Məhkəmə qərarları › İş №2-1(105)-537/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-537/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-537/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı regional ərazi filialına qarşı iş üzrə açar sözlər: işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının bərpa edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı regional ərazi filialına qarşı 1969-1973-cü illərdə Xaçmaz rayonunun “İliç yolu” sovxozunda və 1995-1998-ci illərdə Xaçmaz rayon Alekseyevka kənd BKT-da işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyinin DSMF-nin 2 saylı regional ərazi filialına həvalə edilməsinə tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(118)-143/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xaçmaz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1969-1973-cü illərdə Xaçmaz rayonunun “İliç yolu” sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra məhkəmənin protokol qərarı ilə cavabdehin prosessual hüquqi varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı regional ərazi filialı ilə əvəz edilmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1969-1973-cü illərdə Xaçmaz rayonunun “İliç yolu” sovxozunda və 1995-1998-ci illərdə Xaçmaz rayon Alekseyevka kənd BKT-da işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyinin DSMF- nin 2 saylı regional ərazi filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

4. İddiaçı İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il təvəllüdlü olmaqla 1969-1973-cü illər ərzində Xaçmaz rayonun ‘‘İliç yolu” sovxozunda işləmiş, lakin həmin dövrdə fəhlə kimi işləməsi barədə iş stajı ona məlum olmayan səbəblərə görə əmək kitabçasına yazılmamışdır. Onun 1969-1973-cü illər ərzində Xaçmaz rayonunun ‘‘İliç yolu” sovxozunda işləməsi barədə 28 fevral 2018-ci il tarixli 121 nömrəli arxiv arayışında qeyd edilmişdir. Həmçinin həmin vaxtlarda onunla birlikdə işləyən şəxslər – Xaçmaz rayon sakinləri M.G.Camaləddinov, A.Ə.Hacıyev və başqaları onun həmin vaxt “İliç yolu” sovxozunda işləməsini təsdiq edə bilərlər. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Xaçmaz rayon şöbəsinə müraciət etdiyi zaman arxiv arayışında göstərilən dövrün ümumi iş stajına daxil edilməsi üçün məhkəməyə müraciət etməyi ona məsləhət görmüşlər. Arxiv arayışında göstərilmiş 1969-1973-cü illərin əmək stajı kimi əmək kitabçasına yazılması ona yaşa görə təqaüdə çıxmağı üçün zəruridir. Bununla bağlı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə baxışı zamanı iddiaşı iddia tələbini dəqiqləşdirərək iddia tələbi üzrə cavabdeh qismində DSMF-nin 2 saylı regional ərazi filialının cəlb edilməsini və 1969-1973cü illər ərzində Xaçmaz rayonunun ‘‘İliç yolu” sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, daha sonra yenidən ərizə təqdim edərək iddia tələbini bir daha dəqiqləşdirərək 1969-1973-cü və 1988-1995-ci illər ərzində Xaçmaz rayonunun ‘‘İliç yolu” sovxozunda və 1995-1998-ci illərdə Xaçmaz rayon Alekseyevka kənd BKT-da işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə öhdəliyinin DSMF-nin 2 saylı regional ərazi filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 13.04.2021-ci il tarixli etirazında qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 2№-li regional ərazi filialına müraciət edərək ona iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının ödənilməsinin bərpasını xahiş etmişdir. Fondun 2 saylı regional ərazi filialı 24.02.2020-ci il tarixli **********8 nömrəli məktubu ilə 1969-1973-cü illərdə “İliç yolu” sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığı üçün şöbənin əmək pensiyası təyin edən komissiyası tərəfindən əmək pensiyanın təyin olunmasının mümkün olmadığını və ödənişin dayandırılmasını iddiaçıya bildirmişdir. Əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçının hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan dövr daxil olmaqla ümumi iş stajı 20 il 9 ay 9 gün təşkil edir. 1969-cı il tarixdən 1973-cü il tarixədək “İliç yolu" sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən, eyni zamanda həmin dövr onun təhsil aldığı illərlə üst-üstə düşdüyündən, həmçinin əmək kitabçasında qeyd olunan müəyyən dövrlərdə əmək haqqı almadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanununamüvafiq hesab edilməmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

7. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(118)-143/2021 saylı qərarı (hakim V.E.Əzizova) ilə iddia tələbi qismən təmin edilərək İddiaçı 1970-ci ilin iyulavqust, 1971-ci ilin iyun-avqust, 1972-ci ilin sentyabr-dekabr, 1973-cü ilin yanvar-may aylarında Xaçmaz rayonunun “İliç yolu” sovxozunda və 14.04.1995-ci il tarixdən 1997-ci ilin fevral ayınadək Xaçmaz rayon Alekseyevka kənd BKT-da işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyi ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı regional ərazi filialının üzərinə qoyulması qərara alınmışdır.

8. Qərardan narazı qalan cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(118)-143/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

9. Cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli 17№-li Kollegiya qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi «Qaydaları» ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, 1 dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir, yəni 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışvı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Beləliklə, sadalanan maddələrin məzmunundan da göründüyü kimi, iddiaçının 1969-cu il tarixdən 1973-cü il tarixədək «İliç yolu» sovxozunda işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər iddiaçının əmək kitabçasında öz əksini tapmadığından sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Belə ki, iddiaçının 1995-ci il tarixdən 1998-ci il tarixədək işlədiyi dövr əmək kitabçasında qeyd olunmasına baxmayaraq, 06.05.2021-ci il tarixli 511 nömrəli arxiv arayışında 1997-ci il və 1998-ci il tarixlərdə yalnız bir ay əmək haqqı hesablanmışdır. Bu səbəbdən həmin dövrün sosial sığorta stajına daxil edlməsi qanunamüvafiq hesab edilmir. Əlavə olaraq məhkəmə öz qərarını əsaslandırarkən mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinə istinad etsə də, həmin Məcəllənin 92-ci maddəsində əmək müqaviləsi bağlamaq üçün minimum yaş tələbinin 16 yaş olmasını nəzərə almamışdır. Beləliklə, məhkəmə müvafiq arxiv arayışında 1969-cu il tarixdən sonrakı dövrü İddiaçı sosial sığorta stajına əlavə etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Qanunvericiliyin tələbləri qeyd olunan iş illərinin sosial sığorta stajına daxil edilməsini mümkünsüz etsə də, məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. İş materiallarından aydın olur ki, İddiaçı iddia etdiyi ümumi iş stajı 24 il 8 ay 21 gündür (əmək kitabçasında qeyd olunan illər - 20 il 09 ay 01 gün, hərbi xidmət dövrü-02 il 20 gün və təhsil aldığı müddət -10 ay, «İliç yolu» sovxozunda işlədiyi müddət 13 ay (əmək haqqı aldığı aylar nəzərə alınmışdır). Göründüyü kimi iddiaçının iddia etdiyi iş illəri sosial sığorta stajına daxil edilsə belə, tələb olunan sosial sığorta stajı tamamlanmır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. apelyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətində Fondun qeyd edilən hüquqi mövqeyini müdafiə edib, bildirdi ki, iddiaçının 1969-cı il tarixdən 1973-cü il tarixədək “İliç yolu" sovxozunda işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər iddiaçının əmək kitabçasında öz əksini tapmadığı üçün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmsinin iddiaçının 1995-ci il tairxdən 1998-ci il tarixədək işlədiyi dövr əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, 06.05.2021-ci il tarixli arxiv arayışında 1997-ci il və 1998-ci il tarixlərdə yalnız bir ay əmək haqqı hesablanmışdır. Bu səbəbdən də həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunamüfaviq hesab edilmir. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsasları ətraflı şəkildə göstərildiyindən apelyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edib əlavə olaraq qeyd etdi ki, o, səkkizinci sinifi bitirdikdən sonra 1969-cu ildən mövsümi işlərdə işləmiş, 1973-1975-ci illərdə hərbi xidmətdə olmuş, 1995-1998-ci illərdə Alekseyevka kənd BKT-da işləmişdir. Ona görə də apelyasiya şikayətini əsassız hesab edir, birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin təmin edilməməsini, məhkəmənin qərarının qüvvədə saxlanılmasını xahiş edir.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

20. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

22. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

23. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

24. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

25. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

27. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

28. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149, Vİİ bənd. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

29. 2006-cı ilədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”-”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.

30. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.

31. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

32. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

33. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixlı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə kecirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.3. Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hazırkı qərarın 13-22-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi İddiaçı məxsus əmək kitabçasında qeyd olunan məlumatlara əsasən sonuncu 30 may 1973-cü il tarixdən 20 iyun 1975-ci il tarixədək hərbi xidmətdə olmuş (2 il 20 gün), 21.07.1975-ci il tarixdən 25.09.1975-ci il tarixədək (2 ay 04 gün), 05.11.1975-ci il tarixdən 16.09.1976-cı il tarixədək (03 ay 11 gün), 19.02.1976-cı il tarixdən 12.05.1976-cı il tarixədək (02 ay 23 gün), 17.05.1976-cı il tarixdən 25.10.1976-cı il tarixədək (05 ay 08 gün), 09.12.1976-cı il tarixdən 24.08.1977-ci il tarixədək (08 ay 15 gün), 10.10.1977-ci il tarixdən 13.04.1995-ci il tarixədək (17 il 6 ay 3 gün), 14.04.1995-ci il tarixdən 05.06.1998-ci il tarixədək (3 il 1 ay 21 gün) əmək fəaliyyəti olmuş və bunlar ümumilkdə 24 il 6 ay 15 gün (2 il 20 gün + 2 ay 4 gün + 3 ay 11 gün + 2 ay 23 gün + 5 ay 8 gün + 8 ay 15 gün + 17 il 6 ay 3 gün + 3 il 1 ay 21 gün = 24 il 6 ay 15 gün) təşkil edir. İşdə olan 2389 saylı atestatdan görünür ki, İddiaçı 1971-ci ilin sentyabr ayından 1972-ci ilədək Sumqayıt şəhər 41 saylı texniki peşə məktəbində təhsil almışdır.

37. Beləliklə, məhkəmə kolegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında işlədiyi illərin cəmi olan 24 il 6 ay 15 gün ilə əmək fəaliyyətinə başlamaya qədər təhsil aldığı texniki peşə məktəbindəki müddətlə birlikdə 25 ildən artıq təşkil etdiyindən cavabdehin hazırkı qərarın 9-cu bəndində öz əksini tapan apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.

38. Belə ki, hazırkı qərarın 28-32-ci bəndində istinad edilən pensiya təminatını nəzərdə tutan konstutision normanın, eləcə də istinad edilən qanunun müddəalarına əsasən iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə 2018-ci ilin fevral ayının 11-də (63.5 yaş) çatdığından pensiya kapitalının olub-olmamasından asılı olmayaraq 25 il sığorta stajı olduğundan onun pensiya hüququ yaranmış olsa da, cavabdeh Fondun yerli şöbəsi tərəfindən əmək stajına dair iddiaçının işlədiyi illər düzgün hesablanmayaraq, iddiaçının topladığı pensiya kapitalı yetərli olmaması, eyni zamanda sığorta stajının 25 ildən az olmasına istinad edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsini mümkünsüz hesab etmişlər.

39. Digər tərəfdən apelyasiya şikayətində məhkəmə qərarında arxiv arayışında 1969cu il tarixdən sonrakı dövrün İddiaçı sosial sığorta stajına əlavə etməklə maddi hüquq normasını düzgün tətbiq edilməməsinə istinad edilməsi də əsassızdır ona görə ki, məhkəmənin qərarında ümumiyyətlə 1969-cu ilə dair heç bir ayların əmək stajına aid edilməsinə dair göstəriş yoxdur, yalnız işdə olan əmək kitabçasında öz əksini tapmayan, lakin arxiv arayışlarına əsasən 1970-ci ilin iyul - avqust, 1971-ci ilin iyun-avqust, 1972-ci ilin sentyabr-dekabr və 1973-cü ilin yanvar-may aylarında iddiaçının müddətli işlərdə işlədiyi ayların sığorta stajına aid edilməsini qərara almış və bu zaman məhkəmə hazırkı qərarın 34-cü bəndində istinad edilən Nazirlər Kabinetinin “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsaslanmışdır. Hətta həmin illərin ayları nəzərə alınmadığı təqdirdə belə iddiaçının əmək kitabçasında qeyd edilən hazırkı qərarın 36-37-ci bəndlərində istinad edilən əmək stajının cəmi iddiaçının 25 ildən çox əmək stajına malik olmasını təsdiq edir.

40. Bundan əlavə apelyasiya şikayətinin “iddiaçının 1969-cu il tarixdən 1973-cü il tarixədək «İliç yolu» sovxozunda işləməsinə dair arxiv arayışı mövcud olsa da, əmək haqqının alınmadığı ayların işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərməsinə dair” dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir ona görə ki, hazırkı qərarın 29-cu bəndində istinad edilən, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunun tələblərinə görə 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı qeyd olunan 67ci maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanması nəzərdə tutulurdu.

41. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(118)-143/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(118)-143/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar