Məhkəmə qərarları › İş №2-1(105)-536/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-536/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-536/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şabran rayon İcra Hakimiyyətinə qarşı iş üzrə açar sözlər: XDS-i Rəyasət Heyətinin qərarının hissəvi etibarsız hesab edilməsinin mümkün sayılmaması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X10 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 və 3-cü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995-ci il tarixli, 4 nömrəli qərarının X2 Ağalıq kəndi ərazisində fərdi mənzil tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair hissəsinin etibarsız hesab edilməsi” tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(118)-142/2021 saylı qərardadından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995-ci il tarixli, 4 nömrəli qərarının X2 Ağalıq kəndi ərazisində fərdi mənzil tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair hissəsinin etibarsız hesab edilməsinə” dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddianın əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 28.02.1995-ci il tarixli, 4№-li qərarı ilə Babayev Məmmədəli İskəndər oğluna Şabran rayonu Ağalıq kəndi ərazisindən fərdi mənzil tikintisi üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Lakin 1995-ci ildə verilmiş qərarda həyətyanı torpaq sahəsinin hansı ərazidən verilməsini nəzərdə tutan xəritə, sxem, cizgilər, eskizlər göstərilməmiş və qərara əlavə edilməmişdir. Bundan başqa həmin torpaq sahəsinin M.Babayevə fərdi mənzil tikintisi üçün verilməsinə dair təhkim aktı və rayon torpaq şöbəsi tərəfindən rəy verilməmişdir. Hesab edir ki, Şabran rayon XDS Rəyasət Heyəti tərəfindən verilmiş həmin qərar qanunauyğun verilməmişdir və ləğv olunmalıdır. Həmçinin 1995-ci ildə XDSnin Rəyasət Heyəti öz səlahiyyətlərini rayon İcra Hakimiyyətinə vermişdir və həmin vaxtdan da Şabran rayon XDS RH-nin vətəndaşlara torpaq sahəsi ayırması səlahiyyəti yox idi. Lakin 2011-ci ildə qərarın verildiyindən 16 il keçəndən sonra qanunsuz verilmiş həmin qərardan istifadə edərək torpaq sahəsinin planı və ölçüsü barədə sənəd və çıxarış almışdır. Həm də XDS Rəyasət Heyətinimn qərarında M.Babayevə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsü, cizgiləri, planı, sxemi və Ağalıq kəndinin hansı tərəfindən verilməsi göstərilmədiyi halda 2011-ci ildə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə həmin sahənin uzun müddət, yəni 1989-cu ildən onun istifadəsində olan 0,12 ha torpaq sahəsinin üzərinə salınmışdır. Qanınsuz və əsassız verilmiş XDS Rəyasət Heyətinin qərarından dolayı yollarla 1989-cu ildən hazıra kimi mübahisəsiz istifadə etdiyi 0,12 ha torpaq sahəsini əlindən almaq istəyirlər. Şabran rayonu Ağalıq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi əvvəl onun valideyinlərinin, daha sonra isə onun istifadəsində olmuşdur. Valideynləri həmin torpaq sahəsini 1989-cu ildə Didenko soyadlı rus millətindən olan şəxsdən almışlar. Bundan əlavə həmin torpaq sahəsində yerləşən sovxoza məxsus şüşə ambarı əmlak payı kimi mərhum anası X3 və ona əmlakdan pay haqqı kimi verilməsi barədə 24.03.2000-ci il tarixli, 93 saylı aktla verilmişdir. 2007-ci ildə həmin torpaq sahəsinin ona satılması üçün Ağalıq bələdiyyəsinə müraciət edərək 700 manat pul da ödəmişdir. Həmin pulun 352 manata aid qəbzi ondadır. Bələdiyyə sədri sənədləşdirməni həyata keçirəcəyinə söz vermişdir. Bu səbəbdən o, həmin əraziyə daş tökərək ev tikməyə başlamışdır. Uzun müddət ərzində torpaq vergisini ödəyərək torpağa sahiblik etmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995-ci il tarixli, 4 nömrəli qərarı ilə mübahiəsli torpaq sahəsi X2 ayrılmışdır.

Cavabdehin etirazları:

3. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon (şəhər) şöbəsi tərəfindən X2 Şabran rayonu Ağalıq kəndi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.metr torpaq sahəsi ilə bağlı sözügedən torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin qonşu sərhədləri və döngə nöqtələrinin koordinatları əks olunmuş torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. Bundan əlavə sözügedən torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən X15 rayon Şöbəsinin 01.03.2011-ci il tarixli, 58 saylı arxiv çıxarışına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon (şəhər) Şöbəsinin 02.05.2011-ci il tarixli, 425 nömrəli Torpaq sahəsinin plan və ölçüsünə əsasən 20.07.2011-ci il tarixli, AA 018765 nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. X2 rayonun Ağalıq kəndi ərazisində fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Ona görə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(118)-142/2021 saylı qərardadı (hakim V.E.Əzizova) ilə İddiaçı Cavabdehnə qarşı Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995-ci il tarixli, 4 nömrəli qərarının X2 Ağalıq kəndi ərazisində fərdi mənzil tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair hissəsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

5. Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(118)-142/2021 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin mahiyyəti üzrə baxılaraq təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun hazırkı mübahisəni qaldırmaq üçün subyektiv hüququnun olmadığını bildirərək bunu mübahisəli torpaq sahəsinin X2 hələ 1995-ci ildə, yəni torpaq islahatları keçirilməzdən əvvəl ayrıldığı ilə əsaslandırılmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, M.Babayevə Şabran rayon XDS Rəyasət Heyətinin 28.02.1995-ci il tarixli qərarı ilə Şabran rayon Ağalıq kəndi ərazisindən verilmişdir. Lakin həmin zaman 0,12 ha torpaq sahəsinin Ağalıq kəndi ərazisinin hansı hissəsindən verildiyi məlum deyildir. Qanuna əsasən vətəndaşa həyətyanı torpaq sahəsi verilən zaman həmin torpaq sahəsinin kəndin hansı hissəsindən verilməsinə dair təhkim aktı, torpaq sahəsinin rəyi, torpaq sahəsinin planı, ölçüsü və cizgiləri olması zəruridir. Lakin M.Babayevə torpaq sahəsinə dair qərar veriləndə qeyd olunan sənədlərin heç biri olmamışdır. 1995-ci ildən hal-hazıra kimi Ağalıq kəndində müxtəlif yerlərdən minlərlə vətəndaşlar həyətyanı sahələr alıb ev tikmişdir. Onda belə çıxır ki, M.Babayev həmin ev tikən şəxslərin hər birinə qarşı torpaq mübahisəsi aça bilər. Ona 1995-ci ildə 0,12 ha torpaq sahəsi üçün qərar verildiyi halda 2011-ci ildə çıxarış və digər hüquqmüəyyənedici sənədlər verilmişdir. Çıxarış alınması üçün zəruri olan yuxarıda qeyd olunan sənədlər də 2011-ci ildə hazırlanmışdır. Mübahisəli 0,12 ha torpaq sahəsi 1989-cu ildən hazıra kimi mübahisəsiz əvvəl valideynlərinin istifadəsində, sonra isə onun istifadəsində olmuşdur. Valideynləri həmin torpaq sahəsini 1989-cu ildə Didenko soyadlı rus millətindən olan şəxsdən satın almışdır. Bundan əlavə həmin torpaq sahəsində yerləşən sovxoza məxsus şüşə ambarı əmlak payı kimi mərhum anası X3 və ona əmlakdan pay haqqı kimi verilməsi barədə 24.03.2000-ci il tarixli, 93 saylı aktla verilmişdir. Qeyd edir ki, 2007-ci ildə mübahisəli torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün Ağalıq bələdiyyəsinə ərizə ilə müraciət edərək bələdiyyə sədrinə 700 manat pul da ödəmiş və həmin pulun 352 manat ödənilməsinə dair qəbzi indi də onların özlərindədir (qəbz işə əlavə olunur). Həmin vaxt bələdiyyə sədri bildirmişdir ki, 0,12 ha torpaq sahəsinin adlarına sənədləşdirilməsi onun tərəfindən həyata keçirilir, ona görə də həmin sahədə daş tökülüb ev tikməyə başlamışdır. Uzun müddət torpağın vergilərini verməklə həmin torpağa sahiblik etmişlər. 2011-ci ildə hazırda bələdiyyə sədri kimi fəaliyyət göstərən Natiq Musayev ona təklif etmişdir ki, uzun müddət istifadələrində olan 0,12 ha torpaq sahəsinə Çıxarış və digər sənədlərin alınması üçün 5000 manat pul ödəməlidir. Lakin o, bələdiyyə sədrinə bildirmişdir ki, ondan əvvəlki bələdiyyə sədrinə həmin sənədlərin alınması üçün 700 manat pul ödəmiş və 352 manat bələdiyyə büdcəsinə ödənilməsinə dair qəbzi də vardır. Lakin hazırkı bələdiyyə sədri ona torpaq sahəsi üçün sənədlər verməmişdir. Dolayı yollarla uzun müddət istifadə etdiyi 0,12 ha torpaq sahəsinə bələdiyyə sədri dostunun atası M.Babayevə Çıxarış, Texpasport və sair hüquqmüəyyənedici sənədlər hazırlayıb təqdim etmişdir. Qanuna əsasən 1989-cu ildən mübahisəsiz sahibliyində olan mübahisəli 0,12 ha torpaq sahəsinə onun daha çox hüququ çatırdı, lakin bələdiyyə sədrinin tələb etdiyi 5000 manat pulu verə bilmədiyi üçün həmin sahəni Məmmədəli Babayevə vermişdir. Sumqayıt İnzibati Məhkəməsi heç bir araşdırma aparmadan Şabran Rayon Məhkəməsinin, Apellyasiya və Ali Məhkəmələr tərəfindən eyni məsələ ilə əlaqədar iddiasının araşdırılması istənilməmiş və əsassız olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir, lakin inzibati məhkəmə nəzərə almalı idi ki, Şabran Rayon Məhkəməsi eyni məsələ ilə əlaqədar iddiasının rədd edilməsi ilə bərabər iddianın ilkin sənədlərə, yəni XDS Rəyasət Heyətinin qərarına qarşı verilməli olduğunu bildirmişdir. Şabran rayon XDS Rəyasət Heyəti inzibati orqan olduğu üçün və onun qəbul etdiyi qərar inzibati qərar olduğuna görə inzibati məhkəmə tərəfindən baxılıb həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında 20 fevral 2020-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 №-li Qərarına aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Hazırkı mübahisəyə də inzibati məhkəmə tərəfindən baxılmalı, iş üzrə tam, hərtərəfli və obyektiv qərar qəbul edilməlidir. Şabran rayon XDS X9 Babayevə Ağalıq kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin verilməsinə dair qərarın tərəfimizdən 1989-cu ildən hazıra kimi mübahisəsiz istifadə etdiyi və ev tikdirdiyi həyətyanı sahəsinə heç bir aidiyyəti yoxdur. Başqa sözlə, adıçəkilən qərarın qəbulu ilə torpaq sahəsinin təhkim aktı, plan ölçüsü sxemi, torpaq sahəsinin rəyi və s. heç bir sənədi olmamışdır. Fəaliyyətdə olan bələdiyyə sədrinin qanunsuz hərəkətləri nəticəsində Şabran rayon XDS Rəyasət Heyətinin adı çəkilən qərarının 1989-cu ildən sahibliyində olan 0,12 ha torpaq sahəsinə aid edilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Bununla da pozulmuş hüquqları inzibati məhkəmə tərəfindən bərpa olunmalıdır.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 apelyasiya şikayətini müdafiə edərək izahatında onu da vurguladı ki, Şabran rayonu Ağalıq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi əvvəl iddiaçının valideyinləri, daha sonra isə iddiaçının özünün istifadəsində olmuşdur. İddiaçının valideynləri həmin torpaq sahəsini 1989-cu ildə Didenko soyadlı şəxsdən almışdır. Bundan əlavə həmin torpaq sahəsində yerləşən sovxoza məxsus şüşə ambarı əmlak payı kimi iddiaçının mərhum anası X3 və ona əmlakdan pay haqqı kimi verilməsi barədə 24.03.2000-ci il tarixli, 93 saylı aktla verilmişdir. 2007-ci ildə həmin torpaq sahəsinin ona satılması üçün iddiaçı bələdiyyəyə müraciət edərək 700 manat pul da ödəmiş və həmin pulun 352 manatına aid qəbzi iddiaçıdadır. Bələdiyyə sədri sənədləşdirməni həyata keçirəcəyinə söz verdiyindən iddiaçı həmin əraziyə daş tökərək ev tikməyə başlamışdır. Lakin bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995-ci il tarixli qərarı ilə mübahiəsli torpaq sahəsi X2 ayrılmışdır. Göstərdiklərinə və apelyasiya şikayətində qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməklə iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş edirlər.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X8 iddianın mümkün sayılmaması barədə qəbul edilmiş qərardadın qanuna uyğun olmasını bildirərək onu da vurğuladı ki, Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995-ci il tarixli qərarı ilə atasına Ağalıq kəndi ərazisində fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmış, atası torpaq sahəsi üzərində 21.07.2011-ci il tarixdə mülkiyyət hüququnu əldə etmiş və iddiaçı ilə onların arasında mülki qaydada – “hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi, torpağa mülkiyyət hüququnu müəyyən edən çıxarışın və plan və ölçü sənədinin verilməsinə” dair mübahisə olmuşdur. Həmin iş üzrə İddiaçı, cavabdeh isə atası X6 olmuşdur. Mülki mübahisəyə baxan Şabran Rayon Məhkəməsi iddianı rədd etmiş və sonda yuxarı instansiyalarda da baxılaraq qətnamə qanuni qüvvəsini almışdır. Torpaq sahəsi onların mülkiyyətində olsa da, iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə etiraz etməmişlər, lakin indi həmin torpaq sahəsində iddiaçının ev tikmək istədiyi üçün aralarında mübahisə yaranmışdır. İddiaçının 352 manat ödənişilə bağlı onu da qeyd edir ki, iddiaçı torpaq sahəsi ilə bağlı bələdiyyəyə müraciət etmiş, bələdiyyə sədri ona torpaq sahəsinin başqasının olduğunu bildirmiş, o, da mübahisə əsasında gedib bələdiyyənin bank hesabına 352 manat ödəniş edərək, qəbzi özündə saxlamışdır. Lakin həmin ödəniş qəbzi torpaq sahəsinin iddiaçıya məxsus olması üçün sübut deyil. O, bələdiyyə sədri ilə dost olduğu üçün iddiaçı hər yerdə bələdiyyə sədrinin adını qeyd edir, amma bu torpaq atasına bələdiyyə sədri tərəfindən deyil, heç bələdiyyələr yaranmamışdan əvvəl XDS tərəfindən verilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan və ləğv edilməsi üçün heç bir əsas olmadığından apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

Tədbiq edilən hüquq

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

15. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

16. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

19. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

20. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

24. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

25. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hazırkı qərarın 10-22-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı onunla əsaslandırmışdır ki, hazırkı mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Bu onunla əsaslandırılır ki, mübahiəsli torpaq sahəsi üçüncü şəxsə hələ 1995-ci ildə, yəni torpaq islahatları keçirilməzdən əvvəl ayrılmışdır. İddiaçıya sonradan əmlak payının ayrılması və həmin tikilinin mübahisəli torpaq sahəsində yerləşməsi iş materialları ilə təsdiq edilmir və təsdiq olunsa belə, bu hal iddiaçıya hazırkı iddianı qaldırmaq üçün hüquq vermir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün hər hansı bir subyektiv hüququ müəyyən olunmur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüquqları pozulmamışdır.

29. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin hazırkı qərardadın 6-cı bəndində əksini tapan apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz, ona görə ki, həmin dəlillərdə iddiaçı yalnız mübahisəli torpaq sahəsinin valideynləri tərəfindən rus əsilli vətəndaşdan satın almaqla 1989-cu ildən istifadələrində olmasını, sonralar həmin torpaq sahəsində yerləşən sovxoza məxsus şüşə ambarının əmlak payı kimi mərhum anası X3 və ona əmlakdan pay haqqı kimi verilməsi barədə 24.03.2000-ci il tarixli, 93 saylı aktla verilməsini, ən nəhayət 2007-ci ildə mübahisəli torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün Ağalıq bələdiyyəsinə ərizə ilə müraciət edərək bələdiyyə sədrinə 700 manat pul ödəməsi və həmin pulun 352 manat ödənilməsinə dair qəbzin özündə olmasına əsaslanaraq işə inzibati məhkəmə tərəfindən baxılmasının vacibliyini qeyd etmiş olsa da, həmin torpaq sahəsinin valideynləri tərəfindən rus əsilli vətəndaşdan almasını, həmin torpaq sahəsində sovxoza məxsus şüşə ambarının yerləşməsinə dair sübutların, o cümlədən mərhum anası X3 və ona əmlakdan pay haqqı kimi 24.03.2000-ci il tarixli, 93 saylı aktla verilmiş şüşə anbarının məhz həmin torpaq sahəsinə yerləşməsinə dair təhkim aktını, eləcə də bələdiyyəyə ödənilmiş 352 manat pulun isə təyinatına dair aidiyyəti sübutlarını təqdim etməmişdir.

30. Digər tərəfdən işdə olan məhkəmə aktlarından görünür ki, İddiaçı cavabdeh X2 qarşı mübahisəli torpaq sahəsinə dair sonuncunun adına verilmiş MA seriyalı, ******* saylı Çıxarışın və 018765 saylı Torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və mübahisələndirilən torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsinin onun adına planı və ölçüsü sənədinin, eyni zamanda həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun müəyyən edilməklə Dövlət reyestrindən Çıxarış verilməsinə dair iddia tələbi Şabran Rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş, İddiaçı tərəfindən veriılmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Sumqayıt Apelyasiya Məhkəməsinin 31.07.2019-cu il tarixli qətnaməsinə və Ali Məhkəmənin 10.01.2020-ci il qərarına əsasən təmin edilməyərək ilkin məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır.

31. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

32. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

33. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe ondan ibarətdir ki, “subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır”.

34. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qanunvericiliyin tələbləri baxımından iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Bu baxımdan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı X1 apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(118)-142/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 70) vasitəsilə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar