Məhkəmə qərarları › İş №2-1(105)-532/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-532/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-532/2025 27.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə ona ödənilməli olan vahid aylıq müavinətin bərpa edilməsi və 2011-ci il 01 yanvar tarixindən xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə ona ödənilməli olan vahid aylıq müavinətin bərpa edilməsi və 2011-ci il 01 yanvar tarixindən xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə ona ödənilməli olan vahid aylıq müavinətin bərpa edilməsi və 2011-ci il 01 yanvar tarixindən xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8701/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. İddiaçı 2011-ci ildən etibarən ona ödənilməli olan ödənişlərin verilməsini, cavabdehdən tələb edir. Halbuki, həmin dövrlərdə xüsusi rütbəli kimi şəxs kimi qulluq etdiyindən, ona mübahisə predmeti olan müavinətlər verilməmişdir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-270/2025 nömrəli qərardadında buraxılmış yanlışlıqların düzəldilməsi, qərardadın təsviri hissəsində “Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X3 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir” cümləsində “edilməsini” sözü “edilməməsini” sözü kimi oxunması qərara alınmışdır. İddiaçı 2-1(118)-270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mahiyyəti üzrə araşdırılaraq təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məcburi köçkün kimi çörək pulu almaq hüququna malik olmuşdur. Polisdə xidmət etdiyi dövrdə bu hüquq müvəqqəti olaraq dayandırılmışdı. Sonradan qüvvəyə minmiş yeni normativ aktlara əsasən, yalnız zabit vəzifəsində xidmət edənlərin çörək pulu kəsilməsi nəzərdə tutulmuşdur. Zabit vəzifəsində çalışmadığı üçün çörək pulunun bərpa olunmasını tələb etmişdir. Təqaüdə çıxdıqdan sonra da aidiyyəti qurumlar onun çörək pulu almaq hüququnu tanımamış və bu səbəbdən inzibati qaydada iddia qaldırmışdır. Lakin Sumqayıt İnzibati Məhkəməsi əsassız olaraq iddia tələbinin mümkün sayılmamasına qərar vermişdir. Məhkəmə iddianı mahiyyəti üzrə araşdırmadan rədd etməklə hüquqlarının müdafiəsini pozmuşdur və qərarın ləğv edilməsi zəruridir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: .... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi məcburi köçkün qimsində iddiaçıya ödənilən aylıq müavinətin ödənilməsinin bərpa edilməsi və 2011-ci il 01 yanvar tarixindən xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş vəsaitin ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış, məhkəmə gəldiyi qənaətini iddia müddətinin ötürülməsi halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məcburi köçkün olmaqla, ona həmin statusuna görə qanunla müəyyən edilmiş aylıq müavinət ödənilmişdir. Daha sonra iddiaçı (2011ci ildə) müvafiq inzibati orqanda xüsusi dövlət qulluğu vəzifəsinə işə qəbul edildiyindən, həmin əsasla ona müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı 2022-ci ildə yaşa görə təaqüdə çıxdığından, dövlət qulluğuna xitam verilmişdir. İddiaçıya 2011-2022-ci illərə aid dövr üzrə məhz işlədiyi peşə ilə əlaqədar olaraq məcburi köçkün qismində aylıq müavinət ödənilməmişdir. İndiki halda iddiaçının hüquqi marağı məhz məcburi köçkün qismində aylıq müavinətin ödənilməsinin bərpa edilməsindən ibarət olmuşdur. Nəticə etibarilə iddiaçı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən aylıq müavinət alan şəxslərin siyahısına adının daxil edilməklə, ona aylıq müavinətin ödənilməsinin bərpa edilməsinə nail olmaq istəyir. Göründüyü kimi indiki halda iddiaçının iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olmuşdur. Hansı ki prosessual qanunvericilikdə qeyd edilən iddia növü üzrə iddia müddəti nəzərdə tutulmamışdır. Başqa sözlə desək, prosessual qanunvericilikdə qeyd edilən iddia növü üzrə müddət tələbinə dair zəruri mümkünlük şərti nəzərdə tutulmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, hazırki inzibati iş üzrə mübahisə predmetini məhz inzibati xarakterli mübahisəli hüquq münasibəti təşkil etdiyindən və həmin münasibətlər üzrə iddia müddətinin tətbiq edilmə əsasları məhz inzibati prosessual qanunvericiliklə tənzimlənir. Belə olan halda kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verməmiş, iddianın növü müəyyən edilmədən, iddianın növü üzrə iddia müddətinin tətbiqi əsaslarına dair inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş hüquq normasının tələbləri nəzərə alınmadan, iddia tələbi üzrə mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti tətbiq etməklə iddianın mümkün sayılmaması barədə gəldiyi qənaəti yanlış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının şikayətinin dəlilləri həmin hissədə əsaslı olmaqla, təmin edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətində iddianın mahiyyəti üzrə baxılaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İndiki halda iddianın mümkünlük məsələsinə baxıldığından, hazırki mərhələdə işə mahiyyəti üzrə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, həmin hissədə şikayət əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda kollegiya onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxıan zaman iddiaçının hüquqi marağının aydınlaşdırılması, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi”Qaydaların tələbinə əsasən iddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində İPM-in 13-cü maddəsinin tələbi baxımından hüquqi yardım göstərilməsi, iddiaçının hüquqi marağına uyğun olaraq tələbinin yönəldiyi cavabdehlərin müəyyən edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə ona ödənilməli olan vahid aylıq müavinətin bərpa edilməsi və 2011-ci il 01 yanvar tarixindən xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar