Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-54/2022 19.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* №-li 01.05.2015-ci il tarixli, RX seriyalı ******* №-li 07.07.2015-ci il tarixli, RX seriyalı, ******* №-li 17.10.2015-ci il tarixli və RX seriyalı, ******* №-li 15.01.2016-cı il tarixli, dörd ayrı-ayrı çıxarışlara əsasən MMC-nin mülkiyyətində olan torpaq sahələrinin təyinatlarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət göndərilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulmasına” dair iş üzrə açar sözlər: torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün vəsatət qaldırılmasına dair mübahisə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* №-li 01.05.2015-ci il tarixli, RX seriyalı ******* №-li 07.07.2015-ci il tarixli, RX seriyalı, ******* №-li 17.10.2015-ci il tarixli və RX seriyalı, ******* №-li 15.01.2016-cı il tarixli, dörd ayrı-ayrı çıxarışlara əsasən, MMCnin mülkiyyətində olan torpaq sahələrinin təyinatlarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət göndərilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021ci il tarixli, 2-1(118)-577/2021 saylı qərarından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Vəkil cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı MMC-nin mülkiyyətində olan torpaq sahələrinin təyinatlarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət göndərilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən torpaq sahələri AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* №li 01.05.2015-ci il tarixli, RX seriyalı ******* №li 07.07.2015-ci il tarixli, RX seriyalı ******* №-li 17.10.2015-ci il tarixli və RX seriyalı ******* №li 15.01.2016-ci il tarixli dörd ayrıayrı çıxarışları ilə "xxxx" MMC-nin mülkiyyətindədir. Həmin torpaq sahələrində AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində hər biri 1 girişli, 7-8-9 mərtəbəli yaşayış binalarının (Blok: A.B.C.D.D.T.F.G.H və 1 ədəd 9 mərtəbəli) Abşeron Rayon İcra Hakimiyyəti başçısının 14.08.2014-cü il tarixli, 367 nömrəli və 15.09.2014-cü il tarixli, 448 nömrəli sərəncamları əsasında 04.06.2018-ci il tarixli 001935 №li istismara hazırlıq aktı tərtib etmişlər. Həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin 25.06.2018-ci il tarixli, 075 nömrəli tikinti obyektinin istismara icazəsi də verilmiş və hal-hazırda tikilmiş həmin yaşayış binalarında yaşayış var. Amma tikilən heç bir mənzil üçün çıxarış almaq mümkün olmamışdır. Səbəb isə Dövlət Reyestri Xidməti tərəfindən torpaq sahələrinə dair verilmiş çıxarışlarda torpaq sahəsinin kateqoriyası "kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd edilməsidir. Bununla bağlı bir çox dövlət orqanlarına müraciət etmiş və həmin orqanlardan cavab olaraq bildirilmişdir ki, çoxmənzilli binaların yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirlməsi barəsində vəsatət qaldırma hüquqi AR Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Dəfələrlə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinə müraciət edilsə də, imtina cavabı almışlar. Halbuki, Azərbaycan Respublikasının Prezidentinin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında 19.02.2019-cu il tarixli, 529 №li Fərmanın 5.3 bəndində istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirlməsi ilə bağlı zəruri tədbirlər AR Əmlak Məsələləri Dövlət Komitəsinin qaldırdığı vəsatətlər əsasında icrasının mümkün olunduğu qeyd edilmişdir. Fərmanın bu bəndindən aydın görünür ki, Dövlət Komitəsi mübahisəli torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı vəsatəti Nazirlər Kabinetinə təqdim etməlidir. Amma buna baxmayaraq cavabdeh orqan çoxsaylı müraciətlərinə imtina vermiş, işi dərindən araşdırmamışdır. Həmçinin sözü gedən Fərman 01.01.2020-ci il tarixədək qüvvədədir. Lakin, Dövlət Reyestr tərəfindən verilmiş çıxarışlarda qeyd edilən torpaq sahələrinin istismara hazırlıq və tikinti obyektinin isticmarına icazəsi 2018-ci il tarixə məxsusdur.
Cavabdehin etirazları:
3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirilmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən 23.07.2019-cu il tarixli 28/19 nömrəli məktubla müraciət olunaraq ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının yerləşdiyi torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən məktubla çoxmənzilli yaşayış binalarının tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə vəsatət qaldırılması “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanı ilə tənzimləndiyi və istismarına icazə verilmiş yaşayış binaları barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat daxil olduğu təqdirdə bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla biləcəyi bildirilmişdir. Daha sonra iddiaçı "xxxx" MMC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə çoxsaylı müraciətlər olunaraq Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 saylı Fərmanının tələbləri çərçivəsində torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi istiqamətində tədbirlərin görülməsi xahiş edilmişdir. Xidmətin aidiyyəti qurumu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 saylı Fərmanının 9cu bəndinə əsasən həmin Fərmanın 2020-ci ilin yanvarın 1-dək qüvvədə olması bildirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” əsasında mülkiyyətçisi tərəfindən vəsatət qaldırılmalı olduğu barədə iddiaçıya məlumat verilmişdir. Lakin qanunvericiliyin tələbləri iddiaçı tərəfə dəfələrlə izah olunmasına baxmayaraq İddiaçı MMC tərəfindən qanunvericiliklə müəyyən edilən prosedurlara əməl olunmadan müxtəlif qurumlara çoxsaylı müraciətlər ünvanlanmışdır. Eyni zamanda sənədlər ekspertiza olunarkən Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 25.06.2018-ci il tarixli 75 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinin həqiqi məzmunu təhrif edilərək düzəlişlərin edildiyi və torpaq sahəsinin ölçüsünün 1,33 hektardan 1,35 hektara qədər artıq qeyd edildiyi müəyyən edilmişdir. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən istismara icazə verildiyi gündən 3 gün müddətində həmin icazənin və bu Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulan qurumlara göndərilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Həmin Fərmanın 5.3-cü bəndinə əsasən istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 gün müddətində, bina (kompleks) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasının təmin edilməsi keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Lakin qeyd edilən qurumlar tərəfindən müvafiq məlumatlar təqdim edilmədiyindən bu barədə tərəflərindən tədbir görülməsi mümkün olmamışdır. Eyni zamanda həmin Fərmanın 9-cu bəndində bu Fərmanın 2020-ci ilin yanvarın 1-dək qüvvədə olması qeyd edilmişdir. Hesab edirlər ki, iddia tələbi mümkünsüz sayılmalıdır. Göstərilənlərə əsasən iddianın mümkünsüzlüyü barədə qərardad qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(118)-577/2021 saylı qərarı (hakim İ.R.Quliyev) ilə iddianın rədd edilməsi qərara alınmışdır.
5. Qərardan narazı qalan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Vəkil apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(118)-577/2021saylı qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Vəkil apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* №li 01.05.2015-ci il tarixli, RX seriyalı ******* №li 07.07.2015-ci il tarixli, RX seriyalı ******* №-li 17.10.2015-ci il tarixli və RX seriyalı ******* №li 15.01.2016-ci il tarixli dörd ayrı-ayrı çıxarışları ilə "xxxx" MMC-nin mülkiyyətindədir. MTK tərəfindən tikilən bütün mənzillərdə yaşayış var. Dəfələrlə lazımi dövlət qurumlarına müraciət olunsa da, hər dəfə imtina məktubu alınmış, səbəb kimi Dövlət Reyestri Xidməti tərəfindən torpaq sahələrinə dair verilmiş çıxarışlarda torpaq sahəsinin kateqoriyasının "kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd edilməsidir. Bununla bağlı bir çox dövlət orqanlarına müraciət etmiş və həmin orqanlardan cavab olaraq bildirilmişdir ki, çoxmənzilli binaların yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirlməsi barəsində vəsatət qaldırma hüquqi AR Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olduğundan dəfələrlə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinə müraciət edilsə də, imtina cavabı almışlar. Hesab edir ki, məhkəmə iş üzrə düzgün araşdırma aparmayaraq iddia tələbinin təmin edilməməsi barədə əsassız qərar qəbul etmişdir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Vəkil apelyasiya şikayətinin dəlillərini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən torpaq sahələri dörd ayrı-ayrı çıxarışları ilə "xxxx" MMCnin mülkiyyətində olmaqla Abşeron Rayon İcra Hakimiyyəti başçısının 14.08.2014-cü il tarixli və 15.09.2014-cü il tarixli sərəncamları əsasında inşa edilmiş binalarla bağlı AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən 04.06.2018-ci il tarixli istismara hazırlıq aktı tərtib edilmiş, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin 25.06.2018-ci il tarixli tikinti obyektinin istismara icazəsi də verilmişdir. Uzun müddət həmin binalarında yaşayış olmasına baxmayaraq mənzillərə çıxarış almaq mümkün olmamış və cavabdeh buna səbəb kimi, torpaq sahələrinə dair verilmiş çıxarışlarda torpaq sahəsinin kateqoriyası "kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd edilməsini bildirir. Aidiyyəti dövlət orqanlarına dəfələrlə edilmiş müraciətlərinə müsbət cavab ala bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia ərizəsində qeyd edilən halların nəzərə alınaraq, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq əlavə olaraq qeyd etdi ki, iddiaçı "xxxx" MMC tərəfindən 23.07.2019-cu il tarixli məktubla müraciət olunaraq ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının yerləşdiyi torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi xahiş edilmiş və Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən məktubla çoxmənzilli yaşayış binalarının tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə vəsatət qaldırılması “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanı ilə tənzimləndiyi və istismarına icazə verilmiş yaşayış binaları barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat daxil olduğu təqdirdə bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla biləcəyi iddiaçı MMC-yə bildirilmişdir. Lakin buna baxmayaraq iddiaçı MMC-i məlum Fərmanın tələblərindən irəli gələn vəzifələri yerinə yetirməmiş, eyni zamanda həmin Fərmanın 9-cu bəndində bu Fərmanın 2020-ci ilin yanvarın 1-dək qüvvədə olması qeyd edildiyindən göstərilən müddətdən sonra müraciət formasının məhz torpaq mülkiyyətçisi tərəfindən olunması qanunvericiliklə nəzərdə tutulduğundan apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
10. Məhkəmənin növbəti iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Vəkil məhkəmə iclasına gəlməməsi üzürlü hesab edilməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
19. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
20. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
21. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
22. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
24. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
25. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
26. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 6 . Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: -(-); - torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi; Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar.
28. Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanı
1. Müəyyən edilsin ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; 1.2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq: 4.1. istismara icazə verildiyi gündən 3 gün müddətində həmin icazənin və bu Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulan qurumlara göndərilməsini təmin etsinlər; 4.2. istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısının öz rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 gün müddətində bu barədə məlumatı siyahıya daxil edərək onun mütəmadi yenilənməsini təmin etsinlər; 4.3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sorğusu əsasında çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 gün müddətində təqdim olunmasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq: 5.1. çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi zamanı onların döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə zəruri kömək göstərsin; 5.2. istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin etsin; 5.3. istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 gün müddətində, bina (kompleks) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin.
9. Bu Fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydaları
2. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları 2.1. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları aşağıdakılardan ibarətdir: (-); 2.1.11. yeni yaşayış məhəllələrinin (məntəqələrinin) salınması və ya mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi (genişləndirilməsi) məqsədi ilə ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq əlavə torpaq sahələrinin ayrılması; 2.1.13. xüsusi mülkiyyətdə olan torpaq sahələrindən iqtisadi cəhətdən daha səmərəli istifadənin təmin edilməsi ilə bağlı mülkiyyətçilərin müraciətləri.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə vəsatətlərin qaldırılması və onlara baxılması 3.1. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları; 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr; 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. 3.2. Qaldırılmış vəsatətlərə aşağıdakı sənədlər əlavə edilir: (-); 3.2.1.6. torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; 3.2.3. bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilənlərdən əlavə (dövlət mülkiyyətində olan torpaqlara aid hissələr istisna olunmaqla), xüsusi mülkiyyətdə olan torpaqlar üzrə əlavə olaraq mülkiyyətçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti (vəsatət torpaq mülkiyyətçisinin adından başqa şəxs tərəfindən qaldırıldıqda, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti) və mülkiyyətçi hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi və etibarnamənin surətləri; (-).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hazırkı qərarın 12-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(118)-577/2021saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, hazırkı işin hallarından müəyyən olunduğu kimi iddiaçı "xxxx" MMC-i mülkiyyətində olan torpaq sahələrinin təyinatlarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət göndərilməsi öhdəliyinin cavabdeh Xidmətin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh isə İddiaçı MMC tərəfindən qanunvericiliklə müəyyən edilən prosedurlara əməl olunmadan müxtəlif qurumlara çoxsaylı müraciətlər etməsilə bağlı qanunvericiliyin tələbləri iddiaçı MMC-yə dəfələrlə izah olunsa da, həmin prosedur qaydalarına əməl etmədiyindən imtina cavabı vermişdir.
32. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisənin yaranma əsası “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanının yaratdığı imkanlardan iddiaçının istifadə edə bilməməsi və bunun səbəbini cavabdeh inzibati orqanda görməsidir. Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanı 1 yanvar 2020-ci il tarixədək qüvvədə olmuşdur. Qeyd edilən fərman qüvvədə olan dövrdə iddiaçı çoxsaylı məktublarla müxtəlif orqanlara müraciətlər etmiş, lakin hüquq müdafiə imkanlarından düzgün istifadə etməməsi və qeyd edilən fərmanla səlahiyyət verilmiş qurumlar arasında koordinasiyanın olmaması, səlahiyyət verilmiş inzibati orqanlar tərəfindən iddiaçıya düzgün hüquqi yardım edilməməsi nəticəsində, müvafiq iradəsi olduğu halda yaranmış imkandan istifadə edə bilməmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən məktubla çoxmənzilli yaşayış binalarının tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə vəsatət qaldırılması “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanı ilə tənzimləndiyi və istismarına icazə verilmiş yaşayış binaları barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat daxil olduğu təqdirdə bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla biləcəyi bildirilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” əsasında mülkiyyətçisi tərəfindən vəsatət qaldırılmalı olduğu barədə iddiaçıya məlumat verilmiş və qanunvericiliyin tələbləri iddiaçı tərəfə dəfələrlə izah olunmasına baxmayaraq İddiaçı MMC tərəfindən qanunvericiliklə müəyyən edilən prosedurlara əməl olunmadan müxtəlif qurumlara çoxsaylı müraciətlər ünvanlanmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, həqiqətəndə iddiaçı tərəfindən ilkin olaraq səlahiyyət və üzərinə öhdəlik qoyulmuş digər qurumlardan müvafiq tələblər irəli sürülməli, nəticə əldə edilmədiyi halda digər hüquqi müdafiə vasitələrindən istifadə edilməli idi.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırkı qərarın 6-cı bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlilləri aşağıdakılara əsasən əsaslı hesab edilə bilməz.
34. Əvvəla, iş materiallarından göründüyü kimi İddiaçı MMC tərəfindən 2019-cu ilin avqust ayından başlayaraq müxtəlif təşkilatlara, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X1 Təşkili Üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə müraciətlər etsə də, həmin orqanlar tərəfindən verilmiş tövsiyələrə əməl etməyərək eyni məzmunlu müraciətlərini təkrarlamışdır.
35. Belə ki, iddiaçı MMC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinə etmiş olduğu müraciətlərə ilkin olaraq 02.08.2019-cu il tarixli cavabda bildirilmişdir ki, müraciəti, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanının icrası çərçivəsində baxıılmasə üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Abşeron Rayon İcra Hakimiyyətinə göndərilmiş, eyni zamanda müraciəti barəsində qəbul ediləcək qərarla razılaşmadığı təqdirdə inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. İkinci müraciətinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.09.2019-cu il tarixli cavabında bildirilmişdir ki, müraciətlə bağlı mövcud qanunvericiliyin tələbləri barədə müraciət müəllifinə lazımi izahat verilməsi üçün 26.09.2019-cu il tarixli göstərişlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir (i.v.5, 43).
36. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X1 Təşkili X8 iddiaçı MMC-yə ünvanlanmış 10.10.2019-cu il tarixli, eləcə də, 16 dekabr 2019-cu il tarixli məktublarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edildiyi təqdirdə tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla bilər(i.v.59-60).
37. Məhkəmə kollegiyasının iclasında qeyd edilən cavabla bağlı iddiaçı tərəfindən hansı hərəkətlərin edilməsi barədə sübut təqdim edilməmiş, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırkı qərarın 28-ci bəndində istinad edilən Fərmanın 1.1 və 4.1 bəndlərində nəzərdə tutulan sənədləri təqdim etməməklə Fərmanın tələblərindən irəli gələn vəzifələrini icra etməmişdir.
38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı MMC hazırkı qərarın 28-ci bəndində istinad edilən Fərmandan irəli gələn vəzifələri həmin Fərmanın qüvvədə olduğu 01.01.2020-ci il tarixədək icra etmədiyindən, artıq iddiasında olduğu məsələnin həllini hazırkı qərarın 29-cu bəndində istinad edilən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaların 3-cü bəndində göstərilən tələblər əsasında həyata keçirməli olması, müraciəti barəsində qəbul ediləcək qərarla razılaşmadığı təqdirdə inzibati və (və ya) məhkəmə qaydasında mübahisələndirmək hüququ istisna edilmir.
39. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(118)- 577/2021 qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(118)-577/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.