Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-539/2025 02.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2063/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 2063/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı tələbi onunla əsaslandırılır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə başlamış 44 günlük Vətən Müharibəsində iştirak etmiş, Füzuli, Xocavənd rayonlarının erməni işğalçılarından azad edilməsi uğurunda gedən döyüşlərə qatılmış və xx.xx.2020-ci ildə döyüş zamanı aldığı travma nəticəsində sağlamlığını itirmişdir. Bu travmadan sonra səhhətində tədricən ağırlaşmalar baş qaldırmış, xx.xx.2021-ci ildə hərbi xidmətdən tərxis edildikdən sonra xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında polimorf psixotik pozuntu diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci ildə SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru professsor Fuad İsmayılov tərəfindən müayinə edilmiş və dissosiativ pozuntu, psixotik əlamətlər ilə F44 diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi Respublika Psixiatriya Xəstəxanasında eyni diaqnozla stasionar müalicə qəbul etmişdir. xx.xx.2023-cü ildən xx.xx.2023cü il tarixə kimi Respublika Psixiatriya Xəstəxanasında təkrar stasionar müalicəyə qəbul edilmiş və ona “fəlakət (müharibə) keçirdikdən davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla” diaqnozu təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə təkrar professor Fuad İsmayılov tərəfindən müayinə edilmiş və ona “fəlakət (müharibə) keçirdikdən davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla F62.0” diaqnozu təyin edilmişdir. xx.xx.2023-xx.xx.2023-cü illərdə Respublika Psixiatriya Xəstəxanasında həmin diaqnozla stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 2974 nömrəli qərarına əsasən hərbi travma olmaqla Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı təsdiqlənmiş və həm sülh, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuş və onun müşayiətçiyə ehtiyacının olması göstərilmişdir. İddiaçı müharibə əlilliyinin müəyyən edilməsi barədə cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh ona əllillik təyin edilməsindən əsassız olaraq imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 2974 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (müharibə) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Gərginlik tip baş ağrısı. Hər iki gözün sadə miopik astiqmatizmi M 2, OD və M 1,0D nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun tənəffüsünün cüzi dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Xroniki farinqit. İkincili hissəvi adentiyä’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 495/2022 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Polimorf psixotik pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022- ci il tarixli 10232 nömrəli tibbi rəyində diaqnoz “Dissosiativ (konversion) pozuntu, psixotik əlamətlər ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12729/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Dissosiativ-konversion pozuntu, psixotik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10780201 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1293 nömrəli tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 14572/23 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12565481 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4805 nömrəli tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabaq müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, burun tənəffüsünün çətinliyindən, baş ağrısından, əsəbilik, yuxu və yaddaşın pozulmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan Rispaksol, Depakin, Cycladol qəbul etdiyini bildirmişdir. Əyani müayinə zamanı simulyativ davranış nümayiş etdirmişdir. Bələdliliyi bütün istiqamətlərdə saxlanılmışdır. Zahirən geyimi səliqəli, mimikası canlı olmuşdur. Ünsiyyətə həvəslə daxil olmuş, şübhələrindən bəhs etmişdir. Emosional labil, qıcıqlanma qabiliyyəti yüksək müşahidə edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Polimorf psixotik pozuntu, natamam remissiya. Fəlakət (ARƏB) səbəb-əlaqənin dəqiqləşdirilməsinə ehtiyac duyulur” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq iddiaçının müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh iddianı əsassız hesab edərək, rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirsə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Halbuki, şəxsin əyani müayinəsi ilə sübut edilir ki, xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, burun tənəffüsünün çətinliyindən, baş ağrısından, əsəbilik, yuxu və yaddaşın pozulmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan Rispaksol, Depakin, Cycladol qəbul etdiyini bildirmişdir. Əyani müayinə zamanı simulyativ davranış nümayiş etdirmişdir. Bələdliliyi bütün istiqamətlərdə saxlanılmışdır. Zahirən geyimi səliqəli, mimikası canlı olmuşdur. Ünsiyyətə həvəslə daxil olmuş, şübhələrindən bəhs etmişdir. Emosional labil, qıcıqlanma qabiliyyəti yüksək müşahidə edilmişdir. Diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, əlilliyin faiz dərəcəsi və hansı müddətə təyin edilməsi göstərilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, İddiaçı xx.xx.2001-ci ildə doğulmuşdur, xx.xx.2020-ci il tarixdə başlamış 44 günlük Vətən Müharibəsində iştirak etmiş, Füzuli, Xocavənd rayonlarının erməni işğalçılarından azad edilməsi uğurunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.2020-ci ildə döyüş zamanı aldığı travma nəticəsində sağlamlığını itirmişdir. İddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra - şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli 908 nömrəli Həkim Psixiatr Komissiyasının 1293 nömrəli rəyində göstərilir ki, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, teztez baş verən psixotik epizodlarla”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 5097 nömrəli Həkim Psixiatr Komissiyasının 4805 nömrəli rəyində göstərilir ki, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar. İntihar fikirləri ilə” Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024cü il tarixli 2974 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilir ki, İddiaçı SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsi rəisinin xx.xx.2023-cü il tarixli 47 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komisiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçı xx.xx.2020xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib. SHXÇDX-nin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. Anamnezindən məlumdur ki, irsiyyəti ruhi-əsəb xəstəlikləri ilə ağırlaşmayıb. İlkin psixofiziki inkişafı adi olub. Uşaq yaşlarında xasiyyətcə sakit, mehriban, təmizkar, səliqəli və intizamlı olub. Məktəbə vaxtında gedib. Orta təhsillidir. Subaydır, işləmir. Deməsinə görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda FüzuliXocavənd istiqamətində gedən döyüşlər zamanı xəsarət almışdır (travma haqqında arayış təqdim olunmayıb). Aldığı xəsarətlə əlaqədar olaraq ilkin tibbi yardım döyüş meydanında göstərilmişdir. xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında “Polimorf psixotik pozuntu” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 495/2022 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2022-ci il tarixdə SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Dissosiativ (konversion) pozuntu, psixotik əlamətlər ilə F44” diaqnozu təyin olunub (əsas: 10232 nömrəli tibbi rəy). xx.xx.2022 - xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Dissosiativ-konversion pozuntu, psixotik daxilolmalarla” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 12729/22 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2022- xx.xx.2022-ci il, Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək, xx.xx.2023 - xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023- cü il tarixdə MN МНР-da müayinə və müalicədə olmuşdur. Hərbi Həkim Komissiyasının qərarına əsasən “Fəlakət (müharibə) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla” Gərginlik tip baş ağrısı. Hər iki gözün mioik astiqmatizmi М2,0D və M1,0D nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması korreksiya olmaqla. Burun tənəffüsünü cüzi dərəcədə pozan burun arakəsməsinin əyriyliyi. Xroniki faringit. İkincili hissəvi adentiya” diaqnozları təyin edilmiş, “xəstəliklər cədvəlinin” 18a maddəsinin İİ qrafasına əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Xəstəlik tarixində həmçinin göstərilmişdir ki, İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Respublika Psixialriya Xəstəxanasında “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizotlarla” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 6769/23 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2023-cü il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla F62.0” diaqnozu fəyin olunub (əsas: 1293 nömrəli tibbi rəy). xx.xx.2023-cü il tarixdə X2 adına Milli Oftalmologiya Mərkəzində müayinə olunub, “Astiqmatizm H 52,2” diaqnozu təyin olunmuşdur (əsas: 7175 nömrəli tibbi rəy), xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (müharibə) keçindikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 14572/23 nömrəli xəstəlik tarixindən çıxarış), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini üçün hərbi- həkim komissiyasına göndərilmişdir. MN BKH-da baş psixiatr və kardioloq ilə konsultasiya olunmuşdur. Qiymətləndirmə nəticələrində qeyd edilmişdir...“müayinə tarixi: 13 iyul 2024-cü il. İddiaçı “dissosiativ (konversion) pozuntu, psixotik əlamətlər ilə. Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla. Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə” diaqnozu ilə əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X3 xx.xx.2025-ci il tarixli 645 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3698 saylı ekspert rəyində ekspert komissiyası nəticəyə gəlmişdir: 1-ci və 3-cü suallara cavab: İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında XBT-10 kodu F62.0) müəyyən edilir. 2-ci sual: İddiaçı müayinəsi zamanı xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? (mövcud olduğu halda iddiaçının orqanizminin funksiyalarının pozulmasının faiz göstəriciləri və müddəti qeyd edilsin) Cavab: Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər sual şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. Birinci instansiya məhkəməsi məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X3 xx.xx.2024-cü il tarixli 3698 nömrəli ekspert rəyindən göründüyü kimi, İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında XBT-10 kodu F62.0) müəyyən edilir. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: - 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); - 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Məhkəmə araşdırması zamanı ekspert rəyi əsasında müəyyən edilmişdir ki, İddiaçı halhazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 7.7.1-ci və 7.7.1.1-ci bəndinə əsasən fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi XBT-10 kod F62.0 olan xəstəlik olmaqla, orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz, orqanizmin funksiyalarının pozulması 2 il müddətinə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə əsasən şəxsin əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən iddiaçıya orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əllillik təyin edilməsi nəzərdə tutulsa da, məhkəmə İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə nəticəyə gəlmişdir. İddiaçının orqanizminin funksiyalarının pozulmasının faiz göstəricisini və müddətini öz qərarında qeyd etməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinin tələbinə uyğun olaraq ifadə tərzi ilə iddiaçının orqanizminin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti göstərilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2063/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-539/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-539/2025
02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver