Məhkəmə qərarları › İş №2-1(105)-54/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-54/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-54/2021 28.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı onun xx xxxxxxx 1973-ci il tarixə kimi əmək kitabçasında qeyd edilmiş hərbi xidmətdə olma və işlədiyi müddətin, eləcə də xx.xx.2007-ci ildən xx.xx.2019-cu il tarixə kimi birinci qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-728/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun xx xxxxxxx 1973-ci il tarixə kimi əmək kitabçasında qeyd edilmiş hərbi xidmətdə olma və işlədiyi müddətin, eləcə də xx.xx.2007-ci ildən xx.xx.2019-cu il tarixə kimi birinci qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxx 1955-ci ildə Quba rayonu. Timiryazev qəsəbəsində anadan olmuş, 1973-1975-ci illər ərzində keçmiş SSRİ ordusunun tərkibində hərbi xidmətdə olmuş, 1976-cı ildən 2002-ci ilə qədər isə müxtəlif işlərdə çalışmış və çalışdığı bütün müddətlər əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda xx xxxxxxx 2007-ci il tarixdən bu günə kimi İ qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq edir. Onun 1-ci qrup əlilə qulluq etməyi Quba Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktla təsdiq edilir. Hal–hazırda onun 65 yaşı var və yaşa görə əmək pensiyası hüququ 2019-cu ilin 22 mart tarixindən yaranmışdır. O, pensiya təyin etməklə bağlı bütün sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Quba rayon Şöbəsinə təqdim etmişdir. Lakin qeyd edilən qurumdan onun 25 il əmək stajı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən xx xxxxxx 2020-ci il tarixli, 14 saylı qərarla imtina olunduğu bildirilmiş və çox böyük çətinliklə ona bununla bağlı xx xxxxxx 2020-ci il tarixli məktub verilmişdir. Qəbul edilmiş qərarı isə DSMF-nin Quba rayon şöbəsindən əldə edə bilməmişdir. Göründüyü kimi onun işləməyi, eləcə də 1-ci qrup əlil həyat yoldaşına qulluq etməyi əmək kitabçası və Quba Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyası tərəfindən tərtib edilmiş aktla təsdiq olunsa da, cavabdeh təşkilat ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edir. Halbuki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən qanun normasının tələbinə əsasən xx xxxx 2018-ci ildən xx xxxx 2019-cu ilə kimi kişilər üçün əmək pensiyasına çıxmanın yaş həddi 64 yaş təşkil etmişdir və onun 64 yaşı xx xxxx 2019-cu ildə olmuşdur və pensiya hüququ da həmin tarixdən yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 22-1(118)-728/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ (birinci) qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlər araşdırıldıqda məlum olmuşdur ki, iddiaçının həyat yoldaşının əlil olması barədə heç bir mötəbər sübut yoxdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İş materiallarına əsasan iddiaçının xx.xx.2007-ci ildən xx.xx.2019-cu il tarixə kimi birinci qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi qeyd edilmişdir. Belə ki, qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməsi "Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə ziddir. İddiaçı birinci qrup əlil həyat yoldaşına qulluq etdiyini qeyd etsə də, onun həyat yoldaşının əlil olmasını təsdiq edən vəsiqəni məhkəməyə təqdim etməmiş, onun yoldaşının əlil olması yalnız qonşuların aktının kserosurəti ilə təsdiqlənir. Bu səbəbdən, xx.xx.2007-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. "Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan 1-ci qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. İddiaçın həyat yoldaşının əlil olmasına dəlalət edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Buradan görünür ki, xx.xx.2007-ci ildən xx.xx.2019-cu il tarixədək sığorta stajının hesablanması qanunvericilikdə əksini tapmamışdır. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Digər tərəfdən həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq, fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hər iki normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçı işlədiyi dövrdə məcburi dövlət sosial sığorta ayırmaları ödənilmədiyindən iddianın təmin edilməsi qanuni deyil, əsassızdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçının adına açılmış əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdə əmək fəaliyyətinə başlamış xx.xx.2002-ci il tarixədək müxtəlif yerlərdə və vəzifələrdə işləmişdir. İş materiallarında olan Azərbaycan respublikasının Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 467 və 468 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışların təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2020-ci il tarixədək X5 sovxozunda qarajda çilingər peşəsində işləmiş və əmək haqları almışdır. İş materiallarında olan İ-ЖГ seriyalı 423142 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Şixəliyeva Hökümə Musa qızı xx.xx.1976-ci il tarixdə nikah bağlamışlar. İş materiallarında olan Timiryazev kəndinin sakinləri tərəfindən Timiryazev bələdiyyəsində xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Aktdan görünür ki, İddiaçı həqiqətən 2007-ci il tarixdən yataq xəstəsi 1-ci qrup əlil olan həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq edir. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019cu il tarixli 2737/2 saylı Aktından görünür ki, İddiaçı xx.xx.2007-ci ildən xx.xx.2019-cu il tarixədək arvadı Şixəliyeva Hökümə Musa qızına kənar şəxsin qulluğuna ehtiyacı olduğu üçün qulluq etmişdir. İş materiallarına əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasının 351067 saylı arayışın təsdiq olunmuş surətindən görünür ki, Şixəliyeva Hökümə Musa qızı 1-ci qrup əlildir. İş materiallarına əlavə edilmiş DSMF-nin Quba rayon şöbəsi tərəfindən verilmiş 245788 saylı vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, Şixəliyeva Hökümə Musa qızı 1-ci qrup əlildir. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********9 saylı məktubundan görünür ki, Şixəliyeva Hökümə Musa qızına xx.xx.2007-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2020-ci il tarixli **********5 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi İddiaçı qanunla tələb olunan 25 il sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi göstərilmişdir. İşdən görünür ki, İddiaçı onun xx xxxxxxx 1973-ci il tarixə kimi əmək kitabçasında qeyd edilmiş hərbi xidmətdə olma və işlədiyi müddətin, eləcə də xx.xx.2007-ci ildən xx.xx.2019-cu il tarixə kimi birinci qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı xx.xx.2019cu il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və bu zaman ona istinad olunmuşdur ki, iddiaçı 1973-1975-ci illərdə Sovet Ordu sıralarında hərbi qulluq keçmişdir. Nəzəri cəhətdən iddia tələbinin qeyd olunan hissəsinə həmin dövrdə qüvvədə olan qanunvericilik aktının tətbiq edilməli olmasına baxmayaraq, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sosial sığorta daxil edildiyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin bu hala tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə onu da zəruri hesab etmişdir ki, iddiaçının İ qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu ilədək qulluq etdiyi dövrünün sosial sığorta stajına daxil edilməsini nəzərə alaraq ona yaşaya görə əmək pensiyası təyin edilməlidir. Çünki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.9-cü maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İddiaçının İ qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etdiyi müddəti müvafiq komissiyanın aktı və digər aktlarla təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasına görə İddiaçı əmək stajı 25 ildən artıqdır. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilmişdir ki, 2019-cu ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 ildir. Həmçinin İddiaçı İ qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etməsi ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən İ qrup əlilə qulluğa görə həmin müddətlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyası hüququnu da yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sosial sığorta daxil edilir. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.9-cü maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydalara 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədləri; əlilliyə görə pensiya növü üzrə isə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. Həmin Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, əmək kitabçasına və arxiv arayışlarına əsasən iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuş (2 il 3 gün), xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı qazanxana-mexanika zavodunda 1-ci sexin 3-cü dərəcəli tornaçı vəzifəsində işləmiş (1 il 5 ay 12 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Quba konserv zavodunda fəhlə köməkçisi vəzifəsində işləmiş (1 ay), xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Quba konserv zavodunda çilingər vəzifəsində işləmiş (1 il 7 ay 17 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək “SPMK-1” trest “AzMCC”-də santexnikçilingər vəzifəsinə işləmiş (15 il 22 gün), xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək X5 sovxozunda qarajda çilingər peşəsində işləmiş (arxiv arayışlarına əsasən 2 il 1 ay), xx.xx.2007-ci ildən xx.xx.2019-cu il tarixə kimi birinci qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etmişdir (11 il 11 ay 25 gün). Göründüyü kimi iddiaçının 34 il 3 ay 19 gün iş stajı olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə əsas yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmadığı göstərilmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlilinin əsası kimi iddiaçının birinci qrup əlil həyat yoldaşına qulluq etdiyini qeyd etsə də, həyat yoldaşının əlil olmasına dəlalət edən heç bir sübutu məhkəməyə təqdim etmədiyini göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********9 saylı məktubuna əsasən Şixəliyeva Hökümə Musa qızına xx.xx.2007-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasının 351067 saylı arayışın və SMF-nin Quba rayon şöbəsi tərəfindən verilmiş 245788 saylı vəsiqənin təsdiq olunmuş surətlərindən görünür ki, Şixəliyeva Hökümə Musa qızı 1-ci qrup əlildir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2007-ci ildən xx.xx.2019-cu il tarixə kimi birinci qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etdiyi dövr iddiaçıya əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-728/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar