Məhkəmə qərarları › İş №2-1(105)-536/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-536/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-536/2023 06.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2- 1(118)-994/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Abşeron rayon İcra Hakimiyyətinin 488 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evlərinin tkintisi üçün Saray üzümçülük sovxozunun torpağından Saray qəsəbəsinə 34.7 ha, o cümlədən hər ailəyə 0.10 ha hesabı ilə 250 ailəyə 25 ha həyətyanı torpaq fondu ayrılmışdır

2. Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixlli 47 saylı sərəncamı ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Saray qəsəbə icra nümayəndəliyinin sərəncamına ayrılmış 34.7 ha torpaq sahəsindən İİİ küçəsindəki 08 saylı sahəsində İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılması və ona həmin sahədə mənzil tikməyə icazə verilməsi qərara alınmışdır.

3. DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 987 kv m torpaq sahəsinə dair tərtib edilmiş və dövlət kadastr kitabında xx.xx.2012-ci il tarixdə 18515 nömrə ilə qeydə alınmışdır.

4. Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubunda bələdiyyənin Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixlli 47 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənədin verilməsinə etiraz etmədiyi bildirilmişdir.

5. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli F-1518 saylı arxiv arayışdan görünür ki, Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixlli 47 saylı sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Saray qəsəbə icra hakimiyyətinin sərəncamına ayrılmış 34.7 ha torpaq sahəsindən İİİ küçəsindəki 08 saylı sahəsində İddiaçı qızına 0.10 ha həyatyanı torpaq sahəsinin ayrılması və ona həmin sahədə mənzil tikməyə icazə verilməsi qərara alınmışdır.

6. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir

7. Cavabdehin xx.xx.2022-ci il tarixli bildirişi ilə ərizənin icrasından imtina edilmişdir. İmtinada göstərilir ki, aparılan araşdırma zamanı vətəndaşa Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmadığı aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixdə, 1655 nömrəli Frmanla edilmiş dəyişikliyə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında onun yerli nümayəndələri tərəfindən yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yerli icra hakimiyyəti orqanları tərəfindən 3 ay müddətində fərmanın icrası ilə əlaqədar zəruri məlumatlar İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır.

Birinci instansiya məhkəməsindəki icraat

8. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 987 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsində cvabdehin imtina məktubunun məzmununa istinad edərək göstərir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha (0.0996 ha) torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə İddiaçı ayrılmışdır. Torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsinə dair iddiaçının adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixli 18515 nömrə ilə torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Hazırda torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh orqan ona torpaq sahəsinin adına qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, **********18 saylı məktub ilə daşinmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

Cavabdehin etirazının dəlilləri

10. Cavabdeh iddia tələbinə etirazında imtina məktubunun məzmununa istinad etməklə göstərmişdir ki, aparılan araşdırma zamanı vətəndaşa Abşeron rayon icra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmaması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

11. Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(118)-994/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixlli 47 saylı sərəncamı ilə ayrılmış Abşeron rayon Saray qəsəbəsində yerləşən 987 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin ölçüsü sərəncamda 0.10 ha, plan və ölçü sənədində 0.0987 ha qeyd edildiyi, faktiki isə 0.0996 ha olduuğu müəyyən edilmişdir. Şikayətdə daha sonra Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Prezidentininb 664 saylı Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada) ...“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” : Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

19. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

22. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə İddiaçı 0,10 ha (0.0996 ha) həyətyanı torpaq sahəsi qanunamüvafiq qaydada ayrıldığından birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Kollegiya Abşeron rayon İcra Hakimiyyətinin 188 saylı xx.xx.1992-ci il tarixli sərəncamı nəzərə alınmaqla Saray qəsəbə İcra Hakimiyyəti Nümayəndəliyinin müvafiq sərəncamına əsasən Saray qəsəbəsi üzrə İcra nümayəndəliyi tərəfindən İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmasını qeyd edilən torpaq sahəsi ayrılan zaman qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlir.

25. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən, aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilmişdir: “2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir.

26. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli Fərmanla artıq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxil edildiyindən və həmin Fərman iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt kimi onun qüvvəsi geriyə şamil edilməli olduğundan Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli sərəncamı iddiaçının müvafiq sərəncamla ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi çıxış edir.

27. Torpaq sahəsinin ayrıc aktının təqdim edilməməsi ilə bağlı dəlilə gəldikdə isə yuxarıda qeyd edildiyi kimi, həmin torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədində, habelə müvafiq qaydada təsdiqlənmiş Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən torpaq sahəsinin yerləşmə yeri və koordinatları dəqiq göstərilmişdir. Apellyasiya baxışı zamanı verilmiş suallara cavab olaraq cavabdehin nümayəndəsi torpaq sahəsinin təyinatı və kateqoriyası ilə bağlı hər-hansı uyğunsuzluğun, habelə digər şəxslərə məxsus torpaq sahələri ilə üstüstə düşmə halının olmadığını bildirmişdir.

28. Eyni zamanda torpaq sahəsini sənəd üzrə və faktiki ölçülərində olan uyğunsuzluqla bağlı dəlilə münasibətdə qeyd olunmalıdır ki, iddiaçıya müvafiq sərəncamla 0.10 ha torpaq sahəsi ayrılsa da, o iddia tələbində faktiki mövcud olan 0.0996 ha deyil, ondan az - plan və ölçü sənədində göstərilmiş 0.0987 ha sahəyə dair hüquqlarının qeydə alınmasını tələb edir ki, qeyd edilən uyğunsuzlaqlar iddianın təmin edilməməsinə əsas ola bilməz.

29. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(118)-994/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar