Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-53/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 1 saylı regional ərazi filialına qarşı “xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi AZNK institutunda oxuduğu illərin və Sumqayıt şəhər Azmənzilsənaye X1 TəmirTikinti İdarəsində xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(118)-152/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi AZNK institutunda oxuduğu illərin və Sumqayıt şəhər Azmənzilsənaye X1 TəmirTikinti İdarəsində xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi M.Əzizbəyov adına Neft və Kimya İnistitutunda oxumuşdur. xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə kimi CKE “Elkor” firmasında injener-konstruktur işləmişdir. xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kimi hərbi xidmətdə olmuşdur. xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə kimi Truboprokat sexində işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə kimi Sumqayıt “Monoqrafiyada Master işləmişdir. xx.xx.1989- cu ildən xx.xx.1990-cı ilə kimi X2 işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi Sumqayıt Təsərrüfat hesablı kiçik Müəssisədə 2-ci dərəcəli qəlibçi işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi Kooperativ “Kemekçi Trest № 1-də işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi Mİİ-AZAL-da snabjeniyada işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Sumqayıt şəhər elektrik təchizatı şəbəkəsi müəssisəsində mexanik vəzifəsində işləmidir. xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə kimi “Nurlu Əllər” KM-də direktor vəzifəsində işləmişdir. xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə kimi “Xəzər” kafesində inzibatçı vəzifəsində işləmişdir. xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi Sumqayıt Şəhər Azmənzilsənaye X1 Təmir-Tikinti idarəsində usta vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının rəyinə əsasən xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2018-ci ildən ona üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Cavabdeh tərəfindən ona əmək pensiyasının təyin edilməsindən tələb olunan 13,200 manat pensiya kapitalına qarşı fərdi hesabının sığorta hissəsində 9,234,48 manat pensiya kapitalının olması göstərilmişdir. DSMF-nin Sumqayıt şəhər şöbəsi onun xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi Neft və Kimya inistitutunda oxuduğu və xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi Azmənzilsənaye Biriyinin Ağcabədi Təmir-Tikinti idarəsində işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə almamışdır. Beləliklə ona məxsus əmək kitabçasında iş stajının qeyd olunmasına baxmayaraq, DSMF-nin Sumqayıt şəhər Şöbəsi əsassız bəhanələrlə pensiya hüququnu pozmuşdur. Bu səbəbdən də xəstəliyi ilə əlaqədar olaraq pensiyaya çıxa bilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 130/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi AZNK institutunda oxuduğu illərin və Sumqayıt şəhər Azmənzilsənaye X1 TəmirTikinti İdarəsində xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd olunmuşdur (hakim İ.Quliyev). Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-130/2019 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-152/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi AZNK institutunda oxuduğu illərin və Sumqayıt şəhər Azmənzilsənaye X1 TəmirTikinti İdarəsində xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim C.Məmmədov). Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk növbədə iddiaçıya İİİ dərəcəli əlil kimi əmək pensiyası hüququnun yaranması məsələsini aydınlaşdırmaq vəzifəsi daşıdığı halda, bunu etməmişdir. Nəzərə almaq lazımdır ki, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuşdur. “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya xx xxxxx 2018-ci il tarixdən üçüncü qrup əlillik müəyyən edilmişdir. İddiaçıya İİİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün Qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur - 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Birinci şərtlə bağlı olaraq “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsində müəyyən edilmiş qaydada hesablandıqda iddiaçının 13 il 4 ay sığorta stajı mövcud olmalıdır. Lakin birinci instansiya məhkəməsi mübahisənin həlli zamanı maddi və prosessual hüquq normalarını sonadək düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə İİİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan digər şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsi üzrə ümumiyyətlə araşdırma aparmamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi İİİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün iki sərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur - 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Cavabdehin imtinasından müəyyən edilir ki, iddiaçıya əlilliyə görə pensiya təyin edə bilmək üçün 13200 manat pensiya kapitalı tələb olunduğu halda, o, 9234,48 manat pensiya kapitalı toplamışdır. Bu məsələ üzrə birinci instansiya məhkəməsi tərəfindən hər hansı araşdırma və qiymətləndirmə aparılmamışdır. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub- olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Bu baxımdan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi məsələsini cavabdehin qaldırıb-qaldırmamasından asılı olmayaraq iddiaçıya İİİ dərəcəli əlil kimi əlilliyə görə pensiya təyin edərkən məhkəmə həmin məsələni xidməti vəzifəsinə görə aydınlaşdırmağa və qanunun tələb etdiyi şərtin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borclu olmuşdur. İnzibati məhkəmə özünün bu vəzifəsini yerinə yetirmədiyindən onun tərəfindən çıxarılmış qərar ləqv edilməlidir. İşin hallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərar ilə İddiaçı “xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi AZNK institutunda oxuduğu illərin və Sumqayıt şəhər Azmənzilsənaye X1 Təmir-Tikinti idarəsində xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehin üzərinə vəzifə olaraq qoymuşdur. Bununla bağlı qeyd etmək lazımdır ki, iddiaçı cavabdehin imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi müddətin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi və ya artıq buna qədər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə nəticələnə bilər. Göründüyü kimi, hazırkı məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia olunan illərin sığorta stajına daxıl edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək və va təyin edilmiş pensiyanı yenidən hesablamaq öhdəliyi yaranacaqdır. Apelyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 55 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 40 il (əmək qabiliyyətli yaş dövrü) 40 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 160 ay 160 ay : 12 ay = 13 il 4 ay Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı 13 il 4 aydır. İddiaçının pensiya işinə əlavə edilən əmək kitabçasından göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 16 il 11 ay 8 gündür. Lakin iddiaçının sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilən üç halı vardır: iddiaçının xx.xx.1992 - xx.xx.1998-ci illər ərzində “Nurlu Əllər” kiçik müəssisəsində işlədiyi dövr; İddiaçının xx.xx.1998 - xx.xx.2003-cü illər ərzində “Xəzər” kafesində işlədiyi dövr; İddiaçının xx.xx.2004 - xx.xx.2007-ci illər ərzində “Azmənzilsənave Təmir-Tikinti birliyinin Ağcəbədi Təmir-Tikinti ldarəsi” ndə işlədiyi dövr. Belə ki, İddiaçı tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndinə müvafiq olaraq yoxlanılması, “Nurlu Əllər” kiçik müəssisəsinin və Xəzər" kafesinin arxiv sənədləri barəsində heç bir məlumatın mövcud olmaması və sənədlərin Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməməsi səbəbindən müvafiq illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün olmamışdır. Digər bir məsələ iddiaçının “AzmənzilSənaye Təmir-Tikinti birliyinin Ağcəbədi Təmir- Tikinti İdarəsi”ndə xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan iş dövrlərinin sığorta stajına daxil edilməsi tələbi əsassız və qanunsuzdur. Belə ki, müvafiq dövrlərə dair qeydlər iddiaçı tərəfindən saxtalaşdırılaraq, sonradan əmək kitabçasına daxil edilib. Halbuki əmək kitabçasının cavabdehdə olan notariat qaydada təsdiq edilmiş nüsxəsində əmək kitabçasının 14-cü səhifəsində iddiaçının “AzmənzilSənaye Təmir-Tikinti birliyinin Ağcəbədi Təmir-Tikinti İdarəsi”ndə işləməsi barədə hər hansı qeyd yoxdur. Bu qeydlər məhkəmədə işə baxılan zaman iddiaçı tərəfindən qanunsuz olaraq daxil edilib. İnzibati məhkəmə işə baxan zaman bu halı araşdırmamışdır. Bu səbəblərdən də iddiaçının “AzmənzilSənaye Təmir-Tikinti birliyinin Ağcəbədi Təmir-Tikinti İdarəsi” ndən təqdim etdiyi arayış da öz növbəsində saxtadır. İddiaçı pensiya hüququ əldə etməkdən ötrü əmək kitabçasını saxtalaşdırmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1 ci maddəsinə əsasən, mülki iş üzrə isdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah isləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və va altı avadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini qəbul etməyərək, onun rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)-152/2020 saylı qərarının ləğv edilməsi nəticəsinə gəlir. İşdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək “xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi AZNK institutunda oxuduğu illərin və Sumqayıt şəhər Azmənzilsənaye X1 TəmirTikinti İdarəsində xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(085)-130/2019 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərardadla işə baxacaq məhkəmə tərəfindən xx.xx.1992 xx.xx.1998-ci illər ərzində “Nurlu Əllər” kiçik müəssisəsində işlədiyi dövr; xx.xx.1998 xx.xx.2003-cü illər ərzində “Xəzər” kafesində işləyib-işləməməsi ilə bağlı araşdırma aparılmasının zəruriliyi qeyd olunmuş, bu məsələlərin araşdırılmasının mübahisənin həlli üçün böyük əhəmiyyəti olduğu vurğulanmışdır. İşə təkrar baxan birinci instansiya məhkəməsi isə qeyd olunan dövrlərlə bağlı heç bir araşdırma aparmamış və cavabdehin həmin dəlillərinə heç bir münasibət bildirmədən əvvəlki qərarı təkrarlayan bir qərar çıxarmışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi AZNK institutunda oxuduğu illərin, Sumqayıt şəhər Azmənzilsənaye X1 TəmirTikinti İdarəsində xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Halbuki həmin dövrlər sosial sığorta stajına daxil edilsə belə, cavabdeh iddiaçının digər müəssisələrdə işləməsini də mübahisələndirir. Məhkəmə iddia ərizəsinin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərlə bağlı tərtibi, ümumiyyətlə bu dövrlərin sosial-sığorta stajına daxil edilməsinin mümkünlüyü və yalnız bundan sonra iddiaçının pensiya hüququnun olub-olmaması ilə bağlı araşdırmalar aparmalı olduğu halda bunları etməmişdir. Məhkəmə tərəfindən təkrar işə baxılarkən iddia tələbinin dəqiqləşdirilməsinin, bu yönümdə araşdırma aparılmasının iş üçün nə dərəcədə əhəmiyyət kəsb etməsi müəyyənləşdirilməli, cavabdeh inzibati orqanın istinad etdiyi əsaslı dəlillərə münasibət bildirilməli və bununla işin faktiki halları araşdırılmalıdır. Göründüyü kimi, yuxarıda qeyd edilən ziddiyyətli məqamlar və çatışmazlıqlar işin araşdırılası hallarıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-152/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 1 saylı regional ərazi filialı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-152/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-1(105)-53/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-53/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver