Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-53/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X8 tərəfindən onun barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 31.03.2020-ci il tarixli, 015 əç nömrəli əmrin ləğv edilməsi və N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa edilmə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X8 tərəfindən onun barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 31.03.2020-ci il tarixli, 015 əç nömrəli əmrin ləğv edilməsi və N saylı hərbi hissənin 2ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-1(118)-476/2021 saylı qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsilə müraciət edərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X8 tərəfindən onun barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 31.03.2017-ci il tarixli, 015 əç nömrəli əmrin ləğv edilməsi və N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun motoatcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunması və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 18.09.2020-ci il tarixli 2-1(112)-4447/2020 saylı qərardadı (hakim R.L.Kərimli) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbinə dair inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Cavabdehin nümayəndəsi E.V.Şərifov, eyni zamanda iddiaçının nümayəndəsi və vəkili F.Q.Əlimərdanov məhkəməyə vəsatət təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi ilə əvəz edilməsini xahiş etmişlər.
4. Sumqait İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli 2-1(118)-476/2021 saylı qərardadı (hakim C.B.Məmmədov) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X8 tərəfindən onun barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 31.03.2017-ci il tarixli, 015 əç nömrəli əmrin ləğv edilməsi və N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun motoatcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunması və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi ilə əvəz edilməsi qərara alınmışdır.
İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1989-cu il tarixdə anadan olmuş, 07.01.2008-ci il tarixdən 04.07.2009-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 04.07.2009-ci il tarixdən 06.07.2015-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və DQK-nın 04.07.2015-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Bundan sonra 09.08.2016-cı il tarixdən 29.10.2016-cı il tarixədək N saylı hərbi hissədə, 29.10.2016-cı il tarixdən 06.12.2017-ci il tarixədək N saylı hərbi hissədə, 06.12.2017-ci il tarixdən 07.09.2019-cu il tarixədək N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. 4-cü X5 31.03.2017-ci il tarixli, 015 əç nömrəli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 156-cı maddəsinin "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Qeyd olunan əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsində xidmət keçdiyi dövrdə bölük komandiri ondan həmin bölükdə olan əsgərlərdən pul yığmağını tələb eldikdə o bundan imtina elədiyi üçün bölük komandiri ilə münasibətləri pisləşmiş və bölük komandiri hərbi rütbəsindən və vəzifəsindən istifadə edərək onunla ədavət aparmış və onu işdən çıxarmaqla hədələmişdir. 06 mart 2020-ci il tarixdə, təxminən saat N radələrində hərbi hissədə xidmətdə olduğu vaxt digər müddətdən artıq xidmət edən hərbi qulluqçu Elvin Novruzov bölüyün şəxsi heyətinin qarşısında onu ağır ifadələrlə təhqir edərək onun yumruqla baş nahiyyəsinə və təpiklə sinə nahiyyəsinə vurmuş və bununla bağlı o, bölük komandirinə müraciət etdikdə komandir onun müraciətinə heç bir reaksiya verməmişdir. Bundan sonra o tabor komandirinin təlim-tərbiyə işləri üzrə müavininə müraciət etmiş, o da onun müraciətinə laqeyd münasibət göstərərək bu məsələnin onun səlahiyyətlərinə aid olmadığını bildirmişdir. Belə olduqda o bu məsələnin həll olunması ilə bağlı tabor komandirinə müraciət etmiş və tabor komandiri də onun müraciətinə heç bir reaksiya verməmişdir. Daha sonra o hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavininə müraciət etmiş, o da eynilə onun müraciətinə laqeyd münasibət göstərmiş, bundan sonra o məcbur olub Sumqayıt Hərbi Prokurorluğuna yazılı ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar müddətdən artıq xidmət edən hərbi qulluqçu Elvin Novruzova qarşı cinayət işi açılmış və hazırda qeyd olunan cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Hərbi prokurorluğa müraciət etdikdən sonra tabor komandiri və bölük komandiri onunla ədavət aparır, hər vasitədən istifadə edərək hərbi hissə komandanlığı və şəxsi heyət qarşısında onu nüfuzdan salaraq onun hərbi xidmətdən uzaqlaşdırılmasına çalışmışlar. Bunun nəticəsi olaraq o, 17 mart 2020-ci il tarixdən 05 aprel 2020-ci il tarixədək növbəti məzuniyyətində olduğu dövrdə ona məlumat verilmədən, onunla heç bir söhbət aparılmadan onun "Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 156-cı maddəsinin "e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmr verilmişdir. "Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Ona ehtiyata buraxılmağı ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Bütün bu göstərilənlər bir daha sübut edir ki, onun "Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 156-cı maddəsinin "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə əmr qanunsuz və əsassızdır. Həmçinin o, həqiqi hərbi xidmət keçdiyi dövr ərzində qüsursuz xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0751 nömrəli 20 iyun 2019-cu il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
6. İddiaçı nümayəndəsi F.Q.Əlimərdanov 02.06.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək inzibati iş üzrə vermiş olduqları iddia tələbini dəqiqləşdirərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri tərəfindən R.İsmayılov barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa dair 31.03.2020-ci il tarixli, 015 əç nömrəli əmrin ləğv edilməsini və R.İsmayılovun N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun motoatcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunması və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsini xahiş etmişdir.
Cavabdehin etirazları:
7. Cavabdehin iddiaya etirazında qeyd edilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N N-li hərbi hissə komandirinin 31.03.2020-ci il tarixli 015 əç nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndi ilə ehtiyata buraxılmışdır. İddiaçı barədə təqdimat (raport) səlahiyyəti olan vəzifəli şəxlər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və müvafiq əmrə əsasən ehtiyata buraxılmışdır. N N-li hərbi hissə komandirinin 03.04.2020-ci il tarixli 100 N-li əmrilə iddiaçıya əmr elan edilmiş və sənədləri ona təqdim edilərək şəxsi heyətin siyahısından çıxarılmışdır (əmrdən çıxarış etiraza əlavə edilir). Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N N-li hərbi hissə komandirinin 31.03.2020-ci il tarixli 015 əç nömrəli əmri ilə tanış olmuş və əmri icra etmişdir. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Hərbi qulluqçuların vəzifəyə təyin edilməsi (azad edilməsi), xidmət yerinin dəyişdirilməsi, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılması, hərbi rütbələrin verilməsi (aşağı salınması, məhrum edilməsi) və sair Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsi ilə tənzimlənir. Hərbi qulluqçuların yuxarıda sadalanan hallardan asılı olmayaraq məzuniyyətdə olan hərbi qulluqçular barəsində müvafiq komandirin (rəisin) əmrinin imzalanması üçün qadağaedici müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu məcəllə hərbi qulluqçulara şamil edilmir. Lakin, iddiaçı bunu etməmişdir 34 gün vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. İPM-in 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətinə qaldırıla bilər. «İnzibati icraat» haqqında Azərbaycan Respublikası Qanununun İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətlidir. («İnzibati icraat» haqqında Qanunun şərhi) Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qeyd olunana əsasən iddiaçı qüvvədə olmuş mülki-prosessual və qüvvədə olan inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır. Hesab edirlər ki, məhkəmə, ilk növbədə, iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Belə ki, hüquqi mübahisənin bütün mərhələsində (iddia məhkəməyə daxil olduqda, məhkəmə baxışının vaxtı təyin edildikdə, məhkəmə baxışına hazırlıq aparıldıqda, məhkəmə qərarına apellyasiya və ya kassasiya şikayətinə əsasən yenidən baxdıqda) məhkəmə daim işin faktiki hallarını nəzərdən keçirməli, iddianın mümkünlüyünü yoxlamalıdır. İddianın əsaslığının araşdırılması üçün əsas şərt iddianın mümkün olmasıdır. Yəni məhkəmənin iddianın mahiyyəti üzrə qərar qəbul edə bilməsi üçün mümkünlük şərtləri mövcud olmalıdır. Çünki, Azərbaycan Respublikasının “İnzibati-Prosessual Məcəlləsinin” kommentariyasında (müəlliflər Səyyad Kərimov, Günəş Vəliyevə) iddia müddəti haqda 38-ci maddənin şərhində iddia müddətinə əməl olunması bəndində (səhifə 149) göstərilmişdir ki, “həm mübahisələndirmə, həm də məcburetmə haqqında iddia növündə 30 günlük müddət ərzində iddia ərizəsinin məhkəməyə təqdim olunması iddia müddətinə əməl olunma kimi qiymətləndirilir. İddiaçı iddia ərizəsini məhkəməyə deyil, inzibati icraatda və ya şikayət instansiyasında inzibati işə baxmış inzibati orqana təqdim edilə bilər. Ərizənin 30 gün ərzində müvafiq inzibati orqana təqdim edilməsi də, iddia müddətinə riayət olunduğu hal kimi qiymətləndirilməlidir”. Qeyd olununları nəzərə alaraq, irəli sürülmüş iddia mümkünlük şərtlərinə uyğun olmadığına görə mümkün sayılmamasını məhkəmədən xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
8. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-1(118)-476/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissə komandiri tərəfindən İddiaçı barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 31.03.2017-ci il tarixli, 015 əç nömrəli əmr ləğv edilməsi, İddiaçı N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun motoatcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi qərara alınmışdır.
9. Qərardan narazı qalan cavabdehin nümayəndəsi İlham Həsənov apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-1(118)- 476/2021 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
10. Cavabdehin nümayəndəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 22.02.2020-ci il tarixdə iddiaçı N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsində dindirilmiş və Azərbaycan ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Əmrin verilməsinə əsas iddiaçının xidməti uyğunsuzluğa ehtiyata buraxılmasına dair tərtib edilmiş 11 mart 2020-ci il tarixli təqdimatı olmuşdur. Təqdimat “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 6 №li əlavəsinə uyğun olaraq N №li hərbi hissə komandiri tərəfindən imzalandıqdan və komanda üzrə müvafiq rəislərin rəyləri alındıqdan sonra qərar qəbul edilməsi məqsədi ilə göndərilmişdir. Təqdimatın məzmunundan və digər sənədlərdən məlum olur ki, İddiaçı hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız, təcrübəsiz və savadsız bir hərbi qulluqçu kimi göstərmişdir. Tabeliyində olanların şəxsi keyfiyyətlərini, məşğuliyyətlərini, ailə vəziyyətini, döyüş və ictimai siyasi hazırlığındakı müvəffəqiyyət və çatışmazlıqlarını bilmir. Təşkilatçılıq qabiliyyətinə malik deyil, öz üzərində çalışmır, verilən tapşırıqlara laqeyd yanaşır, tutduğu vəzifənin öhdəsindən gəlmir və göstərilən iradlardan nəticə çıxarmır. Ümumiyyətlə, xidmət etdiyi müddət ərzində xidmətinə mövcud vəziyyətə verilən qiymət “qeyri-kafi” olmuşdur. Bütün bunlar iddiaçının öz xidməti vəzifəsinə məsuliyyətsiz yanaşmasından irəli gəlir. Ona görə də hərbi hissə komandiri öz səlahiyyətlərindən istifadə edərək onu dəfələrlə intizam məsuliyyətinə cəlb etmiş, lakin iddiaçı bütün bunlardan düzgün nəticə çıxarmamışdır. Nəticədə “xidməti uyğunsuzluğa görə” Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmasına təqdim olunmuşdur. Təqdimatın hazırlanmasına əsas olmuş sənədlər nəzərdən keçirilərkən iddiaçının Azəbaycan Respublikası Silahlı X1 67-ci maddəsində nəzərdə tutulmuş intizam cəzalarına (məzəmmət, aşağı vəzifəyə keçirmə və hərbi rütbəsini bir pillə aşağı salma kimi intizam cəzaları istisna olmaqla) cəlb edildiyi məlum olmuşdur. Xidməti vərəqəsi ilə 2020-ci ilin yanvar və fevral aylarında hərbi hissə tərəfindən şərəf məhkəməsi keçirilərkən və həmçinin etdiyi intizamsızlıqlara görə tabor komandanlığı tərəfindən dəfələrlə söhbətlər aparılarkən tanış olmuş və ona verilmiş heç bir intizam cəzasını mübahisələndirməmişdir. Ona görə də öz əməllərindən düzgün nəticə çıxarmayan iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə, yəni xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına təqdim olunmuşdur. İddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinatı almışdır. Hərbi biletində bu haqda qeydlər vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissə komandirinin 31.03.2020-ci il tarixli 015 əç nömrəli əmri iddiaçıya elan edilmiş və iddiaçı tərəfindən icra edilmişdir. Məhkəmə tərəfindən iddiaçının iddiası təmin edilsə də, qərarın əsaslandırıcı hissəsində qeyd edilib ki, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. Hesab edilir ki, məhkəmə hazırki mübahisəyə hüquqi qiymət verərkən yuxarıda istinad edilən əmrlərə diqqət yetirməmişdir ki, bu da nəticə etibarı ilə iş üzrə düzgün olmayan məhkəmə qərarının qəbul olunmasına səbəb olmuşdur. Digər tərəfdən məhkəmə işdə olan iş üçün mühüm əhəmiyyət kəsb edən digər halları da nəzərə almamışdır. Belə ki, işdə olan “söhbət vərəqi”ndən görünür ki, hərbi qulluqçunun xidməti və işgüzar keyfiyyətləri haqqında iddiaçı ilə aparılmış söhbət zamanı ondan xidməti vəzifəsinə münasibəti soruşulmaqla ordu sıralarından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə buraxılmasına münasibəti bildirilərək onun cavab və mülahizələri soruşulmuşdur. Sözügedən sorğuda iddiaçı “ordu sıralarından tərxis edilməsi 156 “e” bəndi ilə şəxsi prinsipdir” kimi yazılı cavab vermişdir. İddiaçı ona verilən suala cavabı sualda göstərilənlərin etirafı kimi qiymətləndirilməlidir, yəni hansı maddə ilə tərxis edilməsi barədə məlumatlı idi. Məhkəmə iddiaçının müraciət edib-etməməsi ilə barədə halları araşdırmamış, müvafiq sənədlərin əldə edilməsi üçün tədbir görməmişdir. Cavabdehin inzibati orqana rəsmi daxil olmayan müraciətlərin hansı qaydada təkzib edilməsi mümkünlüyü anlaşılan deyil. İddiaçı müraciət edilməsini bildirsə də, məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə isə belə bir mötəbər hala hüquqi qiymət verməmişdir. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, iddiaçının iddia tələbi əsaslı deyildir və iddia tələbinin dəlilləri işdə olan mötəbər sübutlarla inkar edilir. Lakin işə baxan birinci instansiya məhkəməsi heç bir hüquqi əsası olmayan iddianı təmin etməklə iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Ona görə də hesab edilir ki, hazırki iş üzrə olan qərar ləğv edilməlidir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas olmuş hallar ətraflı şəkildə qeyd edilmişdir. Lakin bildirmək istəyir ki, hərbi qulluqçu 6 ay müddət idi ki, xidmət yerini dəyişərək N saylı hərbi hissəyə gəlmişdir. Gəldiyi gündən intizam nizamnaməsinin tələblərini dəfələrlə pozmuşdur. Bununla bağlı ona dəfələrlə xidməti vərəqəsində qeydlər aparılmış, özü ilə də söhbətlər edilmişdir ki, xidmətində dönüş yaratsın. Buna baxmayaraq xidmətində dönüş yaratmadığı üçün birinci dəfə 2020-ci ilin yanvar ayında Şərəf Məhkəməsi keçirilmiş, iddiaçıya bildirilmişdir ki, xidmətində dönüş yaratsın, lakin yenidən xidmətində dönüş yaratmadığı üçün təkrar olaraq 2020-ci ilin fevral ayında yenidən Şərəf Məhkəməsi keçirilib İddiaçı xidmətə uyğunsuzluqla ehtiyata buraxılması ilə bağlı qərar qəbul etmişdir. Bununla bağlı İddiaçı sənədləri yığılaraq N №-li hərbi hissəyə göndərilmiş və N №-li hərbi hissə komandirinin əmrinə əsasən xidmətdən ehtiyata buraxılıb. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, N saylı hərbi hissədə qulluq edərkən hər bir əsgərdən buraxılışa görə 30 manat pul yığılırdı. Lakin o, tabeçiliyində olan əsgərlərdən pul yığmadığı üçün hərbi hissədə ona qarşı qərəzli olmağa başlamışlar. Onunla bağlı keçirildiyi deyilən hər iki Şərəf Məhkəməsinin keçirilməsində o, iştirak etməmiş və ona verilən cəzalardan məlumatı olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
15. Məhkəmə kollegiyasının iclasında şahid qismində izahat verən mayor X3 ifadəsində göstərdi ki, İddiaçı baş-çavuş kimi xidmət etdiyi dövrdə intizamsız və məsuliyyətsiz bir hərbi qulluqçu kimi xarakterizə edilmişdir. Belə ki, R.İsmayılov tabora gəldiyi ilk gündən ona tapşırılan tapşırıqları lazımi qaydada yerinə yetirməmiş, dəfələrlə sıraya gecikmiş və hər dəfə də bəhanə edirdi ki, avtobus gec gəldiyi üçün işə gecikir. Üzü çox vaxt tüklü işə gəlirdi. İrad bildirəndə deyirdi ki, üzümün tüklü olmasına səbəb vaxtımın olmamasıdır. Bir dəfə növbətçi olduğu halda postu tərk etmiş və əsgərləri gətirib təhvil verməli olduğu halda bunu etmədiyi üçün hərbi polis tərəfindən əsgərin biri saxlanılmışdır. Əlavə olaraq onu da deyə bilər ki, həyəcan vaxtı dəfələrlə R.İsmayılovla əlaqə saxlamış ki, hərbi hissəyə gəlsin, lakin gəlməmiş, sonra bir dəfə də əlaqə saxlayarkən yolda maşın xarab olduğu üçün geri qayıtdığını bildirmiş, sonradan isə ümumiyyətlə telefonu söndürüşdür ki, bir daha onunla əlaqə saxlamaq mümkün olmamışdır. Həmin vaxtı isə İddiaçı başqa hamı xidmətdə idi. Bununla bağlı ona bir dəfə cəza verildi, dedi ki, bir daha belə hərəkətlərə yol verməyəcək. Ancaq sonra yenə də xidməti vəzifələrini düzgün yerinə yetirməməkdə davam etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında şahid qismində izahat verən baş leytenant X4 izahatında bildirdi ki, İddiaçı baş-çavuş kimi xidmət etdiyi dövrdə intizamsız bir hərbi qulluqçu olmuşdur. Belə ki, manqa komandiri olan Rəşid İsmayıov hərbi hissəyə gəldiyi təxminən 5-6 ay ərzində bilavasitə onun tabeçiliyində xidmət etmiş, lakin işlərini düzgün yerinə yetirməmiş, yəni tapşırılan tapşırıqları yerinə tam yetirmirdi. Düzülüş vaxtı düzülüşə gec gəlirdi və bildirirdi ki, şəxsi maşını yoxdur ona görə gecikir. Ordu korpusunda №-1 komandası verilərkən hər kəs yerində olmalı olduğu halda, İddiaçı 12 gün müddətində zəng vuruldu, bildirirdi ki, gələcək, sonra isə ümumiyyətlə telefonu söndürmüş və məzuniyyəti tam bitdikdən sonra hərbi hissəyə geri dönmüşdür. Bölük növbətçiliyini düzgün təşkil etmirdi. Növbəyə təyin olunurdu, növbəni düzgün aparmırdı. Soruşulanda ki, niyə vəzifə borcunu icra etmir, deyirdi ki, yadında qalmır. İki dəfə şərəf məhkəməsi keçirildi birinci dəfə ictimai məzəmmət verildi ki, bəlkə xidmətində düzəliş olar. Lakin düzəliş olmadı. 2-ci dəfə isə şərəf məhkəməsində yuxarı komandanlıq qarşısında vəsatət qaldırıldı və şərəf məhkəməsi tərəfindən ordu sıralarından təxris olunması barədə qaldırılmış vəsatət təmin edilərək ehtiya buraxılması barədə qərar qəbul edildi.
Tədbiq edilən hüquq
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
18. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
19. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
20. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
21. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
22. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
23. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
24. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
25. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
26. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
27. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
28. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
29. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
30. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
31. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə
1. Bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. (-).
5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar aiddirlər. (-).
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: (-); b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); (-).
32. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanunu (-). Maddə 28. Həqiqi hərbi xidmətin növləri 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; (-). 28.5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər. Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (-); 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hazırkı qərarın 17-26-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq, tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
34. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının Xidməti Vərəqəsinin təsdiqlənmiş surətindən göründüyü kimi, iddiaçının xidməti uyğunsuzluğuna səbəb kimi, xidmətdə buraxdığı nöqsanları və intizam pozuntularına görə bir neçə dəfə “töhmət”, “şiddətli töhmət" və 1 dəfə "vəzifəsinə uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. Lakin qeyd olunan intizam tənbehlərinə cəlb edilməsi haqqında İddiaçı məlumatlı olması barədə hər hansı bir dəlil aşkar edilmədi. İddiaçı barəsində keçirilən şərəf məhkəməsi haqqında qərarda və iclas protokolunda İddiaçı iştirak etməsi göstərilsə də, onun həmin məhkəmədə iştirakını sübut edəcək hər hansı dəlilə rast gəlinmədi. Bu isə İddiaçı hazırki, məhkəmə iclasında dediklərini bir daha sübut edir. Belə ki, İddiaçı özündən yüksək rütbəli zabitlər tərəfindən ona müxtəlif vaxtlarda onun intizam tənbehinə cəlb edilməsini söylədikləri və sonradan həmin tənbehlərin ona rəsmi qaydada təqdim edilməməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin” prinsiplərinə ziddir. Hazırki halda N saylı Hərbi Hissə komandirinin 31 mart 2020-ci il tarixli, 015 əç nömrəli əmrinin qəbul edilməsi zamanı «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə öz təsdiqini tapdığından iddia əsaslıdır və təmin edilməlidir.
35. Məhkəmə kollegiyası hazırkı qərarın 10-cu bəndində öz əksini tapan cavabdehin apelyasiya şikayətinin dəlillərini aşağıda göstərilənlərə əsasən əsaslı hesab edir.
36. Belə ki, iş materiallarında olan baş çavuş İddiaçı şəxsi işində olan sənədlərdən aşagıdakılar müəyyən olunur(i.v.137-193): - SHXÇDX-nin Ağdaş rayon şöbəsində qeydiyyatda olan İddiaçı 04.08.2016-cı ildə N nömrəli hərbi hissə komabdirinə ərizə ilə müraciət edərək müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmasını xahiş etmişdir; - Hərbi xidmətə qəbul haqqında 09.08.2016-cı il tarixli Bağlaşmadan görünür ki, N nömrəli hərbi hissə komandiri şəxsində müvafiq dövlət orqanı ilə baş çavuş İddiaçı arasında N il müddətində həmin hərbi hissədə əsgər-çavuşn vəzifəsində xidmətə qəbul edilmişdir; - Həqiqi hərbi xidmətin müddətinin uzadılmasına Bağlaşmadan görünür ki, İddiaçı MAHHXHQ vəzifəsində həqiqi hərbi xidmət müddətinin 5 il 16.08.2024-cü ilədək artırılmasını xahiş etmiş və bu müvafiq dövlət orqanının rəhbəri tərəfindən təsdiqlənmişdir; - MAHHXHQ-nın baş çavuşu İddiaçı 31.08.2019-cu il tarixli raportundan görünür ki, sonuncu iş və vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “d” bəndinə əsasən aşağı vəzifəyə köçürülməsi barədə komandanlıq qarşısında vəsatət qaldırılması üçün Batareya komandirinə müraciət etmişdir; - N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının şərəf məhkəməsinin 13.01.2020-ci il tarixli 53 saylı Protokolundan görünür ki, hərbi hissə komandiri tərəfindən qəbul edilmiş qərara əsasən gündəlikdə duran məsələ, N nömrəli hərbi hissənin 2-ci tabor 6-cı çölük 1-ci taqım 1-ci manqa komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu baş çavuş İddiaçı hərbi manqasına təhkim olunmuş ərazini təmizlətdirmədiyi, manqanın adlı siyahısını vaxtlı-vaxtında işləmədiyi, subardinasiya qaydalarına əməl etmədiyi, tabeçiliyində olan şəxsi heyətin zahiri görünüşünə diqqət yetirmədiyi və s. məsələlərlə bağlı şəxsin işinə baxılmasından ibarət olmuş və qeyd edilən məsələ ilə bağlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu baş çavuş İddiaçı dinlənilərkən ona qarşı deyilən iradlarla razı olmayaraq bölük komandirinin ona qarşı qərəzli xidmət apardığını bildirmişdir; - N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının şərəf məhkəməsinin 22.02.2020-ci il tarixli 60 saylı Protokolundan görünür ki, hərbi hissə komandiri tərəfindən qəbul edilmiş qərara əsasən gündəlikdə duran məsələ, N nömrəli hərbi hissənin 2-ci tabor 6-cı çölük 1-ci taqım 1-ci manqa komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu baş çavuş İddiaçı sıra düzülüşlərinə gecikdiyi, çölük növbətçi olduğu zaman naryad nəfərlərinin düzgün xidmət etmələrinə nəzarət etmədiyi, xidmət yerini tərk etməyə meylli olduğu, komandirlərini aldatmağa cəhd göstərdiyi və s. məsələlərlə bağlı şəxsin işinə baxılmasından ibarət olmuş və qeyd edilən məsələ ilə bağlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu baş çavuş İddiaçı dinlənilərkən məhkəmədə ona qarşı deyilən iradlarla razı olmadığını bildirmişdir; - N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının şərəf məhkəməsinin 22.02.2020-ci il tarixli 60 saylı Qərarından çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu baş çavuş İddiaçı xidmətə uyğunsuzluqla Azərbaycan Respublikası silahlı qüvvələrindən ehtiyata buraxilması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır; - 4-cü X5 31.03.2020-ci il tarixli 015 əç nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, 888-ci motoatıcı briqadanın 8882-ci motoatıcı taborunun motoatıcı taqımının motoatıcı manqasının komandiri baş çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir.
37. Məhkəmə kollegiyasının iclasında iddiaçı onun barəsində hər hansı bir cəza tətbiq edilməsi barədə məlumatının, o cümlədən şərəf məhkəməsinin keçirilmədiyi bildirməsilə əlaqədar şahid qismində izahatlarının alınması üçün şərəf məhkəməsində iştirak etməklə izahatları dinlənilmiş hərbi qulluqçular - mayor X3, kapitan X6 və baş leytenant X4 məhkəmə iclasına dəvət olunmaları barədə qərar qəbul edilmiş, məhkəmə kollegiyasının iclasında üzrlü səbəbdən iştirak edə bilməyən kapitan X6 istisna olmaqla, digər iki şahid mayor X3 və baş leytenant X2 verdikləri – hazırkı qərarın 15 və 16-cı bəndlərində istinad edilən izahatlarından da aydın olur ki, iddiaçının xidmətə uyğunsuzluğu barədə qərar qəbul edilməsi bilavasitə özünün xidmətə münasibətindən irəli gəlmişdir.
38. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şərəf məhkəməsinin ümumiyyətlə keçirilmədiyini əvvəllər israrla bildirdiyi halda, yuxarıda adı çəkilən şahidlərin izahatından sonra birinci şərəf məhkəməsinin keçirildiyini, lakin həmin məhkəmədə nədən söhbət getdiyini bilmədiyini, adı çəkilən şahidlərin ona qarşı şəxsi-qərəzli olmadıqlarını, onun haqqında hansı səbəbdən belə fikirlər səsləndirdiklərini bilmədiyini göstərmiş və həmişə vəzifəsinin öhdəsindən gəldiyini, şərəf məhkəməsinin protokolunda göstərilənlərin əsassız olmasını vurğulamışdır. Halbuki, hazırkı qərarın 36 -cı bəndində istinad edilən şəxsi iş materialında olan iddiaçının 21.08.2019-cu il tarixli raportu ilə də təsdiq edilir ki, İddiaçı iş və vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi üçün aşağı vəzifəyə köçürülməsi barədə Batareya komandirinə raportla müraciət etmişdir.
39. O da, xüsusilə qeyd edilməlidir ki, məhkəmə kollegiyasının iclasında şahid qismində izahatları dinlənilmiş mayor X3 və baş leytenant X2 ifadələrində qeyd edilən nöqsanlar məhz İddiaçı Xidməti Vərəqəsindən öz əksini tapan nöqsanlarla üst-üstə düşür. Yəni adı çəkilən Xidməti Vərəqədən görünür ki, İddiaçı 07.10.2019-cu ildən 28.01.2020-ci il tarixədək müxtəlif nizam-intizam qaydalarını pozduğuna görə 29(iyirmi doqquz) dəfə “töhmət” və ya “şiddətli töhmət”, 1(bir) dəfə isə “vəzifəsinə tam uyğun olmaması barədə xəbardarlıq” cəza növü elan olunmuşdur (i.v.196-203). O da nəzərə alınmalıdır ki, bu pozuntular məhz İddiaçı iş və vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi üçün aşağı vəzifəyə köçürülməsi barədə komandanlığa raportla müraciət etdiyi 21.08.2019-cu il tarixdən sonra baş vermişlər.
40. Birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsindəki uyğunsuzluq barədə apelyasiya şikayətinin dəlilini də kollegiya əsaslı hesab edərək onu da qeyd edir ki, məhkəmə qərarın əsaslandırıcı hissəsinin ilk abzasında (i.v.218) iddianın mümkün iddia olmaqla rədd edilməli olması qeyd edilsə də, qərarın nəticə hissəsində iddianın təmin edilməsinin qərara alınmasına baxmayaraq məhkəmə mövcud olmayan 31.03.2017-ci il tarixli əmri ləğv etmişdir. Düzdür ilkin iddia ərizəsində, həmçinin bütün məhkəmə protokollarında mövcud olmayan əmrin tarixi göstərilsə də, hazırkı qərarın 6-cı bəndində əksini tapan iddiaçının nümayəndəsinin 02.06.2021-ci il tarixli ərizəsinin olmasına baxmayaraq, yenə də məhkəmə qərarında və protokolunda ilkin iddia tələbində qeyd edilənlər əks etdirilərək mövcud olmayan əmrlə bağlı məhkəmə qərarı qəbul edilmişdir. Halbuki, məhkəmə qərarının forması və məzmununu özündə ehtiva edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69-cu maddəsinin tələblərinə görə məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi, həmçinin məhkəmə qərarının nəticəvi hissəsində məhkəmənin gəldiyi nəticə göstərilməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası yuxrıda göstərilən halları məcmu şəklində qiymətləndirərək hazırkı qərarın 31 və 32-ci bəndlərində istinaq edilən normaların tələblərinə müvafiq olaraq iddiaçının xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması barədə müvafiq dövlət orqanı rəhbərinin qərarının əsassızlığı barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır, ona görə də apelyasiya şikayəti təmin edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-1(118)-476/2021 saylı qərarı ləğv edilməli, iddiaçının iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-1(118)-476/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X8 tərəfindən onun barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 31.03.2020-ci il tarixli, 015 əç nömrəli əmrin ləğv edilməsi və N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.