Məhkəmə qərarları › İş №2-1(105)-53/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-53/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-53/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X20 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X9, Nümayəndə və X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X12 publik hüquqi şəxsə qarşı “vurulmuş zərərin əvəzi olaraq kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)- 155/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 18 aprel 2006-cı il tarixli müqaviləyə əsasən X10 JN:0069 KOD 30123048 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 1,00 ha torpaq sahəsini alqı-satqı qaydasında İddiaçı satmış (həmin müqavilə daşımaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmamışdır). Eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli çıxarışa əsasən, Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 15 mart 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2,12 ha torpaq sahəsinin 0,17 ha hissəsini alqı-satqı qaydasında "xxxx" ASC-yə satmış, alqı-satqıdan sonra qalan 1,95 ha (2,12 - 0,17) torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınaraq RX seriyalı, ******* qeydiyyat nömrəli, **********56 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X12 publik hüquqi şəxsinə ərizə ilə müraciət edərək ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsinin təmin edilməsini və vurulmuş zərərin əvəzi olaraq, ona 500.000 (beş yüz min) manat məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh 29 iyun 2022-ci il tarixli, X-3/14-4571 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun layihələndirilməsi və tikintisi aidiyyəti dövlət və icra orqanları ilə razılaşdırılmış layihə əsasında aparılır. Müraciətdə qeyd edilən ərazi tikilən yolun 179 km hissəsinə düşür və yolun tikinti zolağına düşən sahə qanunvericilikdə müəyyən olunan qaydada dövlət ehtiyacları üçün ayrılmış və dəyən ziyana görə kompensasiya tam ödənilmişdir. Qeyd edilən qalan ərazinin suvarılması təmin olunması üçün podratçı və məsləhətçi təşkilatlara müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda, qeyd edilən və ərazidə olan digər əkin sahələrinin suvarılması məqsədi ilə layihədə 2016-cı ildə tədbir görülmüş və bu hissədə üç ədəd suötürücü boru quraşdırılmışdır. Bununla belə, sifarişçi, məsləhətçi şirkətin və tikintini aparan təşkilatın səlahiyyətli nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin sahə və orda olan digər ərazilər suvarma suyu ilə təmin olunur. İlkin vizual baxış nəticəsində müəyyən olunmuşdur ki, müraciətdə qeyd edilən sahədə ağacların qurumasına səbəb uzun müddət ərzində düzgün aqrotexniki qulluq edilməməsidir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha (alqı-satqı yolu ilə əldə edilmiş 1 ha və alqı-satqıdan sonra qalmış 1,95 ha) sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və vurulmuş zərərin əvəzi olaraq, cavabdehdən 500.000 (beş yüz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildən etibarən Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 3,12 ha (2,12 və 1 ha, ümumilikdə 3,12 ha) sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyətindədir. Həmin sahədə iddiaçı tərəfindən alma bağı salınmış və 2000-ə yaxın alma ağacı əkilmişdir. 2012-ci ildə "xxxx" ASC-nin əməkdaşları iddiaçıya müraciət edərək, ona məxsus torpaq sahəsinin yerləşdiyi ərazinin bir hissəsindən dövlət əhəmiyyətli yol çəkiləcəyini və ölçü işləri aparıldıqdan sonra 3,12 ha torpaq sahəsindən 0,17 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmalı olduğunu bildirmişlər. Beləliklə, 15 mart 2012-ci il tarixdə iddiaçı 3,12 ha torpaq sahəsindən 0,17 ha torpaq sahəsini "xxxx" ASC-yə 1224 manata satmışdır. Bununla yanaşı, satılan 0,17 ha-lıq torpaq sahəsində xeyli sayda alma ağacları olduğu üçün "xxxx" ASC tərəfindən iddiaçıya ümumilikdə, 35.000 manata yaxın pul kompensasiyası verilmişdir. Alqı-satqıdan sonra iddiaçının mülkiyyətində 2,95 ha torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsində yaşı təxminən 10-13 il olan 1700 ədəd alma ağacı var idi. 2016-cı ildə iddiaçıya məxsus 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafında yol tikintisi işləri aparılan zaman torpaq sahəsinə gələn suvarma arxının qarşısı kəsilmişdir. Bağ sahəsini suvarmağın alternativ yolları olmadığı üçün iddiaçı cavabdehə dəfələrlə bağ sahəsinin suvarılması üçün müvafiq işlər aparılması barədə müraciət etmiş, əks təqdirdə ağacların quruyacağını bildirmişdir. Cavabdehin əməkdaşları mütəmadi olaraq müxtəlif vədlər vermiş, gen planda iddiaçıya məxsus bağ sahəsinin suvarılması üçün su keçidləri olduğunu bildirərək, tezliklə məsələnin öz həllini tapacağını bildirmişlər. Lakin, 4 il keçməsinə baxmayaraq, heç bir tədbir görülməmiş, nəticədə 2,95 ha sahəsindəki yaşı təxminən 10-13 il olan 1700 ədəd alma ağacı qurumuş, torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşərək, ona 500.000 (beş yüz min) manat məbləğində zərər dəymişdir. Bununla bağlı, iddiaçı həmin 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə təcili şəkildə su mənbəyi verilməsinin təmin edilməsini və vurulmuş zərərin əvəzi olaraq, ona 500.000 manat məbləğində kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X19 Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin ətrafında ipək yolu tikinti işləri aparılması zaman mövcud suvarma arxının qabağı kəsilmiş və torpaq sahəsindəki ağaclar qurumuşdur. Ağacların yaşı təxminən 10-13 il arasındadır, hər bir ağaca aqro texniki tədbirlərin aparılması 75 manat təşkil edir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və vurulmuş zərərin əvəzi olaraq, cavabdehdən 400.000 (dörd yüz min) manat məbləğində pul məbləğinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçıya məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha torpaq sahəsinin 0,17 ha hissəsinin dövlət ehtiyacları üçün alınmasının zərurəti “Bakı-Quba-RF Avtomobil Yolunun Tikintisi” ilə əlaqədardır. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən “Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun” yenidənqurulması ilə əlaqədar Qusar rayonunun ərazisindən keçən hissəsində avtomobil yolunun mühafizə (60m.) və daimi təhkim zolağına düşən maneələrinin və torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədi müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil X12, ƏMDK, və s.) ibarət olan komissiya təşkil olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlanıb və mövcud olan hər hansı əmlak qeydə alınırdı. Siyahıya alma zamanı müəyyən olmuşdur ki, iddiaçıya məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,12 ha torpaq sahəsinin 0,17 ha hissəsi “Bakı-Quba-RF Avtomobil Yolunun Tikintisi” altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlak müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirildikdən sonra (torpaq və mövcud ağacların bağ şəklində) Azərbaycan Avtomobil X12 (alıcı) və İddiaçı (satıcı) arasında sonuncuya məxsus olmuş Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 2,12 ha torpaq sahəsinin 0,17 ha hissəsinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə AN-İ N ******* saylı xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Hesablanmış 1224 manat məbləğində kompensasiya "xxxx" ASC-nin Qusar Filialına iddiaçının adına köçürülmüşdür. Eyni zamanda siyahıyaalma zamanı iddiaçı tərəfindən iddiada göstərdiyi suvarma arxının qarşısının kəsilməyinin və nəticədə 1700 ədəd alma ağacları məhv olmağının barəsində heç bir məlumat aşkar olunmamışdır. Agentlik tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bununla yanaşı, qeyd edilən ərazidə və digər əkin sahələrində avtomobil yolunun tikintisinin layihə çərçivəsində suvarılması məqsədi ilə tədbirlər görülüb və üç ədəd suötürücü boru quraşdırılmışdır. Bununla belə, sifarişçi, məsləhətçi şirkətin və tikintini aparan təşkilatın səlahiyyətli nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin sahə və orda olan digər ərazilər suvarma suyu ilə təmin olunur. İddiaçının Agentliyə həmin məsələ ilə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmış və iddiaçıya cavab verilmişdir ki, sahəyə vizual baxış nəticəsində müəyyən olunmuşdur ki, sahədə ağacların qurumasına səbəb uzun müddət ərzində düzgün aqrotexniki qulluq edilməməsidir. Hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ağacların quruması Agentliyin təqsiri deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(118)-155/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)-155/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya onun mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (bağ sahəsinin) suvarılması məqsədi ilə həmin torpaq sahəsinə su mənbəyinin verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması və ona vurulmuş zərərin əvəzi olaraq 400.000 (dörd yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mübahisəli əraziyə yerində baxış nəticəsində Bakı-Quba-Rusiya Federasiyası yolunun inşası zamanı iddiaçıya məxsus torpaq sahəsinə ağacların suvarılması məqsədi ilə çəkilmiş TAK-8 arxının torpaq sahəsinə gedən hissəsinin qarşısının kəsildiyi və həmin hissədə arxın qarşısının kəsilmədən tikinti işlərinin aparılmasının mümkün olmayacağı müəyyən edilmişdir. Habelə, yolun altındakı şlyuzların həmin torpaq sahəsindən kənarda quraşdırıldığı, yəni həmin şlyuzlar vasitəsi ilə axıdılan suyun mübahisəli torpaq sahəsinə çatmadığı da müəyyən edilmişdir. Bundan başqa yerli baxış zamanı o da müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin yaxınlığında, yəni şimal hissəsində quraşdırılmış və işlək vəziyyətdə olmayan şlyuza qarşısı bağlanmış TAK-8 arxının bərpası nəticəsində suyun verilməsi və həmin şlyuzdan axan suyun mübahisəli torpaq sahəsinə çatdırılması mümkündür. Mövcud mübahisənin ədalətli araşdırılması məqsədilə məhkəmə tərəfindən bir neçə dəfə məhkəmə ekspertizası təyin edilmiş və tədqiqat nəticəsində TAK-8 arxının iddiaçıya məxsus bağ sahəsinə kimi olan hissəsinin yararsız vəziyyətə düşməsi və halhazırda da yararsız vəziyyətdə olması məlum olmuşdur. Nəzərə alınmalıdır ki, 2014-cü ildə iddiaçının mülkiyyətində olmuş tikinti altına düşən torpaq sahəsinin alınması və üzərində yerləşən 103 ədəd alma ağaclarına görə cavabdeh tərəfindən 2014-cü ilin dekabr ayında 42.340 manat, yəni "xxxx" MMC tərəfindən bir alma ağacına qoyulmuş 370 manat qiymətdən yuxarı olan 419 manat pul ödənilmişdir. Göründüyü kimi cavabdehin hərəkətsizliyi nəticəsində 1700 ədəd alma ağacı tamamilə qurumuş, bununla da inzibati orqanının hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha torpaq sahəsinin 0,17 ha hissəsi dövlət ehtiyacları üçün alındığından sonra “Bakı-Quba-RF Avtomobil Yolunun Tikintisi” layihəsi çərçivəsində yol qovşağı tikilmiş və 2016-cı ildə həmin işlər yekunlaşmışdır. İddiaçı tikinti zamanı Agentliyin və podratçıların nümayəndələri ilə mütəmadi təmasda olarkən heç bir şikayət və etiraz bildirməmişdir. Bundan əlavə, iddiaçı ilk dəfə ağacların quruması, yəni deliktlə bağlı Agentliyə rəsmi qaydada ilk dəfə 2021-ci ilin iyun ayında, tikinti işləri başlandıqdan 9 il sonra müraciət etmişdir. İşə baxan məhkəmə qərarında sübut kimi yalnız ərazidə məhkəmə tərəfindən keçirilən baxış və AR Kənd Təsərrüfatı Nazirliyi Qusar X19 Mərkəzi tərəfindən verilmiş MİHO/1251-2-2022-29 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi qeyd olunmuşdur. Halbuki, baxış protokolunda TAK-8 arxının iddiaçıya məxsus bağ sahəsinə kimi olan hissəsinin yararsız vəziyyətə düşməsi və hal-hazırda da yararsız vəziyyətdə olması qeyd olunmuşdur. Lakin, məhkəmə müvafiq sahə üzrə mütəxəsis (ekspert) rəyi olmadan ərazinin vizual görüntüsünə və öz daxili inamına əsaslanaraq sözügedən arxın yararsız olduğunu müəyyən etmişdir. Eyni zamanda, iş materiallarında olan AR KTN Qusar X19 Mərkəzinin eyni mütəxəssisi tərəfindən iki ziddiyyətli rəy verilmişdir. Belə ki, MİHO/1251-2- 2022-29 nömrəli, xx.xx.2022-ci il tarixli rəydə arxın yararsız vəziyyətdə olduğu, ondan öncə verilən MİHO/1251-2-2022-29 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində isə 2,95 ha torpaq sahəsinə TAK-8 arxından suvarma arxı vasitəsi ilə su verildiyi göstərilmişdir. Belə ziddiyyətlər olan zaman məhkəmə ziddiyyətlərin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Bundan başqa, məhkəmə işin başqa hallarını, sözügedən 2,95 ha torpaq sahəsinə arx vasitəsilə gələn suyun iddiaçı tərəfindən ödənişlərini, aidiyyəti qurumlara (Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC) abunəçi olub-olmamağını, Agentlik tərəfindən avtomobil yolunun tikintisi ilə bağlı həmin qurumlarda arxların bağlanıb-bağlanmamağını, texniki şərtlərin alınmasını, aidiyyəti qurumlardan (Azərbaycan Meliorasiya və Su Təsərrüftatı ASC) həmin ərazidə arxların və su kanallarının sxemlərini və xəritələrini araşdırmamış və hər hansı məlumat əldə etməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən prosessual pozuntulara yol verilməsi iş materialları ilə müəyyən olunur. Məhkəmə qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan iddiaçının izahatını mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etmişdir. Qeyd edir ki, iddia tələbinin torpaq sahəsinin (bağ sahəsinin) suvarılması məqsədi ilə həmin torpaq sahəsinə su mənbəyinin verilməsi barədə Azərbaycan Avtomobil X12nin üzərinə öhdəlik qoyulması hissəsi iddianın mümkünlük şərtlərinə cavab vermir. Hesab edir ki, Agentliyin su mənbəyinin verilməsi barədə qərar qəbul etmək səlahiyyəti yoxdur. Agentliyə yönəldilmiş tələb mübahisə predmeti ilə bağlı mümükünlük şərtlərinə cavab vermir. İddiaçı tərəfindən bu halda su mənbəyi kimi çıxış edən Agentliyin malik olduğu səlahiyyətlər nəzərə alınmayaraq doğru iddia növü seçilməmişdir. Meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri, torpaqların su təminatını həyata keçirmək, meliorasiya və irriqasiya tədbirləri yalnız Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin səlahiyyətindədir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin şikayətində göstərdiyi guya iddiaçının onlara müraciətinin 2021-ci ilin iyun ayında olmasına münasibətdə bildirir ki, o, mövcud mübahisənin məhkəmədənkənar həlli üçün ilk öncə "xxxx" ASC-yə müraciət etmişdir. Daha sonra Avtomobil X12 təsis edildikdən sonra həmin müəssisəyə müraciətlər etmiş, lakin alma bağına suyun gəlməsini təmin edən Tak-8 arxının qarşısı açılmamışdır. Yəni, 2016-cı ildən etibarən hazırkı məsələ ilə bağlı dəfələrlə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan heç bir tədbir görülməmişdir. Birinci instansiya məhkəməsinə təqdim etdiyi cavabdeh tərəfindən iddiaçının Kapital Bank hesabına alma bağına görə ödənilmiş məbləğ 40.000 manatdan artıq təşkil edir. Halbuki, məhkəmə tərəfindən cavabdehə sorğu göndərilərək həmin hesablaşma müqaviləsi tələb edilməsinə baxmayaraq, cavabdeh həmin müqaviləni təqdim etmişdir. Bu onu deməyə əsas verir ki, cavabdeh alma ağaclarının real dəyərini gizlətməyə çalışır. Ona görə də cavabdeh özünün apellasiya şikayətində həmin məsələyə toxunmamışdır. Cavabdehin şikayətində göstərdiyi Azərbaycan Respublikasının Kərıd Təsərrüfatı Nazirliyi Qusar X19 Mərkəzi tərəfindən verilmiş MİHO/1251 -2-2022-29 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin əsassız olmasına münasibətdə bildirir ki, tərəflərin iştirakı ilə ona məxsus 2,95 ha torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirilmiş və işə baxan məhkəmə həmin rəyi mötəbər sübut kimi tanımışdır. Cavabdehin torpaq sahəsinə su mənbəyinin verilməsi səlahiyyətinin cavabdehə aidiyyətinin olmaması dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi məhz cavabdehin hərəkətləri nəticəsində bağına su axınının dayandırılması və bunun nəticəsində iddiaçıya ziyan dəyməsi ilə bağlı haqlı nəticəyə gəlmişdir. Onun tərəfindən Meliorasiya və Su Təsərrüfatına hər hansı ödənişin edilibedilməməsi, aidiyyəti orqanlarla hər hansı müqavilələrinin olub-olmaması, ümumiyyətlə, hazırkı işin predmeti deyildir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun Qusar rayonu ərazisindən keçən hissəsində (km 178+600) qaz xəttinin köçürülməsi zamanı iddiaçıya dəymiş ziyan araşdırılaraq ona 42192 manat məbləğində pul ödənilmişdir. Belə ki, tikinti altına düşən 0.36 ha torpaq sahəsində yerli növ alma ağacı olmuş, ağacların yaşı 12, sayı 250 ədəd, bir vahidinin qiyməti 44 manat olmaqla, ağaclara görə 13200 manat kompensasiya ödənilmişdir. Ümumiyyətlə, təqdim edilən sənədlərdən görünür ki, həmin ərazidə alma ağaclarına görə ən yüksək məbləğ iddiaçıya ödənilmişdir. Belə ki, digər mülkiyyətçilərə bir ağaca görə orta hesabla 7-8 manatdan ödəniş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, ona məxsus 0,17 ha torpaq sahəsinin cavabdeh orqan tərəfindən dövlət ehtiyacları üçün alınması ilə əlaqədar həmin sahədə yerləşən alma ağaclarına görə ona kompensasiyanın ödənilməsi zamanı cavabdeh ağacların yetişməsini, yetişdikdən sonra isə meyvə yığımını gözləmiş, yığılan mevyəni yeşiklərlə çəkərək ağacların qiymətini müəyyən etmişdir. İddia ərizəsində texniki səhvə yol verərək həmin ağaclara münasibətdə cavabdeh tərəfindən ona 35000 manat kompensasiyanın ödənildiyini qeyd etmişdir, belə ki, əslində ona 103 ədəd alma ağacına görə 42000 manat pul ödənilmişdir. Hazırda ağaclara görə kompensasiya tələb etdiyi 2,95 ha torpaq sahəsinin 1,00 ha hissəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir, həmin sahə üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyinin verilməsi dedikdə, həmin sahəyə borulu keçid çəkilməsini nəzərdə tutur. Eyni zamanda, iddiaçı məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (bağ sahəsinin) suvarılması məqsədi ilə salınmış TAK-8 arxının iddiaçının bağına keçən hissəsinin cavabdeh tərəfindən əvvəlki qaydada bərpa edilməsi, torpaq sahəsinə su mənbəyinin verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının cavabdeh tərəfindən çıxarılması və ona vurulmuş zərərin əvəzi olaraq 400.000 (dörd yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. (-) V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Vİ. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə 1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçının dəlillərinə görə, cavabdeh orqan tərəfindən “Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun KM 134+000.00 – KM 192+000.00 hissəsinin tikintisi” layihəsi çərçivəsində yolun tikintisi zamanı ona məxsus 2,95 ha torpaq sahəsinə gedən suvarma arxının qarşısı kəsilmiş, arx yararsız vəziyyətə salınmış, bu günədək həmin arx bərpa olunmamış və məhz bu səbəbdən, torpaq sahəsindəki 1700 ədəd alma ağacı suvarılmadığından qurumuş, bununla da ona ziyan dəymişdir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərinə görə isə, avtomobil yolunun tikintisi zolağına düşən əkin sahələrinin, o cümlədən iddiaçıya məxsus əkin sahəsinin suvarılması məqsədi ilə layihədə 2016-cı ildə tədbirlər görülmüş və bu hissədə üç ədəd suötürücü boru quraşdırılmış, hazırda iddiaçıya məxsus torpaq sahəsi və digər ərazilər suvarma suyu ilə təmin olunur, iddiaçıya məxsus sahədə ağacların qurumasına səbəb uzun müddət ərzində düzgün aqrotexniki qulluq edilməməsi olmuşdur. Beləliklə, cavabdehin etirazının və apellyasiya şikayətinin əsas dəlili, eyni zamanda işin mübahisələndirilən halları avtomobil yolunun tikintisi zamanı iddiaçıya məxsus 2,95 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması və sahədəki ağacların qurumasının səbəbinin suvarılmama deyil, məhz düzgün aqrotexniki qulluq edilməməsi olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ilə bağlı tam və hərtərəfli araşdırılma aparılmadan mübahisə yuxarıda göstərilən qaydada həll edilmiş və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Kollegiya cavabdehin avtomobil yolunun tikintisi zamanı iddiaçıya məxsus 2,95 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsində icraat zamanı X26 X4 sektoru tərəfindən verilmiş 12 mart 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Qusar rayonunun Yuxarı Ləgər kəndində yerləşən 2,95 ha torpaq sahəsində salınmış alma bağının quruma səbəbinin qeyd olunan hadisədən bir neçə il keçməsi nəzərə alınaraq müəyyənləşdirilməsi mümkün olmamışdır. Ağacların qurumasına bir neçə faktor təsir göstərə bilər (suvarılmanın vaxtında aparılmaması, həşəratlara və xəstəliklərə qarşı lazımi bitki mühafizə tədbirlərin aparılmaması və s.). Bağın yerləşdiyi əraziyə hal-hazırda TAK-8 arxından ayrılmış suvarma arxı vasitəsi ilə suvarma suyu verilir. Qeyd olunan su arxından fermerin bağ sahəsi yerləşən əraziyə tərəf quraşdırılmış hidrotexniki qurğudan (şlyuz) ümumi sahənin müəyyən bir hissəsinin suvarılmasını təmin etmək mümkündür (bağ sahəsinin qalan hissəsinin relyefi kanala nisbətən 1-1.5 m hündürlükdə yerləşir). Qalan hissəsinin suvarılması üçün su tutumunun qazılması və su nasosları vasitəsi ilə bağ sahənin suvarılmasını təmin etmək mümkündür (və ya aidiyyəti qurumların köməyi ilə alternativ yollarının axtarılması). Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən həmin orqandan 22 aprel 2022-ci il tarixdə təkrar mütəxəssis rəyi alınmış, həmin rəydə isə göstərilmişdir ki, alma bağının quruma səbəbi, ilk növbədə, ağacların vaxtında suvarılmamasıdır. Bağ sahəsinin qurumasına digər faktorlar da təsir göstərə bilər (həşəratlara və xəstəliklərə qarşı lazımi bitki mühafizə tədbirlərin aparılmaması və s.). Həmin alma bağının yerləşdiyi əraziyə hal-hazırda TAK-9 arxından ayrılmış suvarma arxı vasitəsi ilə suvarma suyu verilir. Qeyd olunan su arxından fermerin bağ sahəsi yerləşən əraziyə tərəf quraşdırılmış hidrotexniki qurğudan (şlyuz) ümumi sahənin müəyyən bir hissəsinin suvarılmasını təmin etmək mümkündür (bağ sahəsinin qalan hissəsinin relyefi kanala nisbətən 1-1.5 m hündürlükdə yerləşir). Qalan hissəsinin suvarılması üçün su tutumunun qazılması və su nasosları vasitəsi ilə bağ sahənin suvarılması təmin etmək mümkündür (və ya aidiyatı qurumların köməyi ilə alternativ yollarının axtarılması). İddiaçıya məxsus, 2,95 ha sahə yerləşən əraziyə su verilən TAK-8 arxının iddiaçının bağ sahəsinə kimi olan hissəsi yararsız vəziyyətdədir (550-600 m). Göründüyü kimi X26 X4 sektoru tərəfindən verilmiş 12 mart 2022-ci il tarixli mütəxəssis rəyində alma bağının quruma səbəbinin dəqiq müəyyənləşdirilməsinin mümkün olmadığı göstərilsə də, həmin orqan tərəfindən 22 aprel 2022-ci il tarixdə verilmiş rəydə bağın quruma səbəbinin, ilk növbədə, ağacların vaxtında suvarılmaması olduğu qeyd edilmiş, habelə ilkin rəydə bununla bağlı heç bir məlumat göstərilmədiyi halda, ikinci rəydə TAK-8 arxının iddiaçının bağ sahəsinə kimi olan hissəsinin yararsız vəziyyətdə olduğu göstərilmişdir. İşə baxan məhkəmə tərəfindən isə bir orqan tərəfindən verilmiş iki mütəxəssis rəyi arasındakı ziddiyyətlə bağlı halların aradan qaldırılması istiqamətində əlavə araşdırma aparılmamış, həmçinin xüsusi bilik tələb edilən sualların aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası tərəfindən: 1) İddiaçıya məxsus 2,95 ha torpaq sahəsini suvarma suyu ilə təmin edən TAK- 8 arxının sökülüb-sökülməməsi, sökülmədiyi təqdirdə bağ sahəsinin həmin arx vasitəsilə suvarılmasının mümkün olub-olmaması; 2) Avtomobil yolunun tikintisi zamanı bağ sahəsinin suvarılmasını təmin etmək məqsədilə layihədə nəzərdə tutulan hidrotexniki qurğuların quraşdırılıbquraşdırılmaması, quraşdırıldığı təqdirdə mübahisələndirilən ərazinin relyefi nəzərə alınmaqla bağ sahəsinin tam olaraq suvarılmasının; 3) Həmçinin, bağ sahəsinin digər alternativ mənbələrdən istifadə edilməklə tam olaraq suvarılmasının mümkün olub-olmaması, həmçinin, bağ sahəsinin TAK-8 arxı istisna olmaqla, digər alternativ mənbələrdən istifadə edilməklə tam olaraq suvarılmasının mümkün olub-olmaması; 4) Bağ sahəsində salınmış alma ağaclarının quruması səbəbi (su verilməməsi, kimyəvi təsir və ya hər hansı başqa bir səbəb); 5) Sahədə olan ağacların növündən asılı olaraq (palmet, simirinka və digər) 1 ədədinin normal vəziyyətdə dəyərinin (yəni qurumamış və bar verəcəyi halda) nə qədər təşkil etməsi; 6) Həmin sahədə hazırda neçə qurumuş ağacın mövcud olması ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyətindən mütəxəssis cəlb edilməklə kompleks məhkəmə mühəndis-texniki, əmtəəşünaslıq və aqrotexniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Tikinti-texniki obyektlərin tədqiqi” ekspertizasının 16 may 2023-cü il tarixli, 10/478 nömrəli rəyində: - 1-ci suala münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC X14 İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus bağ sahəsinin suvarılması Samur-Abşeron kanalından qidalanan uzunluğu 4100p/m olan TAK-8 kanalı vasitəsi ilə aparılmalıdır. Rusiya Federasiyası yeni avtomobil yolunun tikintisi zamanı iddiaçıya və digər sakinlərə məxsus sahələri suvaran qeyd olunan kanal torpaq ilə doldurularaq iş prosesinə maneçilik törətdiyindən suyun verilməsi dayandırılmış və sonradan borulu keçid quraşdırılaraq bərpa olunacağı bildirilsə də, halhazıra kimi bərpa işləri aparılmamış, keçid quraşdırılaraq suyun verilməsi təmin olunmamışdır. TAK-8 kanalının köhnə məcrası bərpa olunduğu halda, həmin ərazinin tam suvarılması mümkün olacaqdır. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Xaçmaz X19 Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən torpaq sahəsini əvvəllər suvarma suyu ilə təmin edən torpaq məcralı arxın istiqaməti avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq digər suvarma arxına yönləndirildiyi və torpaq sahəsinin suvarma arxından nisbətən hündür olduğu səbəbindən həmin suvarma arxından iddiaçının torpaq sahəsinin suvarılmasının mümkün olmadığı vizual şəkildə müşahidə edilmişdir. - 2-ci və 3-cü suallara münasibətdə qeyd edilmişdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC X14 İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçı və onun torpaq sahəsi ilə həmsərhəd ərazidə yerləşən digər sakinlərə məxsus sahələrin suvarılması üçün TAK-8-dən ayrılan mövcud alternativ arx bərpa olunaraq suyun verilməsinin təmin olunduğu, iddiaçıya məxsus bağ sahəsinin relyefcə yüksək ərazidə olması, ərazinin tam suvarılmasının alternativ arx vasitəsi ilə mümkün olmadığı səbəbindən ərazisində göl (su tutarı) qazaraq səyyar nasos vasitəsi ilə suvarılmasının mümkün olacağı bildirilmişdir. Xaçmaz X19 Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyinə görə iddiaçıya məxsus torpaq suvarılmasının təşkili ilə bağlı layihədə hidrotexniki qurğuların tikintisinin nəzərdə tutulması haqqında heç bir rəsmi məlumat yoxdur, lakin həmin ərazinin TAK-8-dən yeni istiqamətdə yönləndirilmiş suvarma arxının müvafiq hissəsindən su nasosları quraşdırılmaqla suvarılması mümkün görünür. Avtomobil yolunun dairəvi qovşaq ərazisində drenaj, yağış və qar sularının kənarlaşdırılması üçün qurumuş bağ sahəsinin üst hissəsində borulu keçid inşa olunmuş, TAK-8 kanalından arx bərpa olunaraq su verilərsə, qeyd olunan borulu keçid vasitəsilə ərazinin suvarılması mümkündür. Digər alternativ mənbə hesab edilən və ərazi sahəsinə yaxın suvarma arxlarından da, həmin ərazinin suvarılmasının yalnız su nasoslarının quraşdırılması ilə mümkün olacağı müşahidə edilmişdir. Qeyd edilən ekspert rəyi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC X14 İdarəsi və Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Xaçmaz X19 Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəylərinə istinadən tərtib edildiyindən, məhkəmə kollegiyası həmin rəyləri tərtib edən mütəxəssislərin məhkəmə iclasına dəvət edilərək dindirilmələrini məqsədəmüvafiq hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Xaçmaz X19 Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli mütəxəssis rəyini tərtib edən aparıcı mütəxəssis X15 məhkəmə kollegiyasının iclasında verilən rəyə aydınlıq gətirərək izahatında bildirmişdir ki, torpaq sahəsinə baxış zamanı həmin ərazidə cavabdeh tərəfindən avtomobil yolunun çəkilməsi ilə əlaqədar TAK-8 arxının yararsız vəziyyətə düşməsini müşahidə etmişdir. Ərazinin relyefinə baxılarkən əraziyə, TAK-8 arxından ayrılmış qolla, təxminən, 20 litrə yaxın su gəldiyi, lakin həmin suyun yalnız bağın aşağı hissəsinə gəldiyini, yuxarı hissəsinə çatmadığını müəyyən etmişdir. İddiaçının bağ sahəsi yalnız su nasosları çəkilməklə, suvarıla bilər. Digər alternativ yol isə TAK-8 arxının köhnə məcrasının bərpa olaraq keçid vasitəsilə suvarılmasıdır. Eyni zamanda, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X14 İdarəsi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli mütəxəssis rəyini tərtib edən mütəxəssis Abuyev Aslanşah Qubaşah oğlu məhkəmə iclasında verilmiş rəyə aydınlıq gətirərək izahatında bildirmişdir ki, əvvəllər iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazi TAK- 8 arxı vasitəsilə suyla təmin edilirdi. İddiaçının bağ sahəsi avtomobil yolu çəkilməmişdən əvvəl də relyefcə hündürdə yerləşmişdir. Həmin vaxt TAK-8 arxı məhz hündür ərazini də sulaya bilirdi. Hazırda TAK-8 arxının bir hissəsi, son nöqtəsindən təxminən 400 metr hissəsi yoxdur, həmin hissə cavabdeh tərəfindən avtomobil yolunun inşası ilə əlaqədar yararsız vəziyyətə gətirilmiş, lakin sonradan yolun çəkilməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən əvvəlki vəziyyətə bərpa edilməmişdir. Belə ki, TAK-8 arxı yolun inşası zamanı 2016-ci ildə torpaq ilə doldurulan vaxt bağların suvarma mövsümü artıq bitmişdi. Cavabdeh tərəfindən mövsümə qədər borulu keçid qoyularaq arxın bəpa ediləcəyi bildirilmiş, lakin bu günə kimi də bərpa edilməmişdir. Həmin vaxtdan isə bu günədək iddiaçıya məxsus sahədən başqa digər ərazilər alternativ arx vasitəsilə suvarılır. Beləliklə, yuxarıda qeyd edilən ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən olunur ki, iddiaçıya məxsus bağ sahəsinin suvarılması Samur-Abşeron kanalından qidalanan uzunluğu 4100p/m olan TAK-8 kanalı vasitəsi ilə aparılmış, yeni avtomobil yolunun tikintisi zamanı iddiaçıya və digər sakinlərə məxsus sahələri suvaran qeyd olunan kanal cavabdeh tərəfindən torpaq ilə doldurularaq iş prosesinə maneçilik törətdiyindən suyun verilməsi dayandırılmış və sonradan borulu keçid quraşdırılaraq bərpa olunacağı bildirilsə də, hal-hazıra kimi bərpa işləri aparılmamış, keçid quraşdırılaraq iddiaçıya aid sahəyə suyun verilməsi təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində avtomobil yolunun tikintisi zolağına düşən əkin sahələrinin suvarılması məqsədi ilə 2016-cı ildə layihəyə uyğun tədbir görüldüyünü, üç ədəd suötürücü boru quraşdırıldığını, bununla da iddiaçıya aid torpaq sahəsi də daxil olmaqla həmin ərazilərin suvarma suyu ilə təmin olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edilən xüsusata aydınlıq gətirmək məqsədilə iddiaçıya məxsus bağ sahəsinin suvarılmasını təmin etmək məqsədilə layihədə nəzərdə tutulan hidrotexniki qurğuların quraşdırılıb-quraşdırılmaması, quraşdırıldığı təqdirdə mübahisələndirilən ərazinin relyefi nəzərə alınmaqla bağ sahəsinin tam olaraq suvarılmasının mümkün olub-olmaması ilə bağlı ekspert qarşısında sual qoyulsa da, ekspertin rəyində iddiaçıya məxsus torpaq suvarılmasının təşkili ilə bağlı layihədə hidrotexniki qurğuların tikintisinin nəzərdə tutulması haqqında heç bir rəsmi məlumatın göstərilmədiyi qeyd edilmişdir. Eyni zamanda, rəydən görünür ki, ərazini əvvəllər suvarma suyu ilə təmin edən torpaq məcralı TAK-8 arxının istiqaməti avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq digər alternativ suvarma arxına yönləndirilmiş, TAK-8-dən ayrılan mövcud alternativ arx bərpa olunaraq suyun verilməsinin təmin olunmuş, lakin iddiaçıya məxsus torpaq sahəsinin relyefi suvarma arxından nisbətən hündür olduğundan arx vasitəsilə sahənin suvarılması mümkün olmamışdır. Həmçinin, həmin rəyi tərtib edən mütəxəssis Abuyev Aslanşah Qubaşah oğlu məhkəmə iclasında verdiyi izahatının davamında hazırda TAK-8 arxının köhnə məcrası bərpa edilsə, mübahisəsi gedən bağ sahəsinin suvarılmasının mümkün olduğunu, arxın köhnə məcrasının bərpası üçün torpağın çıxarılmalı və suyun borulu keçid vasitəsilə aşağı hissəyə yönəldilməli olduğunu bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin də qeyd etdiyi kimi, həmin ərazidə əkin sahələrinin suvarılması üçün cavabdeh tərəfindən suötürücü borular quraşdırılmış, lakin iddiaçının torpaq sahəsi məhz relyefcə hündürdə yerləşdiyindən, həmin borular vasitəsilə onun bağ sahəsinin suvarılması mümkün olmamış, iddiaçıya məxsus torpaq sahəsini suvarma suyu ilə təmin edən TAK-8 arxının yolun çəkilməsi ilə əlaqədar yararsız hala salınan köhnə məcrası isə bu günə kimi bərpa edilməmişdir. Odur ki, kollegiya cavabdehin göstərilən dəlilini əsassız hesab edir. Həmçinin, məhkəmə araşdırma zamanı yuxarıda qeyd edilən mütəxəssis rəyləri ilə TAK-8 arxının yararsız hala salınmış köhnə məcrasının hazırda suötürücü boru keçidləri vasitəsilə bərpa edilməsi və bununla da iddiaçıya məxsus bağ sahəsinin su mənbəyi ilə təmin edilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Eyni zamanda cavabdeh Avtomobil X12nin 1 saylı Layihə İdarəetmə Qrupunun mühəndisi X16 da qeyd edilən məsələ ilə bağlı izahatında bildirmişdir ki, “Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsində mühəndis kimi iştirak etmişdir. Hazırda, iddiaçının torpaq sahəsinə avtomobil yolunun alt hissəsindən borulu keçid quraşdırılması yolu ilə TAK-8 arxının məcrası, yəni yararsız vəziyyətdə olan 1 kilometr hissəsinin bərpa edilməsi texniki cəhətdən mümkündür. Ərazidən keçən qaz kəmərinin isə həmin borulu keçidə heç bir müdaxiləsi olmayacaqdır. Birinci instansiya məhkəməsi qərarında iddiaçının mülkiyyətində olan 2,95 ha bağ sahəsinin suvarılması məqsədi ilə həmin torpaq sahəsinə su mənbəyinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması nəticəsinə gəlsə də, su mənbəyinin verilməsi dedikdə nə nəzərdə tutulduğunu açıqlamamış, bununla bağlı iddiaçıya tələbini dəqiqləşdirməyi təklif etməmişdir. Halbuki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Odur ki, məhkəmə kollegiyası tərəfindən iddiaçıya hüquqi yardım edilərək su mənbəyinin verilməsinə dair hissədə iddia tələbini dəqiqləşdirmək təklif edilmişdir. İddiaçı bundan sonra məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (bağ sahəsinin) suvarılması məqsədi ilə salınmış TAK-8 arxının iddiaçının bağına keçən hissəsinin cavabdeh tərəfindən əvvəlki qaydada bərpa edilməsi və torpaq sahəsinə su mənbəyinin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, avtomobil yolunun tikintisi ilə əlaqədar cavabdeh tərəfindən TAK-8 arxının yararsız hala salınmış köhnə məcrasının hazırda suötürücü boru keçidləri vasitəsilə əvvəlki qaydada bərpa edilərək iddiaçıya məxsus 2.95 ha torpaq sahəsinə su mənbəyinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin apelyasiya şikayətinin növbəti dəlili iddiaçıya məxsus bağ sahəsindəki ağacların quruma səbəbi suvarılmamadeyil, düzgün aqrotexniki qulluq edilməməsi olmuşdur. Qeyd edilən dəlilə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsində icraat zamanı X26 X4 sektoru tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixdə mütəxəssis rəyindən görünür ki, alma bağının quruma səbəbi, ilk növbədə, ağacların vaxtında suvarılmamasıdır. Bağ sahəsinin qurumasına digər faktorlar da təsir göstərə bilər (həşəratlara və xəstəliklərə qarşı lazımi bitki mühafizə tədbirlərin aparılmaması və s.). Apellyasiya məhkəməsində icraat zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə bioloji ekspertizası”nın 17 aprel 2023-cü il tarixli, 7/100-9/555 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş alma ağacları təxminən 3 il öncə quruduğundan, mövcud olan ağacların hansı səbəbdən qurumasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X14 İdarəsi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli mütəxəssis rəyində iddiaçının X5 ilə müvafiq müqaviləsi olmadığı, bu səbəbdən həmin bağ sahəsinin hansı səviyyədə suvarılması və digər aqrotexniki tədbirlərin hansı dərəcədə aparılması barədə məlumat olmadığı qeyd edilmişdir. Xaçmaz X19 Mərkəzi tərəfindən verilmiş 17 mart 2023cü il tarixli mütəxəssis rəyi ilə də analoji cavab verilərək alma bağında ağaclar tam quruduğundan onların hansı səbəbdən quruması barədə heç bir rəy bildirməyin mümkün olmadığı göstərilmişdir. Ekspert və mütəxəssis rəylərində bağ sahəsindəki ağacların konkret hansı səbəbdən qurumasını müəyyən etmək mümkün olmadığı qeyd edildiyindən, bu xüsusata aydınlıq gətirilməsi məqsədilə ekspert və mütəxəssislər məhkəmə iclasına dəvət edilərək izahatları alınmışdır. Belə ki, bioloji ekspert rəyini tərtib edən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X2 izahatında bildirmişdir ki, tərəfindən əraziyə baxış keçirilən zamanı iddiaçıya məxsus bağ sahəsinin yerləşdiyi ərazinin hündürdə yerləşdiyi, bu səbəbdən onun bağ sahəsinə suyun çatmasının çətin olduğu müəyyən edilmişdir. Hesab edir ki, ağacların qurumasının səbəbi, yüksək ehtimalla, susuzluq olmuşdur. Həmçinin, Xaçmaz X19 Mərkəzinin aparıcı mütəxəssis X15 məhkəmə kollegiyasının iclasında qeyd edilən məsələ ilə bağlı izahatında bildirmişdir ki, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar ərazinin relyefinə baxılarkən əraziyə, TAK-8 arxından ayrılmış qolla, təxminən, 20 litrə yaxın su gəldiyi, lakin həmin suyun yalnız bağın aşağı hissəsinə gəldiyini, yuxarı hissəsinə çatmadığını müəyyən etmişdir. Əgər 2016-cı il tarixdən hazırki vaxtadək bağ sahəsi suvarılmırsa, ağacların qurumasının səbəbi məhz susuzluqdur. Müşahidə zamanı ağacların tamamilə qupquru vəziyyətdə olduğu, onların bərpasının mümkün olmadığı müəyyən edilmişdir. Bağ sahəsindəki ağaclar çox yaşlı deyil, 10-15 yaş arası olmuşdur. Mütəxəssis, həmçinin, cavabdehin nümayəndəsinin bağ sahəsindəki ağacların quruma səbəbinin suvarılmama, yoxsa həşəratlar və s. digər ziyanverici təsirlər olub-olmaması ilə bağlı sualına cavab olaraq bildirmişdir ki, ağacların qurumasının səbəbi göbələk və ya başqa bakteriya olsaydı, 5-10 ədəd ağac quruyardı, birdən-birə bütövlükdə bağ sahəsi qurumazdı. Ümumiyyətlə, ağaclar suvarılmadığı təqdirdə, göbələk və s. kimi zərərverici xəstəliklər də baş qaldırır. Beləliklə, kollegiya tərəfindən aparılan yuxarıda qeyd edilən araşdırma ilə müəyyən edildiyi kimi cavabdeh tərəfindən avtomobil yolunun tikintisi zamanı TAK-8 arxının bir hissəsi yararsız vəziyyətə salınmış və bərpa olunmamış, daha sonra ərazidə əkin sahələrinin suvarılması üçün cavabdeh tərəfindən alternativ arx quraşdırılsa da, iddiaçının torpaq sahəsi məhz relyefcə hündürdə yerləşdiyindən, həmin arx vasitəsilə onun bağ sahəsinin suvarılması mümkün olmamış, nəticədə alma ağacları susuzluqdan qurumuşdur. “İnzibati icraat haqqında” Qanun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Nəzərə almaq lazımdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, MM-nin yuxarıda istinad olunan 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi cavabdehin iddiaçının mülkiyyət hüququnun pozuntusuna görə məsuliyyətinin müəyyən olunması üçün üç əsas şərtin məcmu halda mövcudluğu tələb olunur: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Hazırkı halda da cavabdeh orqanın avtomobil yolunun layihəsinin icrası zamanı təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə gələn su mənbəyinin qarşısı kəsilmiş və bərpa edilməmiş, nəticədə sahədəki alma ağacları qurumuş və bu hal da iddiaçının həmin əmlaka münasibətdə mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Göründüyü kimi hazırkı işdə cavabdehin məsuliyyətinin müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər üç şərtin mövcudluğu müəyyən olunur. Məhkəmə kollegiyası 2,95 ha bağ sahəsində yerləşən ağaclara görə vurulmuş zərərin əvəzi olaraq 400.000 manat məbləğində kompensasiyanın ödənilməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli, LP-108/2022 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının mülkliyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha bağ sahəsində 1700 ədəd alma ağacından 300 ədəd palmet, 1400 ədəd isə simirinka növündə olan ağaclara ziyan dəymiş və hal-hazırda yararsız vəziyyətdədirlər. Həmçinin, apellyasiya məhkəməsində icraat zamanı verilmiş “Məhkəmə bioloji ekspertizası” nın 17 aprel 2023-cü il tarixli rəyinin bioloji tədqiqat hissəsindən görünür ki, 17 mart 2023-cü il tarixdə Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı alma bağında 1400 ədəd simirinka, 300 ədəd palmet sortu alma ağaclarının mövcud olduğu, ağacların ortalama diametrlərinin 12,1-16 sm, yaşlarının, təxminən, 12-15 illlik olduğu, ümumilikdə, 1700 ədəd ağac quruduğu müəyyən edilmişdir. Həmin rəyi tərtib edən ekspert X2 da məhkəmə iclasında izahatında rəyin bioloji tədqiqat hissəsi ilə bağlı eyni məzmunda izahat verərək tədqiqat aparılan torpaq sahəsinin sahəsinin 2,95 ha olmaqla, ümumilikdə, ərazidə 1700 ağac olduğunu bildirmişdir. Göründüyü kimi həm birinci, həm də apellyasiya instansiya məhkəməsində icraat zamanı alınmış mütəxəssis və ekspert rəylərindən iddiaçıya məxsus 2,95 ha torpaq sahəsində 300 ədəd palmet, 1400 ədəd simirinka növündə olmaqla, cəmi 1700 ədəd alma ağacının olduğu və həmin ağacların qurumuş və hal-hazırda yararsız vəziyyətdə olduğu müəyyən edilir. Həmin ağaclara görə iddiaçıya ödənilməli olan kompensasiya məbləğinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən təqdim edilən mütəxəssis rəyindən görünür ki, palmet növlü alma ağaclarının 1 ədədi 300-330 manat , simirinka növlü alma ağacının 1 ədədi 350-370 manat qiymətləndirilməklə, ümumilikdə vurulmuş zərər 600.000 manat müəyyən edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin Qusar Filialı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan- "xxxx" ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən hissəsində (km 178+900) meyvə bağına görə iddiaçıya 2014-cü ildə 42192 manat məbləğində təzminat ödənilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin məbləğin 103 ədəd alma ağacına görə ona ödənildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi də kompensasiyanın tutulması hissəsində iddia tələbini tam həcmdə təmin edərkən, yalnız iddiaçının izahatına istinad edərək, 2014-cü ildə iddiaçının mülkiyyətində olmuş yol altına düşən torpaq sahəsinin alınması və üzərində yerləşən 103 ədəd alma ağaclarına görə cavabdeh tərəfindən həmin ilin dekabr ayında ona 42.340 manat, yəni "xxxx" MMC tərəfindən bir alma ağacına görə müəyyən edilmiş 370 manat qiymətdən yuxarı, 419 manat pul ödənildiyini nəzərə almış, yekunda 400.000 manat məbləğində ziyanın tam həcmdə cavabdehdən tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin kompensasiyanın ödənilməsinə əsas olmuş təsdiqedici sənədlərin təqdim edilməsi ilə bağlı cavabdehə sorğu ilə müraciət edilsə də, həmin sənədlər təqdim edilməmişdir. Belə ki, kollegiyanın sorğusuna cavab olaraq cavabdeh 05 sentyabr 2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, cavabdehin sifarişi əsasında keçirilən “Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun tikintisi” layihəsində tikinti altına düşən Qusar rayonu, Yuxarı Ləyər kəndi ərazisində yerləşən torpaqlara görə mülkiyyətçilərə hesablanmış kompensasiyanın ödənilməsi Agentliyə tabe qurum olmayan, podratçı "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Sorğuda qeyd edilən sənədlər Agentlikdə mövcud olmadığından tərəflərindən məlumat təqdim edilməsi mümkün deyildir. Həmçinin, cavabdehin nümayəndəsi bununla bağlı məhkəmə iclasında izahatında cavabdeh agentliyin arxivində Qusar rayonu, Luxarı Ləyər kəndindəki bağ sahələrində alma ağacları ilə bağlı sakinlərə kompensasiya verilməsi barədə məlumatın aşkar olunmadığını, həmin ərazidə cavabdehin tapşırığı əsasında kompensasiya ilə bağlı xüsusi təşkilatların ödəniş apardığını bildirmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası tərəfindən ağacın qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Əmtəəşünaslıq ekspertizası üzrə rəydən görünür ki, Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən bağ sahəsində (2,95 ha) mövcud olmuş ortalama diametrləri 12,1-16 sm, yaşları təxminən 12-15 illik olan ağaclar orta məhsuldar olduğu halda, orta bazar qiyməti, təxminən, 1 ədəd simirinka sortu alma ağacı 200,00 manat, 1 ədəd palmet sortu alma ağacı 200,00 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında həmin rəylə bağlı izahat verən ekspert X3 bildirmişdir ki, rəydə qeyd olunduğu kimi ağacların orta bazar qiyməti müəyyən olunarkən həmin ərazidə və ona yaxın ərazilərdə mövcud olan ağaclara tələb və təkliflər, həmin ərazidə yetişdirmənin xüsusiyyətləri nəzərə alınır. İlbəil ağacların qiymətləri meyvələrin qiymətinə münasibətdə arta və azala bilər. 12-15 yaşa uyğun simirinka və palmet növ ağacların ortalama qiyməti 200 manat müəyyən edilmişdir. Bu ağaclar orta məhsuldar kimi qiymətləndirilmişdir, çünki ağacın məhsuldarlığı barədə dəqiq məlumat olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəfindən iddiaçıya 2014-cü ildə 42192 manat məbləğində (meyvə bağına görə ödənilmiş təzminatın məbləği 42192 manat, 35 faiz bank xidməti – 148 manat nəzərə alınmaqla, 42340 manat) təzminatın ödənilməsi işin mübahisəsiz halıdır, lakin həmin təzminatın nəyin əsasında, neçə ağaca görə ödənilməsi ilə bağlı işdə zəruri məlumatlar olmamış və cavabdeh inzibati orqan da bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhz bu səbəbdən, kollegiya qiymət ilə bağlı ekpert rəyinin alınmasını zəruri hesab etmişdir. Lakin, sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya 42192 manat məbləğində kompensasiyanın ödənilməsinə əsas olmuş sənədləri məhkəmə kollegiyasına təqdim etmişdir. Təqdim edilən sənədlərdən görünür ki, Xurad bələdiyyəsinin sədri, "xxxx" ASC-nin əməkdaşları, "xxxx" MMC-nin nümayəndəsi, "xxxx" MMC-nin direktoru və iddiaçının iştirakı ilə tərtib edilmiş 14 oktyabr 2014-cü il tarixli akta əsasən, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun Qusar rayonu ərazisindən keçən hissəsində (km 178+900) qaz xəttinin köçürülməsi zamanı iddiaçıya dəymiş ziyan araşdırılaraq cədvəl tərtib olunmuşdur. Həmin cədvəldən görünür ki, tikinti altına düşən torpaq sahəsi 0,36 ha olmaqla, sahədə yaşı 12, sayı 250 ədəd yerli növ alma ağacı olmuşdur. 1 ədəd ağacın qiyməti 44 manat, 250 ədəd alma ağacının qiyməti 11000 manat, (AR Prezidentinin 2007-ci il tarixli, 26 dekabr tarixli Fərmanına əsasən 20 % əlavə 2200 manat olmaqla, 13200 manat) müəyyən edilmiş, 1 kq almanın qiyməti 0,40 manat, 1 ədəd ağacdan 220 kq məhsul əldə əldə edildiyi nəzərə alınaraq, məhsulun dəyəri 22000 manat (250 ədəd x 220 kqx 0.40) (20 % əlavə 4400 manat olmaqla, 26400 manat), eyni zamanda 0.36 ha torpaq sahəsinə görə 2160 manat olmaqla, cəmi 42192 manat kompensasiya ödənilmişdir. Başqa sözlə, həmin aktdan görünür ki, iddiaçıya 1 ağacın qiyməti 44 manat, ağacın verdiyi 220 kq məhsulun dəyəri 88 manat qiymətləndirilmiş, ümumilikdə bir ağaca görə, AR Prezidentinin 2007-ci il tarixli, 26 dekabr tarixli Fərmanına əsasən 20 % əlavə nəzərə alınmadan 132 manat, 250 ədəd alma ağaclarına görə isə 33000 manat (11000+22000) pul ödənilmişdir. İddiaçı alma ağaclarına cavabdeh tərəfindən qoyulan qiymətlə razılaşmış, aktın doğruluğunu öz imzası ilə təsdiq etmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Kollegiya qeyd edir ki, 2014-cü ildə iddiaçının bağ sahəsi dövlət ehtiyacları üçün alındığından istinad edilən Fərmana əsasən iddiaçıya daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq da ödənilmişdir. Hazırki halda isə iddiaçıya məxsus bağ sahəsindəki alma ağacları dövlət ehtiyacları üçün alınmamış, yuxarıda aparılan araşdırma ilə müəyyən edildiyi kimi cavabdeh inzibati orqanın təqsirli hərəkətləri-delikt nəticəsində ona ziyan dəymişdir. Bu baxımdan, hazırda iddiaçıya ödənilməli olan kompensasiyanın tərkibinə 20 faiz əlavə daxil edilməməlidir. Həmçinin, işdən görünür ki, avtomobil yolunun mühafizə zolağına düşən meyvə bağlarına görə təzminat ödənilmiş digər mülkiyyətçilərə münasibətdə tərtib edilmiş və məhkəmə kollegiyasına təqdim edilmiş aktlardan müəyyən edilir ki, 1 ağaca münasibətdə mülkiyyətçilərə 7 illik alma ağaclarına görə 20 manat, 20 illik ağaclara görə 44 manat, 15 illik ağaclara görə 40 manat, 4 illik ağaclara görə 8 manat, 8 illik ağaclara görə 8.80 manat, 11 illik ağaclara görə 22 manat, 16 illik ağaclara görə 40 manat, 5 illik ağaclara görə 4 manat, 8 illik ağaclara görə 22 manat, 18 illik ağaclara görə 48 manat, 10 illik ağaclara görə 8.80 manat, 9 illik ağaclara görə 8.80 manat, 5 illik ağaclara görə 2.40 manat, 2 illik ağaclara görə 2.0 manat, 14 illik ağaclara görə 30 manat, 13 illik ağaclara görə 22 manat, 28 illik ağaclara görə 48 manat kompensasiya ödənilmişdir. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını, 2014-cü ildə dövlət ehtiyacları üçün alınan 12 illik, bir ədəd alma ağacına görə 132 manatdan hesablanmaqla kompensasiya ödənildiyini və iddiaçının həmin məbləğlə razılaşdığını nəzərə alaraq, hesab edir ki, hazırda eyni yaşda olan alma ağaclarına görə iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği 224400 manat (132x1700 = 224400) müəyyən edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, hazırkı halda cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus bağ sahəsindəki ağacların quruması nəticəsində ona vurulmuş ziyanın əvəzi olaraq 224400 manat məbləğdə kompensasiyanın ödənilməsi, habelə bağ sahəsinin suvarılması üçün TAK-8 arxının bərpa edilərək su mənbəyinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulduğundan, əlavə olaraq torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına zərurət yoxdur. Ona görə də, bu hissədə iddia tələbi təmin edilməməlidir. Beləliklə, qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)-155/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar cavabdeh tərəfindən TAK-8 arxının yararsız hala salınmış köhnə məcrasının hazırda suötürücü boru keçidləri vasitəsilə əvvəlki qaydada bərpa edilərək İddiaçı məxsus 2.95 ha torpaq sahəsinə su mənbəyinin verilməsi və vurulmuş zərərin əvəzi olaraq 224.400 (iki yüz iyirmi dörd min dörd yüz) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Avtomobil X12 publik hüquqi şəxsin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar