Məhkəmə qərarları › İş №2-1(105)-539/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-539/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-539/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər X1 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli (protokol №41) mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında 41 saylı Qərarı ilə onun mülkiyyətinə verilmiş “Saray” bağları ərazisində yerləşən 600 kv.m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-70/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 saylı Protokol Qərarı ilə İddiaçı Saray bağları ərazisindən sahəsi 600 kv.m torpaq sahəsi ayrılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, sənədlərin araşdırılması zamanı müəyyən çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, bələdiyyə tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin qərarı xx.xx.2007-ci il tarixdə verilmiş olsa da, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Həmçinin qərarda torpaq sahəsinin nömrəsi 4099Q, Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin mövqe sxemində isə B-4099V kimi qeyd edilmişdir. Bundan əlavə, qanuna əsasən həmin torpaq sahəsi bələdiyyə ərazisində daimi yaşayan və ya ən azı beş il müddətinə qeydiyyatda olan şəxsə satıla bilərdi, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirilməsi üçün daşınmaz əmlaka müayinə baxışı keçirilərkən müəyyən olmuşdur ki, torpaq sahəsinin faktiki yerləşməsi və konfiqurasiyası ərizəyə əlavə olunmuş sxemdə qeyd olunan yerə və konfiqurasiyaya uyğun deyil. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1267/2021 nömrəli məktubundan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1267/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə “Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı Sumqayıt şəhər bələdiyyəsinin İddiaçı mülkiyyətinə “Saray” bağları ərazisində 600 (altı yüz) kv.m bağ torpaq sahəsinin verilməsinə dair 30 dekabr 2007-ci il tarixli qərarının ləğv olunması hissəsində ləğv edilməsi” qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin istifadəsində olan 2019-cu ildə təsdiq edilmiş Sumqayıt şəhər Bələdiyyəsinin xəritəsinə əsasən Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli (protokol №41) mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında 41 saylı Qərarı ilə onun mülkiyyətinə verilmiş “Saray” bağları ərazisində yerləşən 600 kv.m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli (protokol №41) mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında 41 saylı Qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayt şəhər şöbəsinin rəyini nəzərə alaraq “Saray" bağları ərazisində 600 (altı yüz) kv.m. olan rəsmiləşdirilməmiş istifadədə olan bağ torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Həmin Qərarın 2-ci bəndinə görə torpaq sahəsi İİİ qiymət zonasında yerləşir, 1 kv. metrin satış qiyməti 1.80 manatdır. Satış qiyməti normativ qiymətinə uyğundur. Tərəfindən 600 kv.metr torpaq sahəsinin dəyəri 1080 manat məbləğində pul bələdiyyənin xəzinəsinə ödənilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin alqı-satqısına dair onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında xx.xx.2008-ci il tarixdə müvafiq akt imzalanmış, habelə torpağın yerində təhvil verilməsi barədə təhkim aktı tərtib edilərək təqdim olunmuşdur. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Kdmitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən bağ torpaq sahəsinin planı və ölçüsü də tərtib edilmişdir. Lakin göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından keçirmək üçün müvafiq mülkiyyət sənədlərini əldə edə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsində ona bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci ildən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar özəlləşdirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etdikdə də bildirilmişdir, həqiqətən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təqdimatı əsasında torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə qərarı Sumqayıt şəhər Bələdiyyəsinin 27.06 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir və iddiaçı təkrarən bələdiyyəyə əlavə ödəniş etməklə həmin torpaq sahəsini qüvvədə olan yeni qanun normalarına uyğun yenidən satın almalıdır. Halbuki, üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş yə bələdiyyə qərarının ləğvi onun məlumatı olmadan həyata keçirilmişdir. İddiaçı adı çəkilən qərarın ona təqdim edilməsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş və həmin qərardan çıxarış təqdim olunmuşdur. Beləliklə, hüquqları Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-cı il tarixli, 2-1(118)-1267/2021 saylı qərarı ilə onun iddia ərizəsi təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı Sumqayıt şəhər Bələdiyyəsinin iddiaçının mülkiyyətinə “Saray” bağları ərazisində 600 (altı yüz) kv.m bağ torpaq sahəsinin verilməsinə dair 30 dekabr 2007-ci il tarixli qərarının ləğv olunması hissəsində ləğv edilmişdir. Yuxanda qeyd edilən sənədlər əsasında müvafiq ərizə ilə təkrarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinə müraciət edərək mülkiyyətimə verilmiş bağ torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatından keçirilməsini xahiş edilmişdir. Lakin qeyd olunan sənədlər tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim edilsə də, sonuncu müxtəlif aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Belə olan halda cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qənunvericlik aktlarının müddəalarım və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına ahnması üçün ərizəyə torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina,qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməsi nəzərdə tutulmuşdur ki, həmin sənədlər də tərəfindən tam hazırlanaraq cavabdehə ünvanlanmış məktublara əlavə edilmişdir. Lakin qeyd olunan sənədlər tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim edilsə də, sonuncu əsassız olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququmu dövlət qeydiyyatından keçirməmişdir. ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi idarəsi tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Bu zaman cavabdeh müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahələri də 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçmişdir. Bu səbəbdən cavabdehin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması barədə fikirləri tamamilə əsassızdır. Eyni zamanda adı çəkilən məktııbda bələdiyyə qərarının qanuniliyi də şübhə altına alınmışdır. Halbuki, Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1267/2021 saylı qərarı ilə Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı etibarlı hesab edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin adı çəkilən qərarı hal-hazırda da qüvvədədir və heç bir orqan onu mübahisələndirilməmişdir. Eyni zamanda Sumqayıt şəhər Bələdiyyəsinin torpaq sahəsi üzərində hüquqları vaxtı ilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində dövlət qeydiyyatından keşmişdir ki, həmin dövrdə heç daşınmaz əmlakın dövlət reyestri yaradılmamışdı. Cavabdeh hal-hazırda qüvvədə olan qanun normalarını həmin normalar qüvvəyə minməmişdən əvvəl verilmiş bələdiyyə qərarına tətbiq etmək istəyir, halbuki həmin dövrdə bələdiyyə qərarlarının qəbulu üçün bələdiyyənin adına reyestr çıxarışının verilməsi işləri heç başlamamışdı. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Nəzərə alınsa ki, cavabdeh yüzlərlə belə bələdiyyə qərarları əsasında ayrı-ayrı hüquqi və fiziki şəxslərin torpaq sahələri üzərində mülkiyyət və icarə hüquqlarını qeydiyyata almış və hal-hazırda da almaqdadır, cavabdehin imtinasının arxasında hansı qanunsuzluqların gizlədildiyini anlamaq heç də çətin olmaz. Ən əsası isə ondan ibarətdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-cİ il tarixli, 2-1(118)-1267/2021 saylı qanuni qüvvəyə minmiş qərarı ilə Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı onun mülkiyyətinə bağ torpaq sahəsnin verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli qərarının ləğv edilməsi hissəsində etibarsız sayılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini heçə almayan cavabdehin qanun normalarına əsl münasibəti və imtina cavabının əsassızlığı və qanunsuzluğu bu hal ilə bir daha öz sübutunu tapır. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququmu dövlət qeydiyyatına almaqdan imtina etməsi qanunsuz və hüquqazidd olmaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarına da zidd hesab edilməlidir. Qərarda torpaq sahəsinin nömrəsinin 4099q, Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin mövqe sxemində B-4099v kimi qeyd olunmasına gəlincə isə bildirir ki, sənədlərdə olan texniki səhvlərə görə iddiaçı hər hansı bir məsuliyyət daşımır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərin araşdırılması zamanı müəyyən çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, bələdiyyə tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin qərarı xx.xx.2007-ci il tarixdə verilmiş olsa da, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Həmçinin qərarda torpaq sahəsinin nömrəsi 4099Q, Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin mövqe sxemində isə B-4099V kimi qeyd edilmişdir. Bundan əlavə, qanuna əsasən həmin torpaq sahəsi bələdiyyə ərazisində daimi yaşayan və ya ən azı beş il müddətinə qeydiyyatda olan şəxsə satıla bilərdi, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirilməsi üçün daşınmaz əmlaka müayinə baxışı keçirilərkən müəyyən olmuşdur ki, torpaq sahəsinin faktiki yerləşməsi və konfiqurasiyası ərizəyə əlavə olunmuş sxemdə qeyd olunan yerə və konfiqurasiyaya uyğun deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-70/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli (protokol №41) mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında 41 saylı Qərarı ilə onun mülkiyyətinə verilmiş “Saray” bağları ərazisində yerləşən 600 kv.m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alənmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 saylı Protokol Qərarı ilə İddiaçı Saray bağları ərazisindən sahəsi 600 kv.m torpaq sahəsi ayrılmışdır. 27 dekabr 2007-cil tarixli ödəniş qəbzinə əsasən torpaq sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. İşin hallarından görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 saylı protokolundan çıxarışa əsasən Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 saylı iclasının torpaq ayrılmasına dair qərarlarının ləğv edilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1267/2021 saylı qərarı ilə Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2008-ci il tarixli,14 nömrəli qərarı Sumqayıt şəhər bələdiyyəsinin İddiaçı mülkiyyətinə “Saray” bağları ərazisində 600 (altı yüz) kv.m bağ torpaq sahəsinin verilməsinə dair 30 dekabr 2007-ci il tarixli qərarının ləğv olunması hissəsində ləğv edilmişdir. Göründüyü kimi Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 saylı Qərarı hazırda qüvvədədir. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri sonuncu tərəfindən tam şəkildə ödənilmişdir. Bu halda məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt Şəhər Bələdiyyəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış 600 kv.m torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində bələdiyyə mülkiyyət hüququ qeydiyyata alınmamış, torpaq sahəsinin nömrəsi bələdiyyə qərarında 4099q kimi, mövqe sxemində isə B-4099v kimi qeyd edilmiş, torpaq sahəsinin faktiki yerləşməsi və konfiqurasiyası sxemə uyğun deyil, bələdiyyə ilə müvafiq müqavilə bağlandıqdan sonra hüququn qeydiyyata alınması məsələsinə baxılacaqdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına ayrılmış, torpaq sahəsinin yerləşmə mövqeyinə dair sxem, plan tərtib edilmiş, dəyərinin ödənilməsinə dair qəbz tərtib edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılmasının məqsədəuyğun olmasına dair rəy verilmişdir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə olunmuş, əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin müayinə aktının məzmununda qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki 0,0652 ha olduğu, bir tərəfi dalan yol, digər tərəfdən qonşu, iki tərəf mişar daşı, iki tərəf hasasrsız, 0,0052 ha əlavə torpaq sahəsi var, mübahisəli hal yoxdur, tikili mövcud deyil, yerüstü kommunikasiya xətləri keçmir. Həmçinin, iş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aidd olmaqla, ilkin torpaq ayrıma sənədlərinə uyğundur, faktiki istifadəsində olan torpaq sahəsinə başqa şəxslərin hüquqları qeydə alınmamışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinin nömrəsinin 4099q olduğu, B-4099v kimi texniki səhv olaraq qeyd ediliyi məhkəmə araşdırması zmanaı müəyyən edilmiş. Bu hal özlüyündə cavabdehin həmin əsasa formal olaraq istinad etdiyini təsdiq edir. Bundan əlavə, cavabdeh inzibati orqan torpaq sahəsinin yerləşmə mövqeyi və konfiqurasiyasının sənəd üzrə uyğun olmadığını qeyd etsə də, həmin hal məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyi, ortofoto görüntüsü, sxem-plan və ilkin torpaqayrıma sənədləri əsasında təkzib olunmuşdur. Cavabdeh tərəfindən isə həmin halı sübut edən heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə də dəlilləri əsassız olmuşdur. Eyni zamanda cavabdeh inzibati orqan həmin torpaq sahəsinin bələdiyyə hüdudlarından kənarda yerləşməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş xəritədə iddiaçının adına ayrılmış torpaq sahəsinin hüdudlardan kənarda yerləşdiyi müəyyən edilmişdir. Lakin cavabdeh tərəfin verdiyi izahatından aydın olur ki, bələdiyyə tərəfindən bağ torpaq sahəsi kimi ayrılmış torpaq sahlərinin həmin xəritədə bələdiyyə hüdudları daxilində əks olunmamamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adına ayrılmış torpaq sahəsi məhz bağ torpaq sahəsi kimi ayrılmış, habelə onun ətrafında olan qonşu torpaq sahələri də bağ torpaq sahələri olmuşdur. Bu halın aşkar olduğu halda cavabdeh tərəfindən həmin əsasa istinad edilməsi özlüyündə iddiaçının mövcud olan mülkiyyət hüququnun əsassız olaraq məhdudlaşıdırılmasına gətirib çıxarda bilər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən hissədə də istinad etdiyi arqumenti əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İndiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Həmçinin, həmin əmlaka dair mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-70/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar