Məhkəmə qərarları › İş №2-1(105)-534/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-534/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-534/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi və qanunazidd hərəkətlərin qadağan edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(118)-1370/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Daha sonra iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixdən dayandırılmışdır.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona əmək pensiyasının dayandırılması səbəbi barədə məlumat verilməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ona ünvanladığı məktubunda bildirmişdir ki, tərəflərindən aparılmış araşdırma zamanı iddiaçının 1 nömrəli siyahı üzrə güzəştli iş stajı olmadığı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq, təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq ödənildiyi aşkar olunmuşdur. Bundan başqa iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlar araşdırlarkən həmin sənədlərə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin düzgünlüyünə əsaslı şübhələr yaranmışdır. Cavabdeh tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin, əmək pensiyası və pensiyaya əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bu səbəbdən, iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Cari ilin iyun ayında ona Mərkəzi Filial tərəfindən 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq 310,34 manat (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 490,11 manat ) məbləğində güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunduqdan sonra 6 il işləməsi ilə əlaqədar fərdi hesabın sığorta hissəsində qeydə alınmış 25392,00 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq, 490,11 manatdan 754,61 manata artırılmışdır.

5. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin fevral ayından dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

6. Bundan sonra cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-8590/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçının əmək pensiyası 57 yaşından yenidən hesablanmaqla, xx.xx.2020xx.xx.2020-ci illər üzrə 425,49 manat, xx.xx.2021-xx.xx.2021-ci illər üzrə 474,00 manat, xx.xx.2022-xx.xx.2022-ci illər üzrə 490,11 manat, xx.xx.2021-xx.xx.2022-ci illər üzrə 754,61 manat, xx.xx.2023-xx.xx.2023-cü illər üzrə 884,65 manat, xx.xx.2024-cü il tarixdən ömürlük 983,73 manat məbləğində müəyyən edilməklə, azaldılmışdır.

7. Həmin qərardan 1 (bir) gün sonra cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, 3-17-1/3-3-8776/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla 3-17-1/3-3-8590/2024 nömrəli qərar etibarsız hesab edilmiş, iddiaçının əmək pensiyası yenidən 57 yaşından yenidən hesablanmaqla, xx.xx.2016-xx.xx.2016-cı illər üzrə 354,29 manat, xx.xx.2019-xx.xx.2019-cu illər üzrə 364,91 manat, xx.xx.2020xx.xx.2020-ci illər üzrə 425,49 manat, xx.xx.2021-xx.xx.2021-ci illər üzrə 474,00 manat, xx.xx.2022-xx.xx.2022-ci illər üzrə 490,11 manat, xx.xx.2021-xx.xx.2022-ci illər üzrə 754,61 manat, xx.xx.2023-xx.xx.2023-cü illər üzrə 884,65 manat, xx.xx.2024-cü il tarixdən ömürlük 983,73 manat məbləğində müəyyən edilməklə, azaldılmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin tarixdən 2024-cü il yanvar ayına qədər pensiyanı qeyd olunan məbləğdə almışdır, fevral ayında pensiyası dayandırılmışdır. Bununla bağlı cavabdehə müraciət etmiş, müraciətinə heç bir cavab verilməmiş, şifahi olaraq bildirilmişdir ki, pensiyası daxili qərara əsasən dayandırılmışdır, məlumat veriləcək. Lakin mart ayına qədər ona heç bir cavab verilməmiş və xx.xx.2024-cu il tarixdə yenidən müraciət etmiş, hələ də müraciətinə cavab verilməmişdir. Fevral, mart, aprel ayları ona heç bir səbəb göstərilmədən, orqana dəvət edilmədən, heç bir məlumat verilmədən pensiyası ödənilməmişdir. Cavabdeh orqan, imtinanın əsası kimi şifahi olaraq qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən deyil, 52 yaşının tamam olduğu xx.xx.2011-cu il tarixindən təyin edilməli idi. xx.xx.2010-cu il tarixində “Əmək pensiyaları haqqında” Qanunun redaksiyasına əsasən isə əmək pensiyası orta əmək haqqı məbləğinə yox, sığorta kapitalına əsasən hesablanmalı idi. İddiaçı cavabdehin bu mövqeyi ilə razılaşmır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən, 50 yaşına çatmış kişilər azı 20 il sığorta stajı olduqda bu müddətin 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bunu nəzərə alaraq qeyd edir ki, pensiya məbləğinin hesablanması xx.xx.2010-cu il tarixindən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun hesablanmamalıdır. Pensiya məbləği sığorta kapitalına uyğun yox, orta əmək haqqına uyğun hesablanmalı idi.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısında “Ümumi peşələr” bölməsinin (XXİİİ) 12100000—11620 kodu üzrə “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə elektrik qaynaqçıları” vəzifəsi, Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında Ümumi Peşələr (XXXİİİ) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filialda mövcud olan sənədlərində xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-də elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi elektrik qaynaqçısı vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulan rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə elektrik vəzifəsinə aid deyil. Bu səbəbdən də 1 nömrəli Siyahı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 57 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixindən pensiya sığorta kapitalına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğu halda, 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən qanunvericiliyə zidd olaraq əmək haqqına əsasən əmək pensiyası hesablanaraq ödənilmişdir.

10. Bundan başqa, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlar araşdırılarkən, həmin sənədlərə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyünə əsaslı şübhələr yaranmışdır. Belə ki, xx.xx.2007-ci il tarixində güzəştlişərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun Abşeron rayon şöbəsinə müraciət edərkən iddiaçının təqdim etdiyi AZE № 04602393 seriyalı şəxsiyyət vəsiqəsinin surətində yaşayış yeri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sabir küçəsi, ev 4, mənzil 3 olduğu göstərilsə də, müvafiq altsistemdə mövcud olan məlumatlarda onun həmin seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yerinin Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 37, mənzil 60 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bu səbəbdən də iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. Eyni zamanda cari ilin iyun ayında iddiaçıya Mərkəzi Filial tərəfindən 57 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixindən Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq 310,34 manat (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 490,11 manat) məbləğində güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin olunduqdan sonra 6 il işləməyilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 25392,00 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (25392,00:96 ay (65 il-63 il = 24 ay+(144 ay-72 ay)=264,50 manat) əmək pensiyası xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq 490,11 manatdan 754,61 manata (490,11+754,61) artırılmışdır. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası üzrə ona 350312,65 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 350312,65 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə əlaqədar əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixindən iddiaçının pensiya məbləği 983,73 manat təşkil edir.

11. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8590/2024 nömrəli və xx.xx.2024cü il tarixli, 3-17-1/3-3-8776/2024 nömrəli qərarların ləğv edilməsi, güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş aylarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(118)-1370/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8590/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-38776/2024 nömrəli qərarlar ləğv edilmiş, təyin edilmiş əvvəlki pensiya məbləğinin bərpa edilməsi və ödənilməmiş aylarının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Aynur Axundova).

13. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya pensiyanın 50 yaşdan təyin edilməsi barədə qərarın qanunsuz inzibati akt olması halında belə, cavabdeh inzibati aktın ləğv olunması, dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti ötürmüş olacaqdır. Cavabdeh tərəfindən iddiaçının pensiyası hesablanarkən hər hansı halın onlara məlum olmaması səbəbindən yanlış hesablamanın aparılması və ya bu halın onlara sonradan məlum olması barədə sənəd və sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin etirazın əsası kimi qeyd etdiyi – altsistemdə mövcud olan məlumatlarda iddiaçının həmin seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yerinin fərqli qeyd edilməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Cavabdeh qeyd edir ki, 1 nömrəli siyahı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə qeyd edir ki, bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Hazırki işin hallarından isə cavabdeh inzibati orqanda iddiaçıya pensiya təyin edilən zaman hər hansı məlumatın olmaması və ya belə məlumatın əldə edilməsinin mümkünsüz olması halı müəyyən edilməmişdir. Həmçinin, işin hallarından müəyyən edilir ki, cavabdeh orqan inzibati icraat haqqında mövcud normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmişdir.

14. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 8776/2024 nömrəli qərarının pensiyanın yenidən hesablanması hissəsində ləğv edilməsi, əvvəlki əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ...

19. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

24. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

25. İşin hazırkı qərarın 1-7-ci bəndlərində qeyd olunan hallarından göründüyü kimi iddiaçıya 2009-cu ildən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası cavabdeh tərəfindən 2024-cü il ərzində 2 (iki) dəfə olmaqla, sonuncu dəfə xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-8776/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla yenidən hesablanaraq 3.622,29 manat məbləğindən 983,73 manat məbləğinə çatdırılmaqla, azaldılmışdır.

26. Apellyasiya məhkəməsində icraat zamanı iddiaçı tərəf məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

28. Cavabdeh mübahisələndirilən qərarla əmək pensiyasının yenidən hesanlanmasının əsasları olaraq: 1) iddiaçının xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-də işlədiyi elektrik qaynaqçısı vəzifəsinin 1 nömrəli Siyahıda nəzərdə tutulan müvafiq vəzifəyə (rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə elektrik qaynaqçısı) aid olmadığı, bu baxımdan, ona 57 yaşının tamamlandığı xx.xx.2016cı il tarixindən pensiya sığorta kapitalına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğu halda, 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən əmək pensiyasının hesablanaraq ödənilməsi; 2) şəxsiyyət vəsiqəsinin düzgünlüyünə əsaslı şübhələr yaranması hallarına istinad etmişdir.

29. Kollegiya qeyd edir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.

30. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).

31. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

32. İşin hallarından görünür ki, iddiaçının xeyrinə pensiya təyin edilməsi barədə əlverişli inzibati akt mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyi” aşkar olunduğuna istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən pensiyasını yenidən hesablayaraq məbləğini azaltmış, bununla da, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz müdaxilə etmişdir.

33. Həmçinin, nəzərə almaq lazımdır ki, analoji mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2- 1(102)-3135/2024 nömrəli qərarında qeyd edilmişdir ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı.

34. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir.

35. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır.

36. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

37. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.

38. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.

39. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh inzibati orqan iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8776/2024 nömrəli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və apellyasiya şikayətində hansı hallara görə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə 2009-cu ildə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların bundan 25 ilə yaxın müddət keçdikdən sonra - məhz xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmamasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır.

40. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.

42. Məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək, eləcə də, vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8776/2024 nömrəli qərar inzibati icraat qaydalarının pozulması ilə qəbul edildiyindən, habelə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.

43. Beləliklə, kollegiya işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(118)-1370/2025 nömrəli qərarı dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-8776/2024 nömrəli qərarı pensiyanın yenidən hesablanması hissəsində ləğv edilsin, əvvəlki əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş ayların ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar