Məhkəmə qərarları › İş №2-1(105)-535/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-535/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-535/2022 01.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X3, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin üzərinə Loğman Səhmdar Cəmiyyəti Respublika X11 məktəbi tərəfindən ona verilmiş xx.xx.1998-ci il tarixli A002008 nömrəli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-990/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. A002008 saylı diplomdan görünür ki, X6 1995-ci ildə Respublika təsərrüfat hesablı “Loğman” Tibb məktəbinin “Mamalıq işi” şöbəsinə daxil olmuş və 1998-ci ildə mama ixtisası üzrə tam kursu bitirmişdir.

2. AZ-1 005870 saylı, 03 may 1999-cu il tarixli əmək kitabçasından görünür ki, Nəbiyeva (Məmmədxanova) Zəminə Hacıağa qızı 03 may 1999-cu ildən tibb bacısı vəzifəsində işləyir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İddiaçı ünvanladığı 28 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, “Loğman” tibb məktəbi tərəfindən adına yazılmış A seriyalı 002008 nömrəli diplom barədə Səhiyyə Nazirliyində məlumat yoxdur və adına yazılan təhsil haqqında sənədin dövlət nümunəli sənəd olduğu barədə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən arayış təqdim edildikdən sonra müraciətinə baxıla bilər.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı 26 oktyabr 2021- ci il tarixli məktubunda qeyd olunmuşdur ki, adına yazılmış A 002008 nömrəli diplom blankının hüquqi əsası yoxdur.

5. Məhkəmə sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, fəaliyyəti dövründə Respublika Təsərrüfat Hesablı “Loğman” Tibb məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom blankları verilmədiyindən “Loğman” Tibb Məktəbi tərəfindən İddiaçı adına yazılmış A002008 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Respublika Təsərrüfat Hesablı “Loğman” Tibb Məktəbinin fəaliyyəti dayandırıldıqdan sonra həmin məktəbin arxiv sənədləri Təhsil Nazirliyinə təqdim olunmadığına görə Məmmədxanova (Nəbiyeva) Zəminə Hacıağa qızının 1995-1998-ci illərdə Loğman tibb məktəbində oxuyub-oxumaması, ona həmin təhsil müəssisəsində təhsil almasına dair diplom verilib-verilməməsi, həmin dövrlərdə təhsil almış və diplomları almış şəxslər barədə məlumatların verilməsi imkan xaricindədir.

6. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 18 aprel 2022-ci il tarixli 4/687 saylı məktubundan görünür ki, sorğuda qeyd olunan “Loğman” Tibb Məktəbiinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia qaldıraraq cavabdehin “Loğman” Səhmdar Cəmiyyəti Respublika X11 məktəbi tərəfindən onun, yəni X2 adına 26 fevral 1998-ci il tarixdə verilmiş A002008 nömrəli diplomun dövlət nümunəli sənəd olmasını tanımaqdan imtina etməsinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə göstərilən diplomun dövlət nümunəli sənəd olmasını tanımaq öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “cavabdehin üzərinə Loğman Səhmdar Cəmiyyəti Respublika X11 məktəbi tərəfindən ona verilmiş xx.xx.1998-ci il tarixli A002008 nömrəli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, o xx xxxx 1979-cu il tarixdə anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikası təsərrüfat hesablı “Loğman” Tibb məktəbinin “Mamalıq işi” şöbəsinə daxil olmuş və 1998-ci ildə həmin məktəbin “Mama” ixtisası üzrə tam kursunu bitirmişdir. Müstəqil ixtisas komissiyasının 26 fevral 1998-ci il tarixli qərarı ilə ona “mama” ixtisası verilmişdir. Göstərilən Tibb Məktəbini bitiməsi barədə onun, yəni, X2 adına 26 fevral 1998-ci il tarixli, qeyd nömrəsi 2008 olan A №002008 nömrəli diplom verilmişdir. 21 oktyabr 2000-ci il tarixdə o, X1 ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikah bağlandıqdan sonra ərinin soyadı olan “Məmmədxanova” soyadını qəbul etmiş və xx.xx.2014-cü il tarixdə Xaçmaz RPŞ tərəfindən adına verilmiş AZE №******** saylı şəxsiyyət vəsiqəsində soyadı Məmmədxanova göstərilmişdir. 03 may 1999-cu il tarixdə o, Azərbaycan Respublikası Dəmir Yolları İdarəsinin Xaçmaz Stansiyasındakı Tibb məntəqəsinə Tibb bacısı vəzifəsinə işə qəbul olunaraq hal-hazırki vaxtadək həmin vəzifədə çalışır. Azərbaycan Dəmir Yolları QSC Həkim Sanitar Xidməti üzrə verilmiş xx.xx.2021-ci il tarixli 434-К saylı əmri ilə o “Tibb bacısının işi” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixədək 2 nömrəli Bakı Baza Tibb Kollecinə göndərilmişdir. Bununla bağlı həmin Kollecdən ona bildirmişlər ki, “Loğman” Tibb Məktəbinin adına verdiyi A seriyalı 002008 nömrəli diplomun Səhiyyə Nazirliyində qeydiyyatda olub-olmaması barədə həmin nazirliyə müraciət etməlidir. Ona görə də o rəsmi ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etmiş və müraciətinə nazirliyin X8 müdiri Səidə Rüstəmovanın imzası ilə xx.xx.2021-ci il tarixli 5-51/M-10828 saylı məktubla cavab verilmişdir ki, Loğman” Tibb Məktəbi tərəfindən adına yazılmış A seriyalı 002008 nömrəli diplom barədə Səhiyyə Nazirliyində məlumat yoxdur, həmin sənədin dövlət nümunəli sənəd olduğu barədə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən arayış təqdim olunduqdan sonra müraciətinə baxıla bilər. Bundan sonra o, rəsmi ərizə ilə Təhsil Nazirliyinə müraciət edərək adına olan A seriyalı 002008 nömrəli diplomun dövlət nümunəli sənəd olması barədə rəy verilməsini xahiş etmişdir. Həmin ərizəsinə Təhsil Nazirliyinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Məmmədovun imzası ilə 26 oktyabr 2021-ci il tarixli M-14525/31- 24 saylı məktubla cavab verilmişdir ki, adınıza yazılmış A002008 nömrəli blankının hüquqi əsası yoxdur. Hesab edir ki, Təhsil Nazirliyinin ərizəsinə həmin imtina cavabı qanunsuz və əsassızdır. Belə ki, o 1995-ci ildə qəbul imtahanlardan müvəfəqiyyətlə keçərək “Loğman” Tibb Məktəbinə qəbul olunmuş və 3 il ərzində həmin məktəbdə əyani təhsil alaraq müstəqil ixtisas komissiyasının 26 fevral 1998-ci il tarixli qərarı ilə ona “mama” ixtisası verilmişdir. 26 fevral 1998-ci il tarixdə “Loğman” X11 Məktəbinin möhürü ilə təsdiq edilmiş, qeyd nömrəsi 2008 olan A 002008 nömrəli diplom verilmişdir. Həmin diplom əsasında o, yuxarıda qeyd etdiyi kimi 1999-cu ildə X9 məntəqəsinə tibb bacısı vəzifəsinə qəbul olunmuş, hazırki vaxtadək həmin vəzifədə çalışır. 22 ildir ki, o, ixtisası üzrə çalışır və işin öhdəsindən layiqincə gəlir. Təhsil Nazirliyindən rədd cavabını aldıqdan sonra məsələ ilə maraqlandıqda məlum olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara almışdır. 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında X16 Komissiyasının rəyinə əsasən “Loğman” Səhmdar Cəmiyyətinin Respublika təsərrüfatı hesablı tibb məktəbi qeyri-dövlət orta ixtisas təhsilli müəssisəsi kimi qeydiyyata alınsın. Müəyyən edilsin ki, tibb məktəbində 0401 “Müalicə işi”, 0402 “Mamaçılıq işi”, 0405 “Əczaçılıq işi”, 0406 “Ortopedik stomotologiya”, 0408 “Tibb bacısı işi” ixtisasları üzrə 3 il müddətinə kiçik mütəxəssis hazırlığı aparılır. 2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tibb məktəbinin nizamnaməsini müəyyən olunmuş qaydada qeydə alsın. Göründüyü kimi, adına olan diplomu vermiş “Loğman” Tibb Məktəbi Nazirlər Kabinetinin rəsmi qərarına əsasən fəaliyyət göstərmiş və həmin qərarla Təhsil Nazirliyinə tapşırılmışdır ki, tibb məktəbinin nizamnaməsini qeydə alsın. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabineti aşağıdakı məzmunda 30 dekabr 2007-ci il tarixli 221 nömrəli qərarı qəbul etmişdir: “Loğman” Səhmdar Cəmiyyətinin Respublika X11 məktəbinin qeydiyyata alınması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 fevral tarixli 16 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 2.Bu qərar imzaladığı gündən qüvvəyə minir. Göründüyü kimi Loğman Tibb Məktəbi 12 fevral 1996 il tarixdə NK-nin qərarı ilə qeydiyyata alınmış və həmin orqanın 30 dekabr 2007- ci il tarixli qərarı ilə qeydiyyatı ləgv edilmişdir, yəni onun təhsil aldığı müddətdə bu təhsil müəssisəsi qanuni əsaslarla fəaliyyət göstərmişdir. Ona görə də hesab edir ki, cavabdehin adına olan A seriyalı 002008 nömrəli diplomun dövlət nümunəli sənəd olduğu barədə rəy verilməsinə dair ərizəsinə “diplom blankının hüquqi əsası yoxdur” kimi cavab verilməsi tamamilə əsassızdır.

10. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bildirilir ki, xarici dövlətlərin ali təhsil müəssisəslərində təhsil almış şəxslərin diplomların tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın təsdiq edilməsi haqqında 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. İddiaçının orta ixtisas haqqında təqdim etdiyi diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qanuniliyi müəyyən edilə bilər. “Loğman” Səhmdar Cəmiyyətinin X11 məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 16 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Tibb məktəbinin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 31-ci maddəsinə görə, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir. Fəaliyyət dövründə (1996-2007-ci illər) “Loğman” X11 məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir. Həmçinin iddiaçının adına “Loğman" tibb məktəbi tərəfindən yazılmış A 002008 saylı diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. “Loğman” Tibb Məktəbinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş və o əsasla Tibb Məktəbinin məzunlarına dövlət nümunəli diplomlar verilməmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-990/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad etməklə göstərir ki, onun iddia ərizəsində əks olunmuş ilkin iddia tələbi “Loğman” Səhmdar Cəmiyyəti Respublika Təsərrüfat hesabı tibb məktəbi tərəfindən X2 adına 26 fevral 1998-ci il tarixdə verilmiş A002008 nömrəli diplomun dövlət nümunəli sənəd olmasını tanımaqdan imtina etməsini qanunsuz hesab edilməsi və cavabdehin üzərinə göstərilən diplomun dövlət nümunəli sənəd olmasının tanımaq öhdəliyinin qoyulmasına dair olmuşdur. Sonradan məhkəmə tərəfindən göstərilmiş hüquqi yardımından sonra o, iddia ərizəsinə dəqiqləşmə verərək iddia tələbinin “cavabdehin üzərinə Loğman Səhmdar Cəmiyyəti Respublika X11 məktəbi tərəfindən X2 adına verilmiş xx.xx.1998-ci il tarixli A002008 nömrəli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi öhdəliyinin qoyulması” formasında qəbul edilməsini xahiş etmişdir. İşə cavabdehin mövqeyindən baxmış məhkəmə öz qərarını cavabdehin iddia ərizəsinə qarşı etirazda göstərilənlərə uyğun əsaslandırmış, belə qənaətə gəlmişdir ki, 1995-1998-ci illərdə təhsil aldığı-“Loğman” Səhmdar Cəmiyyəti həmin vaxt qüvvədə olmuş Təhsil Qanununun tələblərinə uyğun qeydiyyata alınmamış, həmin təhsil müəssisənin dövlət reyestrinə daxil edilməsi və müvafiq sertifikatın verilməsi müəyyən olunmuş, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl tədris müəssisələri qeyri-qanunidir və bu tədris müəssisələrinin verdikləri təhsil sənədləri etibarsız sayılır, belə olan halda məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi diplomun hər hansı bir hüquqi qüvvəsi olmadığından, onun yenisi ilə əvəz edilməsinə dair tələbi də əsassızdır. “Loğman” Səhmdar Cəmiyyəti Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəli qərarı ilə qeydiyyata alınmış və Təhsil Nazirliyinə tapşırılmışdır ki, həmin təhsil müəssisəsinin nizamnaməsini müəyyən olunmuş qaydada qeydə alınsın. Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 221 nömrəli qərarı ilə “Loğman” Səhmdar Cəmiyyətinin qeydiyyatı ləğv edilmişdir. Sual olunur Nazirlər Kabinetinin qərarı ilə qeydiyyata alınmış “Loğman” Səhmdar Cəmiyyətinin fəaliyyəti hansı əsasla məhkəmə qeyri-qanuni hesab edə bilər. O, ölkənin vətəndaşı olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüququndan istifadə edərək dövlət qeydiyyatına alınmış “Loğman” Səhmdar Cəmiyyətinə sənədlər verib imtahanlardan keçmişdir və 3 il ərzində təhsil haqqı ödəyərək təhsil almışdır. Ona diplom verilib və 23 ildir ki, o ixtisası üzrə işləyir. Əgər “Loğman” Səhmdar Cəmiyyəti qanunsuz olaraq fəaliyyət göstərmişdirsə, nə üçün Nazirlər Kabinetinin sədri onun dövlət qeydiyyatına alınması və nizamnamənin təsdiq edilməsi barədə sərəncam imzalayır? Nə üçün onun kimi vətəndaşların (o cümlədən onun valideynlərinin) ödədiyi vergilər hesabına dövlətdən yüksək əmək haqqı almış həmin dövrün Baş prokuroru, X15 və digər səlahiyyətli şəxslər “Loğman Səhmdar Cəmiyyətinin” qanunsuz fəaliyyətinin qarşısını almamışlar. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlmişdir ki, “Loğman Səhmdar Cəmiyyəti Respublika X11 məktəbi guya lazımi qaydada yaradılmamış təhsil müəssisəsi olmuş və onun verdiyi diplomların etibarsız hesab olunması müəyyən edilmişdir.”

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. 7 oktyabr 1992-ci il tarixıli Azərbaycan Respublikasının Təhsil Qanunu (19 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir) - 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir. Bu funksiyanı müstəqil surətdə həyata keçirmək üçün Xalq Təhsili Nazirliyi sistemində X16 Komissiyası yaradılır. Komissiyanın Əsasnaməsini hökumət təsdiq edir. - 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. - 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılır, yenidən təşkil olunur, ləğv edilir. Təhsil müəssisəsi Azərbaycan Respublikası hökumətinin müəyyən etdiyi qaydada qeydiyyatdan keçdikdən sonra müstəqil hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnamə təhsil müəssisəsinin ali orqanında qəbul olunur və təhsili idarəetmə orqanı tərəfindən qeydiyyata alınır. - 31-ci maddəsinə əsasən Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 1993-cü il tarixli, 60 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdində Ekspert Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyası əsaslandırılmış qərar çıxardır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edilir və müvafiq sertifikat verilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29 iyul 1993-cü il tarixli, 413 saylı qərarının 7-ci bəndinə əsasən dövlət qeydiyyatından keçib sertifikat almamış özəl tədris müəssisələri qeyri-qanunidir və bu tədris müəssisələrinin verdikləri təhsil sənədləri etibarsız sayılır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 1994-cü il tarixli, 58 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsi”nin 3.5-ci bəndində müəyyən edilmişdir ki, Təhsil Nazirliyi (...) həvalə edilmiş vəzifələrə uyğun olaraq:- məzunların təhsil müəssisələrini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədlinin nümunəsini müəyyən olunmuş qaydada təsdiq olunmaq üçün təqdim edir, məzunların sayına müvafiq olaraq təhsil müəssisələrini sənəd blankları ilə təmin edir.

20. Ali təhsilin bakalavr pilləsi üçün təhsil sənədlərinin nümunələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 yanvar 1997-ci il tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 6 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir) Azərbaycan Respublikası Təhsil Qanununun 8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Ali təhsilin bakalavr pilləsi üçün diplomun, ona əlavənin və akademik arayışın Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş nümunələri təsdiq edilsin (əlavə olunur).

21. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən vəkil və nümayəndələrin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. İşdən görünür ki, X4 Respublika təsərrüfat hesablı “Loğman” Tibb məktəbi tərəfindən onun 1995-ci ildə “Mamalıq işi” şöbəsinə daxil olması və oranı 1998-ci ildə mama ixtisası üzrə tam kursu bitirməsinə dair A002008 nömrəli diplom təqdim olunmuşdur.

25. Hazırkı mübahisənin yaranmasına səbəb iddiaçının diplomunun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi ilə bağlı müraciətinin təmin edilməsindən cavabdehin imtinası olmuşdur.

26. Birinci instansiya məhkəməsi araşdırma apararaq bu nəticəyə gəlmişdir ki, iddiaçının təhsil aldığı müəssisə ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekspert Komissiyasının qərarının qəbul edildiyi müəyyən edilməmişdir. Belə olan halda həmin müəssisənin dövlət reyestrinə daxil edilməsi və müvafiq sertifakatın verilməsi də müəyyən olunmur.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan yuxatıda istinad edilən normalar əsasən təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. Sadalanmış qanunveriicliyin mübahisəli məsələ ilə bağlı tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin yanında Ekspert Komissiyası yaradılır ki, həmin Komissiyanın təhsil müəssisəsi ilə bağlı qəbul etdiyi müsbət qərar əsasına daha sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəssisənin qeydə alınması barədə qərar qəbul olunmalıdır. Yalnız bundan sonra müəssisə dövlət reyestrinə daxil edilməli və ona sertifikat verilməlidir. Qeyd edilmiş prosedura riayət edildiyi təqdirdə təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılmış hesab edilir və müstəqil hüquqi şəxs statusu alır.

28. Hazırki iş üzrə isə iddiaçının təhsil aldığı müəssisə ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekspert Komissiyasının qərarı qəbul edilməmişdir. Belə olan halda həmin müəssisənin dövlət reyestrinə daxil edilməsi və müvafiq sertifakatın verilməsi də müəyyən olunmur.

29. Maddələrin tələblərindən göründüyü kimi, yalnız ekspert Komissiyasının rəyi əsasında Nazirlər Kabinetində dövlət qeydiyyatından keçmiş təhsil müəssisələrini vahid formada dövlət sənədi olan diplom blankları ilə təmin edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəzifəsi kimi müəyyən edilmişdir. Göstərilmiş qaydada yaradılmamış təhsil müəssisələrinin verdiyi diplomların isə etibarsız hesab olunması müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi diplomun hər hansı bir hüquqi qüvvəsi olmadığından, onun yenisi ilə əvəz edilməsinə dair tələbi də əsassızdır.

30. İş materiallarına əlavə edilmiş Azərtac-Azərbaycan Dövlət İnformasiya Agentliyinin 16 yanvar 2008-ci il tarixli məlumatından görünür ki, “Loğman” X11 Məktəbinin Dövlət qeydiyyatı ləğv olunmuşdur. Belə ki, Təhsil Nazirliyindən bildirmişlər ki, “Loğman” SC-nin X11 məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 fevral tarixli 16 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Bu vaxtadək onun fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir. Fəaliyyət dövründə (1996-2007-ci illər) “Loğman” X11 məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir. 2006-cı ildə Təhsil Nazirliyinin vəsatəti əsasında Nazirlər Kabineti tərəfindən “Loğman” X11 məktəbinə tələbə qəbulu dayandırılmışdır. Lakin 2007-ci ildə yeni dərs ilinin əvvəlində Təhsil Nazirliyinə “Loğman” X11 məktəbinə qanunsuz tələbə qəbulunun davam etdirildiyi barədə məlumat daxil olmuşdur. Bu barədə Respublika Prokurorluğuna məktub göndərilmiş və məktəbin dövlət qeydiyyatının ləğvi ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır. Nəticədə Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 221 nömrəli qərarı ilə “Loğman” X11 məktəbinin dövlət qeydiyyatı ləğv olunmuşdur.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, qərarın əsaslandırıcı hissəsində istinad olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, həmin tibb məktəbi lazımi prosedur qaydalara riayət olunmaqla dövlət qeydiyyatından keçməmiş, tibb məktəbinin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, tibb məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir. Bundan əlavə, iddiaçının həmin tibb müəssisəsinə daxil olduğu 1995-ci ildə belə həmin müəssisə istinad edilən Nazirlər Kabinetinin 1996-cı il 12 fevral tarixli qərarı ilə hələ qeydiyyata belə alınmışdır.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-990/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar