Məhkəmə qərarları › İş №2-1(105)-53/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-53/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-53/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X3, X2 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı "ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)- 642/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 03 iyul 2008-ci il tarixli, 313 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və N nömrəli hərbi hissədə 2006-cı ilin noyabr və dekabr aylarında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Vertebrogen mənşəli (kompensasiya C3-C4) xroniki boyun radikuliti, kəskinləşmə mərhələsində”, 2007-cı ilin mart ayında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Vertebrogen mənşəli (C3-C4-C5 fəqərəarası məsafənin daralması, osteoxondroz) xroniki boyun radikuliti, kəskinləşməsi” və 2007-ci ilin may ayında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Sağtərəfli servikalgiyadan sonrakı vəziyyət. Hər iki ayaqların skvamoz tipli epidermofitiyası. Hər iki gözün akkomodasiyasının spazmı” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır. İddiaçı ilk dəfə xx.xx.2008-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona “Boyun fəqərələrinin osteoxondrozu. C3-4-5 fəqərələrinin kompressivləşən” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik 2009-cu ildən hər dəfə 1 il müddətinə olmaqla, 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0215003AAD6E nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı İddiaçı əsas diaqnozu – XBT 10 M42 “Onurğanın osteoxondrozu, onurğanın gənclik osteoxondrozu, vertebrogen mənşəli xroniki boyun radikulopatiyası (C4-5, C5-6 f/arası disklərin yırtığı)”, ağırlaşmaları: R52 “Başqa rubrikalarda təsnif olunmayan ağrı, daimi kökcük tipli ağrı sindromu”, G45.0 “Vertebrobazilyar arterial sistem sindromu, vertebro-bazilyar hövzədə qan dövranı pozğunluğu”, G82.0 “Süst paraplegiya, yuxarı süst paraparez əzələ gücü 4 bal”, yanaşı xəstəliklər İ11.9 “Durğunluq, ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi), H52.4 “Presbiopiya, presbiopiya” qeyd edilmişdir. Həmin göndəriş TSEK-də xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - Səbəb: “Əsas diaqnozun ağırlaşmaları mütəxəssis rəylərində ətraflı qeyd olunsun” səbəbi ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ona müddətsiz əsaslarla əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2008-ci ildən ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonrakı tarixlərdə o, dəfələrlə xəstəxanalarda müalicə almış, hər il əlilliyi 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə təyin edilmişdir. Əlillik müddətinin bitməsindən sonra bir neçə dəfə cavabdehin elektron sisteminə Forma 88 göndərişini daxil etmiş, lakin, hər dəfə ona imtina cavabı verilmişdir. X8 tərəfindən verilmiş xəstəlik tarixçəsindən çıxarışda aydın şəkildə aşağıdakı diaqnozlar öz təsdiqini tapmışdır: ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişiklikləri və sümük toxumasının iriölçülü destruksiyalan nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması (M24.5-M24.6, M30-M36, M40-İVİ43, M62, M80, M85- M89.9, Q65- Q66, Q67.5-Q67.8, Q68). Bu diaqnozlar ona əlilliyin təyin edilməsi üçün əsas verməsinə baxmayaraq, cavabdeh sonuncu dəfə imtinanın əsası kimi, göndərişin yanlış və natamam doldurulmasını qeyd etmişdir. Hesab edir ki, göndərişin yanlış tərtib edilməsi onun təqsiri deyildir. Hesab edir ki, cavabdehin ona əlilliyin təyin edilməsindən imtinasının hüquqi əsası yoxdur. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və ona “Boyun fəqərələrinin osteoxondrozu. C3-4-5 fəqərələrinin kompressivləşən” diaqnozu ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və eyni diaqnoz əsasında 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan sonra da həmin xəstəxananın xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış “Boyun osteoxondrozu. Servikalgiya. Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi” diaqnozu ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və eyni diaqnoz əsasında 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2021-ci il tarixli, 0215003AAD6E nömrəli göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması səbəbi ilə imtina cavabı verilmişdir. Bununla bağlı iddiaçıya qeyd olunan natamamlıqların aradan qaldırıldıqdan sonra yenidən müraciət etməsi məsləhət görülmüşdür. Bundan başqa, iddiaçının xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatından imtina barədə qərardan 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 05 sentyabr 2022-ci il tarixində, yəni təxminən 1 il sonra iddia qaldırmışdır. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əlilliyinin təyin edilməsi ilə bağlı imtinasının qanunsuz hesab edilməsi və ona 2022-ci ilin sentyabr ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-642/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2022-ci ilin sentyabr ayından ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya ilk dəfə əlillik 2008-ci ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qərarlarında ifadə edilmiş mövqeyə görə diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda, iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin, şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Bundan əlavə, işə baxan məhkəmə iddiaçının əyani müayinəsinin keçirilməsi üçün qərardad qəbul etməmiş, eləcə də məhkəmə-tibbi ekspertizası təyin etməmişdir. İddiaçıya əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (göndərişin tərtib olunduğu tarixdə qüvvədə olan redaksiyası): Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. .. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: (-)

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə:

4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri ... 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. ...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi göndərişin natamam doldurulması - əsas diaqnozun ağırlaşmalarının mütəxəssis rəylərində ətraflı qeyd olunmaması olmuşdur. Məhkəmə kollegiyasının qeyd olunan imtina cavabının aydınlaşdırılması məqsədilə sorğusuna cavab olaraq cavabdeh orqan 25 oktyabr 2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçının 0215003AAD6E nömrəli göndərişdə əsas xəstəliyin ağırlaşmaları kimi qeyd edilmiş "yuxarı süst paraparez”, “vertebro-bazilyar hövzədə qan dövranı pozuntusu” və “Daimi kökcük tipli ağrı sindromu” diaqnozları nevropatoloq müayinəsinin nəticəsində öz əksini tapmamışdır. Həmçinin, göndərişdə ekspertiza üçün əhəmiyyətli sayılan yuxarı ətrafların əzələ tonusu, vətər və sümüküstü reflekslər barədə məlumatlar ətraflı qeyd eidlməmiş, boyun fəqərələrinin KT və MRT müayinəsi aparılmamışdır. İddiaçının əlilliyin vəziyyətinin qiymətləndirilməsi məqsədilə “Əlillik” altsisteminə xx.xx.2021-ci il tarixdən sonra göndəriş (Forma 088) daxil olmamışdır. Bundan sonra məhkəmə kollegiyasının 01 noyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının əyani müayinəsinin aparılaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdehə bir aylıq müddət təyin edilmişdir. Məhkəmə qərardadının icrası nəticəsində cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 15 fevral 2024-cü il tarixli, 3-17-4/3-3-1218/2024 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Onurğanın osteoxondrozu. Onurğanın gənclik osteoxondrozu. Vertebroqen mənşəli xroniki boyun radikulopatiyası (C4-5, C5-6 f/arası disklərin yırtığı). Süst paraplegiva. Yuxarı süst paraparez” diaqnozu araşdırılmışdır. Nevroloji hərəkətlər tam həcmli, əzələlər simmetrik olmuş, atrofiya, hipotrofiya izlənilməmiş, reflekslər canlı və müayinə zamanı bütün ətraflarda bərabər alınmış D=S, əzələ tonusu normal, əzələ gücü 5/5 bal qiymətləndirilmiş, patoloji reflekslər alınmamış, hal-hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit müəyyən edilməmişdir. İddiaçıda “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) aşkarlanmadığından hazırkı vəziyyəti əlillik təyinatına əsas verməmişdir. Nəticədə, AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçının əyani müayinəsini aparan həkim-ekspert Nümayəndə1 məhkəmə kollegiyasının iclasında izahatında bildirmişdir ki, “Onurğanın osteoxondrozu, boyun nahiyyəsində C3, C4, C5 və C6-cı diskdə olan osteoxondroz” diaqnozu o halda əlillik təyinatına əsas verir ki, ətraflarda nazikləşmə, arıqlama əlamətləri olsun, ətrafların gücü aşağı düşsün. İddiaçıda əyilmə bucağı 65 faizdən çox deyil, onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası onkilozlaşma kəskin funksiya pozuntusu ilə müşahidə edilmir. İddiaçının əzələ gücü hər iki ətrafda 5-dir, normal əzələ gücü də 5 olur. İddiaçıda əsas xəstəliyin heç bir ağırlaşması olmadığına görə ona əlilliyin təyin edilməsindən imtina cavabı verilmişdir. Müayinənin nəticələrinə dair cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qərardan, eləcə də müayinəni aparan həkim-ekspertin məhkəmə iclasında izahatından iddiaçıda nömrəli göndərişdə əsas diaqnoz M42, onun ağırlaşmaları R52, G45.0 və G82.0, yanaşı xəstəliklərdən İ11.9 və H52.4 kodlu xəstəliklərdən konkret olaraq hansının aşkar edilib-edilmədiyini, eləcə də aşkar edilən xəstəliklərin qanunvericiliyin tələbinə müvafiq olaraq əliliyin təyininə əsas olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan, kollegiya tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli, T 316/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0215003AAD6E nömrəli göndərişdə qeyd edilmiş “əsas xəstəlik G45.0 “Vertebrobazilyar arterial sistem sindromu, vertebro-bazilyar hövzədə qan dövranı pozğunluğu”, ağırlaşması G82.0 “Süst paraplegiya, yuxarı süst paraparez əzələ gücü 4 bal”, yanaşı xəstəlik İ11.9 “Durğunluq, ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi)” diaqnozları ona stasionarda müayinə və müalicə zamanı qoyulduğundan həmin xəstəliklərin iddiaçıda olduğunu inkar etmək olmaz. İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və xx.xx.2024-cü il tarixdə komisisya tərəfindən müayinə olunarkən ona “Onurğanın spondilyozu, osteoxondrozu. Dumbal skolioz. Sağ tərəfli supraspinatusun kalisifik tendiniti. Sağ akroklavikulyar oynağın artrozu ikinci dərəcə. Sağ bazu oynağının kontrakturası. Ağrı sindromu ilə (M47, M42, M41, M75.3, M19, M24.5, R52.2) diaqnozu müəyyən olunmuşdur. Həmçinin, iş materiallarında olan iddiaçı barəsində “Ortopediya Klinikası” tərəfindən verilmiş arayışdan görünür ki, o, xəstəlikləri ilə bağlı Almaniya Respublikasında da müayinə və müalicələr almış, ona “xroniki subakromial impiçment sindromu, bursitis subacromialis, akromial-körpücük oynağının artrozu, sağ çiyin oynağının supraspinatus vətərinin vətərdaxili qismən ocaqlı zədələnməsi” diaqnozu qoyulmuş, xx.xx.2020-ci il tarixdə isə “sağ çiyin oynağının atroskopiyası, atroskopik subakromial dekompressiya, subakromial bursektomiya, akromial-körpücük oynağının atroskopik koplaninqi (birgə planlanması)” diaqnozu ilə əməliyyat olunmuşdur. Beləliklə, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş 0215003AAD6E nömrəli göndəriş, ekspert rəyi, o cümlədən, iddiaçının Almaniya Respublikasında müalicəsi zamanı özəl tibb müəssisəsi tərəfindən verilmiş arayışın qarşılıqlı təhlilindən müəyyən edilir ki, hazırda iddiaçıda 0215003AAD6E nömrəli göndərişdə qeyd edilən M42 kodlu əsas diaqnoz “Onurğanın osteoxondrozu, onurğanın gənclik osteoxondrozu, vertebrogen mənşəli xroniki boyun radikulopatiyası (C4-5, C5-6 f/arası disklərin yırtığı)” və onun ağırlaşmaları, eləcə də İ11.9 kodlu yanaşı xəstəlik “Durğunluq, ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi)” mövcuddur. Xəstəliklərin səbəbli əlaqəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 03 iyul 2008-ci il tarixli, 313 nömrəli qərarında da M42 kodlu əsas xəstəlik “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə göstərilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh 15 fevral 2024-cü il tarixli, 3-17-4/3-3-1218/2024 nömrəli qərarında iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əsas verməmədini bildirsə də, yuxarıda qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2008-ci il tarixdən etibarən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2008-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)- 4372024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. Kollegiya iddiaçının əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklərin əlilliyin təyininə əsas verilməməsi ilə bağlı tibbi sosial ekspertin məhkəmə iclasında izahatına münasibətdə bildirir ki, hazırkı iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin yuxarıda sadalanan normalarının tələblərindən göründüyü kimi həmin normalarda müvafiq xəstəliklərin patomorfoloji dəyişikləri fərqləndirilməmiş, əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərin XBT kodları göstərilmişdir, hansı ki, həmin kodlu xəstəliklər hazırda iddiaçıda müşahidə edilir. Ona görə də, kollegiya hesab edir ki, qeyd edilən hal iddiaçıya əlilliyin təyinindən imtinaya əsas ola bilməz. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0215003AAD6E nömrəli göndərişin (Forma 88) tərtib edildiyi qeyd edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əsas diaqnozun birbaşa öz əksini tapmasa da, onun ağırlaşması kimi G45.0 diaqnozunda olan xəstəlik Əsasnamənin 2.2 və 2.2.9-cü bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, qeyd edilən Əsasnamənin: - 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); (-) Məhkəmə kollegiyası qeyd edir ki, göndərişdə qeyd edilən xəstəliklərin iddiaçıda olması işin tərəflər arasında mübahisələndirilməyən halıdır və iş üzrə alınmış ekspert və ixtisaslaşdırılmış tibb müəssisəsinin rəyləri ilə də təsdiq olunmuşdur. Göndərişin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan Əsasnamədə isə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas xəstəlik və yaxud ağırlaşma olması fərqləndirilməmişdir. Habelə, göndərişdə qeyd edilən əsas diaqnoz XBT 10 M42, onun ağırlaşması olan G82.0 kodlu xəstəlik və yanaşı xəstəlik olan İ11.9 kodlu xəstəliklər hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından da əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, M42 (osteoxondroz) kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarları” nın 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 13.5.1-ci bəndində, əsas xəstəliyin ağırlaşması olan G82.0 kodlu xəstəlik isə (serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.5.1-ci bəndində əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilmişdir və meyarların 13.5.1.1-13.5.1.3-cü bəndlərinə əsasən M42 kodlu xəstəlik orqanizmin funksiyalarının 60-100 faiz pozulmasına görə, 6.5.1.1-6.5.1.6-cı bəndlərinə əsasən G82.0 kodlu xəstəlik orqanizmin funksiyalarının 40-100 faiz pozulmasına görə, 2.1.1-2.1.3-cü bəndlərinə əsasən İ11.9 kodlu yanaşı xəstəlik isə orqanizmin funksiyalarının müvafiq olaraq 35-60, 65-80 və 85-100 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 0215003AAD6E nömrəli Forma 88 göndərişdəki əsas xəstəliyin ağırlaşması olan G82.0 kodlu xəstəlik göndərişin tərtib edildiyi dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələblərinə əsasən iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir, eləcə də əsas xəstəliyin özü M42 kodlu xəstəlik və yanaşı İ11.9 kodlu xəstəliklər hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları” na əsasən, müvafiq olaraq əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olmasına istinad etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Əlilliyin müddətinə münasibətdə isə kollegiya bildirir ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçıya ilk dəfə 2008-ci ildən ikinci dərəcəli əlillik təyin edilmiş və 2021-ci ilədək fasiləsiz olaraq 10 ildən artıq müddətdə əlillik müddəti uzadılmışdır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə dair hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-642/2023 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar