdə 1 yanvar 2001-ci ilədək nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilmiş, eyni əsaslara istinad edilərək iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikintisi məqsədilə Corat qəsəbəsi ərazisində 600 kv. m torpaq sahəsi X4 ayrılmışdır. Sumqayıt şəhər İH Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilmiş 21 oktyabr 1999-cu il tarixli aktdan görünür ki, Corat qəsəbəsi, 28A nömrəli torpaq sahəsi X4 təhvil verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamına dəyişiklik edilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı sərəncamından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamında “X8” sözləri çıxarılaraq “İddiaçı” sözləri ilə əvəz edilmişdir. Həmçinin, sözügedən torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilmiş, onun texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmununda torpaq sahəsinin sənəd üzrə ölçüsünün 0,06 ha, faktiki 0,0738 ha olduğu, yol və qonşu torpaq sahəsi ilə sərhəd olduğu, torpaq sahəsinin m/daş hasarla iki hissəyə ayrılaraq iki ədəd bir mərtəbəli fərdi yaşayış evinin mövcud olduğu, ayrılmış torpaq sahələrinin giriş-çıxışının ayrı olduğu, torpaq sahəsinin təyinatı üzrə istifadə olunduğu və torpaq sahəsinin YGEX-nin mühafizə zonasında yerləşmədiyi qeyd edilmişdir. Eyni zamanda iddiaçının torpaq sahəsinə 2004-cü ildən mübahisəsiz sahiblik etdiyi işin mübahisə olunmayan halıdır. Hazırki halda cavabdeh inzibati orqan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edərək Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı Sərəncamının qanunvericiliyin tələblərinə uyğun verilmədiyini, yerli icra hakimiyyətlərinin torpaq ayırmaq, eləcə də ona dəyişiklik etmək səlahiyyətinin qanunvericilikdə 1 yanvar 2001-ci ilədək nəzərdə tutulduğunu bildirmiş, birinci instansiya məhkəməsi də cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamına əsasən ayrılmışdır. Həmin torpaq sahəsi üzərində daha sonra İddiaçı mülkiyyət hüquqlarını təsdiqləyən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı Sərəncamı ilkin torpaq ayırma sənədi hesab olunmamalıdır. Belə ki, ayrılmış torpaq sahəsi ilə bağlı inzibati orqan tərəfindən inzibati icraat aparılmış, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999cu il tarixli, 715 saylı sərəncamı ilə mübahisəli torpaq sahəsi üzərində vətəndaşın gözlənilən mülkiyyət hüququ yaranmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamı qüvvədə olduğuna görə bələdiyyələr yaranan zaman həmin torpaq sahəsi üzərində bələdiyyənin hüquqları yarana bilməzdi. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı Sərəncamı isə ilkin torpaqayırma sənədi hesab olunmadığına görə bu hal imtina əsası hesab edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı Sərəncamı ilə ilkin torpaqayırma həyata keçirsə idi, bu həmin dövrdə qüvvədə olan qanunvericilik baxımından səlahiyyətsiz şəxs tərəfindən verilmiş qərar kimi etbarsız hesab edilməli idi. Lakin hazırkı işdə iddiaçının hüquqlarının qeydiyyat əsası yalnız Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı Sərəncamı deyil, eyni zamanda dövlət tərəfindən vətəndaşa hüquq tələb etmə əsası yaradan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci maddəsinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Göründüyü kimi mübahisəli torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamı qanunvericiliyin tələbinə uyğun verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddiaçının gözlənilən mülkiyyət hüquqları qorunmalıdır. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ yaradan hüquq müəyyənedici sənəd var və 20 ildən artıq müddətdə həmin torpaq sahəsinə mübahisəsiz sahiblik edir bu səbəbdən də iddiaçının inzibati orqanın praktikasına etimadı qanunla qorunmalıdır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Hazırda iddiaçıya müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki, həmin inzibati akt ilkin torpaqayırma sənədlərinə əsasən torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi hallar iddiaçının təqsiri ilə əhatə olunamamaqla, onun hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1- ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4-daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın imtinasının əsası kimi istinad etdiyi həmin halları əsassız olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, nəticə etibarilə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2-1(118)-1154/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 188 saylı sərəncamına əsasən ayrılmış (Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 715 saylı sərəncamı nəzərə alınaraq) Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar