Məhkəmə qərarları › İş №2-1(105)-538/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-538/2024

17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-538/2024 17.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4rşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4rşı “Şamaxı şəhəri, Şamaxı- Ağsu yolu ünvanında qeyri-yaşayış binasında yerləşən 190,0 kv. metr torpaq sahəsinin ona icarəyə verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 avqust 2022-ci il tarixli 154 saylı sərəncamının və həmin tarixli icarə müqaviləsinin qanunsuz (etibarsız) hesab edilməsi, həmin torpaq sahəsinin ona daimi istifadəyə verilməsi və bu hüququ təsdiq edən reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-854/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Şamaxı şəhəri, Şamaxı-Ağsu yolu ünvanında qeyri-yaşayış binasında yerləşən 190,0 kv. metr torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 avqust 2022-ci il tarixli 154 saylı sərəncamının və həmin tarixli icarə müqaviləsinin qanunsuz (etibarsız) hesab edilməsi, həmin torpaq sahəsinin ona daimi istifadəyə verilməsi və bu hüququ təsdiq edən reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 1995-ci il tarixli 510 №-li vəsatətinə uyğun olaraq, Şamaxı rayon XDS-nin Rəyasət Heyətinin 24 oktyabr 1995-ci il tarixli 08 saylı qərarı ilə Şamaxı-Ağsu yolu istiqamətində mövcud YDM-nin qərb hissəsində avtomobillərə texniki xidmət sexinin tikintisi üçün İddiaçı 190 (yüz doxsan) kv.metr torpaq sahəsi ayrılmışdır. (Arxiv çıxarışının surəti əlavə edilir). Həmin torpaq ayırma sənədinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 18 avqust 2022-ci il tarixində 154 saylı sərəncam verərək həmin 190 kv.metr sahə üçün müvəqqəti olaraq (xx.xx.2022-xx.xx.2024-cü illər) icarə müqaviləsi bağlamışdır. (Müqavilənin surəti əlavə edilir). Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin sahəyə xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyesrtindən icarə hüququ qeydiyyata alınmışdır. (Çıxarışın surəti əlavə edilir). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tərəfindən torpaq ayırma sənədi kimi Şamaxı rayon XDS-nin Rəyasət Heyətinin 24 oktyabr 1995-ci il tarixli 08 saylı qərarının əsli təqdim edilməsinə baxmayaraq, Xidmət müqavilə bağlayan və çıxarış verən zaman bu torpaq ayırma sənədinə bilərəkdən istinad etməmişdir. 2023-cü ilin fevral ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunaraq bildirilmişdir ki, Şamaxı rayon XDSnin Rəyasət Heyətinin 24 oktyabr 1995-ci il tarixli 08 saylı qərarı ilə Şamaxı-Ağsu yolu istiqamətində mövcud YDM-nin qərb hissəsində avtomobillərə texniki xidmət sexinin tikintisi üçün 190 (yüz doxsan) kv.metr torpaq sahəsi ona müddəti müəyyən edilmədən, daimi istifadə üçün ayrılmışdır. Ona görə də icarə müqviləsi bağlanmalı deyildi, bu torpaq sahəsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50ci maddəsinin birinci hissəsinə uyğun olaraq daimi istifadəyə verilməsi barədə çıxarış və torpaq sahəsinin plan və ölçüsünü verməli idi. (Bu Məcəllə Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.) Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu müraciətə 17 mart 2023-cü il tarixində cavab vermiş və bu münasibətə aidiyyatı olmayan “Daşınmaz əmlakın dövlət reyestru haqqında” Qanunun 9-cu, 11 -ci və 12-ci maddələrinin normalarım məktuba köçürməklə cavab göndərmişdir. (Məktubun surəti əlavə edilir.) Bundan sonra təkrar 16 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş və bildirilmişdir ki, Sizin Xidmət savadsızlığından istifadə edərək icarə müqaviləsi bağlamışdır. Belə ki, Xidmətdən bildirmişlər ki, icarə müqaviləsi bağlamasan, bu qərarla çıxarış verilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Şamaxı rayon XDS-nin Rəyasət Heyətinin 24 oktyabr 1995-cİ il tarixli 08 saylı qərarı ilə torpaq ayırma sənədidir və bu sənəd əsasında icarə müqaviləsi bağlanmışdır. Əgər bu sənəd torpaq ayırma sənədidirsə, bu qərarla ona müddətsiz torpaq sahəsi ayrılmışdır. (Ərizənin surəti əlavə edilir). Lakin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu dəfə özünün 07 iyun 2023-cü il tarixli məktubu ilə ərizəyə belə cavab vermişdir ki, “Azərbaycan Respublikasının 25 İyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 50-ci maddəsi ilə torpaq sahələrinin daimi istifadəyə verdiyi şəxslərin dairəsi tənmizlənir. Məlumat üçün bidiririk ki, həmin maddədə fiziki şəxslərin daimi istifadəsinə torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 51-ci maddəsinin 6-cı hissəsinə əsasən, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. (Məktubun surəti əlavə edilir).” Tərəfindən iki dəfə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edimişdir, lakin cavabları bu Xidmət özü yox, onun tabeliyində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi vermiş, ona görə də cavabdeh kimi hər iki qurum göstərilmişdir. Öncə ona torpaq sahəsi 24 oktyabr 1995-ci il tarixli 08 saylı qərarla ayrılmıdır ki, həmin vaxtda Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsi yox, 9 noyabr 1991-ci il tarixli 254 Xİİ saylı Qanunla təsdiq edilmiş Torpaq Məcəlləsi qüvvədə olmuşdur. Bu Məcəllənin normalarına uyğun olaraq iddiaçıya torpaq sahəsi ayrılmış və bu qərarla daimi istifadə üçün ayrılmışdır. Nəzərə almaq lazımdır ki, burada hakimiyyət səlahiyyətli subyekt olan həmin cavabdehin torpaqla bağlı sərəncamı və icarə müqaviləsi bağlaması barədə hərəkəti mübahisələndirildiyindən, işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır, çünki, burada icarə müqaviləsindən irəli gələn məsələlər mübahisələndirilmir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya məxsus Şamaxı şəhəri, Şamaxı-Ağsu yolu ünvanında avtomobillərə texniki xidmət sexinin yerləşdiyi 190 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 154 nömrəli sərəncamı ilə Şamaxı şəhəri, Şamaxı-Ağsu yolu ünvanında dövlət mülkiyyətində olan 190.0 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Xidmət ilə İddiaçı arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 3426 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. İddiaçı inzibati aktdan şikayətvermə müddətini də ötürmüşdür. Mübahisənin predmeti olan torpaq sahəsinə dair iddiaçı ilə Xidmət arasında xx.xx.2022-ci il tarixli, 3426 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Qeyd edilən müqavilə iddiaçı tərəfindən öz iradəsinə uyğun olaraq imzalanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-5738/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı bir neçə tələb irəli sürsə də digər tələblərə ilkin tələbinin uğurlu olacağı halda, ayrı məhkəmə icraatında tələbə cavab verməli orqanlara qarşı baxıla bilər. İddiaçının ilkin iddia tələbi mümkün olmadığına görə digər tələblər də mümkün hesab edilməməlidir. Belə ki, iddiaçı icarə müqaviləsinin qanunsuz (etibarsız) hesab edilməsini istəyir ki, müqavilə öhdəlilkləri ilə bağlı tələblərə mülki məhkəmə icraatı qaydasında baxılır. İddiaçı eyni zamanda torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının dövlət qeydiyyatını istəyir ki, bu da ilkin tələblərinin uğurlu olacağı halda səlahiyyətli dövlət qurumuna müraciət ediləcəyi halda mümkün ola bilər. İddiaçının Şamaxı şəhəri, Şamaxı-Ağsu yolu ünvanında qeyri-yaşayış binasında yerləşən 190,0 kv. metr torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 avqust 2022-ci il tarixli 154 saylı sərəncamının qanunsuz(etibarsız) hesab edilməsi tələbi isə mümkün hesab edilmir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyəti olması işin mübahisə olunmayan halıdır. Həmin torpaq sahəsi ilə bağlı müvafiq sərəncamlar vermək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir. Lakin mübahisələndirilən inzibati aktın etibarsızlığının müəyyən edən əsaslar isə hazırkı işdə müəyyən edilmir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq torpaq sahəsinə dair cavabdeh tərəfindən qəbul edilmiş sərəncamın və onlar arasında bağlanılmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin onun daimi istifadəsinə verilməsi və bu hüququ təsdiq edən reyestrdən çıxarışın verilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 aprel 2015-ci il tarixli Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqısatqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsinə dair cavabdeh inzibati orqan tərəfindən müvafiq xx.xx.2022-ci il tarixli sərəncam qəbul edilmiş, habelə həmin sərəncam əsasında onunla iddiaçı arasında icarə müqaviləsi bağlanılmışdır (müqavilənin müddəti xx.xx.2024-cü ilədək müəyyən edilmişdir). Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, indiki halda həmin hissədə iddiaçının tələbi məhz mülki-hüquqi əqd qismində çıxış edən icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. Mülkihüquqi xarakterli müqavilələrin etibarsız hesab edilməsi və ondan irəli gələn digər mübahisəli hüquq münasibətləri məhz mülki məhkəmə icraatının predmeti qismində çıxış edir. Başqa sözlə desək, indiki halda mübahisəli hüquq münasibətinin cavabdeh inzibati orqanla bağlı yaranması halı, həmin münasibətin inzibati xarakterli olmasını deməyə əsas vermir. Göründüyü kimi indiki halda cavabdeh inzibati orqanla iddiaçı arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır ki, həmin münaisbətlər çərşivəsində cavabdeh publik hüquq sahəsinin subyekti kimi deyil, mülki dövriyyə iştirakçısı kimi çıxış etmişdir. Qeyd olunan qnaunvericilik normalarının tələbinə əsasən bu növ xarakterli mübahisəli hüquq münasibətlərinə məhz mülki məhkəmə icraatı qaydasında baxılır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmamaqda haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin müvafiq sərəncamın etibarsız hesab edilməsi ilə bağlı onu qeyd edir ki, hazırki mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olmuş, dövlət mülkiyyətində olan torpaq sahələrini icarəyə vermək müvafiq cavabdeh inzibati orqanın səlahiyyətinə aiddir. Bundan əlavə, qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispoztiv şərltərində inzibati aktın etibarsız hesab edilməsinə əsas olan hallar dəqiq və imperativ norma kimi əks olunmuşdur. İndiki halda isə iddiaçıya münasibətdə belə bir halın olması aşkar edilməmişdir. İddiaçı tərəfindən isə həmin hallara dair heç bir əsasa və ya ona dair dəlilə istinad edilməmişdir. Nəticə etibarilə, həmin hissədə iddianın mümkünlüyü baxımından əsasların olması (qanunla müəyyən edilmiş əsaslar və həmin əsaslara uyğun olaraq iddiaçının hüququnun pozulması ehtimalı, hüquqa müdaxilənin olması) müəyyən edilməmişdir. Bundan əlavə, işin müəyyən edilmiş hallarından görünür ki, qeyd edilən inzibati akt iddiaçı üçün əmlak hüququ tanımaqla, onun üçün əlverişli inzibati akt qismində çıxış etməklə, əksinə iddiaçı barəsində əmlak hüququnun yaranmasına səbəb olmuşdur. Belə olan halda, iddiaçı tərəfindən həmin inzibati aktın onun üçün hansı məhdudiyyətlər yaratması, hansı hüquqlarının pozulmasına səbəb olması, hüququna müdaxilənin mövcudluğunu əsaslandıra bilməmişdir, habelə məhkəmə araşdırması zamanı da iddianın mümkünlüyü baxımından həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Hansı ki, iddianın mümkünlüyü baxımından həmin halların müəyyən edilməsi zəruri olmuşdur. Başqa sözlə desək, iddiaçının onun barəsində qəbul edilmiş əlverişli inzibati aktı mübahisələndirmək hüququ onun hüquqlarının pozulmasına və ya müdaxilənin mövcudluğuna səbəb olduğu halda ortaya çıxa bilərdi. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmamaqda haqlı olmuşdur. Bundan əlavə isə həmin inzibati aktın iddiaçı barəsində yaratdığı maddi hüquq iddiaçının özünün də iradə ifadəsinin nəticəsi olmaqla, mülki qanunvericiliyin tələbi baxımından qanunvericiliklə müəyyən edilmiş qaydada həmin hüquqdan da imtina etmək hüququ mövcuddur. Həmçinin, məhkəmə kollegiyası digər hissədə iddia tələbi ilə bağlı qeyd edir ki, indiki halda müvafiq sərəncam və onun əsasında qəbul edilmiş icarə müqaviləsi ilə bağlı əsas tələb mümkün saylmadığından, digər hissədə iddia tələbləri məhz həmin əsas tələblərdən törəmə tələb qismində çıxış etdiyindən, əsas tələb üzrə mübahisəli hüquq münasibəti həll edilmədən, həmin tələblərə mahiyyəti üzrə baxılması mümkün olmadığından, iddia tələbi digər hissələrdə (daimi istifadə hüququnun verilməsi və bu hüququ təsdiq edən çıxarışın verilməsi) də mümkün sayılmamalıdır.Bu baxımından məhkəmə kollegiyası hesab edir ki , həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmamaqla haqlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət veirlmiş, iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olduğundan, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilməməli, nəticə etibarilə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-854/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar