Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-533/2025 02.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-941/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 941/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Cəbrayıl rayonu Frunze adına kolxozda işlədiyi dövr ümumi iş və sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd olunan kolxozdakı əmək fəaliyyəti dövrünə dair əlavə olaraq da “kolxozçunun əmək kitabçası”nda qeyd olunmadığı halda iş stajının ümumi iş stajına əlavə edilməsi ilə pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “yaşa görə əmək pensiyasının yenidən hesblanması haqqında” imtina qərarının ləğv edilməsi, xx.xx.1981-ci il tarixdən xx.xx.1984cü il tarixədək Cəbrayıl rayonu Frunze adına kolxozda iş stajı ümumi iş stajına və sosial sığorta stajına hesablanaraq, əmək pensiyanın yenidən hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər Cəbrayıl rayonu Frunze adına kolxozda işlədiyi dövrün kolxozçunun əmək kitabçasında qeyd edilməməsi ilə əlaqədar olaraq kolxoz rəhbərliyinin fəaliyyətinə aid olan məsələdir. İddiaçı kolxozda işləməyə qəbul edilərkən, əmək kitabçasını açmaq və tərtib etmək kolxozun səlahiyyətli vəzifəli şəxlərinin məsuliyyət dairəsinə aiddir. Kolxozçunun əmək kitabçası haqqında ilk dəfə “əmək pensiyalarının təyin edilməsi, hesablanması bir növdən digər növə keçirilməsi və ödənilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli təlimatında rast gəlinir. Buna qədər qəbul edilmiş “Pensiyalar” haqqında xx.xx.1992-ci il, habelə xx.xx.2006-cı il tarixdə qəbul edilmiş “Əmək pensiyaları haqqında” Qanunlarda həmin qanunlara uyğun olaraq hazırlanmış “pensiyaların təyin edilməsi, hesablanması qaydaları haqqında” əsasnamələrdə kolxozçunun əmək kitabçası məfhumu yoxdur, ümumi şəkildə əmək kitabçaları qeyd edilir. İddiaçının işlədiyi dövrdə 1984-cü illər SSRİ-nin dağılmasına təsadüf edirdi, kolxozlar ləğv edilir, kəndlərdən cavanlar şəhərə axın edirdi. Hətta 1981-ci ildə Nazirlər Kabineti kolxozçular üçün o zaman qüvvədə olan bir illik iş stajı üçün minimum əmək günü qaydasını ləğv etmişdi, yenə kolxozlarda artıq gənclər qalmırdı. İddiaçı da 1984-cü ildə məcbur olub kolxozdan çıxıb, iş tapmaq ümidi ilə Sumqayıt şəhərinə gəlmiş və əmək kitabçasında həmin illərin qeydiyyatı göstərilən formada yazılmışdır. İddiaçının burada günahı yoxdur. Beləliklə, cavabdehin iddiaçının pensiyasının hesablanması zamanı kolxozda olan iş stajını hesablamamasını əmək pensiyalarının təyin edilməsi, hesablanması haqqında xx.xx.2022-ci il Nazirlər Kabinetinin əsasnaməsinə (maddə 4.1.1.5. belə maddə yoxdur, 5-ci maddədə nəzərdə tutulub) əsaslanaraq imtina etməsi tam şəkildə qanunsuz və əsassızdır. Həmin norma iddiaçıya tətbiq edilə bilməz, çünki o, kolxoza işləməyə gələn vaxt artıq sənaye müəssisəsində işləmişdir və onun əmək kitabçası var idi. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, İPM-in 2, 12.1, 14.3, 73.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş, əsas kimi iddiaçının əmək kitabçasının surətində qeyd olunan xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək kolxozdakı əmək fəaliyyəti dövrünün “kolxozçunun əmək kitabçası”nda qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığına istinad otmişdir. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1, 27.1, 37.3.1-ci maddələrinə, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci bəndinə istinad edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (xx.xx.2019 – xx.xx.2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (xx.xx.2017-ci il tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019 - 2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (həmin Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 27 il 8 ay 15 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya təyin edildiyi tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 17889,55 manat pensiya kapitalı (2023-cü il tarixinə indeksləşmiş) əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və məbləğində (303,86 manat) dəyişiklik olmamışdır. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Məlumat üçün bildiririk ki, Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” qaydasının 4.1.1-ci yarımbəndinin 5-ci abzasına əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən müəyyən edilir. Həmin yarımbəndin 1-ci abzasına əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1dək olan dövr üzrə sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndin tələblərinə əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunan xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək kolxozdakı əmək fəaliyyəti dövrü kolxozçunun əmək kitabçasında qeyd olunmadığı üçün, həmçinin iddiaçının ******* nömrəli əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövr üzrə işə qəbul olunma və işdən azad olunma əmrlərinin tarixi və nömrəsi göstərilmədiyi üçün iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə icraatı zamanı iddiaçı Şahid və X1 ilə sözügedən kolxozda birgə işlədiyini, həmçinin adıçəkilən vətəndaşların pensiya aldığını bildirmişdir. Daha sonra, tərəfimizdən adıçəkilən şəxslərin pensiya işləri məhkəməyə təqdim olunmuş və bildirilmişdir ki, adıçəkilən şəxsərlərin kolxozdakı fəaliyyət dövrü “kolxozçunun əmək kitabçası”nda qeyd olunmuşdur. Belə ki, hər iki şəxsin “kolxozçunun əmək kitabçası” olmasına baxmayaraq, İddiaçı isə yoxdur. İddiaçı kolxozdakı fəaliyyəti isə sadəcə əmək kitabçasında qeyd olunmuş, lakin işə qəbul olunma və işdən azad olunma əmrlərinin tarixi və nömrəsi göstərilməmişdir. Qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının əmək kitabçasındakı möhür ilə yuxarıda adıçəkilən şəxslərin kolxozçunun əmək kitabçalarındakı möhürlə eyni olmasına əsaslanaraq iddia təmin edilmişdir. Beləliklə, qanunvericilik normalarının tələbləri və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Ona görə də, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdi, 1973-1984-cü illər ərzində Cəbrayıl rayonu M.Əsədov adına kolxozda işləməsini, əmək haqqı və taxıl almasını təsdiq edən Cəbrayıl rayon Dövlət Arxivinin verdiyi xx.xx.2025-ci il tarixli arxiv arayışını məhkəməyə təqdim etdi, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə iddiaçının ******* nömrəli əmək kitabçasında 10 aprel 1981-ci il tarixdən 20 aprel 1994-cü il tarixə qədər Cəbrayıl rayonu Frunze adına kolxozda işləməsi faktı öz təsdiqini tapır. Həmin dövrlərin “kolxozçunun əmək kitabçası”nda qeyd olunmamasında onun məsuliyyət daşımadığını, cavabdehin imtinasının hüquqlarını pozduğunu qeyd etmişdir. Cavabdeh inzibati orqan imtinasını belə əsaslandırır ki, iddiaçının kolxozdakı əmək fəaliyyəti “kolxozçunun əmək kitabçası”nda qeyd olunmalı olduğu halda, əmək kitabçasına yazılmışdır. Həmçinin, iddiaçının kolxozda işlədiyini əks etdirən dövlərlə bağlı əmək kitabçasında işə qəbul edilmə və işdən azad edilmə barədə əmrlərin tarixi və nömrəsi göstərilməmişdir. Göründüyü kimi, hazırkı mübahisə iddiaçının əmək kitabçasında qeyd olunan kolxozdakı əmək fəaliyyəti dövrünə dair əlavə olaraq da “kolxozçunun əmək kitabçası”nda qeyd olunmadığı halda iş stajının ümumi iş stajına əlavə edilməsi ilə pensiyanın yenidən hesablanmasının mümkün olub-olmamasını aydınlaşdırmaqdan ibarətdir. ПТ-İ seriyalı ******* nömrəli əmək kitabçasında İddiaçı Cəbrayıl rayonu Qumlaq Frunze adına kolxozda xx.xx.1981-ci il tarixdə işə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə işdən azad edildiyi qeyd edilmişdir. Əmək kitabçasının bu hissəsi Ə.Əsədov adlı şəxsin imzası və kolxozun möhürü ilə təsdiq olunmuşdur. Cəbrayıl rayon Dövlət Arxivinin verdiyi xx.xx.2025-ci il tarixli arxiv arayışında göstərilir ki, Cəbrayıl rayonu M.Əsədov adına kolxozun sabiq üzvü İddiaçı 1973-1984-cü illər ərzində Cəbrayıl rayonu M.Əsədov adına kolxozda işləmişdir. Əmək haqqı və taxıl almışdır, iş stajı olmuşdur. Əmək kitabçalarının vahid fоrmada оlması və оnun tərtibinin еyni qaydada aparılması üçün Azərbaycan Rеspublikası Nazirlər Kabinеti xx.xx.1996-cı il tariхli 186 nömrəli qərarı ilə “İşçilərin əmək kitabçasının fоrması və оnun tətbiqi qaydaları”nı təsdiq еtmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq еdən əsas sənəddir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim edilmiş sənədlərin tədqiqi ilə müəyyən olunur ki, həqiqətən də Qumlaq kəndində Frunze adında kolxoz fəaliyyət göstərmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3- 17-1/2-B-289670/2023 nömrəli məktubunda göstərilir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 65 yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilən əmək kitabçasına və digər sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixədək (xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldığı illər və hərbi xidmətdə olduğu da nəzərə alınmaqla) 27 il 8 ay 15 gün sığorta stajı və xx.xx.2006-ci il tarixdən 1 may 2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16.934,99 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyanın məbləği yenidən hesablanmış və pensiyanın məbləğində (303,86 manat) dəyişiklik olmamışdır. Əmək kitabçasında qeyd olunan 10 aprel 1981-ci il tarixdən 20 aprel 1984-cü il tarixədək kolxozdakı əmək fəaliyyəti dövrləri “kolxozçunun əmək kitabçası”nda qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, 1973-cü ildə Frunze kolxozunda işə başlamış, 1993-cü ilə qədər, yəni 20 il kolxozda işləmişdir. 1981-ci ildən İddiaçı ilə işləmişdir. İddiaçı həm yemçilikdə, həm də mal briqadiri işləmişdir. Özünün kolxozda işlədiyi dövr kolxozçunun əmək kitabçasında, sonrakı kolxozla əlaqəli olmayan əmək fəaliyyətinin isə əmək kitabçasında qeyd edildiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, kolxozda qeydiyyat kitablarında işçilərin qeydiyyatı aparılsa da, müəssisə yandığı üçün həmin sənədlər də məhv olmuşdur. Təqdim edilmiş sənədlər arasında həmçinin məhkəmə prosesində şahid kimi ifadə vermiş Şahid da pensiya işinə dair materiallar vardır. Məhkəmə prosesi dövründə həm iş materialına cavabdeh tərəfindən məktubuna əlavə edilmiş, həm də məhkəmə iclasında ifadə vermiş şahid tərəfindən təqdim edilən kolxozçunun əmək kitabçasında olan möhür ilə iddiaçının əmək kitabçasındakı kolxozun möhürünün və imzaların eyni olması müəyyən edilmişdir. Hazırkı inzibati işdə iddiaçının mübahisəli dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən müvafiq qeydlər, əmək kitabçasında da mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının pensiyasının yenidən hesablamaqdan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-941/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-533/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-533/2025
02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver