Məhkəmə qərarları › İş №2-1(105)-538/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-538/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-538/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin X1 qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(118)-644/2022 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı Regional Ərazi Filialına xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, ərizəyə baxılmış və xx.xx.2021-ci il tarixli **********6 məktubla ərizəyə cavab olaraq bildirilmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı 20 il 08 ay, xx.xx.2021-ci il tarixə pensiyasının məbləği 431,53 manat təşkil edir. İddiaçıya pensiya məbləği qanunvericiliyin tələbinə uyğun olaraq düzgün hesablanıb ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının” 3.1.1-ci maddəsinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən iddiaçı tərəfindən təqdim edilən № 11/442 saylı, xx.xx.2021-ci il tarixli arayışda qeyd edilən dövrlərin sosial sığorta stajına hesablanması zamanı nəzərə alınması qaydalara ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən cavab ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, 01 yanvar 1976-cı ildən 01 sentyabr 1978-ci ilədək Şərur rayonu M.Qorki adına kolxozda işlədiyi dövrün sosial sığorta stajı hesab edilməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1957-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1976-cı ildə Naxçıvan MR-ın Şərur rayonunun M.Qorki adına kolxozunda başlamışdır. Həmin kolxozda 01 sentyabr 1978-ci ilə qədər işləmişdir. Bunu ona məxsus olan NT-İ Seriyalı ******* saylı “Əmək kitabçası” və Şərur rayon Dövlət Arxivinin 11/442 saylı 04 noyabr 2021-ci il tarixli “Arxiv arayışı" təsdiq edir. Arxiv arayışına görə iddiaçı M.Qorki adına meyvəçilik sovxozunda 1980-ci ilə qədər işləmiş və ona 1976cı ilə görə 186.00 manat, 1977-ci ildə 419.00 manat və 1978-ci ildə 496.00 manat əmək haqqı hesablanmışdır. Ümumi iş stajı 46 ildir. Ona xx.xx.2018-ci ildən yaşa görə iddiaçıya əmək pensiyası təyin edilmişdir. Lakin yaşa görə əmək pensiyası təyin edilərkən Şərur rayonunun M.Qorki adına meyvəçilik kolxozunda işlədiyi illər, yəni 01 yanvar 1976 - 01 sentyabr 1978-ci illər (2 il 8 ay) nəzərə alınmamışdır. Bu da nəticədə onun hər il 60 manat az pensiya almağı ilə nəticələnmişdir. İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərin əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması xahişi ilə cavabdehə müraciət etmiş, cavabdeh özünün xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının xahişini təmin etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(118)-644/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının 01 yanvar 1976-cı ildən 01 sentyabr 1978-ci ilədək Şərur rayonu M.Qorki adına kolxozda işlədiyi dövrün sosial sığorta stajı hesab edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabehin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim İ.Burcayev) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh Fondun X1 müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (02 il 08 ay) işlədiyini iddia etdiyi müəssisənin hüquqi ünvanı məlum olmadığından əmək fəaliyyətini araşdırmağın mümkün olmadığı, həmçinin arxiv arayışında minimum əmək iştirakı normasının qeyd edilməməsi səbəbindən həmin dövrlərin sosial sığorta stajına daxil edilmədiyi bildirilmiş, yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Şərur rayonu “M.Qorki kolxozu” nda işlədiyini iddia edir, lakin qeyd olunan iş illəri iddiaçının əmək kitabçasında qeyd edilsə də, müəssisənin hüquqi ünvanı məlum olmadığından əmək fəaliyyətini araşdırmağın mümkün olmadığı, həmçinin arxiv arayışında minimum əmək iştirakı norması qeyd edilmədiyindən yasa görə əmək pensiyasınmın yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir. İddiaçının əmək kitabçasına əsasən ümumilikdə mübahisəsiz sığorta stajı 23 il 04 ay təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə 67.1-2. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının 01 yanvar 1976-cı ildən 01 sentyabr 1978-ci ilədək keçmiş “M.Qorki” adına kolxozda işləməsi Şərur rayon dövlət arxivinin 11/442 nömrəli, xx.xx.2021ci il tarixli arxiv arayışı ilə təsdiq olunur. Belə ki, həmin arayışda iddiaçının 1976-cı ildə - 186 manat, 1977-ci ildə - 419 manat, 1978-ci ildə – 496 manat əmək haqqı alması müəyyən edilir. Bundan başqa məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, (xx.xx.1981-ci il 59 nömrəli əmr) iddiaçı 02 il 08 ay müddətində (1976-1978) “M.Qorki” adına meyvəçilik sovxozunda çalışmışdır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Beləliklə, iddiaçı iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Hazırki işin materiallarından görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ (61 yaşında) yaranmışdır və ona bu tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu hal cavabdeh orqan tərəfindən də mübahisələndirilmir. Başqa sözlə, iddiaçının həmin məzmunda əmək pensiyası hüququ mübahisə predmeti deyil. Hazırkı halda, mübahisə olunan iddiaçının işlədiyi 1976-1978-ci illər üzrə əmək haqqı məbləğinin ona əmək pensiyası təyin olunarkən nəzərə alınıb-alınmadığından ibarətdir. İş materiallarında olan Şərur rayon dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 11/442 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1976-1978-ci illərdə keçmiş “M.Qorki” adına kolxozda işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Yuxarı qeyd olunan Əsasnamənin tələblərinə görə əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə arxiv arayışları işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 1976-1978-ci illərdə keçmiş “M.Qorki” adına kolxozda işləmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili arxiv arayışında minimum əmək iştirakı normasının qeyd edilməməsidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının 1976-1978-ci illərdə kolxozda işlədiyi müddətin onun pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi vəzifəsini cavabdehin üzərinə vəzifə olaraq qoyarkən Şərur rayon dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 11/442 nömrəli arxiv arayışına istinad etmiş, lakin həmin arayışda minimum əmək iştirakı (adam günü) normasının qeyd edilməməsinə əhəmiyyət verməmişlər. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ikinci hissəsində göstərilmişdir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Yuxarıda qeyd olunan Şərur rayon dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 11/442 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1976-1978-ci illərdə keçmiş “M.Qorki” adına kolxozda işləmişdir və iddiaçının kolxozda faktiki adam günü 1976-cı ildə 123 gün, 1977-ci ildə 203 gün, 1978-ci ildə 173 gün olmuşdur. Qeyd olunmalıdır ki, yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbinə görə, iddiaçının iddia etdiyi dövrdə (1965-ci ildən sonrakı dövr) pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859N-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. Qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Bununla bağlı işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə Şərur rayon Dövlət Arxivinə sorğu ilə müraciət edilərək Şərur rayonu “M.Qorki” kolxozunun 1976-1978-ci illər üzrə minimum adam günü barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Şərur rayon Dövlət Arxivi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli, 09/23 nömrəli məktubu ilə bildirmişdir ki, Dövlət Arxivində keçmiş “M.Qorki” adına kolxozun sənədlərinə baxıldıqda kolxozun 1976-1978-ci illər üzrə minimum adam günü norması barədə məlumata rast gəlinməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, mübahisələndirilən dövrdə “M.Qorki” adına kolxozda minimum əmək günü (iş günü) norması nəzərdə tutulmamışdır. Kollegiya hesab edir ki, hazırkı halda əmək iştirakı (adam günü) minimumu normasını müəyyən etmək mümkün olmasa da bu hal iddiaçının ziyanına şərh oluna bilməz və iddiaçının kolxozda işlədiyi və əmək haqqı aldığı illər iş stajı kimi onun sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının məbləği yenidən hesablanmalıdır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh iddiaçıya 1976-1978-ci illər üzrə sözügedən dövrün sosial sığorta stajına daxil etməkdən imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi bu baxımdan iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(118)-644/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar